Məhkəmə qərarları › İş №1(050)-123/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-123/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-123/2024 09.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərədə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 06 may 2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda qanunsuz əidə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Masallı şəhəri Qurtuluş küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,272 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, tutulduğu vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. xx.xx.2024-cü il tarixdə o, Masallı şəhəri ərazisinə gedərək narkotik vasitə almağa qərar vermiş və buna görə də saat 12 radələrində yaşadığı evdən çıxıb Masallı şəhərinə getmişdir. Sonra Masallı şəhəri 20 yanvar küçəsindəki “Köhnə bazar” adlanan əraziyə getmiş və orada Masallı rayonu, Xıl kənd sakini kimi tanıdığı Şəmi adlı şəxsdən 5 manat müqabilində narkotik vasitə almaq istədikdə polis əməkdaşları onlara yaxınlaşmış, hər ikisini saxlayaraq onları Masallı RPŞyə aparmışlar. Masallı RPŞ-də bir müddət saxlanıldıqdan sonra Şəmi adı ilə tanıdığı şəxsi buraxmışlar. Lakin onu saxlamışlar. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmasa da, polis əməkdaşları ona zor tətbiq edərək onu xidməti otağa aparmışlar. Onu otağa saldıqdan sonra İlkin adlı polis əməkdaşı ona narkotik vastələrin dövriyəsinə görə həbsə gedəcəyini demişdir. İlkin adlı polis əməkdaşına üzərində narkotik vasitə olmadığını bildirmiş, buna baxmayaraq İlkin ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını məcburi olaraq boynuna almasını və həbsə getməsini bildirmişdir. Onu döyərək dişini sındırmışlar. Sonra İlkin adlı polis əməkdaşı ona narkotik vasitəni boynuna aldığı təqdirdə 15 gün müddətində həbs edilməklə işinin bağlanacığını bildirmişdir. Məcburiyyət qarşısında qaldığından, razılaşaraq əlavə bir söz deməmişdir. Bundan sonra Müdafiəçi dəvət edilmiş, xidməti otaqda təhqiqatçının və polis əməkdaşlarının şahidliyi ilə videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmiş, əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə olan büküm ona təqdim edilmiş, videoçəkiliş zamanı təqdim edəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda, üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə heç bir məlumat verməmişdir. Eləcə də döyülməsi barədə həbs qətimkan tədbirinə dair vəsatətə məhkəmə iclasında baxılarkən, habelə istintaq təcridxanasına aparılarkən heç bir məlumat verməmişdir. Bundan sonra ibtidai istintaq zamanı ifadəsi alınarkən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. O, sonradan da polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı prokurorluq, məhkəmə və digər orqanlara məlumat vermədiyini qeyd etmişdir. O, həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. Ona verilmiş itithamda üzərində olan narkotik vasitəni çıxarıb könüllü təqdim edilməsi qeyd edilsə də, əsl həqiqətdə Şəmi adlı şəxslə birlikdə narkotik vasitə alanadək polis əməkdaşları tərəfindən saxlanılmış, lakin üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunmuş və təxminən 2019-cu ildən etibarən narkotik vasitə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə o, Masallı şəhəri ərazisinə gedərək narkotik vasitə almağa qərar vermiş və buna görə də saat 12 radələrində yaşadığı evdən çıxıb Masallı şəhərinə getmişdir. Sonra Masallı şəhəri 20 yanvar küçəsindəki “Köhnə bazar” adlanan əraziyə getmiş və orada narkotik vasitə satan birini axtarmağa başlamışdır. Bu vaxt əvvəllər tanımadığı və görkəmcə narkotik vasitə qəbul edən birinə oxşayan şəxsə yaxınlaşmış və həmin şəxsə narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs ona heroin sata biləcəyini demiş və o, həmin şəxsə üzərindəki 10 manat pulu vermişdir. Bundan sonra həmin şəxs üzərindən 1 ədəd gümüşü rəngli bükümü çıxarıb ona vermiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. O da həmin şəxsdən bükümü aldıqdan sonra əynində olan sarı rəngli gödəkçənin sağ yan cibində gizlətmiş və bundan sonra Masallı şəhəri ərazisində vaxt keçirməyə başlamışdır. Saat 17 radələrində Masallı şəhəri Qurtuluş küçəsi ərazisində piyada hərəkət etdiyi zaman əvvəllər tanımadığı 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş və həmin əməkdaşlar üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Masallı RPŞ-yə dəvət etmişlər. O, həmin əməkdaşlara etiraz etməmiş və həmin əməkdaşlarla birlikdə Masallı RPŞ-yə gəlmişdir. Masallı RPŞ-nin inzibati binasında TB-nin təhqiqatçısı Bəhmən Əsgərli tərəfindən şübhəli şəxs qismində tutulmuş və daha sonra hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi dəvət olunmuşdur. Sonra video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştrakları ilə təhqiqatçı Bəhmən Əsgərli üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olarsa təqdim etməyi ona təklif etmiş və o, əynində olan sarı rəngli gödəkçənin sağ yan cibində gizlətdiyi, içərisində “Köhnə bazar" adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən aldığı 1 ədəd bükümü təhqiqatçı Bəhmən Əsgərliyə təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən verilən suala cavab olaraq üzərindən aşkar olunan bükümün içərsində heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə tanımadığı şəxsdən aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və 0,36 qram olduğu görülmüşdür. Üzərindən aşkar olunan 1 bükümdə heroin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatç Bəhmən Əsgərli üzərində əlavə olaraq hər hansı əşyanın olub-olmadığı soruşmuş və o da üzərində əlavə olaraq hər hansı əşya olmadığını bildirmişdir. Sonra isə əynində olan paltarlara şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərində şəxsi axtarış keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılar həmin protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmiş və tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında onun tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Qurtuluş küçəsi ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin əraziyə getmiş, həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-yə gəlmişlər. O, bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TB-nin təhqiqatçısı Bəhmən Əsgərliyə həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Bəhmən Əsgərli tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təhqiqatçı Bəhmən Əsgərli tərəfindən təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sağ yan cibində gizlətdiyi 1 ədəd bükümü təhqiqatçı Bəhmən Əsgərliyə təqdim etdikdən sonra təhqiqatçı tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün içərisində heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və 0,36 qram olduğu görülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 bükümdə heroin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı Bəhmən Əsgərli üzərində əlavə olaraq hər hansı əşyanın olub-olmadığını Təqsirləndirilən şəxs soruşmuş və Təqsirləndirilən şəxs üzərində əlavə olaraq hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan sarı rəngli gödəkçənin sağ yan cibində gizlətdiyi bir ədəd bükülünü çıxarıb iştirakçılara təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri “Köhnə bazar” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi, bükülünün qoyullduğu zərfi imzalayarkən üzərində olan qeydləri oxuya bilmədiyi üçün müdafiəçiyə təqdim etməsi, sonuncu həmin qeydləri ona ucadan oxuduqdan sonra razılaşaraq imzalaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 19/399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürüimüş narkotik vasitə heroinə bənzər kütlə........” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,272 qram olan maddə tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,272 qram, tədqiqata sərf olundu -0,1 qram, qalıq -0,222 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 425 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKQMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı RPŞ-nin operatorunun təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoioji kabinetində 2023-cü ildən '‘Polinarkomaniya” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi -0,222 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-99/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-99/2023 saylı hökmü ilə ona təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhudlaşdırılması cəzasına məhkum edilmiş, Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 10 ay 24 gününü çəkmişdir, çəkilməmiş cəzası 02 il 01 ay 02 gün təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş VMAS-da yoxlamanın nəticəsi barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, 2-ci dərəcəli əllilyi aşkar olunmuş: Diqanoz “İnfeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virusu (İİÇV) xəstəliyi, İİV-infeksiyası İİİ kliniki mərhələ Kandidoz xəstəliyi ilə təzahür olunan İİÇV xəstəliyi, Ağız boşluğunun kandidozu, virus mənçəli xroniki C hepatiti, Viruslu hepatit C Generalizə olunmuş ( persistə edən) limfadenopatiya ilə təzahür olunan İİÇV xəstəliyi, Generalizə olunmuş limfadenopatiya” müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayır, bir nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən zorla üzərinə qoyulması, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməklə döyülərək dişinin sındırılması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman narkotik vasitənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 08 may 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilmiş, məhkəmə iclasında ifadə verərkən polis şöbəsinə ona qarşı hər hansı təzyiq edilmədiyini, döyülmədiyini, sərbəst şəkildə ifadə verdiyini qeyd etmişdir. Daha sonra istintaq təcridxanasına köçürülmüş, istintaq təcridxanasına qəbul edilərkən ona qarşı zor tətbiq edilməsi və xəsarət alması ilə bağlı məlumat verədiyini özü ifadəsində bildirmişdir. Göründüyü kimi, faktiki olaraq 08 may 2024-cü il tarixdən etibarən polisin müvəqqəti saxlama yerindən çıxarılmış, kifayət qədər vaxtı olduğu halda, məhkəmə baxışının keçirildiyi vaxtadək hər hansı orqana onun qanunsuz ittiham olunması ilə bağlı məlumat verməməsi onu göstərir ki, o, məhkəmə baxış iclası zamanı bəhanələr edərək təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün yalan ifadə vermiş, səmimi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ( bir) ədəd bükümdə təmiz çəkisi 0,272 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən (İİÇV) xəstəsi olması və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)- 99/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı isə hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs hazırda məhkum olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 7-ci bəndinin axırıncı azasında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onda cinayət törədilməsinin vərdişə çevrilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, həmçinin hal-hazırda ona əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını tam çəkmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Məmədəli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (67.1-ci maddə); hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (67.4-cü maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur (68.1.1-1-ci maddə). Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)- 99/2023 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 02 il 01 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Təqsirləndirilən şəxs X3 2023-cü ildən '‘Polinarkomaniya” diqanozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,222 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 06 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş hazırda çəkilməmiş 02 (iki) il 01 (bir) ay 02 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (il) ay 16 (on altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və hazırkı hökmlə təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 06 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,222 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar