Məhkəmə qərarları › İş №1(050)-128/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-128/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-128/2023 20.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyan Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, xx xxxx 1985-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olmamış, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Abşeron rayonu Xırdalan şəhəri Ş.Ələkbərova küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 mart 2023-cü ildə saat 17:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Buıck Lacrosse” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara–İran sərhədi avtomobil yolunun Masallı rayon ərazisindən keçən 121,5-ci km-də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun sağ zolağında olan avtomobilin dayanmış vəziyyətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, sola doğru təhlükəsiz manevr aparmaqla, sağ zolaqda dayanmış vəziyyətdə olan minik avtomobilin sol tərəfindən keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə yolun sağ hərəkət zolağında dayanmış vəziyyətdə olan Şahid2 məxsus “Mercedes Benz C180 ” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil yolun sağ tərəfində olan metal təhlükəsizlik səddlərə çırpılmış, “Buıck Lacrosse” minik markalı avtomobil isə sola istiqamətlənməklə, əvvəlcə sol zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz C180” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, daha sonra idarəedilməz vəziyyətdə sağ zolağa qayıtdıqda arxadan eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid3 idarə etdiyi “Opel Frontera” minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyatsızlıqdan dayanmış vəziyyətdə olan “Mercedes Benz C180” minik markalı avtomaşının sərnişini Zərərçəkmiş şəxs hər iki sirkə kəsasının yerdəyişmiş sınığı, sol burun sümüyünün minimal yerdəyişmiş sınığı, sol bazu sümüyünün bayır epikondilusunun qəlpəli sınığı və baş beynin silkələnməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, 21 mart 2023-cü ildə saat 17:30 radələrində idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşınla Ələt- Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətdə saatda təxminən 110 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə ani olaraq yaxın məsafədən sağ zolaqda olan “Mercedes Benz C180” minik markalı avtomaşının dayandığını görmüş, bu zaman hadisədən yayınmaq istəmiş, lakin məsafə yaxın olduğundan və sol zolağda da nəqliyyət vasitəsi olduğundan mümkün olmamışdır. Həmin vaxtda idarə etdiyi avtomaşının qabaq sağ hissəsi sağ zolaqda olan “Mercedes Benz C180” minik markalı avtomaşının arxa sol hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşın idarəedilməz vəziyyətdə ilk öncə baryerlərə çırpılmış daha sonra isə iki avtomolib “Mercedes Benz C180” minik markalı avtomaşın və “Opel Frontera” minik markalı avtomaşın arxadan onun maşınına çırpılmışdır. Hadisə zamanı avtomaşında tək olmaqla heç bir xəsarət almamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Muradın ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, tələbədir, Bakı şəhərində yerləşən Universitetdə ali təhsil alır, 21 mart 2023-cü ildə saat 17:30 radələrində həmkəndlisi İntiqamın idarə etdiyi “Mercedes Benz C180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinə getmək üçün Bakı şəhəri istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda avtomaşında arxa sərnişin oturacaqda əyləşmişdir. Masallı rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsinin necə baş verməsini xatırlamadığını ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Sonradan hadisə barədə soraqlaşdıqda Sərxan adlı şəxsin idarə etdiyi avtomaşının İntiqamın idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomaşına arxadan çırpıldığını bilmişdir. Hadisə zamanı xəsarət aldığından müalicəsi davam edir. Təqsirləndirilən şəxslə barışmışdır. Bu səbəbdən ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, 21 mart 2023-cü ildə saat 17:30 radələrində idarə etdiyi “Mercedes Benz C180 ” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşında bir sərnişin olmuşdur. Masallı rayon ərazisindən keçdikdə avtomaşında ani olaraq texniki nasazlıq yarandığından avtomaşını yolun sağ hissəsində saxlamaq məcburiyyətində qalmışdır. Daha sonra “Mercedes Benz C180” minik markalı avtomaşının sükanı arxasından düşmək istəmiş, bu zaman arxadan eyni istiqamətdə hərəkətdə olan sonradan adını bildiyi Sərxan adlı şəxsin idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşının qabaq hissəsi dayanmış vəziyyətdə olan “Mercedes Benz C180” minik markalı avtomaşının arxa sol hissəsinə çırpılmışdır. Zərbənin təsirindən dayanmış vəziyyətdə olan “Mercedes Benz C180” minik markalı avtomaşının qabaq hissəsi metal təhlükəsizlik sədlərə çırpılmaqla bir qədər irəlidə dayanmışdır. Hadisə zamanı avtomaşında olan Murad ilə birgə xəsarət almışdır. Sərxanın idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşının birinci toqquşmadan sonra digər iki minik avtomaşınla da toqquşduğunu sonradan bilmişdir. Hadisə zamanı “Buıck Lacrosse” minik markalı avtomaşından başqa hər hansı avtomaşınla toqquşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, özünə məxsus “Opel Frontera” minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 21 mart 2023-cü ildə saat 17:30 radələrində idarə etdiyi “Opel Frontera” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətdə saatda təxminən 80 km sürətlə hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə qarşısında hərəkətdə olan “Buıck Lacrosse” minik markalı avtomaşının qabaq hissəsi dayanmış vəziyyətdə olan “Mercedes Benz C180” minik markalı avtomaşına arxadan çırpıldığını, daha sonra isə “Buıck Lacrosse” minik markalı avtomobilin sol zolaqda digər “Mercedes Benz C180” markalı avtomaşınla toqquşduğunu görmüşdür. Həmin vaxtda avtomaşının əyləcini basmış, lakin “Buıck Lacrosse” minik markalı avtomaşınla sağ zolaqda toqquşmuşdur. Hadisə zamanı avtomaşında bir sərnişin olmaqla heç bir xəsarət almamışlar. Məhkəmə iclasında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermiş olduğu müəyyən edildi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, özünə məxsus “Mercedes Benz C180” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 21 mart 2023-cü ildə saat 17:30 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətdə saatda təxminən 100 km sürətlə hərəkətdə olmuşdur. Masallı rayon ərazisindən keçdikdə təxminən 30-40 metr məsafədən qarşısında hərəkətdə olan “Buıck Lacrosse” minik markalı avtomaşının qabaq hissəsi dayanmış vəziyyətdə olan “Mercedes Benz C180” minik markalı avtomaşına arxadan çırpıldığını görmüş, bu zaman sol zolaqla hərəkətini davam etdirmiş, lakin birinci toqquşmadan sonra “Buıck Lacrosse” minik markalı avtomaşın sola istiqamətləndiyindən idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında olanlarla birgə heç bir xəsarət almamışdır. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomaşınla dayanmış vəziyətdə olan “Mercedes Benz C180” minik markalı avtomaşın arasında hər hansı toqquşma baş verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 11 aprel 2023-cü il tarixli 8/831 saylı ekspert rəyində qeyd edilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Buıck Lacrosse” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 05 aprel 2023-cü il tarixli 292 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər iki sirkə kəsasının yerdəyişmiş sınığı, sol burun sümüyünün minimal yerdəyişmiş sınığı, sol bazu sümüyünün bayır epikondilusunun qəlpəli sınığı və baş beynin silkələnməsi müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 21 mart 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin ikinci bəndinə qeyd edilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndrilən şəxslə barışdığından və ona dəymiz ziyan ödənildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməli, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Buıck Lacrosse” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomaşın, “Mercedes Benz C180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomaşın və “Opel Frontera” minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Buıck Lacrosse” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Frontera” minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar