Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-14/2023 18.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1995-ci il tarixdə Masallı rayonu, Türkoba kəndində doğulmuş olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı Masallı rayonu, Türkoba kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı yolda qonşusu Zərərçəkmiş şəxs anası X1 əvvəllər nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol qol nahiyəsinə 2 dəfə və sol bud nahiyəsinə 1 dəfə qəsdən zərbələr vuraraq, sonuncuya sol said və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 14 sentyabr 2022-ci il tarixdə müvəqqəti olaraq işlədiyi Bakı şəhərindən yaşadığı kəndə gəlmişdir. 23 sentyabr 2022-ci il tarixdə evdə olarkən anası Könül və nənəsi Tehranın təklikdə söhbət edərkən onların gizlincə qonşusu Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etmələrindən və Rəşadın anasını söyməsini eşitmişdir. Həmin vaxtı anasının və nənəsinin olduğu otağa keçib nə məsələ olduğunu soruşduqda, anası Rəşadın əmisi nəvəsi, psixi xəstə olan Aygünün babasına məxsus baş daşını dağıtdığını, onlardan şikayət etdiyini, lakin Aygünün qohumlarının baş daşını düzəltmədiyini və əvəzində isə Rəşadın Aygünü müdafiə edərək ölü-dirilərini söydüyünü bildirmişdir. Həmin vaxtı anasına və nənəsinə heç bir söz deməyərək yaşadığı evdən çıxarkən anası və nənəsi bu məsələni böyütməməsini demiş, lakin o, onlara öz işləri məşğul olmalarını və özü nə edəcəyini yaxşı bildiyini demişdir. Həmin günü Rəşadı həyətdə görərək gəlib bir yerdə oturub çay içməyə çağırmış, lakin Rəşad işi olduğunu və sonra görüşməyi demişdir. 24 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Rəşadın istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək birlikdə oturub söhbət etmək istədiyini dedikdə, Rəşad evə gəlməsini təklif etmiş, lakin o, Rəşada həyətdə söhbət edəcəyini demiş, Rəşad da onula razılaşmışdır. O, yaşadığı evdən çıxarkən Rəşadın birdən dava edəcəyini düşünərək, idmançı olduğunu nəzərə alıb müdafiəsi məqsədilə mətbəx bıçağı götürmüş və əynində olan şalvarın cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra Rəşad yaşadığı evdən çıxıb həyətə düşmüş və salamlaşmışdır. Həmin vaxtı Rəşada məxsus həyətin qarşısından 10 metr irəli məhəllə yola Rəşadla birlikdə addımlayaraq anası və nənəsilə mübahisəsinin nə məsələ olduğunu, ayıb olduğunu, nə səbəbə anasını söydüyünü soruşmuşdur. Həmin vaxtı Rəşad anasını söymədiyini dedikdə, o, Rəşada nakişi olduğunu və söyməyi boynuna almadığını demişdir. Rəşad isə and içərək anasını söymədiyini demişdir. Sonra Rəşad aralanıb evə getmək istəyərkən o, Rəşada 1 dəqiqə qalmasını, söhbətini bitirmədiyini demiş və əynində olan qara rəngli şalvarın yan cibindən evdən çıxarkən götürdüyü mətbəx bıçağını çıxarıb Rəşada “Ay şərəfsiz bəs deyirsən namusu söyməmisən” sözlərini deyib bıçaqla qəsdən sol bud nahiyəsinə 1 dəfə və sol qol nahiyəsinə isə 2 dəfə zərbə endirmişdir. Bundan sonra Rəşaddan qan gəlib-gəlmədiyini qaranlıq olduğundan görməmişdir. Sonra oradan çıxıb məhəllə ilə kənd yoluna tərəf getmişdir. Hadisədən sonra özündə olmadığından mətbəx bıçağını xatırlamadığı ərazidə tullamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur, Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində əmisi nəvəsi olan, psixi və əqli xəstəlikdən əziyyət çəkən Aygün İbrahimova ilə Təqsirləndirilən şəxs anası Könül İskəndərova arasında mübahisəsi yaranmışdır. Mübahisənin yaranma səbəbi də Könül İskəndərovanın atasına məxsus qəbir daşının psixi xəstəlikdən əziyyət çəkən qohumu Aygün İbrahimovanın özündən asılı olmadan dağıtması olmuşdur. Həmin vaxtı Könül Aygün barəsində Masallı RPŞ-nin Boradigah PB-nə polisə şikayət etmiş, lakin o, Könülə və anası Tehrana bu məsələni böyütməməsini, özü qəbir daşını düzəltdirəcəyini bildirmişdir. Həmin sözündən sonra Könül və anası Tehran onunla qonşu davası etməyə başlayaraq, onu daimi olaraq təhqir etmişlər. 23 sentyabr 2022-ci il tarixdə Könül onunla söyüşlə və təhqirlə mübahisə etmişdir. Mübahisə zamanı Könül oğlu Elvinə zəng edərək gəlib onu “yortmasını” demiş, o isə yaşadığı evə daxil olduqdan sonra mübahisə sakitləşmişdir. Hadisə günü, yəni xx.xx.2022-ci il tarixdə Könül İskəndərova barəsində guya söyüb təhqir etməsi barədə Boradigah PB-yə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən hamama yuyunmağa girməyə hazırlaşan zaman istifadəsində olan mobil telefon nömrəsinə Könülün oğlu Təqsirləndirilən şəxs zəng edərək, anasının barəsində şikayət etdiyini eşitdiyini bildirmiş və bu məsələni söhbət etmək üçün onu çölə çağırmışdır. Həmin vaxtı evdə tək olduğundan həyətə düşmüş və Elvin ilə özünə məxsus həyətdə görüşmüşdür. Elvin salamlaşmış və bir az aralıda söhbət etməyi xahiş etdiyindən, irəli addımlayıb həyətinin qarşısında olan məhəlləyə çıxmışlar. Həmin vaxtı Elvin ona “Sən mənim anama söyüş vermisən” deyərək əynində olan şalvarın cibindən çıxartdığı tutacağı qırmızı rəngli olan mətbəx bıçağı ilə qəsdən 3 dəfə zərbə endirmişdir. Zərbələrin 2-si sol qoluna, 1 zərbəsi isə sol bud nahiyəsinə dəymişdir. Sonra yaşadığı evə gəlib, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra avtomobil ilə Masallı RMX-ya gətirilmiş və orada tibbi yardım almışdır. Mübahisə yaşadığı həyətin qarşısında məhəllədə baş vermiş, Təqsirləndirilən şəxs başqa orada kimsə olmamış, mübahisə təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(050)-143/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu yoxdur. Həmçinin, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam vermişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 26 sentyabr 2022-ci il tarixli 803 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol said və sol bud nahiyəsinin kəsilmişdeşilmiş yaraları (cəmi üç ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 24 sentyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını və təqsirini etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verildiyi üçün hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə barışsa da, iş üzrə icraata xitam verilməsi yol verilməzdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunsun. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-14/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-14/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver