Məhkəmə qərarları › İş №1(050)-122/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-122/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-122/2024 10.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(050)-92/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmiş, Masallı şəhəri, Vidadi küçəsi, ev 18-də qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda qanunsuz əldə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən “İsgəndərli dairəsi” adlanan ərazidə saxlanılaraq Masallı RPŞ-yə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,406 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmuş və cəzasının sonu ilə azad edilmişdir. Hazırkı cinayət işi ilə bağlı onu bildirir ki, üzərində aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata almış, üzərində gizlətmiş və məqsədi sonradan həmin narkotik vasitəni istifadə etmək olmuşdur. O, Masallı şəhərinə qayıtmış və qayıtdıqdan sonra da içərisində narkotik vasitə heroin olan bükümü üzərində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində marketə getmək üçün o, yaşadığı evdən çıxmış və Masallı şəhəri H.Əliyev prospektində piyada hərəkət etməyə başlamışdır. Masallı şəhəri “İsgəndərli dairəsi” adlanan ərazidə olan zaman əvvəllər tanımadığı 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Həmin əməkdaşlar onun üzərində şəxsi axtarış keçirilməsi üçün Masallı RPŞ-yə dəvət etmiş, o, həmin əməkdaşlara etiraz etməmiş və həmin əməkdaşlarla birlikdə Masallı RPŞyə gəlmişdir. Masallı RPŞ-nin inzibati binasında TB-nin təhqiqatçısı Elşad Məmmədovun xidməti otağında şübhəli şəxs qismində tutulmuş və daha sonra hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Sonra video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştrakları ilə təhqiqatçı Elşad Məmmədov ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyi təklif etmiş, o, əvvəlcə əynində olan boz rəngli şalvarın sol yan cibində olan “HT” markalı mobil telefonu, sonra həmin şalvarın sağ yan cibində gizlətdiyi 1 ədəd bükümü, daha sonra isə arxa sağ cibindəki 1 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinaslarını təhqiqatçı Elşad Məmmədova təqdim etmişdir. Hal-hazırda əməlindən peşmandır, polis tərəfindən saxlanılarkən ona hədə qorxu və ya fiziki təsir olunmamışdır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 aprel 2024-cü il tarixdə Masallı şəhəri Vidadi küçəsi ev 18-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Masallı şəhəri ərazisində narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əsasında əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 04 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti ərazisində yerləşən “İsgəndərli dairəsi” adlanan yerdə olması barədə məlumat əldə edib, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin əraziyə getmiş, həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib, polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-yə gəlmişlər. O, bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TB-nin təhqiqatçısı Elşad Məmmədova həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs öncə əynində olan boz rəngli şalvarın sol yan cibindəki “HT” markalı mobil telefonu, sonra həmin şalvarın sağ yan cibindəki 1 ədəd bükümü, daha sonra isə arxa sağ cibindəki 1 ədəd 10 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinaslarını təhqiqatçı Elşad Məmmədova təqdim etmişdir. Daha sonra təhqiqatçı Elşad Məmmədov üzərində əlavə olaraq hər hansı əşyanın olub-olmadığını Təqsirləndirilən şəxs soruşmuş və Təqsirləndirilən şəxs də üzərində əlavə olaraq hər hansı əşya olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə saat 05:00-da şübhəli şəxs qismində tutulmuş, 30 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/372 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq, götürülmüş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi:-0,406 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,406 qram, tədqiqata sərf olunan - 0,05 qram, qalıq - 0,356 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 392 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,406 qram olan, ekspertiza tədqiqatından sonra qalan 0,356 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, RPŞ-nin saxlanc yerində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu video disk cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümü təqdim etməsi və heroin olmasını, şəxsi istifadəsi üçün almasını bildirməsi müəyyən olunur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs 2010-cu ildə müəyyən edilmiş “nevrasteniya” hal-hazırda onda müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Masallı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(050)-92/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(050)-92/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, polis şöbəsinə dəvət edilməsi, üzərinə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokol və ona əlavə edilmiş CD disk, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, məhkəmə-psixiatrik ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkünsüz hesab edərək, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna uyğun və məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş olsa belə nəticə etibarı ilə bu da onun cinayət törətməyə meyilli olmasına dəlalət edir və ona azadlıqdan məhrum etmə cəzasından başqa cəzanın təyin edilməsini istisna edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı müddət 2 (iki) gün kimi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, üzərində qəti cəza saxlanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə görə qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 392 saylı rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,356 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək tutulduğu müddət 02 (iki) gün kimi nəzərə alınsın və ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 10 iyul 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut-Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,356 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar