Məhkəmə qərarları › İş №1(050)-14/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-14/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-14/2024 17.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1959-cu ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi ilə 08 ədəd bükümdə narkotik vasitə hesab edilən tiryəki qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı rayonu, Qızılağac kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan boz şalvarının sağ yan cibindən 08 ədəd şəffaf rəngli sellefona bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,819 qram, 0,899 qram, 0,862 qram, 0,860 qram, 0,917 qram, 0,888 qram, 0,836 qram, 0,501 qram olmaqla, ümumi təmiz çəkisi 6,582 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, kimyəvi komponentlərinə görə bir-birləri ilə eynilik təşkil edən narkotik vasitə tiryək və üzərində narkotik vasitə tiryəkin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əsasən narkotik vasitə olan tiryəkdən istifadə edir. Fiziki cəhətdən sağlam olmadığından və müəyyən vaxtlarda bədənində, əsasən sümüklərində ağrılar olduğu üçün tiryəkdən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında narkotik vasitə almaq məqsədi ilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmiş və orada tanımadığı şəxsdən 70 manata bir ədəd kibrit qutusunun içərisində 08 büküm narkotik vasitə tiryək alaraq əynində olan şalvarının cibinə qoymuş və yaşadığı Masallı rayonuna geri qayıtmışdır. Həmin gün əldə etdiyi 08 ədəd tiryək bükümlərindən birini açıb üzərindən az miqdarda özü istifadə etmiş, qalanını isə cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində içərisində tiryək olan bir bükümü şalvarının sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxmışdır. Qalan bükümləri isə evdə saxlamışdır. Təxminən 30 dəqiqə ərzində küçədə piyada hərəkətdə olan zaman saat 18 radələrində iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o, üzərində olan bir büküm tiryək olduğunu demişdir. Sonra polis əməkdaşları onu Masallı RPŞ-yə aparmışlar. Polis şöbəsində əməliyyatçı Şahid2 içərisində tiryək olan əlavə 7 büküm və elektron tərəzini cibinə qoyaraq bunların da ona məxsus olduğunu demişdir. Sonra baş təhqiqatçı Xalid Qurbanov ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini elan edib, hüquqlarının müdafiəsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edilmişdir. Sonra baş təhqiqatçı Xalid Qurbanov ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, əynində olan göndəkçənin sağ yan cibindən elektron tərəzini, gödəkçənin sol yan cibindən yaşadığı evin açarlarını və əynində olan şalvarın sol yan cibindən 19 ədəd bir manatlıq, 18 ədəd beş manatlıq və 2 ədəd 10 manatlıq pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra baş təhqiqatçı tərəfindən 08 ədəd tiryək bükümlərini ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, bükümlərin ümumilikdə çəkisinin 6,85 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs qismində saxlanılarkən və halhazırda da bildirir ki, o, kimsəyə naroktik vasitə satmamış, bədənində ağrılar olduğu üçün narkotik vasitə tiryəkdən istifadə edir. Əslində onun üzərində bir bükümdə tiryək olmuş, elektron tərəzi isə mərhum arvadına məxsus olmuş, arvadı qızıl alveri ilə məşğul olduğu üçün həmin tərəzidən istifadə etmişdir. Buna görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Hazırda etdiyi əməlindən peşmandır. Məhkəmədən yaşlı və xəstə olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş və elan olunmuş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, müəyyən vaxtlarda bədənində, əsasən sümüklərində ağrılar olduqda tiryəkdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu, Qumbaşı kəndinə gedərər, orada tanımadığı şəxsdən 70 manata bir ədəd kibrit qutusunun içərisində ayrı-ayrı bükümlərdə 08 büküm narkotik vasitə tiryək almış və əynində olan şalvarının cibinə qoyaraq Masallı rayonuna qayıtmışdır. Həmin gün əldə etdiyi 08 ədəd tiryək bükümlərindən birini açıb üzərindən az miqdarda özü istifadə etmiş və yenidən bükərək hamısını saxlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində əldə etdiyi tiryəklərdən dost tanışa da pay vermək məqsədi ilə içərisində 08 ədəd büküm tiryək olan kibrit qutusunu şalvarının sağ yan cibinə və uzun illərdir evdə olan özünə məxsus elektron tərəzini isə heç bir məqsədi olmadan əynində olan gödəkçəsinin sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxmışdır. Təxminən 30 dəqiqə ərzində küçədə piyada hərəkətdə olan zaman təxminən saat 18 radələrində iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələrini ona elan edilərək hüquqlarının müdafiəsi üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət olunmuşdur. Sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmazdan əvvəl baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, əynində olan göndəkçənin sağ yan cibindən elektron tərəzini, gödəkçənin sol yan cibindən yaşadığı evin açarlarını və əynində olan şalvarın sol yan cibindən 19 ədəd bir manatlıq, 18 ədəd beş manatlıq və 2 ədəd 10 manatlıq pul əskinazlarını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra baş təhqiqatçı 08 ədəd tiryək bükümlərini ayrı-ayrılıqda elektron tərəzidə çəkdikdən sonra həmin bükümləri ümumilikldə bir yerə yığıb çəkmiş, ümumilikdə çəkilərinin 6,85 qram olması müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri daşıması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılağac kəndində piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində, üzərində saxlamasında və satışında şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o, üzərində olan kibrit qutusunun içərisində 08 ədəd bükümdə narkotik vasitə olan tiryək olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-yə aparılmış, orada baş təhqiqatçı Xalid Qurbanov tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri elan olunaraq hüquqlarının müdafiəsi üçün dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, əynində olan göndəkçənin sağ yan cibindən elektron tərəzini, gödəkçənin sol yan cibindən yaşadığı evin açarlarını və əynində olan şalvarın sol yan cibindən 19 ədəd bir manatlıq, 18 ədəd beş manatlıq və 2 ədəd 10 manatlıq pul əskinazlarını masanın üzərinə qoymuşdur. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində 08 büküm tiryək olduğunu, həmin tiryəki Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 70 manat pul qarşılığında aldığını, şəxsi istifadəsi və dost-tanışa pay vermək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən 08 ədəd tiryək bükümləri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkilərinin 6,85 qram olması müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalandıqdan sonra DİN-in 90 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün məhkəmədə yalan ifadə vermişdir. Əslində Təqsirləndirilən şəxs saxlanılarkən narkotik təsiri altında olmuş və üzərində olan bükümləri yerə ataraq polis şöbəsinə getməyə etiraz etmiş, Təqsirləndirilən şəxs yerə atdığı bükümlər onun tərəfindən yerdən yığılaraq Təqsirləndirilən şəxs cibinə qoymasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində elektron tərəzi olmasını isə Təqsirləndirilən şəxs əynində olan göndəkçənin sağ yan cibindən elektron tərəzi çıxarıb masanın üzərinə qoyanda bilmişdir. Şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Masallı RPŞnin KTQ-nin baş inspektor kriminalisti X3 iştirakları ilə Masallı RPŞ-nin baş təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu, əynində olan göndəkçənin sağ yan cibindən elektron tərəzini, gödəkçənin sol yan cibindən yaşadığı evin açarlarını və əynində olan şalvarın sol yan cibindən 19 ədəd bir manatlıq, 18 ədəd beş manatlıq və 2 ədəd 10 manatlıq pul əskinazlarını masanın üzərinə qoyaraq, kibrit qutusunun içərisində 08 büküm tiryək olduğunu, həmin tiryəki Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 70 manat pul qarşılığında aldığını, şəxsi istifadəsi və dost-tanışa pay vermək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra baş təhqiqatçı tərəfindən 08 ədəd tiryək bükümləri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ümumilikdə çəkilərinin 6,85 qram olması müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalandıqdan sonra DİN-in 90 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqdim olunan elektron tərəziyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman tərəzinin ekran işığının yanması və ekranda rəqəmlərin qeyd olunması müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 21 oktyabr 2023-cü il tarixli 19/947 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdə tiryəkə bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi:- 0,819 qram, 0,899 qram, 0,862 qram, 0,860 qram, 0,917 qram, 0,888 qram, 0,836 qram, 0,501 qram: ümumi təmiz çəkisi 6,582 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki,1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan tiryəkin izləri vardır. Tiryək iz şəkilində olduğuna görə tədqiqata təqdim olunmuş tiryəklərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı (Tiryəkin ümumi təmiz çəkisi-6,582 qram, tədqiqata sərf edildi-0,4 (hər ob.-0,05qr) qram, qalıq-6,182 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 23 oktyabr 2023-cü il tarixli, 978 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı qərarının 2-ci hissəsinin 3.7-ci bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara tətbiq oluna bilməz. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə narkotik vasitələrin aludəçisi olduğunu, narkomaniya xəstəliyindən əzab çəkdiyini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 6,182 qram olan narkotik vasitə olan tiryək məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 6,182 qram olan narkotik vasitə olan tiryək məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar