Məhkəmə qərarları › İş №1(050)-119/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-119/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-119/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri İsmayılov Elmar Nağı oğlunun, Zərərçəkmiş şəxs Məmmədova Tehranə Allahyar qızının, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Əzimov Elvir Elcan oğlunun və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Əliyev Qəhrəman Müslüm oğlunun iştirakları ilə. 28 noyabr 1999-cu ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan; Əzimov Elvir Elcan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə hazrlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokolda qeyd olunanlara əsasən Əzimov Elvir Elcan oğlu faktiki birgə yaşadığı arvadı Məmmədova Tehranə Allahyar qızına həmkəndlisi Salmanova Əminə Adil qızı ilə xəyanət etdiyi üçün 12.04.2024-cü il tarixində, saat 22:00 radələrində yaşadığı Masallı rayonu Mahmudavar kəndində yerləşən fərdi yaşayış evində faktiki birgə yaşadığı arvadı Ellara Abbasova ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı otaqda olan şüşə stəkanı qəsdən ataraq Tehranə Məmmədovanın sağ baldır nahiyəsinə vurub sonuncuya sağ baldır nahiyəsinin çapığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Əzimov Elvir Elcan oğlu CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib, zərərçəkmiş şəxs Məmmədova Tehranə Allahyar qızı ilə barışdığını, dəymiş ziyanı tamamilə ödədiyini bildirib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs Məmmədova Tehranə Allahyar qızı ərizə təqdim edərək, Əzimov Elvir Elcan oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam ödənilməsini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri İsmayılov Elmar Nağı oğlu bildirdi ki, zərərçəkmiş şəxs və cinayət əməli törətmiş şəxs barışmışlar, dəymiş ziyan tamamilə ödənilmişdir. Əzimov Elvir Elcan oğlu özünü təqsirli bilir və tərəflər bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Əzimov Elvir Elcan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Əzimov Elvir Elcan oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquq Şəxsinin 02.05.2024-cü il tarixli, 355 nömrəli rəyindən görünür ki, Məmmədova Tehranə Allahyar qızında başın təpə nahiyəsinin qançırı və sağ baldır nahiyəsinin çapığı müəyyən olundu. Başın təpə nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın qeyd etdiyi 01 may 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sağ baldır nahiyəsində aşkar olunan çapıq kəsilmiş yaranın sağaldıqdan sonrakı izi olub, kəsiçi əşyanın təsirindən törənmişdir, törənmə müddəti bir aya qədərdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Əzimov Elvir Elcan oğlu zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və sonuncunun ona qarşı şikayət və tələbi olmadığı üçün o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.1ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; CPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Əzimov Elvir Elcan oğlunun zərərçəkmiş şəxs Məmmədova Tehranə Allahyar qızı ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsini, zərərçəkmiş şəxsin təqdim etdiyi barışıq ərizəsini, habelə Cinayət və Cinayət Prosessual Məcəllələrinin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsinin tələbinə əsasən Əzimov Elvir Elcan oğlu cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 300.1.7, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Əzimov Elvir Elcan oğlu həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar