Məhkəmə qərarları › İş №1(050)-137/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-137/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-137/2025 16.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1973-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Qurtuluş küçəsi ev 117-də yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:13-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələri qanunsuz əldə edib qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olduğundan Masallı şəhəri M.Ə.Sabir küçəsində saxlanılaraq həmin yerdə üzərinə yoxlama keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,447 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Səməd Vurğun küçəsində polis əməkdaşları tərəfindən tutulmuşdur. Narkotik vasitələri mütəmadi istifadə edən deyildir, ara-sıra istifadə edir, narkomaniya xəstəsi deyildir. Bir səhvdir oldu. Özüdə Qarabağ zonasında Ağdam rayonunda işləyir, gəldiyi iki gün olardı. Üzərindən aşkar edilmiş narkotik vasitəni həmin günü tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Birdə belə bir səhvə yol verməyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması və gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 17;13 radələrində qrup üzvləri ilə birlikdə Masallı şəhəri M.Ə.Sabir küçəsində Təqsirləndirilən şəxs videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik maddə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Sonra həmin metamfetaminə bənzər kütlə sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,56 (sıfır tam yüzdə əlli altı) qram olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütləni orada içi boş olan kağız zərfə qoyaraq qablaşdırmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından Təqsirləndirilən şəxs, aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 ədəd mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Məhkəmə istintaqında iştirak etməsədə ibtidai istintaqda şahid qismində dindirilmiş Masallı Rayon Polis X9 Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Şahid2 məhkəmə istintaqında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Masallı Rayon Polis X9 Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X7 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə, saat 17:13-də Masallı şəhəri M.Ə.Sabir küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxardıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetaminə oxşar kütləni xx.xx.2025-ci il tarixdə Masallı şəhərində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,56 qram olduğunu müəyyən etmişdir. Sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə orada içi boş olan kağız zərfə qoyaraq qablaşdırıldı. Bundan başqa Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Energizer” markalı mobil telefon aşkar olundu və həmin “Energizer” markalı mobil telefon da orada içi boş olan kağız zərfə qoyaraq qablaşdırıldı. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərəzidə çəkilərkən 0,57 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin materialların məhkəmə ekspertizası, Məhkəmə kimyəvi eskpertizasının 03 iyun 2025-ci il tarixli, 19/226 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində ”Vət. Təqsirləndirilən şəxs məxsus metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi- 0,447 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,397 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair 04 iyun 2025-ci il tarixli, 310 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs METAMFETAMİNİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-in təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Qurtuluş küçəsi, ev 117-də qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəbdən də, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəza siyasətinin məqsədlərini təmin edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Masallı Rayon Məhkəməsinin 4(050)-36/2025 saylı, 04 iyun 2025-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 02 iyun 2025-cü il tarixdən 16 sentyabr 2025-ci il tarixədək olan müddət cəza müddətinə daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,397 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 iyun 2025-ci il tarixdən 16 sentyabr 2025-ci il tarixədək olan 03 (üç) ay 14 (on dörd) gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətiman tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,397 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar