Məhkəmə qərarları › İş №1(050)-127/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-127/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-127/2025 29.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 01 avqust 1994-cü ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-24/2025 nömrəli, 05 aprel 2025-ci il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə saat 21 radələrində Masallı şəhəri H.Əliyev prospektində tanışı Masallı şəhər sakini Şahid3 20 manat pulun müqabilində ümumi təmiz çəkisi 0,427 qram çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 03 aprel 2025-ci il tarixdə saat 22:51-də Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılmışdır. Həmin yerdə onun üstü yoxlanılan zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,427 qram təşkil edən xeyli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 03 aprel 2025-ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində yerləşən parkda əvvəllər tanıdığı Şahid3 20 manat pulun müqabilində bir büküm heroin almışdır. Həmin günü onun Masallı şəhəri H.Əliyev prospektində saxlanıldığı qeyd olunsa da, polis əməkdaşları onu köhnə bazarın yanında piyada hərəkətdə olan zaman saxlamışlar. Oradan onu polis şöbəsinə aparmışlar və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Onu təxminən 40 dəqiqə otaqda gözlətdikdən sonra Masallı şəhəri H.Əliyev prospektinə gətirərək video çəkiliş aparmışlar. Çəkiliş zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində heroin olan bir bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Heroin elektron tərəzidə çəkdikdən sonra polis əməkdaşları onu Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Lakin üzərində cinayət işində qeyd olunduğu çəkidə heroin olmamışdır. Üzərində olan heroinin çəkisi az olmuşdur, lakin nə qədər olmasını dəqiq bilmir. Törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılığını, bir çox İntiqam adlı şəxs olduğunu, lakin polis əməkdaşları ilə əməkdaşlıq edərək məhz ona narkotik vasitəni satan və narkotik vasitənin satışı ilə məşğul olan İntiqam adlı şəxsin tapılmasına köməklik etdiyini bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1 və KTQ-nin baş inspektoru Ramal Şükürovla birlikdə Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə, saat 22 radələrində Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra Şahid1 ondan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olmasını, bununla bağlı üzərinə yoxlama və götürülmə aparılacağını bildirərək üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs boz rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu və İntiqam adlı şəxsdən 20 manata aldığını demişdir. Şalvarının sağ yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Heroin elektron tərəzidə çəkilərək 0,62 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş heroini və mobil telefonu zərflərə qoyaraq qablaşdırmışdır. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək heroini, mobil telefonu və yoxlama zamanı çəkilmiş videogörüntü olan 01 ədəd video diski təhqiqatçı Əli Sadıqova təqdim etmişlər. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir və son zamanlar əsasən narkotik vasitə olan heroin qəbul edir. Tutulmamışdan 4-5 gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhəri 8-ci kilometr bazarında əvvəllər tanıdığı araba sürən bir şəxsdən bir bükümü 10 manat olmaqla 80 manat pula ümumilikdə 08 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin gün axşam narkotik vasitə heroinin bir bükümünü istifadə etmişdir. 03 aprel 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxsla bazar deyilən ərazidə rastlaşmışdır. Təqsirləndirilən şəxs ondan narkotik vasitə istəmiş, onun da, pula ehtiyacı olduğundan bir bükümü 20 manata ona satmışdır. Həmin günü saat 17:05-də üç nəfər şəxs videokamera ilə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, satmaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində heroin olduğunu bildirmiş və kibrit qutusunun içərisində 06 (altı) ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra polis əməkdaşları onu Masallı rayon Polis şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə, saat 23:42-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 03 aprel 2025cil il tarixdən, saat 23:42-dən hesab edilmişdir. - Masallı Rayon Məhkəməsinin 4(050)-24/2025 nömrəli, 05 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 03 aprel 2025-cil il tarixdən hesab edilmişdir. - Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallar cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar kütləni Masallı şəhərində İntiqam adlı şəxsdən aldığını bildirdi. Narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkildi və büküm ilə birlikdə çəkisi 0,62 qram oldu. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 19/137 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir büküm narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0, 427 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,377 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2025-ci il tarixli, 19/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm Heroin Rəy 19/137....” və “Şahid3 üzərindən aşkar edilmiş 6 büküm Heroin Rəy № 19/142...” sözlər və imzalar olan 2 ədəd zərflərdəki ümumilikdə 7 büküm heroinlər, kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X6 Publik hüquqi şəxsin Masallı şöbəsinin məhkəmə-tibb ekspertizasının 08 aprel 2025-ci il tarixli, 229 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji Xəstəxanasının 08 aprel 2025-ci il tarixli, 189 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Elvin Muradovun 08 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,377 qram maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı rayon Polis şöbəsinə təhvil verilmişdir. - “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 07 aprel 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Yeddioymaq kəndində yaşayan Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş və ümumi təmiz çəkisi 0,427 qram təşkil edən narkotik vasitə heroini həmin tarixdə axşam saatlarında Masallı şəhəri, H.Əliyev prospektində əvvəllər tanıdığı Şahid3 20 manat müqabilində 1 ədəd bükümdə şəxsi istifadə məqsədilə əldə edərək üzərində gəzdirmişdir. Şahid3 barəsində Masallı RPŞ-nin İB-nin müstəntiqi Qasım Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı aparılmaqdadır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Masallı şəhəri, Yeddioymaq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur, lakin narkoloji kabinetində dispanser qeydiyyatındadır. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Masallı şəhəri, Yeddioymaq kəndində qeydiyyatda olan Fərhadlı X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 5425-66-29/2-18/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X7, anası X4. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 16 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, 01 avqust 1994-cü ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş Təqsirləndirilən şəxs – sonuncu dəfə Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Elvin Muradovun 05 iyun 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekpertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 0,377 qram qalmış narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq Masallı rayon Polis şöbəsinin saxlanc yerində saxlanması nəzərə alınmış, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, cinayətin digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir və əməlində cinayətin residivi vardır. Ona görə də, məhkəmə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən onun cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasının 03 fevral 2025-ci il tarixə çəkilməmiş qalan 2 (iki) ay 11 (on bir) günü Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 03 aprel 2025-cil il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,377 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra onun ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və onun Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi2 ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 11 (on bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasının 03 fevral 2025-ci il tarixə çəkilməmiş qalan 2 (iki) ay 11 (on bir) günü hazırki hökmlə təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 03 aprel 2025-cil il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onun Narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,377 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk və şübhəli şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra onun ailə üzvlərinə qaytarılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar