Məhkəmə qərarları › İş №1(050)-129/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-129/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-129/2023 04.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1975-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Masallı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Masallı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 25 aprel 2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində 25 aprel 2023-cü il tarixdə saat 18 radələrində Masallı şəhəri Füzuli küçəsində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsindən 01 ədəd sellofan torbada təmiz çəkisi-460,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, Kalaşnikov kostruksiyalı 5.45 mm kalibrli, AK-74 modelli, texniki cəhətdən saz, atəş üçün yararlı, hissələrinin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu avtomat silahı və 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5.45x39 mm kalibrli, Kalaşnikov avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan patronu və 01 ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirərək Bakı şəhər sakini X3 məxsus Masallı şəhəri İntiqam Əsgərli küçəsində yerləşən istifadəsiz birmərtəbəli yarımtikilidə saxlamış, qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olduğundan 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı zamanı qeyd edilən 01 ədəd avtomat silahı, 04 ədəd patron və 01 ədəd daraq həmin ünvanda yerləşən yarımçıq tikilidən aşkar edilib götürülənədək qanunsuz saxlamışdır. Bu əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan ittihamlar verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər qanunsuz olaraq narkotik vasitəni üzərində saxlamaq ilə əlaqədar olaraq məhkum olunmuş, azadlığa çıxdıqdan bir müddət sonra bədənində yaranan ağrılar ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 2 il bundan öncə yaz aylarında Viləş çay su anbarının Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsinə balıq tutarkən, su anbarının sahilində bitən kolların arasında ağ rəngli kisə diqqətini çəkmiş, həmin kisəni açıb baxdıqda içində 1 ədəd avtomat silahı, 1 ədəd daraq və 4 ədəd patron olduğunu görmüşdür. Həmin vaxtı ətrafa baxıb kiminsə olmadığına əmin olduqdan sonra kisəni götürüb tanımadığı şəxsin taksi avtomobili ilə yaşadığı evə gətirmiş, ilk əvvəl 1 ədəd avtomat silahı, 4 ədəd patron və silahın 1 ədəd darağı olan kisəni yaşadığı evdə kiminsə xəbəri olmadan gizlətmiş, sonradan həmin kisəni Masallı şəhəri Azərbaycan küçəsi ərazisində yerləşən birmərtəbəli istifadəsiz tikiliyə gətirmiş və orada saxlamağa davam etmişdir. Həmin tikilidə əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etdiyindən, tikilinin istifadəsiz olmasından məlumatı olmuş, tapdığı həmin silahı, patronunu və darağını satıb pul əldə etmək və əldə etdiyi pul ilə narkotik vasitə almaq qərarına gəlmişdir. Lakin 1 ədəd avtomat silah, 1 ədəd darağını və 4 ədəd patronunu satmaq üçün müştəri tapa bilmədiyindən silahı Masallı şəhəri Azərbaycan küçəsində yerləşən istifadəsiz yarımçıq tikilidə saxlamağa davam etmişdir. Bundan başqa o, ifadəsində həmçinin göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün Cəlilabad rayonu Göytəpə şəhərinə getmiş, orada zahiri görkəmdən narkotik vasitə istifadəçisinə oxşayan, əvvəllər tanımadığı bir nəfər şəxsdən 200 manat pul müqabilində 1 ədəd sellofan torbada narkotik vasitə olan təqribən çəkisi 480 qram qurudulmuş marixuana almışddır. Qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçəsinin iç hissəsində gizlətmiş və Masallı şəhəri ərazisinə geri qayıtmışdır. Masallı şəhəri ərazisində bir müddət piyada gəzişib narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməkdən ötrü havanın qaralmasını gözləmiş, 25 aprel 2023-cü il tarixdə təxminən saat 18 radələrində Masallı şəhəri Füzuli küçəsində tək gəzişərkən tanımadığı 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə və odlu silah gəzdirməkdə şübhəli olduğundan, orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində özünü baş təhqiqatçı Samir Məmmədovun xidməti otağına aparılmış, şübhəli şəxs qismində tutulmuş, orada hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında dövlət hesabına müdafiəçisi qismində Masallı rayon Vəkil Bürosundan vəkil Müdafiəçi təyin edilmişdir. Müdafiəçisinin iştirakı videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsində sellofan torbada saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. İştirakçılara narkotik vasitəni Cəlilabad rayonu Göytəpə şəhərindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Baş təhqiqatçı Samir Məmmədov tərəfindən bir sıra istintaq hərəkətləri edildikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı da daxil olduğunu bildirilmişdir. Bu zaman baş təhqiqatçı Samir müəllimə təxminən 2 il bundan öncə Masallı rayonu Qəriblər kəndi ərazisində Viləş çay su anbarının qırağına balıq tutmaqdan ötrü gedərkən kolların arasında kisə diqqətini çəkdiyini, həmin kisəyə baxdıqda 1 ədəd avtomat silahı, 4 ədəd patron və 1 ədəd daraq olduğunu, daha sonra kisəni içindəki əşyalarla birlikdə özülə götürüb gətirdiyini və hazırda Masallı şəhəri Azərbaycan küçəsində yerləşən istifadəsiz tikilidə gizlətdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş, tərəfindən imzalanmış, bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə Masallı şəhəri Azərbaycan küçəsinə getmişlər həmin vaxtı polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə birmərtəbəli yarımçıq tikiliyə baxış keçirmişlər, tikilinin içərisində yerdə məişət tullantılarının arasında gizlətdiyi ağ rəngli kisədə olan, 1 ədəd avtomat silah və silahın 1 ədəd darağının içərisində 4 ədəd patron polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zor və ya psixi təzyiqə məruz qalmamışdır, əməlindən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB əməlliyat müvəkkili vəzifəsində işləyir. 25 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz üzərində gəzdirməsində, istifadəsində və odlu silah saxlamaqda şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Masallı şəhəri, Füzuli küçəsində saxlanılmış, onu Masallı RPŞ-yə dəvət etmişlər. Müdafiəçisi qismində təyin edilmiş, sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində qara rəngli gödəkçəsinin sol iç hissəsindən 1 ədəd sellofan torba çıxardıb iştirakçılara təqdim etmiş, həmin torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin günü Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 479 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış və zərfin üzərisi imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı da daxil olduğu bildirilmiş, Təqsirləndirilən şəxs bir müddət öncə Masallı rayonu Qəriblər kəndi ərazisində Viləş çay su anbarının qırağına balıq tutmaqdan ötrü gedərkən kolların arasında diqqətini çəkən kisə tapdığını, həmin kisəyə baxdıqda 1 ədəd silah olduğunu, daha sonra kisəni içindəki əşyalarla birlikdə özülə gətirdiyini və hazırda Masallı şəhəri ərazisində yerləşən istifadəsiz tikilidə gizlətdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmış, bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Masallı şəhəri Azərbaycan küçəsinə getmişlər. Oraya çatdıqda baş təhqiqatçı Samir Məmmədov videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxladığı silahı təqdim etməsini təklif etmiş, həmin vaxtı Təqsirləndirilən şəxs birmərtəbəli yarımçıq tikiliyə yaxınlaşıb tikilinin içərisində yerdə məişət tullantılarının arasında gizlətdiyi ağ rəngli kisəni təqdim etmiş, ağ rəngli kisə baş təhqiqatçı Samir Məmmədov tərəfindən açılmış, kisənin içərisindən 1 ədəd avtomat silah və silahın darağının içərisində 4 ədəd patron aşkar edilmiş, Təqsirləndirilən şəxs baş təhqiqatçının verdiyi sualları cavablandırmışdır. Aşkar edilmiş 1 ədəd avtomat silahı, 4 ədəd patron və 1 ədəd daraq götürülüb qablaşdırılmış, üzərisi imzalanaraq möhürlənmiş, daha sonra baxış keçirmə və götürmə haqqında protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 aprel 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri Füzuli küçəsi ev 118-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz üzərində gəzdirməsində, istifadəsində və odlu silah saxlamaqda şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Masallı şəhəri Füzuli küçəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə narkotik vasitələri qanunsuz üzərində gəzdirməsində, istifadəsində və odlu silah saxlamaqda şübhəli olduğundan Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış, Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı Samir Məmmədovun xidməti otağına gətirilmiş, orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun müdiri Müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində qara rəngli gödəkçəsinin sol iç hissəsindən 1 ədəd sellofan torba çıxardıb iştirakçılara təqdim etmiş, həmin torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin günü Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 479 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış və zərfin üzərisi imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı da daxil olduğu bildirilmiş, Təqsirləndirilən şəxs bir müddət öncə Masallı rayonu Qəriblər kəndi ərazisində Viləş çay su anbarının qırağına balıq tutmaqdan ötrü gedərkən kolların arasında diqqətini çəkən kisə tapdığını, həmin kisəyə baxdıqda 1 ədəd silah olduğunu, daha sonra kisəni içindəki əşyalarla birlikdə özülə gətirdiyini və hazırda Masallı şəhəri ərazisində yerləşən istifadəsiz tikilidə gizlətdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmış, bundan sonra polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Masallı şəhəri Azərbaycan küçəsinə getmişlər. Oraya çatdıqda baş təhqiqatçı Samir Məmmədov videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxladığı silahı təqdim etməsini təklif etmiş, həmin vaxtı Təqsirləndirilən şəxs birmərtəbəli yarımçıq tikiliyə yaxınlaşıb tikilinin içərisində yerdə məişət tullantılarının arasında gizlətdiyi ağ rəngli kisəni təqdim etmiş, ağ rəngli kisə baş təhqiqatçı Samir Məmmədov tərəfindən açılmış, kisənin içərisindən 1 ədəd avtomat silah və silahın darağının içərisində 4 ədəd patron aşkar edilmiş, Təqsirləndirilən şəxs baş təhqiqatçının verdiyi sualları cavablandırmışdır. Aşkar edilmiş 1 ədəd avtomat silahı, 4 ədəd patron və 1 ədəd daraq götürülüb qablaşdırılmış, üzərisi imzalanaraq möhürlənmiş, daha sonra baxış keçirmə və götürmə haqqında protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 01 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsində sellofan torba aşkar edilib götürülməsi, Təqsirləndirilən şəxs həmin torbada olan maddənin qurudulmuş marixuana olmasını, özü isitifadə etmək üçün üzərində saxlamasını bildirməsi müəyyən edilir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 01 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs birmərtəbəli yarımçıq tikiliyə yaxınlaşıb tikilinin içərisində yerdə məişət tullantılarının arasında gizlətdiyi ağ rəngli kisəni təqdim etmiş, ağ rəngli kisə baş təhqiqatçı Samir Məmmədov tərəfindən açılmış, kisənin içərisindən 1 ədəd avtomat silah və silahın darağının içərisində 4 ədəd patron aşkar edilmiş, Təqsirləndirilən şəxs baş təhqiqatçının verdiyi sualları cavablandırmışdır. Aşkar edilmiş 1 ədəd avtomat silahı, 4 ədəd patron və 1 ədəd daraq götürülüb qablaşdırılmış, üzərisi imzalanaraq möhürlənmiş, daha sonra baxış keçirmə və götürmə haqqında protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 25 may 2020-ci il tarixli “sübhəli şəxsin üzərinə Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:25-dan 19:05-ə qədər “Sony” markalı videokamera vasitəsi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol iç cibində cibindən, 01 ədəd sellofan torbada təmiz çəkisi-460,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin Cinayət işinin materiallarında olan sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada təmiz çəkisi-460,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı o narkotik vasitənin alüdəçisi olduğu üçün şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində almış, lakin narkotik vasitəni ona satan şəxsin kimliyini hələki müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs təxminən 2 il öncə Viləşçay su anbarının Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində 01 ədəd “Kalaşnikov” markalı avtomat silahı, həmin silaha məxsus 01 ədəd daraq və 04 patronu tapmış, daha sonra silah, daraq və patronları Masallı şəhəri Azərbaycan küçəsində yerləşən istifadəsiz yarımtikilidə saxlamış, Təqsirləndirilən şəxs yarımtikilidə silah, daraq və patronlar saxlaması barədə kiminsə xəbəri olmamış və o həmin silahdan istifadə etməmiş, Təqsirləndirilən şəxs 01 ədəd avtomat silahı, 01 ədəd daraq və 04 patronu saxladığı Masallı şəhəri Azərbaycan küçəsində yerləşən yarımtikili Bakı şəhər sakini X3 məxsus olmuş, Ceyhun Soltanov uzun müddətdir ki, Bakı şəhərində yaşadığından həmin tikili istifadəsiz və baxımsız qalmış, sonuncunun Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsi barədə hər hansı bir məlumatı və ya əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi eskpertizasının 26 aprel 2023-cü il tarixli, 19/488 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd torbada təmiz çəkisi: -460,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -460,0 qr, təhqiqata sərf olundu-0,05 qr, qalıq -459,95 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 aprel 2023-ci il tarixli 364 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 26 aprel 2020-ci il tarixli 23/319R nömrəli rəyində göstərilmişdir: -Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş, silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov kostruksiyalı 5.45 mm kalibrli AK-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yaralıdır. Avtomatın hissələrinin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli Kalaşnikov avtomatlarında və RPK-74 əl pulemyotlarında atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. -Təqdim edilmiş 01 ədəd əşya, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 5.45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağdır və istifadəyə yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X6 Yoxlamanın nəticələrinə dair məhkəmə-narkoloji ekspertizanın 27 aprel 2023-cü il tarixli, 477 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, 25 aprel 2023-cü tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-459,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs Masallı şəhəri Azərbaycan küçəsində istifadəsiz yarım tikilidə saxladığı 01 ədəd nömrəsi silinmiş Kalaşnikov kostruksiyalı 5.45 mm kalibrli AK-74 modelli yivli odlu avtomat silahı, 01 ədəd daraq və ekspert tədqiqatından sonra qalıq 02 ədəd döyüş sursatı olan patron maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ittihamlar üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət əməllərini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 228.1 və 234.1-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Masallı rayon İHB-nin Masallı şəhər İƏDÜ Nümayəndəsinin xasiyyətnaməsindən və ailə tərkibi haqqında arayışdan məlim olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur və dörd nəfər ailə üzvü olmaqla, o cümlədən 1 nəfər azyaşlı uşağı və iki nəfər yetkinlik yaşına çatmış övladı vardır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlu X5 “Vətən” müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2369 saylı və 21 aprel 2022-ci il tarixli Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 25 aprel 2023-cü il tarixli protokoldan və Masallı rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Masallı rayon məhkəməsinin 27 aprel 2023-cü tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs oğlu – X4 “Vətən” müharibəsi iştirakçısı olmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyəti, əvvəlki məhkumluğuna baxmayaraq, islah olunmaması, cinayətlərin ictimai təhlükəliliyi və törədilməsi üsulu, xarakteri nəzərə alınmalıdır. Bu səbəblə o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə onun yaşını, sosial vəziyyətini, təyin olunacaq cəzanın ailəsinin həyat şəraitinə təsirini və yüngülləşdirici halları nəzərə alaraq, ona aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X6 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə, CPM-nin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 25 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: CM-in 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subutlardan Masallı RPŞ-də saxlanılan qalıq çəkisi-459,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd nömrəsi silinmiş Kalaşnikov kostruksiyalı 5.45 mm kalibrli AK-74 modelli yivli odlu avtomat silahı, 01 ədəd daraq və ekspert tədqiqatından sonra qalıq 02 ədəd döyüş sursatı (iki ədəd patron eksperimental atəş zamanı istifadə olunmuşdur) Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməli, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməli, video çəkiliş olan 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Maddi sübutlar, Masallı Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonrakı çəkisi 459,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd nömrəsi silinmiş Kalaşnikov kostruksiyalı 5.45 mm kalibrli AK-74 modelli yivli odlu avtomat silahı, 01 ədəd daraq və ekspert tədqiqatından sonra qalıq 02 ədəd döyüş sursatı (iki ədəd patron eksperimental atəş zamanı istifadə olunmuşdur) Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silahsursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin, video çəkiliş olan 1 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altımış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar