Məhkəmə qərarları › İş №1(050)-126/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-126/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-126/2023 05.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 18 aprel 2023-cü il tarixdə saat 18 radələrində Masallı şəhər, H.Əliyev prospekti ərazisində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan sarı rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi -0,614 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, şəkər xəstəliyindən əziyyət çəkir. Buna görə də bədənində mütəmadi olaraq ağrılar olur. Həbs olunmamışdan təxminən 1 həftə əvvəl bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Səhər saat təxminən 10 radələrində yaşadığı evdən çıxaraq Masallı şəhəri, Seybətin dairəsi adlanan yerə gəlmiş və Lənkəran şəhəri istiqamətində hərəkətdə olan avtomobillərə əli ilə işarə etməyə başlamışdır. Az sonra Lənkəran şəhəri istiqamətində hərəkətdə olan əvvəllər tanımadığı şəxs onun işarəsini görüb avtomobilini saxlamışdır. Həmin şəxsdən onu Lənkəran rayonu, Qumbaşı kəndinə aparmasını xahiş etmişdir. Həmin tanımadığı şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisinə getmiş və yolun kənarında avtomobildən düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra saat təxminən 11 radələrində xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda narkotik vasitə olan tiryək olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. O, da həmin şəxslə razılaşmışdır. Daha sonra həmin şəxs o, olan yerdən uzaqlaşmış və bir neçə dəqiqə sonra yenidən yanına gəlmişdir. Həmin şəxs əlində olan bir ədəd şəffaf rəngli sellofan bükümü göstərib, həmin bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu və həmin bükümü 10 manata satacağını bildirmişdir. O, da həmin şəxslə razılaşmışdır. Həmin tanımadığı şəxs 01 ədəd şəffaf rəngli sellofan bükümü ona verdikdən sonra həmin şəxsə cibində olan 10 manat pulunu vermişdir. Bükümü aldıqdan sonra onun yanından uzaqlaşıb Lənkəran şəhəri istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bir qədər piyada hərəkət etdikdən sonra dayanıb Masallı rayonu istiqamətində hərəkətdə olan avtombillərdən birinə əli ilə işarə edib saxlatdırmışdır. Tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhəri ərazisinə gəlmiş və avtomobildən düşərək piyada hərəkət etməyə başlamışdır. Axşam saatlarında isə fərdi yaşayış evinə gəlmişdir. Narkotik vasitə tiryəki üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Masallı şəhər, Heydər Əliyev prospekti ərazisində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Baş təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O, da əynində olan sarı rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu, 10 gün əvvəl Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını, şəkər xəstəsi olduğu üçün şəxsi istifadə məqsədilə üzərində saxlamasını bildirmişdir. Sonradan üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümün çəkisinin 0,66 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi narkotik vasitə olan tiryəkə bənzər kütlə baş təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini himayəsində ankoloji xəstəlikdən əziyyət çəkən ailə üzvünün (arvadı) olmasını, ailədə yeganə qazanc gətirən şəxsin olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri, R.Abbasov küçəsi ev 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən Masallı RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 Layiq oğlunun və Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 üzvlüyü ilə “Təxirə salınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs onun və CAB-nin əməliyyat müvəkkili Şahid1 Layiq oğlunun iştirakı ilə Masallı şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı Ariz Səfərovun xidməti otağına gətirilmişdir. Həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Masallı rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi qismində baş təhqiqatçı Ariz Səfərovun xidməti otağına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra onun, müdafiəçinin, CAB-nin əməliyyat müvəkkili Şahid1 Layiq oğlunun iştirakı ilə baş təhqiqatçı Ariz Səfərov RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis leytenantı Ramal Şükürovun video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başlamışdır. Axtarış aparmağa başlamamışdan əvvəl baş təhqiqatçı X11 Qarayevə üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə tiryək olduğunu, 1 həftə əvvəl Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Baş təhqiqatçı Ariz Səfərov tərəfindən 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin bükümün çəkisinin 0,66 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan tiryəkə bənzər kütlə baş təhqiqatçı tərəfindən zərfə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmişdir, üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir, lakin şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı əşya, predmet və maddə aşkar edilməmişdir. Keçirilmiş şəxsi axtarış ilə bağlı baş təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş, tərtib edilmiş protokol iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 Layiq oğlu oxşar məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin əynində olan sarı rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükülüdə təqdim edərək, bükülüdə olan narkotik vasitə tiryək olduğunu, həmin narkotik vasitəni 1 həftə əvvəl Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata almasını deməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 19/475 saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,614 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in Siyahısına (Siyahı İ) daxildir. (Tiryəkin təmiz çəkisi 0,614 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 0,564 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 461 nömrəli rəyindən görünür ki, halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-0,564 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə tiryəkin aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İHB-ın Masallı şəhəri üzrə ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Qarayev X5 şəhəri, R.Abbasov küçəsi, ev 3də qeydiyyatda olmaqla arvadı-xx.xx.1973-cü il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır, Masallı şəhərində yaşadığı müddətdə əvvəllər özünü səmimi, təmkinli aparsa da, lakin son zmaanlar sağlam düşüncəyə sahib olmamış, cəmiyyətə yaraşmayan hüquqazidd hərəkətlərə yol vermişdir. X3 barəsində Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut kimi tanınmış Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,564 qram üzrə narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 18 aprel 2023-cü il tarixindən 20 aprel 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,564 qram üzrə narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar