Məhkəmə qərarları › İş №1(050)-131/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-131/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-131/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 1970-ci ildə Masallı rayonu, Banbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, 2-ci dərəcə əlil, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cii il tarixdə, saat 17 radələrində Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli kağız bükümdə ümumi təmiz çəkisi -0,394 qram təşkil edən psixotrop maddə metamfelamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildən çoxdur psixotrop maddə metamfetamin qəbul edir. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitəni Masallı rayonu, Digah küəsində Ələkçilər məhəlləsində yaşayan musiqiçi Zaur adlı şəxdən almışdır. Əvvəllər 2-3 dəfə Zaur adlı şəxdən narkotik vasitə almışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zaur ona zəng edərək bildirdi ki, onda narkotik vasitə metofetamin var istəyirsə gəlib götürsün. O, Zaurla razılaşaraq onunla görüşüb Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Rahat” marketin yaxınlığında 10 manat müqabilində bir ədəd kağız bükümdə olan metamfetamini aldıqdan sonra onu əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş və həmin şəxsin yanından uzaqlaşıb “Köhnə bazar” istiqamətində yavaş-yavaş hərəkət etməyə başlamışdır. Bundan biraz sonra Masallı şəhəri H.Əliyev prospektində piyada hərəkət etməyə başlamış, həmin vaxt küçədə piyada hərəkət etdiyi zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşan zaman, o, qorxduğu üçün polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞnə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər özünü ona Masallı RPŞnin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etdmişdir. Baş təhqiqatçı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyii bildirmişdir. Müdafiəçi qismində Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarımın müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Ariz Səfərov üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. O, da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi siqaret kağızına bükülmüş olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2022-ci ci il tarixdə Masallı şəhəri H.Əliyev prospektində, “Rahat” marketin yaxınlığında əvvəllər tanımadığı bir nəfər şəxsdən 10 manata aldığını, şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Lakin o, narkotik vasitəni faktiki olaraq Masallı rayonu, Digah küəsində Ələkçilər məhəlləsində yaşayan musiqiçi Zaur adlı şəxdən almışdır. Hazırda əməlindən səmimi peşmandır, tutulduqdan sonra narkotik vasitə qəbul etmir, söz verir ki, bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞ-in CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə X5 qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospketi ərazisində piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. O, şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmamasını soruşduğu zaman Təqsirləndirilən şəxs ona heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış keçirmək üçün şərait olmadığından onu RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi təqdim olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Baş təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Ariz Səfərov şəxsi-axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret kağızına bükülmüş olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə Masallı şəhəri H.Əliyev prospektində, “Rahat” marketin yaxınlığında əvvəllər tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,54 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqda, RPŞ-yə gətirildikdə və üzərində axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya zor, o cümlədən psixiki təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19/357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ” vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə..." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,394 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.Metamfetaminin təmiz çəkisi -0,394 qr, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,344 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi)” aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, qalıq 0,344 qram metamfetamin və şəxsi axtarış barədə 1 ədəd CD diski maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli kağız büküm təqdim etməsi və metamfetamin olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə azad edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-131/2023 saylı qərarından və görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2023 cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə tutularaq Masallı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-131/2023 saylı qərarından görünür ki, 11 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətmkan tədbiri ləğv edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məcidov X8 rayonu, Banbaşı kəndində arvadı X3, xx.xx.2012-cı il tarixdə doğulmuş övladı X7 və xx.xx.2014-cu il tarixdə doğulmuş övladı X4 ibarət ailə tərkibində yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” xx.xx.2023-ci il tarixli, 1002 nömrəli rəyinə əsasən görünür ki, Təqsirləndirilən şəxs şizofreniya paranoid forma psixi xəstəliyi müəyyən edilir.Təqsirləndirilən şəxs da müəyyən psixi xəstəlik hazırda remissiya(yaxşılaşma) vəziyyətindədir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. -Təqsirləndirilən şəxs hal-hazıda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. -Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, 2-ci dərəcə əlil olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-131/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinə görə hesablanmış 27 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 330 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi)” aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Lakin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlil olması səbəbindən məcburi müalicəsinə qarşı əks göstərişi vardır, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq edilmədiyi qeyd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,344 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27 mart 2023-ci il tarixdən 29 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 gün və 16 iyun 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətlərə görə 27 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 01 ay 24 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 10 (on) ay, 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı 0,344 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar