Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-127/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 1995-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşgul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsiilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2024-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri, Digah küçəsində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd falqa kəsiyi bükümündə təmiz çəkisi-0,214 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə aydır psixotrop maddə olan metamfetamindən istifadə edir. 01 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıxaraq Lənkəran rayonuna getmiş, oradan qayıdarkən Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin alıb əynində olan cins şalvarın sağ yan cibinə qoyaraq Masallı şəhərinə qayıtmışdır. Sonra üzərində olan psixotrop maddə metamfetamini istifadə etməkdən ötrü havanın qaralmasını gözləmiş və Masallı şəhəri ərazisində şəxsi işlərini görmüşdür. 01 may 2024-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri, Digah küçəsində psixotrop maddəni istifadə etməkdən ötrü piyada hərəkət edib sakit yer axtararkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı Qasım Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək dövlət hesabına hüquqlarının müdafiəsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili X4 dəvət edilmişdir. Daha sonra təhqiqatçı Qasım Hüseynov müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə ona qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya varsa, təqdim etməsinin təklif etdikdə, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümündə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən təqdim etdiyi 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisinin 0,38 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən peşmançılıq çəkməsini və cavanlığını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 may 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 01 may 2024-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri, Digah küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmış və orada sonuncunun üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Masallı RPŞ-yə dəvət edilmişdir. Masallı RPŞ-də təhqiqatçı Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili X4 dəvət edilmişdir. Sonra təhqiqatçı Qasım Hüseynov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd büküm çıxararaq təqdim etmişdir. Daha sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin günü səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı Qasım Hüseynov tərəfindən 1 ədəd falqa kəsiyi bükümündə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,38 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra ifadəsi elan olunmuş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili X4, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X6 iştirakları ilə Masallı RPŞ-nin təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd büküm çıxararaq təqdim edərək, bükümdə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin günü səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, təmiz çəkisinin 0,38 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 19/383 saylı, 02 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər metamfetamin tərəfimdən maddi sübut kimi qablaşdırıldı.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,214 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (Metamfetaminin təmiz çəkisi-0,214 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,164 qram). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 398 saylı, 02 may 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(050)-09/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019cu il tarixdə cəriməni tam ödəmiş, məhkumluğu yoxdur. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin 2-1164/24-62-16 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 1(050)-09/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə icra edildiyi üçün xx.xx.2019-cu il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,164 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,164 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-127/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-127/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver