Məhkəmə qərarları › İş №1(050)-131/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-131/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-131/2025 23.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı rayonu, Banbaşı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video çəkiliş vasitəsilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Masallı rayonu, Banbaşı kəndində yerləşən fərdi yaşayış evinin həyətində sərxoş vəziyyətdə olduğu zaman arvadı X2 ona spirtli içki içməsini irad tutması səbəbindən aralarında ailəməişət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs boynundan tutub yerə yıxmaqla sürüyərək qəsdən yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, daha sonra fərdi yaşayış evinin dəhlizində Zərərçəkmiş şəxs bel nahiyəsindən yumruqla qəsdən vurub pəncərənin şüşəsinin üzərinə yıxaraq sonuncuya sağ əlin İİ, İİİ, İV və V barmaqlarının kəsilmiş yarası, sağ diz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və başın təpə nahiyyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, spirtli içi aludəçisidir, buna görə də arvadı Nailə ilə aralarında tez-tez mübahisə yaranır. Nailə və qohumları onu hədələyib təhdid edirlər. 30 may 2025-ci il tarixdə spirtli içki qəbul etmiş, lakin özündə olmuş, yol kənarında əyləşmişdir. Arvadı Nailə maşından düşərək onun içkili olduğunu bilmiş və ona tərs-tərs baxmış, heçnə demədən evə getmişdir. O, da evə gələrək Nailədən niyə ondan haləhvalını soruşmadığını bildirmişdir. Nailə niyə içki içdiyini bildirərək onunla mübahisə etməyə başlamışdır. Qardaşları ilə onu hədələmiş və bacısına qarşı nalayiq ifadələr işlətmişdir. O, da əsəbləşərək Nailəni vurmuşdur. Ona elan edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilir. Zərərçəkmiş şəxslə barışıq əldə etmək istəyir. Əməlindən səmimi peşman olmuşdur. Nailə ilə sonuncu dəfə dalaşdıqdan sonra ona məxsus evdə qalmır. Hazırda qalmağa evi və yeri yoxdur. Harda gəldi qalır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işdən gəlmiş, əri Təqsirləndirilən şəxs yolda əyləşdiyini görmüşdür. O, Əliyə yolda əyləşməməyi, evə getməsini tövsiyə etmişdir. Əli onula mübahisə etməyə başlamışdır. O, Əliyə heç bir söz demədən evə getmişdir. Əli evə onun arxasınca gəlmiş, evdə onu vurmuşdur. Sonradan səs-küyə evə qohum-qonşular gəlmişdir. Əli hadisə günü bədəninin müxtəlif nahiyələrinə zərbə vurmuş, zərbələr nəticəsində ayaq və baş nahiyəsində xəsarətlər əmələr gəlmişdir. Bundan başqa mübahisə zamanı Əlinin onu itələməsi nəticəsində şüşəyə dəyərək xəsarət almışdır. Təqsirləndirilən şəxs ilə barışmır, onun tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs oğluna onun qonşuluğunda yaşayırlar. xx.xx.2025-ci il tarixdə Əli və Nailənin həyatyanı sahəsində səs-küy qalxdığını görmüşdür, O, dərhal həmin yerə getmişdir. Nailənin Əli tərəfindən vurulmasını görmüş, Əli tərəfindən Nailəni vurulan zaman Nailənin əli pencərəyə dəyərək əli qanamışdır. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası Təqsirləndirilən şəxs isə xalasının yəni Nailənin əridir. xx.xx.2025-ci il tarixdə işdən evə gələn zaman Əli və Nailənin həyətyanı sahəsində səs-küy qalxdığını eşitmişdir. Evdəkilər hamısı ora getmişdir. O, da dərhal onların həyətinə getmişdir. Orada olan zaman Nailənin yerdə uzanmasını görmüşdür. Bundan sonra o polisə zəng edib xalası Nailənin döyülməsi ilə bağlı bildirmişdir. O, xalasının əri Əli tərəfindən döyüldüyünü eşitmiş, lakin görməmişdir. Hadisə vaxtı Əlinin içkili vəziyyətdə olduğunu görmüş və xalası Nailəni vurduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə yeri Masallı Rayonu, Banbaşı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 31 may 2025-ci il tarixli 451 nömrəli rəyindən görünür ki, X1 əlin İİ, İİİ, İV və V barmaqlarının kəsilmiş yarası, sağ diz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi və başın təpə nahiyyəsinin qançırı kimi müəyyən olundu, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1980-ci ildə Başı şəhəri, ünvan 3 ünvanında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Hacıyev X8 rayonu, Banbaşı kəndində arvadı X6 ilə birlikdə yaşayır, barəsində ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi formada məlumat daxil olmamışdır. Masallı Rayon Mərkəzi X5 Şəxs tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 18-1- 60/2-1083/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Masallı Rayon Mərkəzi X5 Şəxsin narkoloji və ruhi əsəb dispanseri qeydiyyatında durmurlar. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli, 451 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olan Hacıyev X7 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi, şahidin təhqiqat zamanı verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlğın məhdudlaşdırılması növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə həmin cəzalardan birinin təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olsa da, cərimə ödəmək üçün kifayət qədər vəsaiti və əmlakı yoxdur. İctimai işlər cəzasını isə fərdi əməklə məşğul olması ilə əlaqədar icra etməsi onun üçün çətinliklər yaradacaqdır. Rəsmi iş yeri olmadığı üçün İslah işləri cəzası təyin edilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmir. Hazırda yaşayış yeri olmadığı üçün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunan zaman cəzanın icrası çətinliklər yaradacaqdır. Beləliklə məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, zərərçəkmiş şəxs ilə barışmaması, ibtidiai istintaq və məhkəmə istintaqında olan dövrdə özünün davranışları, eləcə də işin faktiki halları ona əsas verir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə təyin olunmuş cəzanın onun ailə şəraitinə təsirini nəzərə alınaraq, aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını məqsədəuyğu hesab edir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbi baxımından qətimkan tədbirinin seçilməsi məsələsinə baxaraq bu nəticəyə gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 9 saat vaxt sərf etmişdir. Ona görə də, 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 23 iyul 2025-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi xidmətə görə 99 (doxsan doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldıqdan sonra 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar