Məhkəmə qərarları › İş №1(050)-118/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-118/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-118/2024 17.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Masallı rayonu, Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə saat 14 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Kolatan kənd ərazisində yerləşən kəndlərarası asfalt avtomobil yolunda Kolatan kəndindən üzü Sığdaş kəndi istiqamətində saatda təxminən 40 kilometr surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu əməl etməyərək idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxartmış, bu zaman onun idarə etdiyi avtomobil əks hərəkət zolağında Sığdaş kəndindən üzü Kolatan kəndi istiqamətində saatda təxminən 40 kilometr surətlə hərəkətdə olan Masallı rayonu Bədəlan kənd sakini Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində olan Zərərçəkmiş şəxs1 sol kürək sümüyünün yerini dəyişən sınığı və sağ və sol gözaltı nahiyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid olan, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 “sol ayağın V daraq sümüyünün qəlpəli sınığı, sol diz və sol baldır nahiyəsinin sıyrıqları” ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini bir daha təsdiq edib, ifadəsində göstərmişdir ki, özünə məxsus “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmişdir. İ Qarabağ müharibəsinin iştirakçısı olmuş və İİ qrup əlilliyi olmuşdur. 28 dekabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində Masallı rayonu Qızılavar kəndində yerləşən aptekdə olmuş, aptekdən dərman aldıqdan sonra idarə etdiyi avtomobilin sürücü oturacağına əyləşmiş, avtomobildə təhlükəsizlik kəmərini taxmış, “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salmış və avtomobili yaşadığı Sığdaş kəndinə doğru idarə etməyə başlamışdır. Həmin vaxtı avtomobili idarə etmiş, avtomobilin ön sərnişin oturacağında həmkəndlisi Elşən, arxa sərnişin oturacağında isə Masallı rayonu Ninalov kənd sakini Şahid1 əyləşmişdir. Masallı rayonu Kolatan kəndi ərazisində idarə etdiyi avtomobili saatda təqribən 40 kilometr sürətlə idarə etmiş, avtomobili idarə etdiyi kəndlərarası avtomobil yolunda hərəkət istiqamətinin sol ehtiyat hissəsində yarpaqlar yandırıldığından ətrafı yanğın tüstüsü bürümüş və görünüş məsafəsi məhdudlaşdırılmışdır. Həmin vaxtı idarə etdiyi avtomobili tüstünün içərisindən təxminən saatda 40 kilometr sürətlə idarə edərkən anidən idarə etdiyi avtomobilin ön hissəsi qarşıdan gələn görmədiyi avtomobil ilə toqquşmuş, toqquşmadan sonra xəsarət almış və ətrafda olan şəxslərin köməkliyi ilə Masallı RMX-ya aparılmışdır. Hadisədən öncə idarə etdiyi avtomobildə hər hansı bir nasazlıq olmamış, hadisə vaxtı spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, avtomobil idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. İdarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Kolatan kəndində yerləşən kəndlərarası avtomobil yolunda Kolatan kəndindən üzü Sığdaş kəndi istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağında, yəni öz hərəkət zolağında toqquşmuşdur. Lakin, cinayət işinin istintaqı obyektiv aparılmamış, müstəntiq işi birtərəfli araşdırmış, ekspert düzgün rəy verməmişdir. Müstəntiq hadisənin müayinəsi zamanı iştirak etməmiş, sənədlər sonradan tərtib olunmaqla heç bir həqiqəti əks etdirməmişdir. Heç bir təqsiri olmadığı halda, yol nəqliyyat hadisəsi onun hərəkət zolağında baş versə də, lakin sonra təqsirkar onu hesab etmişlər. Bundan əlavə zərərçəkmiş şəxslərdə xəsarətin dərəcəsi düzgün müəyyən edilməmişdir. Sonda Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətmədiyini nəzər alıb barəsində bəratə hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında mülki iddianı qəbul etməyərək göstərmişdir ki, iddia tam əsassızdır. Ona görə ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş ziyan məbləği hesablanmış və sonda sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə 5383 manat sığorta ödəniş edilmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs2 məhkəməyə heç bir sənəd və ya sübut təqdim etmədən yenidən məhkəmədə mülki iddia qaldırmaqla ondan 5117 manat pul tələb edir. Halbuki, baş vermiş yol nəqliyyat hadisəsində heç bir təqsiri yoxdur, təqsirkar Zərərçəkmiş şəxs2 özü olmaqla, idarə etdiyi maşını onun hərəkət zolağına çıxarmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Lakin istintaq düzgün aparılmadığından o, təqsirkar hesab edilmişdir. O cinayət əməlində özünü təqsirkar hesab etmədiyini bildirib, mülki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində Masallı rayonu Sığdaş kəndində yerləşən qonaq getdiyi qohumuna məxsus evdən arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə idarə etdiyi “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Bədəlan kəndinə getməkdən ötrü üzü Kolatan kəndi istiqamətində avtomobili idarə etmiş, avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamışdır. Sığdaş kəndinin girişində yerləşən “4 yol” adlanan ərazini keçdikdən sonra Kolatan kəndi ərazisində kəndlərarası asfalt yolda avtomobili saatda 40 kilometr sürətlə idarə etmiş, asfalt yolun kənarında kənd sakinləri tərəfindən yandırılmış quru yarpaqların tüstüsü havanı bürümüş və hava küləkli olduğundan külək yanğın tüstüsünü əsasən qarşı hərəkət zolağına apardığını müşahidə etmişdir. Avtomobili idarə etməyə davam etmiş, tüstüyə çatmamış, anidən qarşı tərəfdən gələn minik avtomobili tüstüdən çıxaraq idarə etdiyi avtomobilin hərəkət zolağına çıxmış, avtomobili sağa çəksə də, lakin avtomobillərin ön hissələri toqquşmuşdur. Həmin avtomobili görməsi ilə toqquşma arasında 0,5 saniyə vaxt ötmüş, toqquşmadan sonra arxa sərnişin oturacağında əyləşən arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə xəsarət almış və ətrafa yığışan tanımadığı şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmışlar. İdarə etdiyi avtomobil ilə hərəkət zolağında toqquşan avtomobilin əvvəllər qiyabi olaraq tanıdığı, Masallı rayonu Sığdaş kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını bilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə 2 nəfər tanımadığı sərnişin olmuşdur. Daha sonra hadisə yerinə çağırılmış Təcili Tibbi yardım avtomobili ilə Masallı rayon Mərkəzi xəstəxanasına gətirilmiş, yol-nəqliyyat hadisəsindən öncə alkoqollu içki və ya narkotik vasitə qəbul etməmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 həmçinin məhkəməyə təqdim etdiyi mülki iddianı müdafiə edərək göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilə ümumlikdə 3500 manat məbləğində maddi ziyan dəymiş, hansı ki, sığorta şirkəti tərəfindən həmin məbləğdə pulun 2383 manat məbləği ödənilmiş, qalan 1117 manat məbləğində pul isə ödənilməmişdir. Bundan əlavə baş vermiş yol nəqliyyat hadisəsi zamanı o, və avtomobilində sərnişin qismində olan arvadı Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri alması səbəbindən hər ikisi Bakı şəhərində yerləşən xəstəxanalarda müalicə olunmaq, yol xərci və xəstəlikdən sonra hər ikisi əmək qabiliyyətinin müvəqqəti olaraq itirmələri səbəbindən gündəlik əldə etdikləri qazancın itirilməsi nəticəsində ümumlikdə 7000 manat məbləğində maddi ziyan dəymiş, həmin məbləğdə puldan 3000 manatı sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Ümumilikdə sığorta şirkəti tərəfindən 5383 (beş min üç yüz səksən üç ) manat ona ödənilmiş, hazırda cinayət əməli nəticəsində aldığı xəsarətlərlə bağlı xərclədiyi və həmin dövrdə işləmədiyi dövrdə əldə çıxmış fayda kimi 5117 manat pulun ona ödənilməl olduğunu bildirmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini bildirib barəsində qanuna müvafiq qaydada qərar çıxarılmasını, həmçinin mülki iddianın təmin edilməklə 5117 (beş min bir yüz on yeddi) manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə əri Zərərçəkmiş şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Sığdaş kəndində yerləşən qohumlarının evinə qonaq getmişlər. Orada bir müddət qaldıqdan sonra saat 14 radələrində oradan ərinin idarə etdiyi minik avtomobili ilə yolsa çıxmışlar və yaşadıqları kənd istiqamətində hərəkət etmişdilər. Avtomobili əri Zərərçəkmiş şəxs2 idarə etmiş, özü arxa sərnişin oturacağında əyləşmiş, avtomobildə başqa kimsə olmamışdır. Sığdaş kəndi ərazisini çıxdıqdan sonra əri Zərərçəkmiş şəxs2 avtomobili kəndlərarası asfalt yolda saatda 40 kilometr sürətlə idarə etmiş, Masallı rayonu Kolatan kəndi ərazisində yerləşən kəndlərarası asfalt yolda havanı yol kənarında kənd sakinləri tərəfindən yandırılan quru yarpaqların tüstüsü bürüdüyünü təxminən 200 metr məsafədən görmüş, hava küləkli olduğundan külək yanğın tüstüsünü əsasən qarşı hərəkət zolağına apardığını müşahidə etmişdir. Ramis əvvəlcə maşını saxlayıb gedib baxmaq istəsədə də, ona sürməyə davam etməsini demişdir. Ramis də hər hansı bir maneə olmadığından avtomobili idarə etməyə davam etmiş, bu zaman anidən qarşı tərəfdən gələn minik avtomobili sərnişin qismində olduğu avtomobillə toqquşmuş, həmin an avtomobildə xəsarət aldığından qışqırmış, əri Zərərçəkmiş şəxs2 da xəsarət almış, az keçmiş ətrafa yığışan tanımadığı şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmış və hadisə yerinə çağırılmış Təcili Tibbi yardım avtomobili ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Sərnişin qismində olduğu, əri Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili öz hərəkət zolağında qarşı tərəfdən gələn Masallı rayonu Sığdaş kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmadığını, hadisə nəticəsində əmək qabiliyyətinin ititirməsinə səbəb olan bədən xəsarətləri aldığını, indiyədək müalicəsinin davam etdiyini, bundan sonra da müalicə olunacağını, müalicə xərclərinə görə ona maddi ziyan dəysə də, təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini nəzərə alıb ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonu Sığdaş kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 28 dekabr 2023-cü il tarixdə belində ağrılar olduğundan Masallı rayonuna xəstəxanaya getmişdir. Həkimlər ona yardım göstərdikdən sonra xəstəxanadan çıxmış, Masallı-Boradigah qəsəbəsi istiqamətində işləyən Qazel markalı mikroavtobusla Kolatan kəndinə getmək üçün yola düşmüş, Kolatan kəndi istqamətinə dönən hissədə mikroavtobusdan düşərək evinə getmək üçün maşın gözləmişdir. Saat 14 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kəndə getdiyini görüb avtomaşını saxlamış, avtomobilin ön sərnişin oturacağında tanışı Şahid2 əyləşmiş, özü isə avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, lakin belində ağrıları şiddətli olduğundan avtomobilin arxa sərnişin oturacağına sərilib uzanmış, həmin vaxtı avtomobil yolunu görməmiş, bundan bir neçə saniyə sonra anidən sərnişin qismində olduğu avtomobilin zərbə ilə nəyəsə dəyməsinin guppultu səsini eşitmiş və arxa sərnişin oturacağında uzanmış vəziyyətdə avtomobilin salonunun ayaqaltı hissəsinə düşüb başından xəsarət almışdır. Həmin vaxt özündə olmamışdır. Ön sərnişin oturacağında əyləşən Şahid2 qapını açdıqdan sonra onu hadisə yerinə gələn digər həmkəndlilərinin köməkliyi ilə maşından düşürülmüş, həmin şəxslərə onu evə aparmalarını xahiş etmişdir. Lakin həmin şəxslər ona başındakı xəsarətin ciddi olduğunu, başından qan gəldiyini bildirib xəstəxanaya getməli olduğunu demişlər. Bundan sonra həmin şəxslərdən mobil telefon istəmişdir ki, ailə üzvlərinə zəng edib hadisə barədə məlumat versin. Telefon ona təqdim edildikdən sonra ailə üzvlərinə zəng edərək hadisə barədə məlumat vermiş, heç bir narahatçılıq olmadığını, özünün yüngül xəsarət almasını demişdir. Başındakı xəsarət səbəbindən üzü qana bulaşmışdır. Bu səbəbdən başqa bir maşınla xəstəxanaya aparılmış, həkimlər ona ilkin tibbi yardım göstərərək başındakı yaraya tikiş qoymuşlar. Şokda olduğundan hadisənin necə baş verdiyini görməmiş, xəstəxanada özünə gəlmişdir. Xəstəxanada olduğu müddətdə Sığdaş kənd yolundan avtoqəza olduğunu, həmin yerə təcili tibbi yardım avtomobilinin getdiyini, bir nəfər qadının da baş vermiş qəzada xəsarət almasını eşitmişdir. Maşından yerə düşərkən qatı tüsü olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının öz hərəkət zolağında və ya qarşı hərəkət zolağında olduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Masallı rayonu Sığdaş kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncu ilə hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 28 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Masallı rayonu Qızılavar kəndi ərazisində yerləşən aptekdən çıxmış, həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kəndə getmişdir. Avtomobilin ön sərnişin oturacağında tanışı Şahid2 əyləşmiş, özü isə avtomobilin arxa sərnişin oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs ilə söhbət edə-edə yaşadığı kənd istiqamətində getmişdir. Masallı rayonu Kolatan kəndi ərazisində olarkən ayağında ağrı yarandığından avtomobilin arxa sərnişin oturacağına sərilib uzanmış, həmin vaxtı avtomobil yolunu görməmiş, bundan bir neçə saniyə sonra anidən sərnişin qismində olduğu avtomobilin zərbə ilə nəyəsə dəyməsinin guppultu səsini eşitmiş və arxa sərnişin oturacağında uzanmış vəziyyətdə avtomobilin salonunun ayaqaltı hissəsinə düşüb xəsarət almışdır. İlk əvvəl nə baş verdiyini anlamamış, avtomobildən Elşənin köməkliyi ilə çıxarılmış və sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməsini bilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu görmüş, “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2, həmin avtomobildə sərnişin qismində olan qadın xəsarət almışlar və ətrafa yığışan tanımadığı şəxslərin köməkliyi ilə xəstəxanaya yola salınmışlar. Təqsirləndirilən şəxs ilə birlikdə də xəsarət aldığından Masallı RMX-yə getmişdir. Yol-nəqliyyat hadisəsindən sonra avtomobildən aşağı düşdükdə ilkin olaraq hadisənin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə əks hərəkət zolağına çıxmaqla törətməsini müşahidə etmiş, yol-nəqliyyat hadisəsindən öncə sürücü Təqsirləndirilən şəxs şəkəri qalxdığından özünü narahat hiss etmiş, sonuncu avtomobildə bu barədə ona və Elşənə bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, göstərmişdir ki, Masallı rayonu Sığdaş kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla əvvəllər aralarında hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 28 dekabr 2023-cü il tarixdə saat 14 radələrində Masallı rayonu Qızılavar kəndi ərazisində yerləşən aptekdən çıxıb həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2- 320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı kəndə getmiş, həmin vaxt avtomobilin ön sərnişin oturacağında o, əyləşmiş, arxa sərnişin oturacağında isə Masallı rayonu, Ninalov kənd sakini Şahid1 əyləşmişdir. Avtomobildə Sığdaş kəndi istiqamətində hərəkətdə olduqları zaman mobil telefon ilə məşğul olmuşdur. Yolda Təqsirləndirilən şəxs ona və Şahid1 şəkəri qalxdığından özünü narahat hiss etdiyini və gözlərinin yolu görməkdə çətinlik çəkdiyini bildirmişdir. Həmin vaxtı anidən sərnişin qismində olduğu avtomobil zərbə ilə nəyəsə dəymişdir. Gözünüü mobil telefondan çəkdikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin “VAZ 21061 minik” markalı avtomobil ilə toqquşmasını görmüşdür. O, dərhal avtomobildən aşağı düşmüş, sürücü oturacağında əyləşmiş Təqsirləndirilən şəxs və arxa sərnişin oturacağında salonun ayaqaltısına düşmüş Şahid1 avtomobildən çölə çıxartmışdır. Daha sonra “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildəki sürücünü və arxa sərnişin oturacağında olan qadının ətrafa yığışmış tanımadığı şəxslərin köməkliyi ilə avtomobildən çıxartmışdır. Həmin şəxslərin Masallı rayonu Bədəlan kənd sakinləri Zərərçəkmiş şəxs2 və onun arvadı Zərərçəkmiş şəxs1 olmasını bilmişdir Belə ki, onların yaşadıqları kənddə qohumluq əlaqələri vardır. Bir müddət sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili gəlmiş və xəsarət almış şəxsləri xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə Masallı RPŞ-nin əməkdaşları gəlmiş və müvafiq sənədləşmə işləri aparmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı 44-BT- 546 dövlət qeydiyyat nişanlı avtomobilin “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu, Kolatan kəndində yerləşən kəndlərarası avtomobil yolunda toqquşmuşdur. Avtomobillərin konkret olaraq hansı hərəkət zolağında toqquşmasını toqquşmadan öncə avtomobildə mobil telefon ilə oynadığından görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin BDAM vəzifəsində işləyən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə təqribən saat 15 radələrində Masallı rayonu ərazisində xidmət apararkən RPŞ-nin növbətçi hissəsindən məlumat daxil olmuş, həmin məlumatda Masallı rayonu, Kolatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə qeyd olunmuşdur. Dərhal hadisə yeri olan Masallı rayonu, Kolatan kəndi ərazisinə getmiş, hadisə yerinə gəldikdə həmin ərazidə Masallı rayonu Bədəlan kənd sakini Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin avtomobilin hərəkət zolağında Masallı rayonu Sığdaş kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması, toqquşmadan sonra hər iki avtomobilin sürücü və sərnişinlərinin xəsarət almaları və oradan ətrafda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yola salınmaları müəyyən olunmuşdur. Lakin hadisə zamanı zərərçəkmiş şəxslərdə xəsarətlər olduqları üçün hadisənin müayinəsi müstəntiqə həval edilmişdir. Hadisə yerində zəruri sənədləşmə işləri aparıldıqdan sonra hər iki avtomobil Masallı RPŞ-nin Boradigah PB-nin avtomobillərin müvəqqəti saxlama yerinə aparılması təmin edilmiş və ərazidə nəqliyyatın hərəkəti bərpa olunmuşdur. Hər iki sürücünü əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamış, baş vermiş yol-nəqliyyat hadisəsinin canlı şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Şahid4 ifadəsində göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə növbətçilik cədvəli üzrə istintaq rupunun üzvüq olmaqla Masallı RPŞ-nin inzibati binasında xidmətdə olmuşdur. Saat 14 radələrində Masallı RPŞ-nin növbətçi hissəsinə Masallı rayonu, Kolatan kəndi ərazisində iki minik maşının toqquşması ilə yol nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alan şəxslərin olması barədə məlumat daxil olmuşdur.Həmin vaxt RPŞ-nin analitik istintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda iki nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsinin baş verməsindən sonrakı halda dayanmış vəziyyətdə idilər. Hadisə yerinin tam və hərtərəfli müayinəsi zamanı müəyyən olundu ki, “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayonu, Sığdaş kəndindən üzü Masallı rayonu, Kolatan kəndi istiqmətində hərəkətdə olmuş, digər “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Masallı rayonu, Kolatan kəndindən üzü Masallı rayonu, Sığdaş kəndi istiqamətində hərəkətdə olmuşdur. Hadisə baş verən yol asfalt örtüklü olsa da, sığdaş kəndindən başlayan yolun bəzi hissəsinin palçıqlı olduğunu bildiyindən “VAZ-21061 minik” markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin palçığa bulaşmış təkərlərinin izləri hadisə baş verən yerə qədər davam etmiş və toqquşma yerində palçıq hissələri asfalt yolun üzərinə tökülmüşdür. Hansı ki, həmin izlər “VAZ-21061 minik” markalı avtomobilin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağında müşahidə edilmişdir. Hadisə yerinə yığılmış şəxslərin əksəriyyəti Sığdaş kənd sakinləri olduğundan onlar “VAZ-21061 minik” markalı avtomaşını müəyyən dərəcədə qarşı hərəkət zolağına tərəf çəkmək istəsələr də, lakin bunun qarşısı alınmışdır. Hətta Təqsirləndirilən şəxs hadisədən sonra şöbəyə gəldikdən sonra yanında bir nəfər Şirxan adlı şəxsi gətirməklə hadisə baş verən vaxtı maşını onun deyil, Şirxanın idarə etdiyini iddia etməklə məsuliyyətdən yayınmaq istəmiş, lakin istintaqın aparılmasında mötəbər sübutlar Təqsirləndirilən şəxs təqdim edildikdən sonra o, maşını hadisə baş verən zaman idarə etməsini etiraf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs istintaq zamanı dəfələrlə zərərçəkmiş şəxsin evinə yaxınlarını göndərməklə barışıq əldə etmək istəmişdir. Bundan sonra cinayət işinin ibtidi istintaqını apararkən Təqsirləndirilən şəxs dəfələrlə ona qanunsuz təsir göstərməyə çalışmış, ondan əsassız şikayətlər etsə də, lakin heç bir nəticəsi olmamışdır. Cinayət işinin ibtidai istintaqı tam obyektiv, hərtərəfi aparılmış, kifayət qədər sübut toplanmış, məhkəmə yol nəqliyyat ekspertizası təyin edilməklə müvafiq rəy alınmış, bütün mövcud imkanlardan istifadə edilməklə Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsində təqsirli olması sübuta yetirilmişdir. Sonda ittiaham aktı tərtib edilməklə məhkəməyə verilmişdir. Bundan əlavə hadisə yerinə baxış zamanı VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkət istiqamətinin sağında yolun kənarında yanmış ağac kolları olmuşdur. Toqquşma yeri hadisə yerinin sxemində tərtib edilmişdir. Həmin sxemdən də görünür ki, yol nəqliyyat hadisəsi “Naz Lifan LF7132\2-320 minik” markalı avtomobilin “VAZ-21061 minik” markalı avtomobilin hərəkət zolağına çıxmaqla baş vermişdir. Hadisə yerinin ilkin müayinəsı zamanı Təqsirləndirilən şəxs hadisə yerində olmamış, olsa da belə o, hadisə yerindən yayınmağa çalışmışdır. Cinayət işinin materiallarında olan ilkin fotoşəkillər xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə yerinə baxış keçirilərkən çəkilmişdir. Bundan sonra cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs toqquşma baş verən yerin onun hərəkət zolağında olmasını mübahisələndirməklə, yenidən hadisənin baş veridyi yeri təqdim edəcəyini bildirmiş, zərurət yarandığı üçün təqsirləndirilən şəxsin iştirakı ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs özü hadisə baş verdiyi yeri təqdim edərkən fotoşəkil çəkilməklə materiala əlavə edilmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özü tərəfindən hadisə yeri kimi təqdim edilən yer, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin baş verdiyi yerlə uyğunluq təşkil edir və üstüstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə Masallı rayonu Kolatan kəndi ərazisində Sığdaş kəndindən üzü Kolatan kəndi istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş avtomobil yolunda baş vermişdir. Yol asfalt örtüklü, düz və qurudur. Yolun asfalt hissəsinin ümumi eni 6 metrdir. Yolun hərəkət istiqamətlərini ayıran bütöv xətt yoxdur. Yolda surət həddi 50 km/saat müəyyən edilmişdir. Hadisə yerinin baxışından müəyyən olundu ki, Masallı rayonu Kolatan kəndindən üzü Sığdaş kəndi istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağında yolun sağ kənarından mərkəzə doğru 3,6 metr məsafədə avtomobil hissələri səpələnmişdir. Həmin yer “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yerdir. Toqquşmadan sonra “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağında yolun sağ ehtiyat hissəsində, “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağında yolun sağ ehtiyat hissəsində əks vəziyyətdə dayanmışdır. Toqquşma nöqtəsindən “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol təkərinə kimi olan məsafə 1,4 metr, toqquşma nöqtəsindən “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ təkərinə kimi olan məsafə 3 metrdir. Hadisə yerində tormoz izləri aşkar edilmədi. Hadisə yaşayış məntəqələrində, asfalt, işıqlandırılmayan avtomobil yolunda, gündüz vaxtı, quru hava şəraitində baş vermişdir. Hər iki avtomobildə sərnişin olmuş, hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hər iki avtomobilin sürücüsü ayıq vəziyyətdə olmuşdur. İş üzrə hadisə yerinə baxış keçirilməklə sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 16 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 “sol kürək sümüyünün yerinə dəyişən sınığı və sağ və sol gözaltı nahiyənin qançırı” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 28 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 “sol ayağın V daraq sümüyünün qəlpəli sınığı, sol, diz və sol baldır nahiyəsinin sıyrıqları” müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 28 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə təyin edilərək keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 fevral 2024-cü il tarixli 8\272 nömrəli rəyindən görünür ki; istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.Naz Lifan markalı, 44BT546 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.H.X4 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. VAZ-21061 markalı, 10EE650 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ziyan aktından görünür ki, “VAZ-21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanı müəyyən etmək üçün Masallı rayon «Avtoservis Xidməti» texniki xidmət mərkəzinə rəsmi sorğu edilmiş və həmin avtomobilin istismara tam yararsız olmaqla hazırki bazar qiyməti 3500(üç min beş yüz) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Lənkəran RQİ və TB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu, Sığdaş kənd sakini, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab ediulməsi haqqında xx.xx.2024-cü il tarixdə qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21061 minik” markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək Masallı RPŞ-nin Boradigah PB-nin duracağında saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun mülkiyyətçisinə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 28 dekabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Salayev X1 rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməyərək hadisənin özünün hərəkət etdiyi zolaqda baş verməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadənin yerində verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs X2 eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 5117 manat pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 sağlamlığına və hadisə vaxtı idarə etdiyi “VAZ-21061” minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyana görə 5383 sığorta ödənişi edilmişdir. Bu faktı Zərərçəkmiş şəxs2 təqdim etdiyi mülki iddiasında və məhkəmə istintaqında verdiyi ifadəsində təsdiq etmişdir. Sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş sığorta ödənişinin reqres qaydada sonradan Təqsirləndirilən şəxs alınacağı imkanı nəzərə alındıqda, yenidən ona qarşı ödənilmiş eyni maddi ziyanın tələb edilməsi onun vəziyyətini ağırlaşdırcaq haldır. Bundan əlavə mülki iddiaçı ödənilməsini tələb etdiyi məbləği hansı səbəbdən tələb etdiyi və tələbini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan LF7132\2-320 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21061 minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «NAZ Lifan LF7132/2-320» minik markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, “VAZ-21061” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 Məmədəli oğluna qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə verilmiş mülki iddia təmin edilməsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar