Məhkəmə qərarları › İş №1(050)-122/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-122/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-122/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilənərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 07 gün müddət hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 may 2025-ci il tarixdə saat 12:59-də Masallı şəhəri Azərbaycan küçəsində saxlanılaraq üstündə keçirilən yoxlama və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi-0,367 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2-3 ay olar narkotik vasitələrdən istifadə edir. 15 may 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Masallı rayonu, Şıxlar kəndindən çıxaraq Masallı şəhər ərazisində parka gəzmək üçün gəlmişdir. Həmin vaxt üzərində bir büküm az miqdarda psixotrop maddə olmuşdur. Masallı rayon İcra Hakimiyyəti binasının yaxınlığında olduğu vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Sonradan həmin şəxslərin Masallı RPŞ-nin əməliyyatçıları olduğunu bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşdıqdan sonra üzərində narkotik vasitə olub olmamasını soruşduqda, üzərində bir balaca bükümdə az miqdarda psixotrop maddə olduğunu, tanımadığı şəxsdən alaraq istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları üzərində olan bükümdə psixotrop maddənin çəksinin az olduğunu bildikdə onu ağ rəngli VAZ 21074 markalı avtomobilə əyləşdirib Masallı RPŞ-yə aparmışlar. Masallı RPŞ-nin inzibati binasında əməliyyatçılar üzərində olan bükümdəki psixotrop maddəni götürmüş, çəksinin az olması səbəbindən ona başqa bir büküm təqdim edərək cibinə qoymasını, bundan sonra lazım olan yerə gedib çəkiliş aparacaqlarını, həmin çəkilişdə isə ona təqdim edilən bükülüdəki psixotrop maddəni təqdim etməsini tələb etmişlər. Üzərinə götürmədiyi halda daha ağır maddə ilə ittiham olunacağını bildirmişlər. Məcburiyyət qarşısında qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra yenidən polis əməkdaşları tərəfindən Masallı şəhəri, Azərbaycan küçəsinə gətirilmişdir. Əvvəldən polis əməkdaşlarının ona dediyi qaydaya uyğun olaraq Masallı şəhəri, Azərbaycan küçəsində piyada hərəkət etməyə başladığı zaman polis əməkdaşları videoçəkiliş aparmaqla ona yaxınlaşmışlar. Polis əməkdaşları videokameranın qarşısında özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da əvvəlcədən polis əməkdaşlarını ona verdiyi bir ədəd bükümdə psixotrop maddəni və özünə məxsus “Redmi” markalı mobil telefonu üzərindən çıxararaq polis əməkdaşlarına təqdim edərək, bükümdə psixotrop maddə “patı” olduğunu, Masallı rayon İcra Hakimiyyəti binasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını demişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmiş, daha sonra həmin büküm elektron tərəzidə çəkmişdir. Daha sonra sənədləşmə işlərinin aparılması ilə əlaqədar polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılmışdır. Təhqiqatçının otağına aparıldıqdan sonra şübhəli şəxs kimi tutulmuş, daha sonra Müdafiəçi dəvət edilmişdir. Tərtib edilmiş sənədləri imzaladıqdan sonra Masallı RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olsa da, lakin videoçəkiliş təqdim etdiyi büküm ona məxsus dedil, həmin büküm polis əməkdaşları tərəfindən ona təqdim edilmişdir. Özündə olan büküm çəkisi isə az olmuşdur. İstintaq müddəti ərzində, qətimkan tədbiri ilə bağlı məhkəməyə gətirilərkən müdafiəçisinə və ya heç kimə bu barədə bildirməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, bir müddətdir ki, başında olan ağrılar ilə əlaqədar olaraq psixotrop maddə olan metamfetamindən istifadə edir. 15 may 2025-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Masallı şəhəri ərazisinə gəlmiş, Masallı rayon İcra Hakimiyyəti binasının yaxınlığında təsadüfən 1 nəfər orta yaşlarında kişi cinsindən olan şəxs ilə rastlaşmış, həmin şəxsi ilk dəfə görmüş, narkotik vasitə istifadəçisinə oxşamış, təsadüfən dialoqu yaranmış, tanımadığı şəxs narkotik vasitə istifadəçisi olmasını bildikdən sonra 10 manat pul müqabilində 1 bükümdə psixotrop maddə olan metamfetamin təşkil edə biləcəyini bildirmişdir. Üzərində pul olduğundan həmin şəxs ilə razılaşmış, 10 manat pul verib 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini almış, həmin psixotrop maddəni əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuş və yaşadığı kəndə qayıdanda istifadə etməyi planlaşdırmışdır. Həmin günü saat 12 radələrində Masallı şəhəri Azərbaycan küçəsində piyada hərəkətdə olarkən tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslərdən biri videoçəkiliş aparmış, digəri xidməti vəsiqəsini göstərib Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 olduğunu, yanında olan şəxslərin də Masallı RPŞ-nin əməkdaşları Şahid2 və Ramal Şükürov olmalarını bildirmiş, polis əməkdaşı Şahid1 qanunsuz olaraq narkotik vasitə üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərində videoçəkiliş aparılmaqla yoxlama və götürmə aparılacağını bildirmiş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Polis əməkdaşı Şahid1 hər hansı bir etiraz etməmiş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, şalvarın sol yan cibindən 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxardıb təqdim etmiş, polis əməkdaşı Şahid1 bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və psixotrop maddəni Masallı rayon İcra Hakimiyyətinin qabağında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. Təqdim etdiyi 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 0,50 qram təşkil etmiş, üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin zərfdə qablaşdırılmış və zərfin üzərisi imzalanaraq möhürlənmişdir. “Redmi” markalı mobil telefon da zərfdə qablaşdırılmış, zərfin üzərisi imzalanaraq möhürlənmiş, üzərinə və əynində olan paltarlara yoxlama keçirilən zaman üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşı Şahid1 tərəfindən Masallı rayon Polis Şöbəsinə aparılacağı barədə məlumat verilmiş, buna etiraz etməmiş, Masallı RPŞ-yə aparılmış, Masallı RPŞ-də ilk öncə üzərində keçirilmiş yoxlama və götürmə haqqında protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Daha sonra özünü təhqiqatçı Bəhmən Əsgərli kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bu barədə yazılı bildiriş verilmiş, öz istəyi ilə dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi təyin edilmiş, daha sonra Masallı RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə Masallı rayonu Şıxlar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən “əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 15 may 2025ci il tarixdə saat 12:59-da Masallı şəhəri Azərbaycan küçəsində yerləşən məhəllə yolda piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar, həmin vaxtı orada onunla birlikdə əməliyyat qrupunun digər üzvləri, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Kriminalistik Tədqiqatlar qrupunun baş inspektoru Ramal Şükürov da iştirak etmişdir. Polis əməkdaşı Ramal Şükürov tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqəsini göstərib özünü təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli olduğundan saxlanıldığını və üstündə yoxlama aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üstündə gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 ədəd kağız büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və psixotrop maddəni Masallı rayon İcra Hakimiyyəti binasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi olan psixotrop maddə metamfetaminə bənzər kütləni elektron tərəzidə çəkmiş, çəkisi 0,50 qram təşkil etmiş, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə və “Redmi” markalı mobil telefon zərfə qoyub qablaşdırmış, iştitrakçılar tərəfindən imzlanım şöbənin möhürü ilə möhürləmişdir. Daha sonra Masallı RPŞ-nin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs üstündə keçirilən yoxlama və götürmə haqqında tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilməmiş, o, özünü müdafiə etmək üçün yalan ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan: Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 15 may 2025-ci il tarixdə saat 12:59-da Masallı şəhəri Azərbaycan küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümü və əynində olan əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi selofan bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü səhər saatlarında Masallı rayon İcra Hakimiyyəti binasının yaxınlığında tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülüyə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər psixotrop maddə olan büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,50 qram olduğunu müəyyən edilmişdir. Daha sonra həmin metamfetaminə bənzər maddə və “Redmi” markalı mobil telefonu orada ayrı-ayrılıqda qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri ətraflı yoxlanmış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Bəhmən Əsgəli tərəfindən Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Masallı RPŞ-nin KTQ-nin baş inspektoru X6 tərəfindən əməliyyataxtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirə CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzər maddə aşkar olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,49 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında CD disklərə baxış keçirildikdən sonra təqsirləndirilən şəxs CD disklərdə olan görüntülərlə bağlı heç bir etirazını bildirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 16 may 2025-ci il tarixli, 19/196 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində tədqiqata təqdim edilmiş üzərində ”Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,367 qram olan ağ rəngli kristallardan ibarət olan metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,367 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,317 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 264 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,317 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-117/2023 saylı hökmünün surətindən görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilənərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 07 gün müddət hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İHB-nın Şıxlar kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Quliyev X4 rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət (onlardan ikisi azyaşlı uşaqdır) ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində bir büküm psixotrop maddə olmasına baxmayaraq, həmin maddənin çəkisinin onun cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verməməsi səbəbindən əvvəlcə polis əməkdaşları tərəfindən saxlanılaraq Masallı RPŞ-yə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən ona başqa bir bükümdə çəkisi çox olan psixotrop maddənin “patının” təqdim edilməsi, videoçəkiliş zamanı təqdim etdiyi psixotrop maddənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə yerində şəxsi axtarış keçirildiyi zaman psixotrop maddənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 17 may 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilmiş, məhkəmə iclasında baş vermiş hadisə ilə bağlı ifadə verərkən polis şöbəsində ona qarşı hər hansı təzyiq edilmədiyini, sərbəst şəkildə ifadə verdiyini, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu qeyd etmişdir. Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatdan imtina edilməklə onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçməsinə, ev dustaqlığında saxlanıldığı müddətdə ailə üzvələri və müdafiəçisi ilə kifayət qədər konfidensial söhbətlər aparmaq imkanı olduğu halda, bu barədə heç kimə bildirməmiş, məhkəmə baxışının keçirildiyi vaxtadək hər hansı orqana onun qanunsuz ittiham olunması ilə bağlı məlumat verməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin kifayət qədər imkanları olduğu halda, bu barədə məlumat verməməsi onu göstərir ki, o, məhkəmə baxış iclası zamanı təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün yalan ifadə vermiş, səmimi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,367 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər törətdiyi az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2025-ci il tarixdə saat 12:59-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-30/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanma müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 may 2025ci il tarixdən, saat 12:59-dan hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,317 qram psixotrop madə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən, yəni 15 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 15 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,317 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar