Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-124/2025 18.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericilik ilə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1-də yaşayış yeri üzrə qeydiyyatda olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 11:39-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri M.Füzuli küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,360 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. Lakin, saxlanıldığı vaxt üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Belə ki, Masallı şəhərində yerləşən “Köhnə Bazar” ərazisində ticarətlə məşğul olur. 15 may 2025-ci il tarixdə Masallı RPŞ-nin Zamir və İsmayıl adlı əməkdaşları tərəfindən yolda saxlanılmış, həmin polis əməkdaşları ona statistik planla əlaqədar onu cinayət məsuliyyətinə cəlb etməli olduqlarını demişlər. 20 may 2025-ci il tarixdə Masallı şəhərində yerləşən Köhnə Bazar ərazisində ticarətlə məşğul olduğu vaxt əvvəllər tanıdığı Masallı RPŞ-nin əməkdaşı Şahid2 işlədiyi yerə gəlmiş, onu yaxınlıqdakı “Xan sarayı” evinin qarşısında yerləşən bağdakı çay evində gözlədiklərini bildirmiş, onunla getməli olduğunu demişdir. Hazırda işlədiyi yerə nəzarət edən şəxsin olmadığını, atası gəlib mallara nəzarət etdikdən sonra saat 11 radələrinə dedikləri yerə gələcəyini Şahid2 bildirmişdir. Saat 11 radələrində atası gəlib mallara nəzarət etdiyinə görə Şahid2 dediyi yerə getmişdir. Oraya çatdıqa Masallı RPŞ-nin rəis müavini Cahangir müəllimin orada olduğunu görmüş, daha sonra oraya əməliyyat müvəkkili Şahid1 gəlmişdir. Bundan sonra polis əməkdaşları onu “Niva” markalı avtomobilə mindirmişlər. Avtomaşının salonunda oturduğu vaxt Şahid1 ona üzərində nə varsa çıxarıb təqdim etməsini tələb etmişdir. Zamirə nə baş verdiyini soruşduqda, onu narkotik istifadəçisi kimi sənədləşdirmək istədiklərini, statistika üçün barəsində məhkəməyə cinayət işi veriləcəyini bildirmiş, daha sonra Zamir ona tutulduqdan sonra 48 saat ərzində buraxılacağına dair söz vermişdir. Bundan sonra əməliyyatçı Şahid1 ona bir bükümdə “patı” dedikləri psixotrop maddə vermiş, videoçəkiliş aparılacağını və üzərindən çıxarıb təqdim etməsini tələb etmişdir. Əvvəlcə razılaşmasa da, daha sonra ağır maddə ilə ittiham oluncağından qorxduğuna görə polis əməkdaşları ilə razılşamış, bundan sonra polis əməkdaşlarının dediyi yerə gətirilmişdir. Ona piyada hərəkət etməsini, videoçəkilişlə yanına yaxınlaşacaqlarını demişlər, videoçəkiliş zamanı ona verilmiş psixotrop maddə olan bükümü təqdim etməsini bildirmişlər. Polis əməkdaşlarının dediyi qaydaya uğun olaraq Masallı şəhəri, M.Füzuli küçəsində piyada hərəkət etməyə başlamış, bundan sonra polis əməkdaşları Zamir və İsmayıl da qarşı tərəfdən videoçəkiliş aparmaqla ona yaxınlaşmışlar, videoçəkilişdə onlar özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o da üzərində əvvəlcədən ona verilmiş psixotrop maddə olan bükümü çıxarıb əməkdaşlara təqdim etmiş, təqdim etdiyi bir ədəd bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu həmin günü Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən saat təxminən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Videoçəkiliş bitdikdən sonra yenidən Masallı RPŞ-yə aparılmış, iki gün orada saxlanıldıqdan sonra sərbəst buraxılmış, sərbəst buraxıldığı vaxt həmin mobil telefon sonradan ona qaytarılmışdır. Halbulki üzərində heç bir psixotrop maddə olmamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili Zamiri əvvəlcədən tanımış, Zamir ona məlumatların verilməsi üçün işlətmək üçün smartfon tipli telefon da vermişdir. O, Zamirlə mütəmadi olaraq ona mobil nömrə və whatsup mobil tətbiqi vasitəsi ilə zəng edib danışaraq, narkotiklərin istifadəsi, satışı ilə bağlı məlumatlar vermiş, bunun qarşılığında Zamir ona narkotik vasitələrdən sərbəst şəkildə istifadə etməsinə şərait yaratmışdır. Hətta tutulmamışdan əvvəl xx.xx.2025-ci il tarixdə, eyni zamanda şübhəli şəxs qismində tutulub buraxıldıqdan sonra da cinayət işinin ibtidai istintaqı aparılarkən Zamirlə telefon əlaqəsi saxlayaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumatları verməyə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 20 ildir narkotik maddə istifadəçisidir, son zamanlar əsasən psixotrop maddə metamfetamin qəbul edir. Narkotiklərdən qanunsuz istifadə və oğurluq etdiyinə görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 09 radələrində yuxudan durub bədəninin ağrıdığını görmüş və Lənkəran rayonu Qumbaşı kəndinə gedib oradan istifadə etmək üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin vaxtı Masallı şəhəri Dadva küçəsi ev 18-də yerləşən yaşadığı evi tərk edib piyada əvvəlcə yaxınlıqda olan Masallı şəhəri “Seybətin dairəsi” deyilən yerə, sonra isə oradan tanımadığı şəxsə məxsus sərnişin mirkroavtobusu ilə Qumbaşı kəndinə gedib kəndin mərkəzindən keçən dəmir yolu xəttinin yaxınlığında mikroavtobusdan düşmüşdür. Bir müddət kəndin içərisində tək piyada gəzdikdən sonra bir nəfər 30-35 yaşlı kişi cinsli narkotik istifadəçisinə oxşatdığı tanımadığı şəxsə yaxınlaşıb psixotrop maddə istifadəçisi olduğunu demiş və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini ondan xahiş etmişdir. Həmin tanımadığı şəxsə ona və ətrafa bir qədər diqqətlə baxıb heç kimin olmadığına əmin olduqdan sonra hazırda üzərində bir büküm, təxminən 0,5 qram çəkidə psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini 15 manat pulun qarşılığında sata biləcəyini bildirmişdir. O, tanımadığı həmin kişi cinsli şəxslə razılaşıb ondan bir ədəd şəffaf sellofan bükümdə psixotrop olan maddə metamfetamini 15 manata alıb əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyaraq tez uzaqlaşmışdır. Daha sonra eyni qayda ilə yəni, tanımadığı şəxsə məxsus Lənkəran-Masallı rayonlararası sərnişin mikroavtobusu ilə oradan Masallı şəhəri “Köhnə bazar” deylən yerə gəlib düşmüşdür. Mikroavtobusdan düşdükdən sonra yaxınlıqda olan Masallı şəhəri M.Füzuli küçəsinə gedib üzərində olan həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün uyğun yer axtarmağa başlamışdır. Saat təxminən 11:30 radələrində həmin küçədə tək piyada gəzən zaman üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid1, Şahid2 və Ramal Şükürov adlı polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları hüquq və vəzifələrini izah edib ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşdur. O, üzərində psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarının artıq hardansa bildiklərini başa düşdüyündəm və yalan danışmağın heç bir mənasının olmadığını dərk etdiyindən onlara üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir, daha sonra həmin yerdə özü əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd bükümdə sellofanı açıb yaxından baxdıq da, onun həqiqətəndə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin metamfetamin sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir və ümumi çəkisinin 0,51 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin qablaşdırılıb üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra orada üzərinə hər ehtimala qarşı baxış keçirilmişdir, lakin üzərindən qanunla qadağan edilmiş əlavə heç bir şey aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmişdir, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin ilə əlaqədar protokol yazmışdır, həmin protokolu ucadan oxumuşdur və hər şey düzgün qeyd edildiyi üçün o da həmin protokolu digər şəxslərlə birlikdə imzalamışdır. Daha sonra Polis Şöbəsinin təhqiqatçısı Asiman Abdullayevin xidməti otağına aparılmışdır, təhqiqatçı qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmışdır və o həmin sənədləri də müdafiəçi ilə birlikdə oxuyub imzalamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə yoxlama keçirilərkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin özünə məxsus olmuş, həmin metamfetamini ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri barədə qərar qəbul edilmişdir. O, əməliyyat qrupunun rəhbəri, üzvləri isə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və KTQ-nun baş inspektor kriminalisti Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri M.Füzuli küçəsində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və R.Şükürovla birlikdə oraya getmişdir. Saat 11:39da həmin küçədə Təqsirləndirilən şəxs tək piyada hərəkətdə olduğunu gördükdə videoçəkilişlə yaxınlaşıb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, sonra həmin yerdə özü əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmiş və təqdim etdiyi bükümün içində psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Bükümü açıb yaxından baxdıqda onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,51 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni qablaşdırmış, üzərini möhürləyərək imzalatdırmşdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamışdır və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Orada əlverişli şərait olmadığıan görə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə ilə birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmışdır, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuşdur və həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Asiman Abdullayevə təqdim etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılıb üzəri yoxlanılarkən və polis şöbəsinə gətirildikdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Şahid1 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl tanıdığını, sonuncunun ona adını çəkmək istəmədiyi şəxslərin narkotik vasitələrdən istifadə etməsi, satması ilə bağlı məlumatlar verdiyini, tutulub buraxıldıqdan sonra da Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai istintaq aparılarkən Eminin ona zəng edərək bu tipli məlumatlar verdiyini təsdiq etmiş, lakin həmin məlumatların inandırıcı olmadığını öz-özlüyündə müəyyə etmiş, realizəsi mümkün olmayacağı səbəbindən hər hansı qeydiyyatını aparmamış, yəni həmin məlumatlaı əməliyyat yolu ilə yoxlamamışdır. O, Eminə işlətmək üçün smartfon tipli telefon vermədiyini ifadəsində göstərmişdir. Təqsirləndirilən şəxs barəsində qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumatlar təsdiqini tapdığından barəsində əməliyyat-axtarış tədbirinə dair qərar qəbul edilməklə saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı ədavət və düşmənçliyi olmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə məhkəmə istintaqında fərqli ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:39-da Masallı şəhəri, M.Füzuli küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etmiş, təqdim etdiyi selofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş sellofan bükülüyə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər psixotrop maddə olan bükümü elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,51 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin metamfetaminə bənzər maddə qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Asiman Abdullayev tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 və Masallı RPŞ-nin KTQ-nin baş inspektoru X3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirə CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd şəffaf selofan bükümdə metamfetaminə bənzrə maddi aşkar olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,45 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Samir Abdinov ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə iclasında CD disklərə baxış keçirildikdən sonra təqsirləndirilən şəxs CD disklərdə olan görüntülərə heç bir etiraz bildirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə kimyəvi ekspertizasının 21 may 2025-ci il tarixli, 19/209 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,360 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,360 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,310 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 279 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan aslılıq sindiromu (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınmasl və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,310 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-39/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İHB-nın Masallı şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, altı nəfərdən ibarət (onlardan üç nəfəri azyaşlı uşaqdır) ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin psixotrop maddənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, əməliyyat müvəkkili Şahid1 əvvəlcədən tanıdığını, onunla məxfi əməkdaşlıq etdiyini, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərlə bağlı ona məlumatlar verdiyini qeyd etmiş, sonuncu dəfə Şahid1 ona narkotik vasitənin üzərində gəzdirməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etməli olduqlarını dedikdə, məcbur qalıb razılaşmışdır. Təqsirləndirilən şəxs Şahid1 əvvəlcədən tanıdığı və ona müəyyən şəxslərin narkotik vasitələrdən istifadə etməsi və satışı ilə bağlı məlumatlar verməklə əməkdaşlıq etməsi məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiq edilsə də, Təqsirləndirilən şəxs üzərinə psixotrop maddənin məhz Şahid1 tərəfindən məcburən qoyulması ilə bağlı göstərdikləri həqiqəti əks etdirməmişdir. Təqsirləndirilən şəxs özü ifadəsində psixotrop maddələrdən istifadə etdiyini etiraf etmiş, buna isə Şahid1 şərait yaratdığını göstərmişdir. Təqsirləndirilən şəxs dediklərinin həqiqət olduğunu düşünmək mümkün deyildir, ona görə ki, o, saxlanıldıqdan sonra 48 saat müddətində şübhəli şəxs qismində tutulmuş, daha sonra isə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra yenə də Şahid1la telefon əlaqəsi saxlayaraq, sonuncuya narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat verməkdə davam etmişdir. Təqsirləndirilən şəxs bir tərəfdən Şahid1 ona psixotrop maddəni verərək üzərində saxlamasına məcbur etdiyini, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını bildirir, digər tərəfdən isə saxlanıldıqdan sonra Şahid1 müəyyən şəxslərin narkotiklərlə bağlı yol verdikləri cinayətlər barədə sonuncuya məlumat verməkdə davam etdiyini qeyd edir. Yaranmış bu hal onu göstərir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin özünə aid olmasını qəbul etmiş, əks halda, Şahid1la əməkdaşlığı davam etdirməzdi. Onun Şahid1 müəyyən şəxslərin narkotik vasitələrdən istifadə etməsi və satışı ilə bağlı məlumatlar verməsi ona elan edilmiş ittihamın mahiyyətinə heç bir təsir göstərmir. Həmçinin, qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman psixotrop maddənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 22 may 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən buraxılmış, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində sərbəst şəkildə ifadə verdiyi zaman cinayəti törətməməsi ilə bağlı bir kəlmə belə işlətməmişdir. O, eyni zamanda polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalmadığını qeyd etmişdir. Göründüyü kimi, onun qeyd edilən cinayət əməlinə yol verməməsi, məcbur edilməsi ilə bağlı müvafiq dövlət orqanlarına məlumat vermək üçün kifayət qədər imkanlara malik olsa da, bu hüququndan istifadə etməmişdir. Bu halın özü məhkəmədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinin həqiqətə uyğun olmaması, məsuliyyətdən yayınmaq niyyəti ilə belə ifadə verməsi təəsüratını yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,360 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,) o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 11:39-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tutulmuş şəxsin azad edilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(050)-124/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,310 qram psixotrop madə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 23 iyun 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,310 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************).ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-124/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-124/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver