Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-138/2024 09.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyən Nümayəndə1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ADY QSC-nin Cənub Bölməsinin, Masallı stansiyasının yük xəzinadarı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblərin” 2-ci və 4-cü maddələrində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması, ovuna icazə verilən şamayı balığının minimum ölçüsünün 19 sm olması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Masallı rayonunun Köçəkli kəndindən keçən su kanalı ərazisində yerləşən hissəsinə gələrək, özünə məxsus dairəvi olmaqla diametri 57 sm. olan, dəstəyi qamışdan olmaqla uzunluğu 1 metr 86 sm. olan, tor hissəsi ağ rəngli olmaqla torun sapının diametrləri təxminən 0,55 mm, ilgəklərinin daxili ölçüsü 10x10 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça adlanan balıqovlama alətindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə saat 16 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 33 (otuz üç) manat təşkil edən 17 ədəd 13 sm. ölçüdə, 10 ədəd 14 sm. ölçüdə, 5 ədəd 15 sm. ölçüdə, ümumilikdə 32 ədəd şamayı balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1056 (bir min əlli altı) manat ziyan vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə saat 11 radələrində balıq tutmaq üçün Masallı rayonun Köçəkli kəndinin ərazisindən keçən su kanalına gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yuxarıda qeyd etdiyi ərazidə həmin üsulla balıq ovu etdiyi zaman bir neçə nəfər yaxınlaşaraq özlərini X12 İdarəsinin X18 Şöbəsinin əməkdaşları kimi təqdim etməklə bu ərazidə balıq ovlamağa dair rəsmi sənədinin olub-olmaması barədə maraqlandıqda, o hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə X18 Şöbəsinə getməli olduğunu bildirdikdə etiraz etməmiş, polis əməkdaşları ovladığı balıqları və ovda istifadə etdiyi 1 ədəd domça ilə birlikdə onu X18 Şöbəsinə gətirmişlər. Yoxlama zamanı polis əməkdaşları ona məxsus dairəvi olmaqla 1 ədəd domçasını, Masallı rayonunun Köçəkli kəndinin ərazisindən keçən su kanalında tutduğu 32 ədəd balıqları aşkar etmişlər. X18 Şöbəsində videokamera vasitəsi ilə baxış zamanı müəyyən olundu ki, tutduğu balıqlar 32 ədəd şamayı balıqlarıdır. Polis əməkdaşları ona məxsus olan 1 ədəd domçanı və Masallı rayonu Köçəkli kəndinin ərazisindən keçən su kanalında icazəsiz tutduğu 32 ədəd şamayı balıqlarını maddi sübut kimi götürməklə baxışın nəticəsi olaraq protokol tərtib edilib imza etmişlər. Balıq tutmaqda heç kim köməklik etməmiş, balıqları özü tək olaraq balıq ovlamağa dair bileti olmadan tutmuşdur. Hazırda qanunsuz olaraq balıq tutduğu üçün əməlindən peşmandır, mülki iddianı qəbul edir, aylıq əmək haqqından tutulmasını təklif etdi və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində X12 İdarəsinin X18 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı Təqsirləndirilən şəxs Masallı rayonun Köçəkli kəndindən keçən su kanalı ərazisində 1 ədəd domça adlanan ov vasitəsi ilə qanunsuz 32 ədəd şamayı balıqlarını tutmuş, Masallı rayonu Köçəkli kəndindən keçən su kanalı ərazisində X12 İdarəsinin Lənkəran Xətt-Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı balığı 3,30 manat olmaqla, 10 əmsalına vurulması yolu ilə hesablanmaqla 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, 32 ədəd şamayı balıqları üçün (32x33 manat=1056 manat) ümumilikdə dəymiş ziyan 1056 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş edilmədiyi üçün mülki iddianın tam təmin edilməsini, lakin təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 İdarəsinin X18 Şöbəsinin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 07 aprel 2024-cü il tarixdə saat 16 radələrində X12 İdarəsinin X18 Şöbəsinin əməkdaşları ilə birlikdə Masallı rayonunun Köçəkli kəndindən keçən su kanalı ərazisində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Masallı rayonunun Həsənli kənd sakini Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs dairəvi olmaqla diametri 57 sm olan, dəstəyi qamışdan olmaqla uzunluğu 1 metr 86 sm olan, ilgəklərinin daxili ölçüsü 18x18 mm olan 1 ədəd domça adlanan ov vasitəsi, həmin domça ilə ovladığı 32 ədəd şamayı balıqları aşkar edilib götürülərək, sənədləşdirilməsi üçün Su NPİ-nin Lənkəran XPŞ-nə gətirmişlər. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs maddi vəziyyəti ağır olduğu üçün məcburiyyət qarşısında qalıb qida əldə etmək məqsədi ilə Masallı rayonunun Köçəkli kəndindən keçən su kanalı ərazisində dairəvi olmaqla diametri 57 sm olan, dəstəyi qamışdan olmaqla uzunluğu 1 metr 86 sm olan, ilgəklərinin daxili ölçüsü 18x18 mm olan 1 ədəd domça adlanan ov vasitəsi ilə 32 ədəd şamayı balıqlarını rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs Masallı rayonunun Köçəkli kəndindən keçən su kanalı ərazisində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutduğunu bildirmişdir. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsinə baxış keçirilib müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və Təqsirləndirilən şəxs balıq tutarkən tək olmaqla ondan başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 İdarəsinin X18 Şöbəsinin polis nəfəri Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş X12 İdarəsinin X18 Şöbəsinin polis nəfəri Şahid3 şahid qismində verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş X12 İdarəsinin X18 Şöbəsinin polis nəfəri Şahid4 şahid qismində verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə analoji məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd domça adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 32 ədəd şamayı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd şamayı balığı 3,30 manat) 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat təşkil etdiyindən, 32 ədəd şamayı balıqları (32x33 manat=1056 manat) ümumilikdə dəymiş ziyan 1056 manat təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2178 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi... Lənkəran Zərflər üçün” dairəvi möhrü əksi “...241170003 nömrəli cinayət işi üzrə...Təqsirləndirilən şəxs götürülmüş.. imza” yazı əlavəsi olan bağlamada olan halqa və tutacaq əlavəli, tor hissəsi ağ olan balıq ovlama vasitəsinin torunun sapının diametrləri təxminən 0,55 mm, ilgəklərinin daxili ölçüsü 10x10 mm., 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-371/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, dairəvi olmaqla diametri 57 sm olan, dəstəyi qamışdan olmaqla uzunluğu 1 metr 86 sm olan, tor hissəsi ağ rəngli olmaqla torun sapının diametrləri təxminən 0,55 mm, ilgəklərinin daxili ölçüsü 10x10 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça balıqovlama aləti və həmin balıqovlama aləti vasitəsi ilə tutulmuş 17 ədəd 13 sm ölçüdə, 10 ədəd 14 sm ölçüdə, 5 ədəd 15 sm ölçüdə, ümumilikdə 32 ədəd şamayı balıqları, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk 05 iyun 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-yə təhvil verilmiş, digər maddi sübut olan balıqovlama vasitəsi isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağına təhvil verilmişdir. Baxış keçirilməsı haqqında protokola əlavə edilmiş 01 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs 1 ədəd domça adlanan ov vasitəsi, 32 ədəd şamayı balıqlarına bənzər balıqlar aşkar olunması, Təqsirləndirilən şəxs həmin 32 ədəd şamayı balıqlarının 1 ədəd domça adlanan ov vasitəsi ilə Masallı Rayon Köçəkli kəndindən keçən su kanalı ərazisində tutduğunu və balıq ovlamaq üçün rəsmi icazəsi olmamasını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1362 saylı arayışdan görünür ki, Hüseynov X8 Şəhər Psixiatriya xəstəxanasında qeydiyyatda deyil. Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Həsənli kəndində yaşayır. Faktiki nikahda olduğu arvadı X3, qızları X10, X6, X7 və X2 ibarət ailə tərkibi vardır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş DVD disk, mütəxəsis və ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət iş materiallarında olan baxış keçirilməsl haqqında protokol, ona əlavə edilmiş DVD diski, mütəxəssis rəyi, ekspertiza rəyləri və digər sübutlar əldə edilən zaman cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən və mülki cavabdeh şəxsin, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və sənədləri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 33 manat müəyyən edilmişdir. CM-nin 256.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq tutduğu balıqların ümumlikdə qiyməti 1056 manat təşkil etmişdir ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan əlavə həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 1056 (bir min əlli altı) manat tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və X18 Şöbəsində saxlanılan uzunluğu 1 metr 86 sm olan, tor hissəsi ağ rəngli olmaqla torun sapının diametrləri təxminən 0,55 mm, ilgəklərinin daxili ölçüsü 10x10 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça balıqovlama aləti xüsusi müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınmalı və CPM-nin 132.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 32 (otuz iki) ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1056 (bir min əlli altı) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və X18 Şöbəsində saxlanılan uzunluğu 1 metr 86 sm olan, tor hissəsi ağ rəngli olmaqla torun sapının diametrləri təxminən 0,55 mm, ilgəklərinin daxili ölçüsü 10x10 mm, 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça balıq ovlama aləti xüsusi müsadirə edilərək, dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınsın və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin, müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 32 (otuz iki) ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci: 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün İcrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №1(050)-138/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-138/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver