Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-120/2024 04.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 04 avqust 2007-ci il tarixdə Masallı rayonu, Köçəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ona qarşı mənfi fikirdə olması qənaətinə gələrək sonuncuya maddi ziyan vurmaq məqsədi ilə 23 noyabr 2023-cü il tarixdə, saat 23 radələrində Masallı rayonu, Köçəkli kəndində yerləşən “Əmrah” marketdən 4 qutu kibrit alıb Zərərçəkmiş şəxs yaşayış evinin yaxınlığına gələrək sonuncuya məxsus həmin kənddə fərdi yaşayış evinin həyətində yerləşən tikiliyə qonşuluqda yaşayan X3 həyətindən keçməklə həmin tikilinin kəndirlə bağlı olan qapısını açaraq özü ilə gətirdiyi kibritlə tikilinin içərisinə yığılmış 1 ədədi 5 manat dəyərində olan 700 bağlama yonca otunu, 1 ədədi 4 manat dəyərində olan 1000 bağlama vələmir otunu və dəyəri 6800 manat olan tikilini qəsdən yandırıb məhv edərək Zərərçəkmiş şəxs ümumilikdə 14300 manat maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 noyabr 2023-cü il tarixdə Masallı rayonu, Köçəkli kənd sakini Süleyman kimi tanıdıqları Zərərçəkmiş şəxs məxsus içərisində ot və yonca bağlamaları olan tikilini o, yandırmışdır. Onun Əlisərrafdan xoşu gəlməmiş və sonuncunun da onun haqqında mənfi fikirdə olmasını hiss etmişdir. Buna görə də Əlisərrafa istənilən bir formada ziyan yetirmək niyyətində olmuşdur. Bir neçə dəfə Əlisərrafgilin küçəsindən keçərkən onun ot və yonca bağlamaları yığdığı tikilisini (talvar) görmüşdür. Bu minvalla xx.xx.2023-cü il tarixdə gecə saatlarında həmin tikiliyə od salmaq qərarına gəlmiş və saat 22 radələrində Masallı rayonu, Köçəkli kəndində yerləşən “Əmrah market”i işlədən Əmrah adlı həmkəndlilərindən 20 qəpik pul qarşılığında 4 qutu kibrit almışdır. Həmin kibrit qutularını əynində olan gödəkcənin sağ və sol yan ciblərinə qoyduqdan sonra Əlisərrəfa məxsus evin yaxınlığına gəlmişdir. Əynində olan gödəkcə ona ağırlıq edəcəyini və qaçarkən mane olacağını düşündüyü üçün gödəkcəni əynindən çıxararaq həmkəndliləri mərhum X2 fərdi yaşayış evinin bayır tərəfdən hasarının kənarına qoymuşdur. Gödəkcəni əynindən çıxaran zaman gödəkcənin cibindən 4 qutu kibritdən 1 qutusunu Əlisərrəfın tikilisini yanıdırmaq məqsədi ilə özü ilə götürmüşdür. Bundan sonra Əlisərrafın həyətinə onunla qapı qonşu olan Arzuman adlı şəxsə məxsus həyətə həyətinə daxil olmuş və oradan Əlisərrafın ot və yonca bağlamaları yığdığı tikilisinə yaxınlaşmışdır. Arzumanın həyətindən Əlisərrafın ot və yonca bağlamaları yığdığı tikilisinə doğru əlavə qapı açılır. Tikilinin qapısı kəndirlə bağlı olduğu üçün kəndirini açmış və tikilinin içərisinə baxdıqda tikilinin içərisində yonca və vələmir bitkilərindən olan ot bağlamalarının olmasını görmüşdür. Bundan sonra ilk əvvəl cibində olan kibrit qutusunu çıxaraq qutunun içərisindən bir ədəd kibrit götürüb yandıraraq həmin ot bağlamalarının içərisinə atmışdır. Ot və yonca bağlamaları quru olduğu üçün tez alışmağa başlamışdır. Daha sonra özü ilə götürdüyü kibrit qutusunun ağzını bir qədər açıb içərisində olan kibritlərin hamısını qutu qarışıq yandıraraq həmin samanlığın içərisinə atmışdır. Həmin tikili yola yaxın olduğu üçün Aruzmanın həyətinə geri qayıtmadan yola çıxaraq qaçıb oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşarkən yolda onu heç kim görməmişdir. İlk əvvəl tikilidən təxminən 300 metr aralıda qaçıb arxın kənarında gizlənmişdir. Daha sonra isə hadisə yerinə çoxsaylı adamların toplaşdığını görüb Köçəkli kəndinin kənarında yerləşən örüş sahəsinə gedərək orada gizlənmişdir. Hadisədən sonra mərhum Yusifin evinin yanından ona məxsus olan həmin gödəkcə tapılmışdır. Gödəkcəni əvvəllər onun əynində görən kənd sakinləri yanğının onun tərəfindən törədilməsini bilmiş və buna görə də bu barədə polisə məlumat vermişlər. Hadisədən sonra səhər saat 10 radələrində evə gələrkən polis əməkdaşları kəndin içərisində onu saxlamış və rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində törətdiyi yanğın hadisəsini etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Masallı rayonu, Köçəkli kəndində ailəsi ilə birlikdə yaşayır və fərdi təsərrüfatla məşğul olaraq dolanırlar. Kənd içərisində ona Süleyman kimi müraciət etsələr də, şəxsiyyətini təsdiq edən sənəddə adı Əlisərrafdır. Yaşadıqları evin həyətyani sahəsində tövlədə iribuynuzlu heyvanlar saxlayırlar. Eyni zamanda fərdi yaşayış evinin həyətyani sahəsində həmin heyvanlara qış aylarında vermək üçün yay aylarından alıb saxladıqları yonca və ot bağlamalarını yığdıqları tikili (talvar) vardır. Həmin tikilini təxminən 5 il əvvəl inşa etdirmişdir. Tikilinin uzunluğu 14 metr, eni 7 metr, hündürlüyü 5 metr olmaqla, ümumi ölçüsü 98 kv/metr olmuşdur. Tikili bir mərtəbədən ibarət olmaqla taxta materialdan tikilmiş, damı da “Azbes” materialından hazırlanmış şifirlə örtülmüşdür. Həmin tikiliyə ümumilikdə 5000 manat pul xərclənmişdir. Qış aylarında heyvanları tövlədə yemləmək üçün 2023-cü ilin iyul ayı ərzində Masallı rayonundan hissə-hissə olmaqla ümumilikdə 700 ədəd yonca bitkisindən olan bağlamanı, 1000 ədəd isə vələmir otundan olan ot bağlamasını alıb həmin tikiliyə yığmışdır. Yonca bitkisindən olan bağlamanın bir ədədini 5 manatdan almaqla 700 ədədinə ümumilikdə 3500 manat, vələmir otundan olan bağlamanın bir ədədini 3,80 manatdan almaqla 1000 ədədinə 3800 manat pul xərcləmişdir. Həmin tikilidə yanğın hadisəsinin baş verdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində evdə olmuşdur. Həmin vaxt evdə əyləşib televizora baxdığı zaman həyətdən qışqırıq səsləri gəlmisini, gəlinləri Aytəkinin və oğlu Əşrəfin onları səsləməsini eşitmişdir. Bu zaman pəncərədən həyətlərinə baxan zaman içərisində ot və yonca bağlamaları yığdıqları həmin tikilinin yanmasını görmüşdür. Həmin vaxt ailə üzləri də evdə olduğu üçün onlar da hadisədən xəbərdar olmuş və onlar dərhal evdən həyətə çıxmışlar. İlk öncə baş verən yanğını söndürmək məqsədi ilə vedrələrlə su daşımağa çalışalar da bir nəticəsi olmamışdır. Gəlini Aytəkin DİN-in 102 xidmətinə, oğlu Vüsal isə FHN-nin 112 xidmətinə zəng edərək məlumat vermişlər. Baş verən yanğından xəbər tutan, həmçinin yaxınlıqda olan qonşular həyətə köməyə gəlmişlər. Yanğın baş verən tikili heyvanları saxladıqları tövləyə yaxın yerləşdiyi və heyvanların da tələf olmaması üçün onlar qonşularla birlikdə tövlədən heyvanları bayıra çıxarmışlar. Bir müddət sonra isə Masallı Rayon Polis Şöbəsinin və FHN-nin yanğınsöndürmə xidmətinin əməkdaşları onlara gəlmişlər. FHN-nin yanğınsöndürmə xidmətinin əməkdaşları dərhal yanğını söndürməyə başlamışlar. Lakin baş verən yanğın surətlə yayıldığı üçün tikili və içərisində olan yonca və ot bağlamaları tam şəkildə yanaraq məhv olmuşdur. Sonradan həmin tikilini onlarla həmkəndli olan 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs törətməsini öyrənmişdir. Qonşuları Murtuzəli mərhum oğlu Yusifin fərdi yaşayış evinin həyət hasarının yanından bir ədəd gödəkcə tapmış və gödəkcənin ciblərinə baxan zaman içərisində kibrit qutularının olması aşkar edilmişdir. Kənd sakinləri həmin gödəkcəni əvvəllər həmkəndliləri Təqsirləndirilən şəxs əynində gördükləri üçün gödəkcənin ona məxsus olmasını bilmişlər və həmin gödəkcəni polis əməkdaşlarına təhvil vermişlər. Zərərçəkmiş şəxs keçən məhkəmə iclasında ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu, vurulmuş ziyanı tələb etdiyini, şəxsi işləri və ailə vəziyyəti ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd edərək, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid2, Şahid6 və Şahid3 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdilər. Şahid8 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Köçəkli kəndində ailəsi ilə birlikdə yaşayır və təsərrüfatla məşğul olaraq dolanırlar. Zərərçəkmiş şəxs onların qonşularıdır, kənd arasında onlar Əlisərrafı Süleyman adı ilə çağırırlar. xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində mərhum oğlu Yusifin onlarla qonşuluqda yerləşən evinə nəzarət etmək üçün həmin evə getmişdir. Yusifin evinin həyət hasarının qapısından həyətə keçmək istəyərkən hasarın kənarında qara rəngli gödəkçə olduğu görmüşdür. Sonra gödəkcənin sahibinin yadından çıxıb qalmasını güman edərək sonradan gəlib götürməsi məqsədi ilə həmin gödəkcəni yerdən götürüb işıq dirəyindən asmışdır. Daha sonra isə oğlu Yusifgilin həyətinə baxıb, evə nəzarət etdikdən sonra öz yaşadıqları evə qayıtmışdır. Öz yaşadıqları evə daxil olduqdan bir iki dəqiqə sonra isə qonşuları Əlisərrafın ot və yonca bağlamaları yığılan tikilisində yanğın baş verməsini eşidib dərhal ora getmişdir. Əlisərrafın tövləsi ilə yanğın baş verən tikilisi yanaşı olduğu üçün qonşularla birlikdə onun tövləsindən heyvanları bayıra çıxarmışlar. Bundan sonra verilmiş məlumat əsasında polis əməkdaşları, FHN-nin əməkdaşları hadisə yerinə gəlmişlər. FHNnin yanğından mühafizə xidmətinin əməkdaşları baş verən yanğını söndürməyə başlamışlar. Həmin ərəfələrdə o işıq dirəyindən asdığı həmin gödəkcəni gətirib kənd sakinlərinə göstərmişdir. Gödəkcəni gətirərkən onun ciblərini axtarmağa başlamış və ciblərinə baxan zaman ciblərində 3 (üç) qutu kibritin olmasını görmüşdür. Kənd sakinləri gödəkcənin həmkəndliləri Əlsalama məxsus olmasını bilmişlər. Bundan sonra onlar gödəkcəni hadisə yerində olan polis əməkdaşlarına təhvil vermişlər. Şahid9 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Masallı rayonu, Köçəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları kənddə yolun kənarında özlərinə məxsus olan “Əmrah” marketi işlədir. Hər gün marketi səhər saat 08 radələrində açmaqla axşam təxminən saat 23 radələrində bağlayır. Həmkəndliləri olan Zərərçəkmiş şəxs həyətyani sahəsində olan tikilidə baş vermiş yanğın hadisəsindən məlumatı var. Hadisədən sonra kənd sakinlərindən həmin yanğın hadisəsini həmkəndliləri olan Təqsirləndirilən şəxs törətməsini öyrənmişdir. Yanğın hadisəsi baş verən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə gecə saat 22 radələrində Təqsirləndirilən şəxs işlətdiyi marketə gələrək 20 qəpik dəyərində ona kibrit verməsini istəmiş, kibritin 1 qutusu 5 qəpik olduğu üçün o rəfdən 4 qutu kibrit götürərək Əlsalama vermişdir. O, Əlsalamın onun aldığı həmin kibritləri evdə istifadə etmələri məqsədi ilə almasını düşünmüşdür. Kibritləri Əlsalama verdikdən sonra çıxıb getmişdir. Təxminən bir saat sonra o marketi bağlayıb evə getmişdir. Sonradan Əlisərrafın həyətində ot və saman bağlamaları yığdıqları tikilidə yanğın baş verməsini eşitmişdir. Əlisərrafgilin evləri onlardan bir qədər aralıda yerləşir. Buna görə də onlara məxsus tikilidə yanğın baş verməsini bir qədər gec bilmişdir. Növbəti gün polis əməkdaşlarının kənd ərazisindən Əlsalamı tapıb izahatının alınması üçün rayon polis şöbəsinə apardıqlarını öyrənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9442-9/9551 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Masallı rayonu, Köçəkli kəndndə yerləşən Zərərçəkmiş şəxs məxsus tövlədə baş vermiş yanğının mənbəyi, tikilinin daxilində, döşəmə səviyyəsində olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək tikilinin bütün hissələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqların aşkar edilmədiyini, eləcə də mənbə zonasında yanğın şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və.s maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Masallı rayonu, Köçəkli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə tikinti üzrə dəymiş ziyan 6800 manat təşkil edir. Ekspertiza təyini haqqında qərarda göstərilən ot bağlamalarıın 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7500 manat müəyyən olunur. O cümlədən:-uzunluğu 1 metr, eni 0,60 metr, hündürlüyü 0,50 metr olan 700 bağlama yonca -3500 manat (700 bağlama x 5); -uzunluğu 1 metr, eni 0,60 metr, hündürlüyü 0,50 metr olan 1000 bağlama vələmir -4000 manat (1000 bağlama x 4). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 1047 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllılıq müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcəd ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmk iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan vaxtda törətməsini Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Ekspertiza tədqiqatının dəyəri olan 165 (bir yüz altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan qara rəngli gödəkçə sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və 3 (üç) qutu kibrit məhv edilməli, mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan qara rəngli gödəkçə sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan 3 (üç) qutu kibrit məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 165 (bir yüz altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-120/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-120/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver