Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-13/2024 08.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Sarıcəfərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 02 ədəd sellofan bükümdə təmiz çəkisi 35,332 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib bir bükümünü Masallı rayonu, Sarıcəfərli kəndində yerləşən fərdi yaşayış evində, digər bir bükümünü isə üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və yaşadığı evdə saxlamasında şübhəli olduğundan Masallı rayonu, Çaxırlı kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffav sellofan bükümdə, təmiz çəkisi 5,359 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə saat 17 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Masallı rayonu, Sarıcəfərli kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin birinci mərtəbəsində olan mətbəx otağındakı qab-qacaq dolabının alt hissəsindən 01 ədəd şəffav sellofan bükümdə təmiz çəkisi 29,973 qram, üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,359 qram təşkil edən qurudulmuş marixuana ilə botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı gündə yaşadığı Masallı rayonu, Sarıcəfərli kəndindəki su kanalında tək balıq tutarkən orada kibrit qutusunu görmüş, qutunu yerdən götürüb baxarkən içərisində təxminən 7-8 ədəd çətənə bitkisinin tumunu aşkar etmişdir. Narkotik vasitə marixuanaya şəxsi təlabatını ödəmək üçün həmin tapdığı çətənə tumlarını gətirib Sarıcıfırli kəndində yerləşən özünə məxsus yaşadığı evin həyətyanı sahəsində, heç kimin görə bilmədiyi dəmir hasarın yanındakı kolluqların içində əkmişdir. Bir müddət sonra həmin çətənə tumlarından ikisi cücərib boy atmağa başlamış və o, bitkiləri yetişdirmək üçün aqrotexniki qaydada qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə həmin iki ədəd çətənə bitkisi tam yetişdiyi üçün onun yarpaqlarını toplayıb şəxsi istifadəsi üçün qurudaraq qurudulmuş marixuana formasına gətirmişdir. Sonra onu tərəzidə çəkmiş və təxminən çəkisinin 35 qram olduğunu müəyyən etmişdir. Az-az istifadə etməkdən ötrü bir bükümü təxminən 5 qram, digər bükümü 30 qram olmaqla şəffaf selofanlara bükərək şəxsi istifadəsi üçün yaşadığı evin birinci mərtəbəsində yerləşən mətbəx otağındakı qab-qacaq dolabının alt hissəsində gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində dolabda gizlətdiyi təxminən 5 qram ağırlığında bir büküm qurudulmuş marixuananı oradan götürüb əynində olan boz rəngli şalvarının çibinə qoyaraq istifadə etmək üçün uyğun yer tapmaqdan ötrü yaşadığı evdən çıxaraq qonşu kənd olan Çaxırlı kəndinə piyada getmişdir. Çaxırlı kəndi ərazisində piyada hərəkətdə olarkən üç nəfər şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşdur. Həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb üzərinə baxış keçirilməsindən ötrü onlarla birlikdə Masallı Polis şöbəsinə getməli olduğunu bildirmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov kimi təqdim etmişdir. Təhqiqatçı Ə.Sadıqov qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Masallı RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. İstəyinə əsasən müdafiəçi qismində Masallı Rayon Vəkil Bürsosunun vəkili X2 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Əli Sadıqov ona üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Sonra təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, da əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffav sellofan bükümü və sol yan cibimdən 4 manat pulu çıxardıb təqdim edərək təqdim etdiyi sellofanın içində olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2023-cü ilin yay aylarında öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi çətənə bitkilərindən toplayaraq bir bükümünü üzərində, digər bükümünü isə yaşadığı evdə saxladığını bildirmişdir. Təqdim etdiyi sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 5,84 qram olduğu məlum olmuşdur. Sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmiş, 4 manat pul isə təhqiqatçı tərəfindən özünə geri qaytarılmışdır. Həmin vaxtı təhqiqatçı tərəfindən üzərinə baxış keçirilsədə, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, həmin protokol uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı Əli Sadıqov ona yaşadığı Masallı rayonu, Sarıcəfərli kəndində yerləşən fərdi yaşayış evində gizli olaraq saxladığı narkotik vasitəni təqdim edə biləcəyini soruşmuş və o, da həmin narkotik vasitə qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Buna görə də o, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə yaşadığı Masallı rayonu, Sarıcəfərli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gətirilmişdir. Orada ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Əli Sadıqov yaşadığı evdə gizli olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yeri təqdim etməyini təklif etmişdir. O, da yaşadığı evə daxil olub evinin birinci mərtəbəsində yerləşən mətbəx otağındakı qab-qacaq dolabın altında gizlətdiyi bir büküm şəffav sellofana bükülmüş qurudulmuş marixuananı onlara təqdim etmişdir. Bundan sonra təhqiqatçı Əli Sadıqov tərəfindən həmin qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 31,51 qram olması müəyyən edilmişdir. Sonra həmin aşkar edilərək götürülmüş bir büküm qurudulmuş marixuana təhqiqatçı tərəfindən içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək imzalanmışdır. Daha sonra Əli Sadıqov tərəfindən fərdi yaşayış evinin digər yerlərinə və həyətyanı sahəsinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsi haqqında təhqiqatçı Əli Sadıqov tərəfindən protokol tərtib olunmuş, protokol uca səslə onlara oxunmuş, o, da digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilən zaman və polis şöbəsində üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən vaxtı ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Sarıcəfərli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib qəbul etməkdə, yaşadığı evdə saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün həmin günü raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr imzalanmış, o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov, PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Çaxırlı kəndi ərazisində olması barədə məlumat əldə edib Şahid2 və Şahid3la birlikdə həmin kəndə getmişdir. Təqsirləndirilən şəxs kənd yolu ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, yaşadığı evdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və yaxud psixotrop maddə olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçı Əli Sadıqovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra təhqiqatçısı Əli Sadıqov ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. İstəyinə əsasən müdafiəçi qismində X2 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra təhqiqatçısı Ə.Sadıqov ona üzərində videoçəkiliş vasitəsilə şəxsi-axtarış aparılacağını deyərək əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffav sellofan bükümü və sol yan cibindən 4 manat pulu çıxardıb təqdim edərək təqdim etdiyi sellofanın içində olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2023-cü ilin yay aylarında öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi çətənə bitkilərindən toplayaraq bir bükümünü üzərində, digər bükümünü isə yaşadığı evdə saxladığını bildirmişdir. Təqdim edilmiş sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı Əli Sadıqov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 5,84 qram olduğu məlum olmuşdur. Sonra həmin kütlə içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalanmışdır. 4 manat pul isə iş üçün əhəmiyyətli olmadığından təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilsədə, lakin üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə və ya əşya aşkar olunmamışdır. Sonra şəxsi-axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı Əli Sadıqov Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində gizli olaraq saxladığı narkotik vasitəni özünün təqdim etmək istəyib-istəməməsini soruşmuş və həmin şəxsdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs Masallı rayonu, Sarıcəfərli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətinə getmişdir. Təqsirləndirilən şəxs orada ərizə ilə müraciət edərək polis əməkdaşlarının yaşadığı evə və həyətyanı sahəsinə daxil olub baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxtı təhqiqatçı Əli Sadıqov ona şəxsiaxtarış zamanı qeyd etdiyi yaşadığı evdə gizli olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın olduğu yeri təqdim etməyini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub evin birinci mərtəbəsində yerləşən mətbəx otağındakı qab-qacaq dolabın altında gizlətdiyi bir büküm şəffav sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Təhqiqatçı həmin kütəlini elektron tərəzidə çəkmiş və çəkisinin 31,51 qram olduğunu müəyyən etmişdir. Sonra həmin kütlə müdafiəçinin iştirakı ilə kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən onun fərdi yaşayış evinin digər yerlərinə və həyətyanı sahəsinə baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Orada baxış keçirilməsi barədə təhqiatçı Ə.Sadıqov tərəfindən protokol tərtib olunmuş, həmin protokol uca səslə oxunmuş və hər kəs həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2023-cü il tarixdə polis şöbəsində üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirildikdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi və fərdi yaşayış evində axtarış və götürülmə aparılmasına dair video çəkilişin aparılmasına dair CD-lərə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffav sellofan bükümü və sol yan cibindən 4 manat pulu çıxardıb təqdim edərək təqdim etdiyi sellofanın içində olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2023-cü ilin yay aylarında öz şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi çətənə bitkilərindən toplayaraq bir bükümünü üzərində, digər bükümünü isə yaşadığı evdə saxladığını bildirməsi və Masallı rayonu, Sarıcəfərli kəndində yerləşən, Təqsirləndirilən şəxs məxsus yaşadığı evə təhqiqatçı və polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən mətbəx otağındakı qab-qacaq dolabın altında gizlətdiyi bir büküm şəffav sellofana bükülmüş qurudulmuş marixuananı onlara təqdim etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli 19/1017 saylı rəyindən görünür ki, təhqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaya bənzər maddə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -5,359 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində Vət. Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş marixuanaya bənzər maddə..” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -29,973 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər maddə...” və Vət. Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş marixuanaya bənzər maddə..” sözlər və imzalar olan iki ədəd zərfdəki, ümumilikdə 2 ədəd olmaqla, ümumi təmiz çəkisi- 35,332 qram olan marixuanalar botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 35.332 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram (hər ob.-0,05 qram), qalıq 35,232 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın 27 noyabr 2023-cü il tarixli, 1063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 35,232 qram narkotik vasitə olan qurudulmuş marixuana xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu görüntünü əks etdirən 02 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 11 ay 27 güm müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İHB-ın Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Sarıcəfərli kəndində qeydiyyatda olmaqla arvadı- 1988-ci il təvəllüdlü X4, qızı 2011-ci il təvəllüdlü X5 və 2014-cü il təvəllüdlü X6 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi, yaşayış evinə baxış və götürlümə aparılması barədə video çəkiliş aparılmasına dair CD-lər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CMnin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə saat 16:00-də şübhəli şəxs qismində tutulmuş və 27 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq rəydən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi maddi sübut-Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 25,232 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlanıldığı 25 noyabr 2023-cü il tarixindən 27 noyabr 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 35,232 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış və götürmə aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-13/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-13/2024
08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver