Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-139/2024 19.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Məmmədxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Məmmədxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblərin 2-ci və 4-cü maddələrində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mmdən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 mdən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması, ovuna icazə verilən şamayı balığının minimum ölçüsünün 19 sm olması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Masallı rayonunun Köçəkli kəndindən keçən su kanalı ərazisində yerləşən hissəsinə gələrək özünə məxsus halqa və tutacaq əlavəli, halqa hissəsi dairəvi olmaqla diametri 68 sm olan, tor hissəsi ağ və yaşıl rəngli balıq ovlama vasitəsinin torunun sapının diametrləri təxminən 0,60 mm (yaşıl rəngli), 0,45 mm (ağ rəngli), ilgəklərinin daxili ölçüsü 10x10 mm (yaşıl rəngli), 15x15 mm (ağ rəngli) 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça adlanan balıqovlama alətindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə saat 16 radələrinədək olan müddət ərzində qeyd edilən ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 33 (otuz üç) manat təşkil edən 11 ədəd 12 sm ölçüdə, 10 ədəd 13 sm ölçüdə, 12 ədəd 15 sm ölçüdə, ümumilikdə 33 ədəd şamayı balıqlarını qanunsuz tutaraq xeyli miqdarda, yəni 1089 (bir min səksən doqquz) manat ziyan vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğlu vəfat etdikdən sonra darıxmamaq üçün iki gündən bir qırmaqlarını götürərək kəndin başında olan kanala balıq tutmaq üçün gedir, çox vaxt gününü balıq tutmaqla keçirir. xx.xx.2024-cü il tarixdə istifadəsində olan qırmaqları götürüb idarə etdiyi maşınla Masallı rayonun, Köçəkli kəndinin ərazisindən keçən su kanalına getmişdir. Ondan qabaq da həmin ərazidə Səfa adlı şəxs olmuşdur. Təxminən bir saata yaxın həmin ərazidə qalıb 10 ədəd vovla (külmə) balığı ovladıqdan sonra kiçik tora yığıb ölməmək üçün ağzını bağlayaraq suyun içinə qoymuş, özü isə balıq tutmağa davam etmişdir. Səhər saat 10 radələrində yağış yağmağa başlamış, həmin vaxt ağ rəngli Niva markalı mülki nəqliyyat vasitəsi yanlarında saxlamış, mülki geyimli şəxslər onları görmüş, nə etdiklərini soruşduqda, balıq ovu ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra xidməti avtomaşına 4 nəfər polis əməkdaşı da yaxınlaşmış, həmin polis əməkdaşları anidən Səfa adlı şəxsi maşına zorla mindirmişlər. Həmin polis əməkdaşlarından iki nəfəri də ona yaxınlaşmış, qolundan zorla tutaraq maşına oturtmaq istəmişlər, onlar polis əməkdaşlarına nə baş verdiyini soruşduqda, Lənkəran rayonunda yerləşən X3 İdarəsinin, X6 Şöbəsinə getməli olduqlarını bildirmişlər. Polis əməkdaşları qırmaqları və tutduğu 10 ədəd vovla (külmə) balığına da sudan çıxarmaqla idarə etdiyi maşının arxa yük yerinə qoymuş, polis əməkdaşları ona birlikdə Lənkəran rayonunda yerləşən xətt polisinin inzibati binasına getməli olduğunu bildirdikdə etiraz etməmiş, birlikdə idarə etdiyi maşınla Lənkəran rayonunda yerləşən X3 İdarəsinin, X6 Şöbəsinə getmişlər. Həmin vaxt iki nəfər polis əməkdaşı da onun idarə etdiyi maşında əyəşmişdilər. Təxminən saat 11 radələrində X3 İdarəsinin, Lənkəran X4 həyətinə daxil olmuş, idarə etdiyi maşın inzibati binanın həyətinə salınmış, özlərinə də otaqda oturub gözləmələrini bildirmişlər. Polis əməkdaşlarından onlar nə səbəbə şöbəyə gətirdiklərini soruşmuş, növbətçi polis əməkdaşları sənədləşmə aparıldıqdan sonra sərbəst buraxılacaqlarını bildirmişlər. İnzibati binanın həyətində çoxlu sayda şəxsin olduğunu da görmüşdür. Birinci dəfə tutduğu balıqlara baxış keçirilmiş, lakin balığın sayı cinayət məsuliyyəti yaratmadığından, ona yenidən gözləməsini bildirmişlər. Həmin Lənkəran rayonundan olan balıqçılarla işlərini bitirdikdən sonra onlardan əldə olunan ləvazimatlar saxlanıldıqdan sonra həmin şəxsləri sərbəst buraxmışlar. Saat 17 radələrinədək X4 inzibati binasında gözləmişdir. Saat 18 radələrində yenidən növbətçi polis və onu saxlayaraq X7 gətirən digər polis əməkdaşları ilə birlikdə ona çəkiliş aparılacağını bildirmiş, qarşısına bir ədəd balıq tutmaq üçün domça və 33 ədəd şamayı adlandırlan balıqları qarşısına qoyub videoçəkiliş aparmışlar. Əvvəlcədən ona həmin balıqlara görə cərimə yazılacağını, onu sərbəst buraxdıqdan sonra gedib hissə-hissə ödəyəcəyini bildirmişlər. Balıqların ona məxsus olduğunu qəbul etmədiyi təqdirdə onu daha ağır cinayətlə ittiham edəcəklərini dediklərindən, məcburiyyət qarşısında qalaraq çəkiliş zamanı 33 ədəd şamayı balıqlarını tutduğunu, və bir ədəd domçanın da özünə aid olduğunu bildirmişdir. Əsl həqiqətdə isə 33 ədəd şamayı balığı və domça ona məxsus deyildir. Hətta sərbəst buraxıldıqdan sonra tutduğa 10 ədəd vovla adlandırılan balıqlar, qırmaqla və balıq saxlamaq üçün xırda tor özünə qaytarılmış, hətta maşının benzin pulu da ona verilmiş, o da həmin əşyaları evinə aparmışdır. X5 saxlanıldığı müddətdə həmkəndlisi və tanışları hətta onlar üçün su və yemək gətirmişlər. Onlar da, maşında qırmaq olduğunu görmüşlər. Videoçəkilişdə və fotoşəkillərdə göstərilən domça və balıqlar ona məxsus deyildir. Hətta 33 ədəd şamayı balığını digər balıqlardan fərqləndirməkdə çətinlik çəkir. Təqdim edilən 33 ədəd şamayı balıqları artıq ölü vəziyətdə idi, ondan qabaq saxlanılan başqa şəxslərdən müsadirə etmişdilər. Çünki axşam tərəfi olduğundan artıq Lənkəran bazarında da şamayı balıqları olmadığından əvvəlcədən tanımadığı şəxslərdən müsadirə edilmiş şamayı balıqlarının sayı 33 ədədə çatdırılmışdır ki, cinayət tərkibi yaratsın. X6 Şöbəsinə aparılarkən və orada saxlanıldığı müddət ərzində “nokia” markalı sadə mobil telefonu da üzərində olmuşdur. Sonda Təqsirləndirilən şəxs göstərilənləri nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 1 uşağı vəfat etmiş və 3 uşağı ailə həyatı qurmuşdur. Heç bir yerdə işləmir. Masallı rayonun Köçəkli kəndinin ərazisindən keçən su kanalında ailəsini dolandırmaq məqsədilə 1 ədəd domça adlanan ov vasitəsi ilə balıq ovu ilə məşğul olmuşdur. Domçanı özü hazırlamış və ağac dəstəyə dəmir ağızlıq bağlamaqla torla əhatəyə alıb, balıq tutmaqla məşğul olmuşdur. Həmçinin balıq tutmaq həvəskarıdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində balıq tutmaq üçün Masallı rayonun Köçəkli kəndindən keçən su kanalına balıq tutmaq üçün gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Masallı rayonun Köçəkli kəndindən keçən su kanalında həmin üsulla balıq ovu etdiyi zaman bir neçə nəfər yaxınlaşaraq özlərini X3 İdarəsinin, Lənkəran X4 əməkdaşları kimi təqdim etmiş, ərazidə balıq ovlamaqa dair rəsmi sənədinin olubolmamağı barədə maraqlanmışlar. Hər hansı bir sənədinin olmadığını bildirmiş, polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmiş, polis əməkdaşları ovladığı balıqları və ovda istifadə etdiyi domçası ilə birlikdə X6 Şöbəsinə gətirmişlər. Yoxlama zamanı polis əməkdaşları ona məxsus dairəvi olmaqla diametri 68 sm olan, dəstəyi ağacdan olmaqla uzunluğu 1 metr 56 sm olan, torun ilgəklərinin daxili ölçüsü 18x18 mm olan 1 ədəd domça adlanan ov vasitəsini, Masallı rayonun Köçəkli kəndinin ərazisindən keçən su kanalında tutduğu balıqları aşkar еtmişlər. Lənkəran X5 videokamera vasitəsi ilə baxış zamanı tutduğu balıqların 33 ədəd şamayı balıqları olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları 1 ədəd domça adlanan ov vasitəsini və Masallı rayonun Köçəkli kəndindən keçən su kanalında icazəsiz tutduğu 33 ədəd şamayı balıqlarını maddi sübut kimi götürmüş, baxışın nəticəsi olaraq protokol tərtib edilib imza etmişlər. Balıq tutmaqda heç kim köməklik etməmiş, balıqları tək tutmuş, balıq ovlamaqa dair bileti olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi qismində dindirilmiş Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssis vəzifəsində işləyən Nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində X3 İdarəsinin Lənkəran X4 əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonun Məmmədxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Rzayev X2 rayonun Köçəkli kəndindən keçən su kanalı ərazisində dairəvi olmaqla diametri 68 sm olan, dəstəyi ağacdan olmaqla uzunluğu 1 metr 56 sm olan, torun ilgəklərinin daxili ölçüsü 18x18 mm olan 1 ədəd domça adlanan ov vasitəsi ilə qanunsuz 33 ədəd şamayı balıqlarını tutmuş, Masallı rayonun Köçəkli kəndindən keçən su kanalı ərazisində X3 İdarəsinin Lənkəran X4 əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd şamayı balığı 3,30 manat olmaqla, 10 əmsalına vurulması yolu ilə hesablanır və 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, 33 ədəd şamayı balığı (33x33 manat=1089 manat) ümumilikdə dəymiş ziyan 1089 manat təşkil etmişdir. Hazırda mülki iddianı tələb etməklə 1089 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası ETSN-nin hesabına ödənilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 İdarəsinin Lənkəran X4 polis nəfəri, polis serjantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 07 aprel 2024-cü il tarixdə saat 16 radələrində X3 İdarəsinin Lənkəran X4 əməkdaşları ilə birlikdə Masallı rayonun Köçəkli kəndindən keçən su kanalı ərazisində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş, Masallı rayonun Məmmədxanlı kənd sakini Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd domça adlanan ov vasitəsi, həmin ov vasitəsi ilə ovladığı 33 ədəd şamayı balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X3 İdarəsinin X6 Şöbəsinə gətirmişlər. Lənkəran XPŞ-də sorğu zamanı Təqsirləndirilən şəxs qida əldə etmək məqsədi ilə Masallı rayonun Köçəkli kəndindən keçən su kanalı ərazisində dairəvi olmaqla diametri 68 sm olan, dəstəyi ağacdan olmaqla uzunluğu 1 metr 56 sm olan, torun ilgəklərinin daxili ölçüsü 18x18 mm olan 1 ədəd domça adlanan ov vasitəsi ilə 33 ədəd şamayı balıqlarını rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Rzayev X2 rayonun Köçəkli kəndindən keçən su kanalı ərazisində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan balıqları qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs balıq tutarkən tək olmaqla ondan başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 İdarəsinin Lənkəran X4 polis nəfəri, polis serjantı Şahid3 və məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər X3 İdarəsinin Lənkəran X4 polis nəfərləri, polis erjantı Şahid1 və Şahid2 ifadələrindən görünür ki, onlar Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş balıqlara və balıqovlama vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və protokola əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd domça adlanan ov vasitəsi, 33 ədəd şamayı balıqlarına bənzər balıqlar aşkar olunması, Təqsirləndirilən şəxs həmin 33 ədəd şamayı balıqlarının 1 ədəd domça adlanan ov vasitəsi ilə Masallı Rayon Köçəkli kəndindən keçən su kanalı ərazisində tutduğunu və balıq ovlamaq üçün rəsmi icazəsi olmamasını bildirməsi müəyyən olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd domça adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 33 ədəd şamayı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq şərti maliyyə vahidinin (1 ədəd şamayı balığı 3,30 manat) 10 əmsalına vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd şamayı balıqına görə ziyanın məbləği 33,00 manat təşkil etdiyindən, 33 ədəd şamayı balığları (33x33 manat=1089 manat) ümumilikdə dəymiş ziyan 1089 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2177 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi.... Lənkəran Zərflər üçün” dairəvi möhür əksi “.....241170004 nömrəli cinayət işi üzrə .... Təqsirləndirilən şəxs götürülmüş ..... imza” yazı əlavəsi olan bağlamada olan halqa və tutacaq əlavəli, tor hissəsi ağ və yaşıl rəngli olan balıq ovlama vasitəsi torunun sapının diametrləri təxminən 0,60 mm(yaşıl rəngli), 0,45 mm(ağ rəngli), ilgəklərinin daxili ölçüsü 10x10 mm(yaşıl rəngli), 15x15 mm(ağ rəngli) 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-367/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Masallı rayonun Məmmədxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kim tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, halqa və tutacaq əlavəli, halqa hissəsi dairəvi olmaqla diametri 68 sm olan, tor hissəsi ağ və yaşıl rəngli balıq ovlama vasitəsinin torunun sapının diametrləri təxminən 0,60 mm(yaşıl rəngli), 0,45 mm(ağ rəngli), ilgəklərinin daxili ölçüsü 10x10 mm(yaşıl rəngli), 15x15 mm(ağ rəngli) 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça adlanan balıqovlama aləti və həmin balıqovlama aləti vasitəsi ilə tutulmuş 11 ədəd 12 sm ölçüdə, 10 ədəd 13 sm ölçüdə, 12 ədəd 15 sm ölçüdə, ümumilikdə 33 ədəd şamayı balıqları, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsini əks etdirən videogörüntünün yerləşdirildiyi 1 ədəd DVD disk 06 iyun 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-yə təhvil verilmiş, digər maddi sübut olan balıqovlama vasitəsi isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağına təhvil verilmişdir. 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1363 saylı arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü, Masallı rayonun Məmmədxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Rzayev X1 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X2 rayonu, Məmmədxanlı kəndində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək özünü təqsirli bilməyərək xx.xx.2024-cü il tarixdə saat 16 radlərində deyil, həmin gün saat 11 radələrində saxlanılaraq Lənkəran X4 əməkdaşları tərəfindən Lənkəran şəhərinə aparıldığını, saat 18 radələrinədək orada saxlanıldığını həmin gün özünə məxsus sadə funksiyalı mobil telefonun üzərində olduğunu göstərərək, saxlanılması vaxtını mübahisələndirdiyindən onun dəqiq tutulma vaxtının müəyyən edilməsi üçün istifadəsində olan "xxxx" mobil operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsinin 07 aprel 2024-cü il tarixdə saat 10:00-dan saat 22:00-dək hansı anten dairələrində olmasının dəqiqləşdirilməsi üçün qərar qəbul edilərək icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmiş, sorğu əsasında "xxxx" MMC-dən məhkəməyə daxil olmuş anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə gələn nömrələrlə danışıq zamanı onun nömrəsinin anten dairəsi Masallı rayonu, Həsənli kəndində olmuşdur. O, ifadəsində həmin gün Səfa adlı şəxslə eyni vaxtda tutulduğunu bildirmiş, tutulduqdan sonra həmin gün Səfa ilə telefon vasitəsi ilə danışmadığını bildirmişdir. Anten məlumatlarına nəzər saldıqda müəyyən edilir ki, şəxs saat 12:33-də təqsirləndirilən şəxsə 051 755-08-68 nömrədən zəng gəlmiş, həmin nömrənin Səfaya aid olduğunu təqsirləndirilən şəxs özü bildirmişdir. Qeyd edilən saatda Təqsirləndirilən şəxs Səfa ilə danışması, Təqsirləndirilən şəxs də ifadəsində tutulduqdan sonra həmin gün Səfa ilə telefonla danışmadığını deməsi onu göstərir ki, onlar həmin vaxtadək polis əməkdaşları tərəfindən saxlanılmamışdılar. Belə olan halda təqsirləndirilən şəxsin saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı bildirdiklərinin yalan olduğu ortaya çıxır. Məhkəmə təqsirləndirilən şəxsin şamayı balığı ovlamaması, ümumiyyətlə domça deyilən balıqovlama vasitəsinin olmaması, yalnıq iki ədəd qırmaqla 10 ədəd vovla (külmə) balığını ovlamasını, balıqlara görə cərimə yazılacağını, onu sərbəst buraxdıqdan sonra gedib hissə-hissə ödəyəcəyini bildirmələri, balıqların ona məxsus olduğunu qəbul etmədiyi təqdirdə onu daha ağır cinayətlə ittiham edəcəklərini və polis şöbəsinə aparacaqlarını bildirməsi, məcburiyyət qarşısında qalaraq çəkiliş zamanı 33 ədəd şamayı balıqlarını tutduğunu və bir ədəd domçanın da özünə aid olduğunu bildirməsi, əsl həqiqətdə nə 33 ədəd şamayı balığı, nə də domçanın ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı başlanandək kifayət qədər vaxtı olmasına baxmayaraq, bu barədə aidiyyəti orqanlara məlumat verməmişdir. Halbuki, təqsirləndirilən şəxsin müraciət etməsinə mane olan hal mövcud olmamışdır. Çünki şəxsin barəsində ibtidai istintaq dövründə azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmiş, şəxs uzun müddət ərzində sərbəst olduğu halda, ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı aidiyyəti orqanlara müraciət etməməsi onu göstərir ki, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Əks təqdirdə şəxs ona qarşı qanunsuz ittiham elan edilməsi ilə bağlı etirazını bildirərdi. Əksinə təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmuş, heç bir narazılığının olmadığını ibtidai istintaq zamanı bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, baxış keçirilməsı haqqında protokol, ona əlavə edilmiş CD disk, mütəxəsis və ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət iş materiallarında olan baxış keçirilməsl haqqında protokol, ona əlavə edilmiş DVD diski, mütəxəssis rəyi, ekspertiza rəyləri və digər sübutlar əldə edilən zaman cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən və mülki cavabdeh şəxsin, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və sənədləri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 33 manat müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq tutduğu balıqların ümumlikdə qiyməti 1089 manat təşkil etmişdir ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü, maddələrində göstərilmiş cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.-52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Məhkəmə mülki iddiaya münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından iddia əsaslıdır. Buna görə də vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 1089 (bir min səksən doqquz) manat tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə ödənilməlidir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran X5 saxlanılan halqa və tutacaq əlavəli, halqa hissəsi dairəvi olmaqla diametri 68 sm olan, tor hissəsi ağ və yaşıl rəngli balıq ovlama vasitəsinin torunun sapının diametrləri təxminən 0,60 mm (yaşıl rəngli), 0,45 mm (ağ rəngli), ilgəklərinin daxili ölçüsü 10x10 mm (yaşıl rəngli), 15x15 mm (ağ rəngli) 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça adlanan balıqovlama aləti müsadirə edilməklə dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınmalı və CPM-nin 132.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 33 (otuz üç) ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş ziyana görə 1089 (bir min səksən doqquz) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran X5 saxlanılan halqa və tutacaq əlavəli, halqa hissəsi dairəvi olmaqla diametri 68 sm olan, tor hissəsi ağ və yaşıl rəngli balıq ovlama vasitəsinin torunun sapının diametrləri təxminən 0,60 mm (yaşıl rəngli), 0,45 mm (ağ rəngli), ilgəklərinin daxili ölçüsü 10x10 mm (yaşıl rəngli), 15x15 mm (ağ rəngli) 3 qatlı neylon əsaslı sintetik kimyəvi liflərindən istehsal olunan 1 ədəd domça adlanan balıqovlama aləti müsadirə edilərək dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınsın və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin, müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş 33 (otuz üçü) ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci: 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökümün İcrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-139/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-139/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver