Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-139/2025 28.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. xx.xx.1987-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Masallı şəhəri, R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun nəvəsi X11 Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəlliməliyi fakültəsinə imtahansız qəbul etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 2023-cü ilin noyabr ayının əvvəllərində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində yerləşən “Oba” marketin qarşısında 2500 manat, 2023-cü ilin dekabr ayının ortalarında Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində 1050 manat, 2024-cü ilin mart ayının əvvəllərində Masallı şəhəri Heydər Əliyev prospekti ərazisində yerləşən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 2000 manat, 03 aprel 2024-cü il tarixdə saat 14:35-də “Bir Bank” mobil tətbiqi vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürmə üsulu ilə 700 manat, 2024-cü ilin may ayının əvvəllərində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 1200 manat, 2024-cü ilin avqust ayının ortalarında Masallı şəhəri ərazisində 2220 manat, 2024-cü ilin sentyabr ayının axırlarında Masallı şəhəri, İsgəndərli dairəsi adlanan ərazidə 330 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 10000 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 sonuncunun qızı X5 əmək pensiyası düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 2023-cü ilin dekabr ayının ortalarında Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 5000 manat, 2024-cü ilin fevral ayının əvvəllərində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 3000 manat, 2024-cü ilin aprel ayının ortalarında Masallı şəhəri ərazisində 2500 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 10500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə əvvəllər tanıdığı, Masallı rayonu Musaküçə kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun qızı X6 direktor müavini vəzifəsində işlədiyi tam orta məktəbdə xadimə işinə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 22 dekabr 2023-cü il tarixdə Masallı şəhəri Füzuli küçəsində yerləşən R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin qarşısında 1650 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 1650 məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 nəvəsinə attestat almaq üçün 1000 manat pul almışdır. Sonra Nəcibənin qızına pensiya düzəldəcəyi adı ilə Nəcibənin oğlundan 4000 manat pul almışdır. Lakin Zərərçəkmiş şəxs1 nəvəsini Lənkəran Dövlət Universitetinə qəbul edilməsi üçün pul almamışdır. Həmin pul başqasına verilmiş o, barədə dəqiq məlumatı yoxdur. Etiraf edir ki, Nəcibə Əsgərovdan ümumilikdə dələduzluq yolu ilə 13000 manatdan az miqdarda pul almamışdır. Digər Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə 1050 manat pulu qohumu Südabə xanım vasitəsilə almışdır. Ona elan edilmiş ittihamda dəymiş ziyan kimi hesablanmış 26150 manat pul məbləği zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hazırda direktor müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 nəvəsinin atestat alınması üçün Nəcibənin oğlu Elnurdan 1000 manat pul almışdır. Sonra pensiya işinə görə Nəcibənin oğlu Elnurdan 4000 manat pul almışdır. O, aldığı pulları özünə xərcləmişdir. Digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 deyil tanışından 1050 manat pul almışdır. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bibisi Südabə vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs qızını Masallı şəhəri 1 saylı orta məktəbində xadimə kimi işə düzəltmək üçün bibisi Südabə vasitəsilə 1650 manat pul vermişdir. Bundan sonra Mirzamin şəxsən özü "xxxx" ASC-yə məxsus plastik kartı maaş kartı adı altında ona vermişdir. Ayın sonunda həmin kartdan maaş çıxarmaq istəyən zaman kartda hər hansı pul olmadığını görmüşdür. Bundan sonra Mirzaminin onu aldatdığını başa düşüb pulunu geri tələb etmişdir. Mirzamin əvvəlcə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Sonradan pulunu geri ala bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, yaşadığı rayonda keçirilən yas mərasimlərində qadın mollası kimi iştirak edir və əldə etdiyi qazancla ailəsinin dolanışığını təmin edir. Masallı şəhər sakini Təqsirləndirilən şəxs təxminən 3 il bundan öncə tanımış, Təqsirləndirilən şəxs oğlu Nasim Əsgərovun dostu vasitəsi ilə tanımış, Mirzamini tanıdıqdan sonra evinə gediş-gəlişi yaranmış, Mirzamin Mirqabil müəllimin oğlu olduğundan, Mirqabil müəllimin uzun müddətdir ki, Masallı rayonu ərazisində hörmət qazanmasını nəzərə alıb o və digər oğlu X26 inanmağa başlamışlar və Mirzamini ailəsinə yaxın buraxmışdır. Təqsirləndirilən şəxs Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləməsini bildirmiş, bundan xəbəri olmuş, Təqsirləndirilən şəxs bir neçə dəfə Masallı rayonu Ərkivan qəsəbəsində yaşadığı fərdi yaşayış evinə gəlibgetdikdən sonra ailənin üzvləri ilə səmimi münasibətləri yaranmış, hətta bir neçə dəfə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu Masallı rayonu ərazisində keçirilən yas mərasimlərinə aparmışdır. 2023-cü ilin iyun ayının ortalarında 10-cu sinifi bitirmiş nəvəsi, yəni oğlu X12 Əsgərova orta məktəbdə zəif oxuması səbəbindən nəvəsini növbəti tədris ilindən müəllimlərin yanına dərsdən əlavə məşğələlərə göndərmək qərarına gəlmiş, bir neçə dəfə bu barədə Təqsirləndirilən şəxs yanında danışarkən Mirzamin oğlunun qızı üçün çalışdığını görmüş, Mirzamin nəvəsi Nuray Əsgərovanı direktor müavini işlədiyi tam orta məktəbdə adının yeni tədris ilindən 11-ci sinifə yazdıra biləcəyini, Nurayın hər gün məktəbə getməsinə ehtiyac olmayacağını, Nurayın hazırlıq müəllimlərinin yanına rahat getməsini və tədris ilinin sonunda Nuraya imtahansız attestat verəcəyini bildirmiş, oğlu Elnur Əsgərov ilə birlikdə Mirzamindən bu işin necə həll olunacağı barədə soruşmuş, X14 sentyabr ayının 15-dən 11-ci sinifdə təhsil alacağı üçün direktor müavini işlədiyi tam orta məktəbdə Nurayın adını 11-ci sinifə yazdırmaq işinin bir az çətin olacağını, bunun üçün pul lazım olacağını, ona görə bu işi 4000 manat pul müqabilində həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra ailə üzvləri ilə bu barədə məsləhətləşmiş, Mirzaminin dediyi təklif ilə razılaşmaq qərarına gəlmiş, Mirzamin direktor müavini işlədiyi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə Nuray Əsgərovanı 11-ci sinifə yazdırmaq istəyi olacağı halda yay aylarında bu işi həll etməyi ona demiş, bu səbəbdən 2023-cü ilin iyul ayının əvvəllərində Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin qarşısında oğlu Elnur ilə birlikdə Mirzaminlə görüşmüş, orada Təqsirləndirilən şəxs direktor müavini işlədiyi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə nəvəsi Nuray Əsgərovanın adını 11-ci sinifə yazdırıb tədris ilinin sonunda imtahansız attestat verəcəyi adı ilə dediyi 4000 manat pulun 2500 manatını vermiş, həmin vaxtı Mirzamin nəvəsi Nuray Əsgərova və sonuncunun valideynlərinin şəxsiyyət vəsiqəsinin əslini götürmüş, Mirzamin qalan pulu da qısa müddət ərzində çatdırmasını ona demiş, Mirzaminə qalan 1500 manat pulu 1 ay müddətində verəcəyini bildirmiş və Mirzamin etiraz etməmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Masallı rayonu Ərkivan qəsəbə ərazisində yaşadığı evin həyətində görüşmüş, həmin vaxtı həyətdə tək olmuş, qalan 1500 manat pulu Mirzaminə vermiş, Mirzamin pulu götürdükdə Nuray Əsgərovanın adını direktor müavini işlədiyi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə 11-ci sinifə yazdırdığını, nəvəsinin sentyabrdan dərsə gəlməsinə ehtiyac olmadığını, nəvəsinin məşğələlərə getməsini, tədris ilinin sonunda, yəni 2024-cü ilin iyun ayında nəvəsi Nurayın attestatını verəcəyini bildirmiş, X27 və sonuncunun valideynlərinə məxsus şəxsiyyət vəsiqəsinin əslini də geri qaytarmış, Mirzaminə dua edib sağollaşmışdır. Daha sonra Mirzamin tez-tez yaşadığı evə gəlibgetmiş, oğlu Elnur Əsgərov ilə dostluq münasibətlərinə davam etmiş, Mirzamin hər dəfəsində Nuray Əsgərovanın orta məktəb işində problem olmadığını, Nurayın 11-ci sinif şagirdi kimi direktor müavini işlədiyi tam orta məktəbdə hamı qohumu kimi tanıdığını bildirmiş, Mirzamin tez-tez ondan nəvəsi Nurayın ali məktəblərə qəbul olunmaq üçün sınaq imtahanlarında neçə bal toplaması barədə soruşmuş, Mirzaminə uşağın zəif nəticə göstərdiyini və məşğələ dərslərini yaxşı qavramadığını bildirmişdir. X14 hansı ixtisasa hazırlaşdığını soruşmuş, Nurayın qız uşağı olduğu üçün müəlliməliyin yaxşı olacağını, Lənkəranda yerləşən universitetdə Azərbaycan dili və ədəbiyyat müəlliməliyi ixtisasını oxumaq istədiyini bildirmiş, 2023-cü ilin oktyabr ayının əvvəllərində Mirzamin ona nəvəsi Nurayı imtahansız ali məktəbə, daha dəqiqi Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəlliməliyi fakültəsinə qəbul etdirə biləcəyini və bunun üçün X18 yüksək vəzifədə işləyən tanışının olmasını, bunun üçün xeyli pul lazım olmasını bildirmişdir. Mirzamindən ilk əvvəl belə bir işin həqiqətən baş tuta bilib-bilməyəcəyi barədə soruşmuş, sonuncu tanışının indiyə kimi nə qədər şagirdləri bu yolla universitetə qəbul etdirməsini bildirib onu inandırmış, Mirzamindən bunun üçün nə qədər pul lazım olacağı barədə soruşduqda sonuncu bu məsələni X18 yüksək vəzifədə işləyən tanışı Gülay müəllimə ilə danışacağını və daha sonra hər hansı bir məbləğ deyəcəyini demişdir. Mirzamin cavab verəcəyi müddət ərzində nəvəsi Nuray Əsgərova və sonuncunun valideynlərinə bu barədə dedikdə onlar evdə söz sahibi olduğu üçün nə qərar versə razılaşacaqlarını demişlər, Mirzamin ilə bu barədə söhbətindən 2 gün sonra yaşadığı evin həyətində görüşmüş, Mirzamin X18 yüksək vəzifədə işləyən tanışı Gülay müəllimə ilə danışdığını, Gülay müəllimənin bir az gecikdiklərini bildirməsini, lakin məsələni həll edə biləcəyini, bunun üçün 10000 manat pul lazım olacağını, Gülay müəllimə adlı tanışının nəvəsi X19 Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəlliməliyi fakültəsinə imtahansız qəbul etdirəcəyini, həmin məbləğdə pula Nurayın 1 illik təhsil haqqının da aid olmasını, Nurayın 2-ci kursdan isə tələbə təqaüdü alacağını, pulu hissə-hissə Gülay müəllimə dedikcə alacağını bildirmişdir. Təqsirləndirilən şəxs Gülay müəllimənin mobil telefon nömrəsini də ona verəcəyini, Gülay müəllimə ilə bu barədə ətraflı danışacağını demiş, Mirzaminin verdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini mobil telefonunda Gülay müəllimə adı ilə yaddaşa vurmuş, istifadəsində olan mobil telefon nömrəsinin whatsapp mobil tətbiqi vasitəsi ilə Gülay müəllimə adlı şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsinin whatsapp mobil tətbiqinə sms mətinlər yazmağa başlamış, Mirzaminin dediklərini Gülay müəllimə whatsapp mobil tətbiqində mətin ismarıcları ilə təsdiqləmiş, Gülay müəlliməyə səsli danışıqlarını atmış, lakin Gülay müəllimə isə yalnız mətin ismarıcı yazmış, hər hansı bir səsli ismarıc atmamış və heç vaxt səsli danışıq aparmadığından Gülay müəllimənin səsini eşitməmişdir. Gülay müəllimə nə lazım olacaqsa Mirzamin ilə əlaqə saxlayacağını, tez-tez narahat etməməsini, Təqsirləndirilən şəxs hər dəfəsində məlumat verəcəyini bildirmiş, nəvəsi X15 Dövlət Universitetinə imtahansız tələbə kimi qəbul etdirəcəyi adı ilə istədiyi 10000 manat pulu Təqsirləndirilən şəxs hissə-hissə vermişdir. Belə ki, 2023-cü ilin noyabr ayının əvvəllərində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən Oba marketin qarşısında 2500 manat, 2023-cü ilin dekabr ayının ortalarında Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 1050 manat, 2024-cü ilin mart ayının əvvəllərində Masallı şəhəri Heydər Əliyev prospekti ərazisində yerləşən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 2000 manat, 03 aprel 2024-cü il tarixdə birbank mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs adına olan Kapital Banka məxsus bank kartının hesabına 700 manat, 2024-cü ilin may ayının əvvəllərində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 1200 manat, 2024-cü ilin avqust ayının ortalarında Masallı şəhəri ərazisində universitetin illik təhsil haqqı adı ilə 2220 manat pulu, 2024-cü ilin sentyabr ayının axırlarında Masallı şəhəri İsgəndərli dairəsi adlanan ərazidə 330 manat pulu isə nəvəsi Nuray Əsgərovanın guya artıq tələbəsi olduğu Lənkəran Dövlət Universitetində keçiriləcək ixtisas imtahanına buraxılması üçün lazım olan tibbi və digər sənədlərin alınması məqsədilə Təqsirləndirilən şəxs vermişdir. Hər dəfəsində Təqsirləndirilən şəxs pulu verərkən yanında başqa kimsə olmamış, hər dəfə Mirzaminə pul verdikdən sonra oğlu Elnur Əsgərova məlumat vermişdir. Bundan başqa, 2023-cü ilin sonlarında oğlu X30 Hüseynova bacısı Natəvan Səmədovanın pensiyasının kəsilməsini demiş, əri olmayan bacısının maddi vəziyyətinin aşağı olmasından gileylənmiş, Təqsirləndirilən şəxs ona Elnurun dediyi işdə köməklik edə biləcəyini bildirmiş, qızının dayandırılmış pensiyanı düzəltmək üçün tanışının olmasını və əgər istəsə tanış ilə danışa biləcəyini Mirzamin ona bildirmişdir. Həmin ərəfədə qızı Natəvan Səmədova ilə danışmış, Natəvan pensiyasının yenidən bərpa olunması üçün pulu olmadığını bildirmiş, qızına nə pul lazım olsa verəcəyini, nə sənəd istəsələr verməsini və haraya getmək lazım olsa getməsini demişdir. Mirzaminə qızı Natəvanın pensiya işi barədə maraqlanmasını demiş, bir neçə gün sonra, yəni 2023-cü ilin dekabr ayının əvvəllərində Mirzamin Natəvanın pensiyasını bərpa etmək işi ilə tanışından maraqlandığını, bundan ötrü ümumilikdə 10500 manat pul lazım olduğunu demiş, Mirzaminə həmin məbləğdə pulun pensiyanı bərpa etmək üçün çox olmasını bildirmiş, Mirzamin həmin məbləğdə pulu pensiyanın düzəldilməsi üçün verəcəyini, bunun üçün çox prosedurlar olacağını, qızı Natəvanın əvvəl ürək xəstəliyi ilə əlaqədar pensiya aldığı, pensiyası saxta olması səbəbindən qızının adının qarşısına stop qoyulduğu üçün bu dəfə Natəvanı xəstəliyə görə pensiyaya çıxartmaq mümkün olmayacağını, əvəzində isə qızını iş stajı ilə pensiyaya çıxardacağını, bunun üçün Natəvanı direktor müavini vəzifəsində işlədiyi tam orta məktəbdə xadiməçi kimi işə götürüb adını işə yazdıracağını, 1 il qızının adının orada xadiməçi kimi gedəcəyini, qızının pensiyasını düzəltməklə yanaşı 1 il orta məktəbdə xadiməçi maaşı alacağını bildirmişdir. Qızı Natəvan ərsiz qadın olması, uşaqlarının dolanışıqlarını təmin etməsi səbəbindən Natəvanın pensiyasını düzəltmək üçün Mirzaminə razılıq vermiş, Natəvan üçün əvvəllər öz vəsaiti hesabına almış olduğu Masallı rayonu ərazisində yerləşən torpaq sahəsini satmış, əldə etdiyi 10500 manat pulu 3 dəfəyə, 2023-cü ilin dekabr ayının ortalarında Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 5000 manat, 2024-cü ilin fevral ayının əvvəllərində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində 3000 manat, 2024-cü ilin aprel ayının ortalarında Masallı şəhəri ərazisində 2500 manat pulu Mirzaminə Natəvanın pensiyasını düzəltmək məqsədi ilə vermişdir. Mirzamindən tez-tez həm qızı Natəvan Səmədovanın pensiya işi, həm nəvəsi Nuray Əsgərovanın direktor müavini işlədiyi orta məktəbi bitirib attestat əldə etməsi, həm də imtahansız Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəlliməliyi fakültəsinə imtahansız daxil olması işi barədə maraqlanmış, lakin Mirzamin hər dəfəsində qızının pensiyasını düzəldəcəyini, bu məqsədlə ümumilikdə almış olduğu 10500 manat pula aid olan qızını direktor müavini işlədiyi orta məktəbdə xadiməçi kimi işə düzəltmək işinin, həmçinin nəvəsinin attestat və universitet işinin də həll olunacağını bildirmiş, Mirzaminin Gülay müəllimə adı ilə verdiyi şəxs isə hər dəfəsində 2-3 günə nəvəsini universitetə çağıracaqlarını bildirmiş, hətta 16 sentyabr 2024-cü il tarixdə nəvəsi Nuray Əsgərova ilə birlikdə təntənəli şəkildə Lənkəran Dövlət Universitetinin Lənkəran şəhərində yerləşən 2 saylı korpusuna getmiş, lakin universitetdə kimdən maraqlansa da, nəvəsinin adının həmin fakültədə tələbə kimi olmadığını demişdirlər. Evə qayıdıb bu barədə Gülay müəllimə adlı şəxsə whatsapp mobil tətbiqində sms yazıb bildirmiş, sonradan Təqsirləndirilən şəxs özü olduğu bildiyi Gülay müəllimə adlı şəxs isə ona Nurayın universitet işinin həll olunacağını, tələsməməsini demiş, Gülay müəllimə adlı şəxsə inanmış, 2024-cü ilin sentyabr ayının axırlarında da nəvəsi Nuray Əsgərovanın universitetə imtahansız qəbul olunması üçün 10000 manat pulun sonuncu 330 manatını Masallı şəhəri İsgəndərli dairəsi adlanan ərazidə nəvəsi X29 Universitetində keçiriləcək ixtisas imtahanına buraxılması üçün lazım olan tibbi və digər sənədlərin alınması məqsədilə Mirzaminə vermiş, bundan sonra Mirzamin görünməmiş, ailə üzvləri, nəvəsi və əri sarsıntı keçirtmiş və Mirzaminə tez-tez mobil telefon ilə zəng edib pulunu tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs bir müddət sonra telefon zənglərini açmamış, Mirzamin barəsində şikayət etmək qərarına gəlmiş, Gülay müəllimə adı ilə sözlə ismarıclaşan şəxsin də Mirzaminin özü olmasını bilmiş, Mirzamin ümumilikdə 24500 manat pulunu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmiş, həmin məbləğdə pulun 4000 manatını Təqsirləndirilən şəxs nəvəsi Nuray Əsgərovanın direktor müavini vəzifəsində işlədiyi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə adını 11-ci sinifə yazdırıb tədris ilin sonunda Nuraya imtahansız attestat verəcəyi adı ilə, 10000 manat pulu nəvəsi X19 Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəlliməliyi fakültəsinə imtahansız qəbul etdirəcəyi adı ilə, 10500 manat pulu isə qızı Natəvan Səmədovanın kəsilmiş pensiyasını düzəldəcəyi adı ilə aldadıb etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Sonda isə Təqsirləndirilən şəxs onu aldatmış, illərdir zəhmətilə əldə etdiyi pulu ələ keçirmiş, özü və əsas da nəvəsi Nurayı sarsıntıya salmış, zənglərinə də cavab verməmiş, Mirzaminlə, sonuncunun Gülay müəllimə adı ilə nömrəsini verdiyi, əslində isə Mirzaminin özü tərəfindən idarə edilən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə whatsapp mobil tətbiqində sms mətin yazışmalarının skreen edilmiş fotoşəkillərini və səsli danışıqları CD diskə köçürmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: ● Cinayət işinin istintaqı dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 24500 manat pulunu dələduzluq yolu ilə ələ keçirilməsi barədə Təqsirləndirilən şəxs ilə istifadəsində olan mobil tətbiqi vasitəsilə apardığı sms mətin və səsli danışıq yazışmalarını özündə əks etdirən 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş, həmin diskdə whatsapp mobil tətbiqində aparılmış sms mətin yazışmalarının skreen edilmiş fotoşəkilləri, həmçinin səsli danışıqlar olması, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 səsli danışıqların göndərilməsi, sms mətinlərinin Təqsirləndirilən şəxs tərəfindən “Gülay müəllimə” şərti adı ilə Zərərçəkmiş şəxs1 yazılması, həmin yazışmalarda Zərərçəkmiş şəxs1 nəvəsinin Lənkəran Dövlət Universitetinə tələbə kimi qəbul olunması, Zərərçəkmiş şəxs1 qızının pensiyasının düzəldilməsi məzmunlu yazışmalar olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin yazışmaların Zərərçəkmiş şəxs1 ilə özü tərəfindən aparılmasını təsdiq etdiyindən həmin CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. ● Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhər sakini Təqsirləndirilən şəxs Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə direktor müavini işləyərkən öz qulluq mövqeyindən istifadə edib əvvəllər tanıdığı Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs1 pulunu dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə sonuncuya müxtəlif vaxtlarda yalan vədlər verərək direktor müavini işlədiyi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə Zərərçəkmiş şəxs1 nəvəsi X8 adını 11-ci sinifə yazdırıb tədris ilin sonunda imtahansız attestat verəcəyi adı ilə 4000 manat, X19 Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəlliməliyi fakültəsinə imtahansız qəbul etdirəcəyi adı ilə 10000 manat, Zərərçəkmiş şəxs1 qızı X5 pensiya düzəldəcəyi adı ilə 10500 manat pulu dələduzluq yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 24500 manat maddi ziyan vurmuş, bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Masallı rayonu Musaküçə kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun qızı Nuranə Qurbanovanı direktor müavini işlədiyi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə xadiməçi işinə düzəldəcəyi adı ilə aldadıb 1650 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, sonradan 1000 manat Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. ● Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X20 Astara Regional Təhsil İdarəsi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam məktəbin 15 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən Masallı şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. ● Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X20 Astara Regional Təhsil İdarəsi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam məktəbin 16 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X9 və X1 şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə heç bir işdə çalışmamışdırlar. ● Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X20 Astara Regional Təhsil İdarəsi Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam məktəbin 17 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 şəhər Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə təhsil almamışdır. ● Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayon üzrə təhsil sektorunun xx.xx.2025-ci il tarixli, 203 saylı məktubundan görünür ki, Masallı rayonu Ərkivan qəsəbə sakini X21 2021-2022-ci tədris ilində Ərkivan qəsəbəsi Zahir Nəcəfov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 9-cu sinfini bitirmiş və ona xx.xx.2022-ci il tarixli, C-637504 nömrəli ümumi orta təhsil haqqında attestat verilmişdir. Zərərçəkmiş şəxs1 sonradan həmin məktəbdə və ya rayonun digər məktəblərində təhsilini davam etdirməmiş və tam orta təhsil haqqında attestat almamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qanuni qüvvəsini almış qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmişdir. ● Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşağı var. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ● “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və tutulmuş şəxsin azad edilməsi və “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. ● xx.xx.2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun pulunu dələduzluq yolu ilə ələ keçirilməsi faktları ilə əlaqədar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 istifadəsində olan whatsapp mobil tətbiqi vasitəsilə apardığı sms mətin və səsli danışıq yazışmaları olan 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin CD disk cinayət işi materiallarına əlavə edilmişdir. ● xx.xx.2025-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Əsgərova X17 Hüseynovun üzünə “sən mənim 24500 manat pulumu ələ keçirmisən, 4000 manatı sən direktor müavini vəzifəsində işlədiyin məktəbdə nəvəm Nuray Əsgərovanın adını 11-ci sinifə yazdırıb tədris ilinin sonunda nəvəmə attestat verəcəyin adı ilə aldın, 10000 manatı nəvəm X19 Dövlət Üniversitetinin Azərbaycan Dili və Ədəbiyyat müəllimliyi fakültəsinə imtahansız qəbul etdirəcəyin adı ilə aldın, 10500 manat pulu qızım Natəvan Səmədovanın kəsilmiş pensiyasını düzəldəcəyin adı ilə aldın. Sonradan da telefon zənglərimə cavab vermədin ifadəsini, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 üzünə Nəcibə xala sən düz deyirsən, səhvimi boynuma alıram. Pulunu qaytaracam” ifadəsini işlətmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini və öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan iki övladının olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 78.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 2 azyaşlı uşağı olduğundan və vurulmuş ziyan məbləğini tam ödədiyindən yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər təqsirləndirilən şəxsin əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş cinayət işi materiallarında saxlanan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi yardıma görə 12.30 saat vaxt sərf etmişdir. Ona görə də, 137,50 (bir yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut- 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi xidmətə görə 137,50 (bir yüz otuz yeddi manat, 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərar elan olunduqdan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-139/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-139/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver