Məhkəmə qərarları › İş №1(050)-117/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-117/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-117/2024 12.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1991-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsiilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 08 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Masallı şəhəri, Qurtuluş küçəsində saxlanılaraq Masallı RPŞyə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,394 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bel yırtığından əziyyət çəkdiyi üçün bədənində olan ağrılar səbəbindən narkotik vasitə heroin qəbul etmişdir. 08 aprel 2024-cü il tarixdə günorta vaxtı belində ağrılar olduğundan yaşadığı evdən çıxıb Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən bazarın yaxınlığına getmiş və orada əvvəllər tanımadığı bir nəfər şəxsdən 20 manata 0,5 qram narkotik vasitə heroin alaraq əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün axşamadək Göytəpə şəhərində olsa da, təxminən saat 20 radələrində Göytəpə şəhərindəki apteklərdə belindəki yırtığa görə istifadə etmək üçün dərman tapa bilmədiyindən dərman almaq məqsədi ilə tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhərinə gələrək Qurutuluş küçəsində avtomobildən enmişdir. Həmin vaxt küçədə piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxslər qarşısını kəsib xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçısı Mehdi Hüseynzadə tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələrini elan edilərək dövlət hesabına müdafiəçi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Sonra təhqiqatçı Mehdi Hüseynzadə onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd içərisində heroin olan gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi-axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 0,49 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində xəstə anasının olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 aprel 2024-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs Masallı şəhəri ərazisində qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıması ilə bağlı əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş və əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 08 aprel 2024-cü il tarixdə saat 20 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Masallı şəhəri, Qurtuluş küçəsində piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı Mehdi Hüseynzadə tərəfindən Elşən Qurbnaov şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçı video-çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotk vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2024-ci il tarixdə yaşadığı Cəlilabad rayonu, Göyətəpə şəhərində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükündə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 0,49 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış, RPŞ-nin 90 saylı möhürü ilə möhürlənərək zərfin üzəri imzalanmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra ifadəsi elan olunmuş şahid Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 Mehmah oğlu, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X5 iştirakları ilə Masallı RPŞ-nin təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək, bükümün içərisində narkotk vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2024-ci il tarixdə yaşadığı Cəlilabad rayonu, Göyətəpə şəhərində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, təmiz çəkisinin 0,49 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 09 aprel 2024-cü il tarixli 19/325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,394 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-0,394qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,344 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 22 aprel 2024-cü il tarixli 370 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 prel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,344 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, E.Abdullayevin Ərazi Narkoloji kabinetində 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,344 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar