Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-12/2025 14.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 14 sentyabr 2024-cü il tarixdə, saat 16:28-də Masallı rayon Polis şöbəsininin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Həmin yerdə onun üzəri yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,478 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 6-7 ay olar ki, metamfetamindən 3-4 gündən bir istifadə edir. 14 sentyabr 2024cü il tarixdə Lənkəran şəhərində Xəstəxananın yaxınlığında təsadüfən rastlaşdığı, birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi Əhməd adlı tanışından 20 manata bir büküm metamfetamin almışdır. Həmin günü saat 16 radələrində metamfetamini istifadə etmək üçün Masallı şəhərində yerləşən Digah qəbirstanlığına tərəf hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər video çəkiliş aparmaqla ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim etməyini təklif etmişdir. O, da şalvarının cibindən bir bükümdə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra üzərini yoxlamışlar və bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Psixotrop maddə metamfetamin elektron tərəzidə çəkdikdən sonra polis əməkdaşları onu Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşmançılığını və iki uşağının olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında PPXB-nün polis nəfəri Şahid2 və KTQ-nun baş inspektor kriminalisti Ramal Şükürovla birlikdə onu 14 sentyabr 2024-cü il tarixdə, saat 16:28-də Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd gümüşü bükümdə metamfetamini təqdim etmiş və elektron tərəzidə çəkilərək 0,56 (sıfır tam yüzdə əlli altı) qram olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs metamfetamini Lənkəran şəhəri 5 saylı xəstəxananın yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadə üçün alaraq üzərində gəzdirdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş metamfetamin və “Samsung” markalı telefonu zərflərə qoyaraq qablaşdırmışdır. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək metamfetamini, mobil telefonu və yoxlama zamanı çəkilmiş videogörüntü olan 01 ədəd video diski təhqiqatçı Əli Sadıqova təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid Masallı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümdə psixotrop maddə mteamfetaminə oxşar kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı boz rəngli şalvarın sol cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olundu. Psixotrop maddə mteamfetamin elektron tərəzidə çəkildi və büküm ilə birlikdə çəkisi 0,56 qram oldu. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun “MSY-dən buraxılma və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 16 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2024-cü il tarixli, 19/663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,478 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,428 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 16 sentyabr 2024-cü il tarixli, 702 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərdən və Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 14 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,478 qram təşkil edən psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi (xəstəsi) olduğu üçün şəxsi istifadəsi məqsədi ilə tutulduğu gün səhər saatlarında Lənkəran şəhəri ərazisində şəxsiyyəti hələki müəyyən edilməyən şəxsdən gizli olaraq heç kimin görmədiyi şəraitdə 20 manat pulun müqabilində alıb üzərində saxlamışdır. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin alış-satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamış, həmçinin onun istintaqa verdiyi ifadələrində üzərindən aşkar olunan psixotrop maddə metamfetamini Əhməd adlı şəxsdən aldığını bildirsə də, həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Xəlilov X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş 27 noyabr 2024-cü il tarixli, 444 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: arvadı X1, uşaqları – 25 dekabr 2012-ci il təvəllüdlü X2 və 27 yanvar 2015-ci il təvəllüdlü X7. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1986-cı ildə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - 1) ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 12 oktyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.1, 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) Masallı rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 25 oktyabr 2019-cu ildə cəzasnının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Xəlilov X4 rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından 25 oktyabr 2019-cu ildə cəzasnının sonu ilə azad edildiyindən və həmin müddətdən 2 ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 17 sentyabr 2024-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,428 qram maddi sübut kimi tanınmış və Masallı rayon Polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - 19 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdə şəxsi axtarış zamanı ondan aşkar edilmiş “Samsung” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Saday Mehrabovun 27 noyabr 2024-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,428 qram maddi sübut kimi tanınmış və Masallı rayon Polis şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin məhkəmə iclasında verdiyi ifadəsi, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, məhkumluğunun olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs məhkumluğu olmasa da, əvvəllər şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, o cümlədən mülkiyyət əleyhinə cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan və həmin cinayətlərə görə azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən məhkəmə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdən 16 sentyabr 2024cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 14 yanvar 2025-ci il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,428 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğiundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 1 ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdən 16 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 4 (dörd) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edisin və o, yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,428 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-12/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-12/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver