Məhkəmə qərarları › İş №1(050)-12/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-12/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-12/2023 02.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1967-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 4 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 22 may 2022-ci il tarixdə saat 04 radələrində əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən çayxanaya giriş qapısınının qıfılını sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub oradan Zərərçəkmiş şəxs1 məxsus hər biri 7 litr həcmində, 500 manat qiymətində olmaqla ümumi dəyəri 1000 manat təşkil edən latun materialından xüsusi hazırlanmış 2 ədəd samovarı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 04 iyun 2022-ci il tarixdə saat 04 radələrində Masallı rayonu, Musaküçə kəndində yerləşən əvvəllər tanımadığı Şahid5 həyətyanı sahəsində olan tövləyə qapısının açılması üsulu ilə qanunsuz daxil olaraq oradan sonuncunun kürəkəni Zərərçəkmiş şəxs2 məxsus bir baş, ağ-qara rəngli, ət çəkisi 60 kq olan, 650 manat dəyərində erkək cinsli dananı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 16 iyul 2022-ci il tarixdə saat 05 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus bir baş, qırmızı rəngli, ət çəkisi 50 kq olan, 500 manat dəyərində dişi cinsli dananı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,280 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, əsasən də narkotik vasitə heroindən istifadə edir. O, narkotik vasitələr qəbul etdiyindən və narkotik vasitəyə olan təlabatını ödəmək üçün maddi imkanı olmadığından oğurluq edib bu yolla qazanc əldə etmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evin həyətyanı sahəsində əkdiyi müxtəlif növlü tərəvəz bitkilərindən əvvəlcədən yığdığı dəstələri satmaq üçün Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə yerləşən tərəvəz bazarına gəlmişdir. Orada gətirdiyi müxtəlif növlü göyərti dəstələrini satdıqdan sonra əldə etdiyi pulun bir qisminə yenidən müxtəlif növ tərəvəz bitkisi toxumları almaq üçün “Köhnə bazar” ərazisində olan toxumçuluq mağazasının qarşısına gəlmiş, lakin toxumçuluq mağazası bağlı olmuşdur. Həmin mağazanın qarşısında olan çayxananın taxta materialından olan qapısının kiçik qıfılla kilidli olduğunu və ətrafda kimsənin olmadığını görüb, çayxananın qapısının qıfılını əli ilə sındırıb içərisinə daxil olmuş və oradan iki ədəd samovarı oğurlayaraq özü ilə göyərtiləri yığıb bazara gətirdiyi zənbilə qoyub çayxanadan çıxaraq qapını bağlamışdır. Sonra ərazini tərk edib Masallı şəhərində “Azpetrol” YDM-nin yerləşdiyi yerin yaxınlığına getmişdir. Orada əlvan metal qəbulu məntəqəsinə yaxınlaşaraq əvvəllər tanımadığı bir nəfər şəxsə əlində olan zənbildə iki ədəd özünə məxsus latun materialından olan samovarın olduğunu və həmin samovarları istifadə etmədiyi üçün metal kimi satmaq istədiyini bildirmişdir. Metal qəbulu məntəqəsində metal yığımı ilə məşğul olan şəxs göstərdiyi samovarlara baxıb onları götürərək müqabilində 50 manat pul vermişdir. O, 50 manat pulu alıb öz evinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurladığı iki ədəd samovar Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Masallı şəhəri “Köhnə bazar” ərazisində yerləşən çayxanadan Zərərçəkmiş şəxs1 məxsus oğurladığı iki ədəd samovarı satmaqla əldə etdiyi 50 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra o, pulu qurtardığı üçün xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı evdən çıxıb piyada Masallı şəhər ərazinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt yolunun üstündə olan kəndlərdən bir baş iribuynuzlu heyvan oğurlayıb “Mal bazarın”-da satmaq fikrinə düşmüş və təxminən saat 04 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisindən keçən zaman yol kənarında yerləşən, əvvəllər tanımadığı şəxsə məxsus mal-qara tövləsinin olduğunu və küçədə heç kimin olmadığını görüb tövləyə yaxınlaşaraq tövlənin yola baxan dəmir qapısını əli ilə aralayan zaman qapının açıq olduğunu bilmişdir. Sonra tövlənin qapısını açıb içərisinə daxil olaraq orada bir neçə baş iri buynuzlu heyvanın olduğunu görmüş və onların ixərisindən kiçik yaşda olan ağ-qara rəngli erkək cinsli dananı boynundakı ipindən əli ilə tutub özünə tərəf çəkməklə dananı tövlənin qapısından küçəyə çıxararaq oğurlamış və dana ilə birlikdə piyada Masallı rayonu, Kosakül kəndində yerləşən heyvan bazarına gəlmişdir. Orada xx.xx.2022-ci il tarixdə saat 05 radələrində bazara çatdıqdan az sonra əvvəllər tanımadığı, özünü Ağcabədi rayon sakini kimi təqdim edən bir nəfər şəxs ona yaxınlaşıb əli ilə ipindən tutduğu dananın kimə məxsus olmasını və satılıb-satılmamasını soruşduqda, o, dananın özünə məxsus olduğunu və satmaq üçün bazara gətirdiyini demişdir. Bundan sonra həmin şəxslə razılaşaraq dananı ona 520 manata satmışdır. Sonra oranı tərk edərək yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurladığı bir baş erkək cinsli dana Masallı rayonu, Musaküçə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Dananı satmaqla əldə etdiyi pul ehtiyaclarını bir müddət ödəsə də, yenidən pulu qurtardığı üçün 2022-ci ilin iyul ayının ortalarında təkrarən oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxıb tanımadığı şəxsə məxsus avtomobillə Masallı rayonu, Banbaşı kəndinin girişinə gəlmişdir. Banbaşı kəndinin girişində avtomobil yolunu üzü Böyük Xocavar kəndinə tərəf yolun sağ tərəfində olan əkin sahələri istiqamətində keçmiş və Banbaşı kəndinin kənarında olan əkin sahələri ilə piyada yavaşyavaş hərəkət edib ətrafda olan həyətlərdə mal-qara olub-olmamasına diqqət yetirən zaman həyətlərdə heyvan olmadığını görmüşdür. Sonra Banbaşı ərazisini keçərək Böyük Xocavar kəndi ərazisində olduğu zaman əkin sahəsinin kəndarında olan tanımadığı şəxsə məxsus fərdi yaşayış evinin həyətində 3-4 baş iri buynuzlu heyvanın bağlı olduğunu görüb həmin evə yaxınlaşmış və evin həyətyanı sahəsinin ətrafında olan dəmir çəpərin taxta çərçivəli kiçik qapısını bağlayan ipi əli ilə açıb həyətyanı sahəyə daxil olaraq 3-4 baş iri buynuzlu heyvanlardan birini, bir baş dişi cinsli, qırmızı rəngli dananı iplə bağlandığı dirəkdən açıb ipini əli ilə tutub həyətə daxil olduğu çəpərin qapısından çıxarmışdır. Daha sonra həmin dananın ipindən tutub özünə tərəf çəkməklə dananı piyada gəldiyi istiqamətdə əkin sahələrindən Masallı rayonu, Kosakül kəndində yerləşən heyvan bazarına gətirmişdir. Orada xx.xx.2022-ci il tarixdə saat 05 radələrində əvvəllər tanımadığı, özünü Ağcabədi rayon sakinləri kimi təqdim edən iki nəfər cavan oğlan ona yaxınlaşıb əli ilə ipindən tutduğu dananın kimə məxsus olmasını və satıb-satmadığını soruşduqda, o, dananın özünə məxsus olduğunu və satmaq üçün bazara gətirdiyini demişdir. Həmin şəxslərə dananı 500 manata satmaq istədiyini bildirdikdə onlar danaya 460 manat pul verə biləcəklərini demişlər. O, həmin şəxslərlə razılaşıb dananı 460 manata satmışdır. Daha sonra oradan bir başa yaşadığı evə getmişdir. Sonradan istintaq zamanı ona məlum olmuşdur ki, oğurladığı bir baş dişi cinsli dana Masallı rayonu, Böyük Xocavar kənd sakini Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. O, oğurladığı samovarları və iki baş dananı satmaqla əldə etdiyi ümumilikdə 1030 manat pulu Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan anadək özünə narkotik vasitə almağa və öz şəxsi istifadəsinə xərcləmişdir. Bundan başqa o, öz istifadəsi üçün mütəmadi olaraq Lənkəran rayonu, Qumbaşı kəndinə gedib oradan tanımadığı şəxslərdən narkotik vasitələr almışdır. xx.xx.2022-ci il tarixdə də günün birinci yarısında bədənində ağrılar yaranmağa başladığından və istifadəsi üçün narkotik vasitə olmadığından narkotik vasitə heroin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada kəndin ərazisində yerləşən məscidin yaxınlığında yolun kənarı ilə bir qədər piyada hərəkət etdikdən sonra ondan bir qədər aralıda olan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxs görüb həmin şəxsə yaxınlaşaraq bədənində ağrılar olduğunu demiş və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirdikdə, o, həmin şəxsə öz istifadəsi üçün az miqdarda narkotik vasitə heroin almaq istədiyini demişdir. Bundan sonra həmin şəxs onu yol kənarından bir qədər kənara dəvət edib ətrafa baxıb heç kimin olmadığını yəqin etdikdən sonra əynində olan şalvarının cibindən bir ədəd qızılı rəngli siqaret kağızından olan bükümü çıxarıb ona göstərərək, həmin bükümdə təxminən 0,4 qram narkotik vasitə heroin olduğunu və həmin bükümü 20 manata satdığını bildirmişdir. O, cibində olan 15 manat pulunu çıxarıb həmin tanımadığı şəxsə üzərində ancaq bu qədər pulunun olduğunu deyərək heroini 15 manata almışdır. Heroini aldıqdan sonra onu əynimdə olan qara rəngli cins şalvarının sol yan cibinə qoyub oradan uzaqlaşaraq Masallı rayonuna qayıtmış və yaşadığı evə getmışdir. Həmin gün yaşadığı evdə şəxsi işləri ilə məşğul olmuşdur. Aldığı narkotik vasitə heroindən istifadə etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində yaşadığı evdən çıxıb tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhər ərazisinə gəlib H.Əliyev prospektində yerləşən X10 yaxınlığında avtombildən düşmüşdür. Həmin vaxt Masallı şəhəri H.Əliyev prospektində piyada hərəkət edən zaman 5 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları şifahi formada ondan üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o, qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Daha sonra polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nə getməli olduğunu bildirdikdə, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Xalid Qurbanov kimi təqdim etmişdir. X5 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə bildiriş vermişdir. Bu zaman o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdildə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra X5 üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində heroin olan bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Sonra üzərində təhqiqatçı tərəfindən şəxsiaxtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Bumdan sonra təqdim etdiyi narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,37 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ailəli olmaqla himayəsində üç nəfər uşağının olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmənarkoloji ekspertizaları və mütəxəssis rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən göstərdi ki, o, özünə məxsus bir baş inəyini və həmin inəyin bir baş balasını özünün şəraiti olmadığına görə onunla eyni kənddə yaşayan qayınatası Şahid5 məxsus yaşadığı kənddə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlədə saxlayır. O, özü mütəmadi olaraq qayınatasına məxsus tövləyə və orada olan heyvanlarına nəzarət edir. xx.xx.2022-ci il tarixdə heyvanlara yem verdikdən sonra öz yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər tezdən təxminən saat 05:20 radələrində heyvanları açıb otlaq sahəsinə aparmaq üçün qayınatasının tövləsinə gedib tövlənin qapısını açıb içəriyə daxil olanda orada olan bir baş erkək cinsli, ağ-qara rəngli danasının tövlədə olmadığını görmüşdür. Həmin vaxt o, dərhal ətrafa və çölə nəzər yetirib dananın həyətdə də olmadığını bildikdən sonra DİN-nin 102 xidmətinə zəng edib ona məxsus danasının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bundan sonra polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Daha sonra həmin gün həftənin şənbə günü olduğundan ona məxsus oğurlanmış dananın Masallı rayonu ərazisində olan hər həftənin şənbə günləri təşkil olunan heyvan bazarında satıla biləcəyini fikirləşib təxminən 07 radələrində həmin bazara getmişdir. Bazara getdikdən sonra ətrafa baxan zaman ona məxsus dananın bazarın ortasında olan dəmir dirəyə bağlı vəziyyətdə olmasını görüb dərhal danaya yaxınlaşmış və bağlandığı ipini açmışdır. Bu zaman ona yaxınlaşan, əvvəllər tanımadığı, adının sonradan Şahid7 olduğunu bildiyi Ağcabədi rayon sakini olan bir nəfər şəxs dananın ona məxsus olduğunu bildirmişdir. O həmin şəxsə dananın ona məxsus olduğunu və həmin gecə oğurlandığını dedikdə, Niyazi adlı şəxs ona həmin dananı bir neçə saat əvvəl tanımadığı bir nəfər şəxsdən hazırda dəqiq xaırlamadığı qiymətə aldığını bildirmişdir. Bundan sonra o, Niyaziyə dananın oğurlanması barədə polisə şikayət etdiyini və polis əməkdaşlarının onsuz da dananı ona geri qaytaracaqlarını dedikdə, Niyazi dananın oğurluq mal olduğuna və ona aid olmasına inanmışdır. Bundan sonra Niyazi onun ad və soyadını öyrənib dananı ona təhvil vermişdir. Daha sonra o, RPŞ-na gedib bu barədə izahat vermiş, həmçinin Niyazi adlı şəxs də polis şöbəsində izahat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 650 manat maddi ziyan dəysə də, o, oğurlanmış danasını Niyazi adlı şəxsdən təhvil almışdır. Ona məxsus oğurlanmış bir baş dana, erkək cinsli, ət çəkisi 60 kg olmuş, həmin dananın qiyməti oğurlandığı zamanı 650 manat təşkil etmişdir. Sonra məlum olmuşdur ki, onun bir baş danasını ğurlamış Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını, onunla barışdığını qeyd edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, yay aylarında təsərrüfatında olan özünə məxsus 3 baş inəyini və həmin inəklərdən birinin bir baş balasını yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində torpaq səthdə basdırdığı kiçik dirəklərə baxlayıb saxlamışdır. Onun evi yaşadığı kəndin örüş sahəsinin kənarında yerləşir. O, hər gün heyvanlarını səhər saatlarında örüş sahəsinə otlamaları üçün buraxır, daha sonra axşam tərəfi heyvanlarını örüş sahəsindən gətirib həmişə saxladığı həyətində baxlayır. Onun fərdi yaşayış evinin ətrafı dəmir çəpərlə əhatə olunmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında heyvanlarını örüş sahəsindən gətirib yaşadığı fərdi yaşayış evinin həyətində olan həmin yerdə bağladıqdan sonra evinə daxil olmuş və həmin gecəni yatdıqdan sonra xx.xx.2022-ci il tarixdə səhər 07 radələrində yuxudan oyanıb heyvanlarını açıb örüş sahəsinə ötürməkdən ötrü yaşadığı evin həyətinə düşdükdə həyətində bağladığı bir baş dişi cinsli, qırmızı rəngli dananın yerində olmadığını, həmin dananı bağladığı kiçik ölçülü dirəyin boş olmasını, dananın bağlı olduğu iplə birlikdə oğurlanmasını aşkar etmişdir. Həmin vaxt o, dərhal ətrafa və çölə nəzər yetirib dananın həyətdə olmadığını bildikdən sonra DİN-nin 102 xidmətinə zəng edib ona məxsus dananın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Həmin gün polis əməkdaşları yaşadığı evə gəlib hadisə yerinə baxış keçirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Ona məxsus oğurlanmış bir baş dana, dişi cinsli, ət çəkisi 50 kg olmaqla dəyəri 500 manat təşkil etmiş və oğurlandığı zaman 5 aylıq olmuşdur. Sonra məlum olmuşdur ki, onun bir baş danasını ğurlamış Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs3 ilə telefonla əlaqə saxlanılarkən ona vurulmuş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını, onunla barışdığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə icarə əsasında çayxana işlədir. Həmin çayxananın içərisində olan bütün əmlak ona məxsusdur. O, gündəlik olaraq 05:00-dan saat 17:00-dək həmin çayxanada işləyir. Bu işdə ona oğlu İbrahim Hüseynbəyli köməklik göstərir. Onlar gündəlik olaraq səhər tezdən çayxanada olan iki ədəd kömürlə işləyən latun materialından olan samovarı qalayıb çay qaynadaraq Köhnə bazar ətrafında olan müştərilərə satıb insanların çaya olan tələbatlarını ödəyirlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində o, oğlu İbrahimlə birlikdə işlərini yekunlaşdırıb çayxananın qapısının dəmir keçəcəyini bağlayıb qapının üzərində olan qıfılını da kilidləyib evlərinə getmişlər. Həmin vaxt çayxananın qarşısında qoyduqları iki ədəd samovarı da çayxananın içərisində qapının yanına qoymuşlar. O, hər gün samovarları həmin yerdə saxlamışdır. Qapının qıfılla kilidləməklə yanaşı, bazar ərazisində gözətçi işləyən Nazim adlı şəxsin gündəlik olaraq onun çayxanasına və ətrafda olan digər obyektlərə nəzarət etdiyini bildiyi üçün o, çayxanasından oğurluq ediləcəyini düşünməmişdir. xx.xx.2022-ci il tarixdə səhər 5 radələrində oğlu İbrahimlə birlikdə çayxanaya gələn zaman qapının qıfılının sındırıldığını aşkar etmişdir. Daha sonra qapını açıb içəri daxil olduqda ona məxsus iki ədəd samovarların yerində olmadığını aşkarlamışdır. O, həmin vaxt gözətçi işləyən Nazimi çağırıb bu barədə soruşan zaman, sonuncu bazarın ərazisinin böyük olmasını əsas gətirib hadisədən xəbərinin olmadığını bildirmişdir. Həmin vaxt o, samovarların oğurlanmasını bilib, oğurlayan naməlum şəxs və ya şəxsləri tapıb samovarlarını geri qaytarmaq üçün özünə məxsus yollarla soraqlaşsa da, samovarlarını kimin oğurladığını tapa bilməmiş və xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Ona məxsus oğurlanmış iki ədəd samovarların hər biri 500 manat dəyərində, 7 litr həcmində olmaqla latun materialından xüsusi olaraq hazırlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Sonra məlum olmuşdur ki, onun bir baş danasını ğurlamış Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmadığını, onunla barışdığını qeyd edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə xidməti iş yerində olduğu zaman Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə olundu və raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında onun tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış, o, qrupun rəhbəri, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X13, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid8, Masallı RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid2, Masallı RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 və Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfəri, polis baş serjantı Şahid4 qrupun üzvləri təyin edilmişdir. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Heydər Əliyev prospektində olması barədə məlumat əldə edib Şahid8, Şahid3, Şahid2 və Şahid4 birlikdə həmin əraziyə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs şifahi şəkildə üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, sonuncu heç bir cavab verməyib özünü daha da şübhəli aparamağa başladığı üçün polis şöbəsinə dəvət edilmiş və birlikdə Masallı RPŞ-nə gəlmişlər. Polis şöbəsində X15 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Bundan sonra X15 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə və əşya varsa iştirakçılara təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Sonra edilən sorgu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli siqaret kağızı bükümündə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 15 radələrində Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,37 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilişdir. Bütün bunlarla bağlı protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid8 və Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Şahid şəxs Şahid6 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, 2015-ci ildən etibarən Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında əlvan metalların qəbulu sexində işçi kimi işləyir. Onun işi oraya gələn malları qəbul etməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər radələrində Təqsirləndirilən şəxs işlədiyi yerə gəlmiş və əlində ola zənbildən iki ədəd latun materialından olan kiçik həcmli, köhnə samovarları çıxarıb həmin samovarların özünə məxsus olduğunu və istifadəyə yararsız olduğundan satmaq istədiyini bildirmişdir. O, həmin samovarları tərəzidə çəkdikdən sonra dəyərinin 50 manat olduğunu Rövşən adlı şəxsə demiş, sonuncu da onunla razılaşdıqdan sonra 50 manat pulu Rövşənə verərək samovarları almışdır. Həmin gündən bir gün sonra işlədiyi yerdə toplanmış metallarla birlikdə Təqsirləndirilən şəxs alınan iki ədəd samovar Bakı şəhərində yerləşən adını bilmədiyi metaləritmə zavoduna yola salınmışdır. Masalllı RPŞ-nə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı samovarları Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 işlətdiyi Masallı şəhəri Köhnə bazar ərazisində yerləşən çayxanadan oğurlamışdır. Təqsirləndirilən şəxs iki ədəd samovarı alarkən həmin əşyaların oğurluq olmasını bilməmiş, bu barədə yalnız polis şöbəsinə dəvət olunduqdan sonra bilmişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid8, Masallı RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid2 və Şahid3, Boradigah PB-nin polis nəfəri Şahid4, Masallı RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis leytenantı X11 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X13 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim edərək, bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 15 radələrində Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin kütlənin çəkisinin 0,37 qram olduğu müəyyən olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs əynində olan paltarlarına şəxsi-axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hançı əşya əşkar edilməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(050)- 86/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(022)- 121/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadıgı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 500 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından xx.xx.2005-ci il təvəllədlü X8, xx.xx.2006-cı il təvəllədlü X9 və xx.xx.2007-ci il təvəllədlü X14 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 11 oktyabr 2022-ci il tarixli 19/1075 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik maddə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,280 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəksi-0,280 qr., cəmi tədqiqata sərf olundu-0,05 qr, qalıq-0,230 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X3 dair 12 oktyabr 2022-ci il tarixli 1068 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 2016-cı ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən (arayış) görünür ki, qeyd olunan bir baş erkək cinsli, ağ-qara rəngli, şiş buynuzlu, 5 aylıq, sağlamlıq vəziyyəti əla olan qarışıq cinsə mənsub, ət çəkisi 60 kiloqram təşkil edən 1 baş dananın qiyməti 660 manat, dişi cinsli, qırmızı rəngli, 5 aylıq, sağlamlıq vəziyyəti əla olan qarışıq cinsə mənsub, ət çəkisi 50 kiloqram təşkil edən 1 baş iribuynuzlu dananın qiyməti 500 manat, iki ədəd 7 litr həcmli latun materialından xüsusi olaraq hazırlanmış kömür samovarının bir ədədinin qiyməti 2500 manat olmaqla cəmi qiyməti 500 manatdır. Qeyd olunan əşyaların qiymətləri tələb və təklifə uyğun olaraq orta bazarda müəyyənləşdiyindən qeyd olunmuş qiymətlər dəyişə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, bir baş, ağ-qara rəngli, ət çəkisi 60 kq olan erkək cinsli dananı Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 4 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır (eyni xarakterli) cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində cinayətin residivi isə cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmasını, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məhburi müalicə olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,230 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut olan bir baş, ağ-qara rəngli, ət çəkisi 60 kq olan erkək cinsli dananı Zərərçəkmiş şəxs2 qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(022)-121/2022 saylı hökmü ilə təyin edilmiş 3 (üç) 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və üzərində 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,230 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar