Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-14/2025 18.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1982-ci ildə Masallı rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Viləş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində tanışı Şahid4 idarə etdiyi “Mersedes Benz” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı-Lənkəran avtomobil yolunun Masallı rayonu Gəyəçöl kəndi ərazisində keçən hissəsində sərnişin qismində hərəkətdə olarkən saxlanılıb Masallı RPŞ-yə gətirilmiş, qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffav sellofan bükümdə, təmiz çəkisi 5,959 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Viləş kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 Masallı-Lənkəran avtomobil yolunun Masallı rayonu Gəyəçöl kəndi ərazisində keçən hissəsində sonuncunun idarə etdiyi “Mersedes Benz” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmışdır. Həmin şəxslərin narkotikdən qanunsuz istifadə etməkdə şübhələr olduğundan avtomobillə birlikdə Masallı RPŞ-yə gətirilmişlər. RPŞ-nin müvafiq əmri ilə təxirəsalınmaz əməliyyat qrupu yaradılmışdər. Əməliyyat qrupunun üzvü o, CAB-nin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin TB-nin təhqiqatçısı Bəhmən Əsgərli, RPŞ-nin KTQ-nun baş inspektoru Ramal Şükürov və YPXnin inspektoru Nəriman Həsənov təyin edilmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 üzərində narkotik maddələrin olub-olmadığını müəyyən edilməsi üçün həmin şəxslərin üzərinə şəxsi axtarışın keçirilməsi barədə raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Daha sonra təhqiqatçı Bəhmən Əsgərlinin xidməti otağında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bununla bağlı ona hüquq və vəzifələri izah olunmuş və bildiriş verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs maddi durumu pis olduğundan dövlət hesabına müdafiəçi ilə təmin olunmasını istəmişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl X23 Ələkbərova sual vermişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffav sellofan bükümü və şalvarının sağ yan cibindən “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Daha sonra təhqiqatçı ondan üzərində olan narkotik vasitədən dostları Şahid4 və Şahid5 xəbərinin olub-olmamasını soruşmuşdur. Oda cavabında həmin şəxslərin üzərində olan narkotik vasitədən heç bir xəbərinin olmadığını bildirmişdir. Həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə CAB-ın əməliyyat müvəkkili Şahid2 YPX-nin inspektoru Nəriman Həsənovun raportu daxil olmuşdur Masallı rayonu Viləş kənd sakinləri Şahid4, Şahid5 və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduqları ilə bağlı. Daha sonra həmin şəxslərin cinayət əməllərinin ifşasından ötrü əməliyyat müvəkkili Şahid2 raportla şöbə rəisinə müraciət etmiş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Qrup rəhbəri əməliyyat müvəkkili Şahid2, üzvləri isə o, RPŞ-nin TB-nin təhqiqatçısı Bəhmən Əsgərli və RPŞ-nin KTQ-nun baş inspektoru Ramal Şükürov və YPX-nin inspektoru Nəriman Həsənov təyin edilmişdir. Bundan sonra təhqiqatçı Bəhmən Əsgərlinin xidməti otağında onlara hüquq və vəzifələri izah olunduqdan sonra şəxsi-axtarış aparılacağı və bu zaman video çəkilişdən istifadə olunacağını bildirilmiş və əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffav sellofan bükümündə qurudulmuş marixuanaya bənzər kütlə və şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Qurudulmuş marixuananı bildirməsinə görə bir neçə gün əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Dədə Qorqud” şadlıq sarayının qarşısında tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün almışdır. Eləcədə həmkəndliləri olan Şahid4 və Şahid5 həmin narkotik vasitədən heç bir xəbərinin olmadığını bildirmişdir. Bundan sonra həmin qurdulmuş marixuanaya bənzər maddə və “Redmi” markalı mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmışdır və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra Şahid5 və Şahid4 üzərlərinə və Şahid4 avtomobilinə baxış keçirilmiş və həmin şəxslərin üzərindən və avtomobildən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Şahid5 və Şahid4 təhqiqatçı tərəfindən azad olunmuşlar və onlar şöbəni tərk edib getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11-12 radələrində Masallı rayonu Göyəçöl kəndindən Yeddioymaq kəndi istiqamətində hərəkətdə olduğu zaman qarşıdan “Mersedes Benz” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşdür. Həmin vaxt ölkə ərazisində beynəlxalq tədbir olduğu üçün o, xidmətdə tək olmuşdur. Həmin vaxt həmin “Mersedes Benz” markalı avtomobilin davamlı manevr etdiyini və təyin edilmiş sürət həddini aşdığını görmüş və ona saxla işarəsi verib dayanmasını bildirmişdir. Həmin markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi Masallı rayonu Viləş kənd sakini Şahid4 avtomobili yolun kənarında saxladıqdan sonra ona yaxınlaşıb özünü təqdim etmişdir və sürücüyə nə üçün davamlı manevr etdiyini, sürət həddini aşdığını soruşmuşdur. Sürücü cavabında yolun çala-çuxur olduğundan avtomobili həmin çalalara düşməməsindən ötrü avtomobili həmin çalalardan qaçırdığını bildirmişdir. Bu zaman avtomobilin ön sərnişin oturacağında əyləşmiş adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü narahat apardığını hiss etmişdir və o, həmin şəxsə özünü çox narahat hiss etdiyini bildirərək üzərində hər hansı bir kəsici alət, narkotik vasitə, silah-sursat və yaxud qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşdur. Eyni zamanda avtomobilin arxa sərnişin oturacağında oturmuş Cavid adlı şəxsədə eyni sualı vermişdir. Cavid olmadığını demişdir. Amma ön sərnişin oturacağında oturmuş Rəfi adlı şəxs özünü şübhəli aparmış və heç bir cavab verməmişdir. Buna görə də o, həmin şəxsləri Masallı RPŞ-yə dəvət etmiş və sürücüdən sənədlərini almışdır, sürücüdə heç bir etiraz etməmişdir. Xidmətdə tək olduğu üçün sürücü avtomobili onun qarşısında idarə etmiş oda xidməti avtomobili ilə onların arxası ilə gələrək onları şöbəyə gətirmişdir. İnzibati binanın həyətinə daxil olduqdan sonra Masallı RPŞ-nin rəisinə məruzə edərək avtomobil və üç nəfər şəxs gətirdiyini və həmin şəxslərdən şübhələndiyini bildirmişdir. Həmin vaxt xidmətdə olmuş CAB-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 üzərində narkotik maddələrin olub-olmadığını müəyyən edilməsi üçün həmin şəxslərin üzərinə şəxsi axtarışın keçirilməsi barədə raportla RPŞ-nin rəisinə məruzə etmişdir və raportun icrası təhqiqatçı Bəhmən Əsgərliyə həvalə olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə olunmaqla həmin şəxslərin üzərinə şəxsi-axtarış aparılmış və bu zaman Şahid5 və Şahid4 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra bütün bunlar sənədləşdirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, Şahid5 və Təqsirləndirilən şəxsla birlikdə işləmişlər və iş yeri Mahmudavar kəndi olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında növbəti dəfə işə getmək üçün Rəfi və Cavid Viləş kəndində “Mersedes Benz” markalı avtomobilinə oturmuşdur və o Mahmudavar kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Masallı rayonu Şıxlar kəndinin çıxışında yerləşən inşaat materialları mağazasının qarşısında avtomobilini saxlamışdır və mağazaya daxil olub orada olan santexnik alətlərinə baxıb özlərinə lazım olan bir neçə aləti aldıqdan sonra yola davam etmişdir. Masallı rayonu Gəyəçöl kəndi ərazisindən keçən hissəsində qarşıdan gələn X27 avtomobilinin sürücüsü ona işarə edərək dayanmağını bildirmişdir. Avtomobilini saxlamışdır və polis əməkdaşı onlara yaxınlaşaraq özünü təqdim etmiş və sürət həddi aşdığına görə saxlanıldığını bildirmişdir. Daha sonra polis əməkdaşı onlardan üzərlərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmamasını soruşmuşdur. O və Cavid cavab verərək heç bir əşya olmadığını bildirmişlər. Lakin Rəfi heç bir cavab verməmişdir. Rəfinin susub cavab verməməsindən polis əməkdaşı şübhələnmişdir. Buna görə də polis əməkdaşı onları polis şöbəsinə dəvət etmiş və onları Masallı RPŞ-nin inzibati binasının həyətinə gətirmişdir. Orada ilk öncə Rəfini şöbənin inzibati binasına aparmışlar. Daha sonra onun və Cavidin üzərinə və onun avtomobilinə baxış keçirmişlər. Baxış zamanı nə onun, nə Cavidin üzərindən, nədəki ona məxsus avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Şöbədə olduqları zaman eşitmişdir ki, Rəfinin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Lakin Rəfinin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Daha sonra onları azad etmişlər və onlarda şöbədən çıxıb getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, 2 noyabr 2024-cü il tarixdə həmkəndliləri Ramin və Rəfi ilə birlikdə Raminə məxsus avtomobillə Mahmudavar kəndinə işləmək üçün getdikləri zaman yol polisi tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra polis əməkdaşı onlardan şübhələnərək üzərlərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Onlar üzərlərində narkotik vasitə olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşı onları Masallı RPŞ-yə aparmışdır. Polis şöbəsində olduğu zaman onları ayrı ayrı otaqlara aparmışlar. Daha sonra o, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra o, və Ramin azad olunmuşlar. Rəfi isə polis şöbəsində saxlanılmışdır. Polis əməkdaşlarının bildirməsinə görə Rəfinin üzərindən narkotik vasitə aşkarlanmışdır. Lakin Rəfinin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Rəfinin hərəkətlərində şübhəli nəsə görməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunmamışdır. Rəfiyə qarşı zor tətbiq olunub-olunmamasından xəbəri yoxdur. Çünki onlar ayrı-ayrı otaqlarda saxlanılmışlar. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis serjantı X6, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X14 və Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X12 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 1 həftə öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Dədə Qorqud” restoranının yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 10 (on) manat müqabilində satın aldığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 6,41 qram çəkidə olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərinə “Redmi” sözləri yazılmış mobil telefon çıxararaq təqdim etmişdir. Daha sonra həmin qurudulmuş marixuanaya bənzər kütlə və "Redmi” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Həmçinin Təqsirləndirilən şəxs əynində olan digər paltarlara şəxsi axtarış keçirilərkən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X15 tərəfindən müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, səhər saat 09 radələrində işə getmək üçün həmkəndliləri Ramin və Cavidlə birlikdə yola çıxmışlar. Həmişə inşaat materialları aldıqları mağazanın qarşısında Ramin avtomobili saxlamış və hər üçü avtomobildən düşmüşlər. O, avtomobildən düşən kimi siqaret çəkməyə başlamışdır. 811 nömrəli Hunday markalı yol polis maşını üzbə-üz durduqları zaman onların sol tərəfində digər maşın isə onların sağ tərəfində saxlamışdır. Həmin maşının içindən iki nəfər mülki geyimli şəxs düşüb onlara yaxınlaşmışdır. İlk öncə elə zənn etmişlər ki, avtomobillə nəsə qayda pozuntusu etmişlər. O, Ramindən soruşmuşdur ki, “sən təhlükəsizlik kəmərini vurmuşdun, sürət həddini aşmamısan, bəs bu nə məsələdir”. Ramində cavabında “mən bilmirəm” demişdir. Polis əməkdaşları onlara yaxınlaşdıqdan sonra onlara üzərlərində axtarış aparmaq lazım olduğunu bildirmişlər. O, polis əməkdaşlarından nə səbəbə onların üzərlərində axtarış aparacaqlarını soruşmuşdur. Polis əməkdaşları onların üzərlərində narkotik vasitə olması ilə bağlı məlumat olduğunu bildirmişlər. O, polis əməkdaşlarına üzərində axtarış keçirilməsinə etiraz etmədiyini, lakin ilk öncə özlərini təqdim edib vəsiqələrini gəstərmələrini və yaxınlıqda olan avtotəmir sexindən və ehtiyat hissələri mağazasından hal şahidləri dəvət etmələrini və video çəkilişlə axtarış apara biləcəklərini bildirmişdir. Lakin polis əməkdaşları isə onun dediklərini nəzərə almamışlar və yoxlanış aparmağa başlamışlar. İlk olaraq avtomobili yoxlamışlar. Ramini çəkmişlər kənara və o, yol polis maşınının yanında dayanmışdır və Cavidlə onu yoxlamağa başlamışlar. Lakin nə avtomobildən nədəki onların üzərlərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Cavididə kənara çəkib onu avtomobilin arxa sərnişin oturacağında oturmuşlar. Eləcədə üzərində olan siqareti, mobil telefonunu, plastik kartını və 70 manat pulunu polis əməkdaşlarına vermişdir. Anar həmin vaxt avtomobilin yanında durub onunla söhbət etmişdir, əşyalarıda Elvində olmuşdur. Bu zaman o, polis əməkdaşlarının bir birinə baxıb işarə ilə nəsə danışdıqlarını hiss etmişdir. Danışdıqları zaman Elvinin onun əşyaları ilə qurdalandığını görmüşdür. Bu zaman o, Elvinə ona məxsus əşyalara atrıq baxış keçirildiyini, onun nəyə baxdığını demişdir. Elvin cavabında narkotik vasitə tapdığını demişdir. Oda cavabında “narkotik mənim deyil, yəqin sən qoymusan” demişdir. Daha sonra onlara şöbəyə getməyi bildirmişlər və 811 nömrəli avtomobilə mindirmişlər arxa sərnişin oturacağında o və Cavid oturmuşdur. Elvin öz maşınını idarə etmiş, Toğrul Raminin maşınını idarə etmiş, yol polis əməkdaşıda öz avtomobilini idarə edərək polis şöbəsinə getmişlər. Polis şöbəsində ikinci mərtəbəyə aparmışlar. İkinci mərtəbədə orda polis əməkdaşları ilə aralarında söz-söhbət, münaqişə olmuş, o, polis əməkdaşlarına narkotik vasitənin onun olmadığını, nə üçün üzərinə narkotik vasitə qoyduqlarını bildirmişdir. Bir qədər söhbət etdikdən sonra polis əməkdaşları ona “sənin deyil, onda başqa bir şey sənin olar, ya bunu boynuna götürməlisən yada sizin maşınınızdan patı deyilən maddə çıxacaq, sizi satıcı kimi verəcəyik qələmə” demişlər. Daha sonra onu aşağı padvala aparmışlar və orda ona hədə-qorxu gəlib, əl-qolunu bağlayıb onu döymüşlər. Bu zaman o, “niyə məni bura gətirmisiz, məqsəd nədi, kimin sifarişidi” demişdir. Dedilər ki, gedərsən içəri bilərsən, sən içəri getməlisən. Bunu ona Şahid2 demişdir. Daha sonra həmin şəffaf selofanı Elvin gətirmiş və demişdir ki, bura imza etməlidir, əgər imzalamasa onu şahidlərlə birlikdə satıcı kimi qələmə verərəklər. Şərt kəsmişlər boynuna götürmüş olsa digər şəxsləri buraxacaqlar, oda razılaşmışdır. Sonra ona tekst vermişlər oxusun. Əvvəla narkotik vasitənin o qədərini 10 manata heç bir yerdə satmırlar. İkincisi isə qeyri mümkündür ki “tanımadığın şəxsdən narkotik vasitə alasan”. Üçüncüsü isə niyə onu üzərində saxlayırki bir qədər istifadə edib qalanını isə istənilən bir yerdə gizlədə bilərdi. Narkotik vasitə ona məxsus deyil, onun olmamışdır. Eləcədə 8 km yol gəlmişdir, dedikləri kimi əgər öz maşınları ilə gəlmişsə o zaman əgər üzərində narkotik vasitə olmuş olsaydı o, həmin narkotik vasitəni ata bilərdi, nə üçün üzərində narkotik vasitə ola-ola polis şöbəsinə gəlsin, heç bir məntiqə sığmır. Məhkəmədən günahsızı olmasını, ailə vəziyyətini, ikinci qrup əlil övladının olmasını, həyat yoldaşının xəstə olmasını, himayəsində 5 azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsinin olmasını nəzərə alıb barəsində bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə (təqsirləndirilən şəxsin öz əl yazısı ilə yazmış olduğu izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələri, şübhəli şəxsin dindirilmə protokoluna əlavə edilmiş 01 ədəd CD disk, video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə protokolu və həmin protokola əlavə edilmiş 01 ədəd CD disk) tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə əvvəllər məhkum edilməsə də, lakin əvvəllər yəni, xx.xx.2012-ci ildə Abşeron Rayon Məhkəməsinin hökmü üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə təqsirli bilinib 09 ay 03 gün islah işləri cəzasına məhkum edilmiş və həmin hökm üzrə təyin edilmiş cəzanı çəkib bitirmişdir. Tutulduğu gündən təxminən 8-9 gün əvvəl saat 18 radələrində tək Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Dədə Qorqud” şadlıq sarayında yaxın tanışının övladının kiçik toy məclisində iştirak etmək üçün getmişdir. Həmin şadlıq sarayından saat 21 radələrində çıxıb Masallı rayonuna geri qayıtmaq üçün taksi axtardığı zaman şadlıq sarayının yaxınlığındakı adını xatırlmadığı qaranlıq küçələrin birində iki nəfər tanımadığı kişi cinsli şəxsin dayandığını və qoxusundan qurudulmuş marixuana çəkdiklərini görmüşdür. Həmin şəxslərə yaxınlaşıb salamlaşdıqdan sonra onlara Masallı rayonundan qonaq gəldiyini, narkotik vasitə qurudulmuş marixuana istifadəçəsi olduğunu və qurudulmuş marixuana varsa ona da vermələrini demişdir. Həmin tanımadığı şəxslərdən biri ona üzərində təxminən 6 qram ağırlığında qurudulmuş marixuana olduğunu və həmin marixuananı 10 manat pulun müqabilində sata biləcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxslə razılaşıb ondan bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb əynində olan şalvarının cibinə qoyaraq taksi ilə əvvəlcə Bakı şəhəri “20 yanvar” dairəsi adlanan əraziyə getmişdir, daha sonra oradan digər şəxsə məxsus tanımadığı taksi ilə Masallı rayonuna gəlmişdir. Ağrıları olanda narkotik vasitə qurudulmuş maxrixuana çəkdiyi üçün tanımadığı şəxsdən aldığı həmin qurudulmuş marixuananı istifadə etməyib üzərində gəzdirməyə başlamışdır. Bundan başqa o, kafel-metlaq ustası olduğu üçün təminən 20 gün əvvəl Masallı rayonu Mahmudavar kəndində yerləşən fərdi yaşayış evlərin birində həmkəndliləri Şahid4 və Şahid5 ilə birlikdə usta kimi işləməyə başladığı üçün hər gün həmin şəxslərlə səhər saatlarında yaşadıqları Viləş kəndindən Raminin idarə etdiyi “mersedes benz” markalı avtomobillə çıxıb həmin Mahmudavar kəndinə işə gedib axşam saatlarında geri qayıdırmış. Ailə üzvləri və digər şəxslər görməsin deyə Bakı şəhərində tanımadığı şəxsdən aldığı həmin bir büküm qurudulmuş marixuananı da daim əynində olan gödəkçənin sağ yan cibində saxlamışdır və nə vaxt ağrıları yaranmağa başlayanda istifadə edəcəyini düşünmüşdür. Üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməyində iş yoldaşları Şahid4 və Şahid5 qəti xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 11 radələrində növbəti dəfə Mahmudavar kəndinə işə getmək üçün Şahid4 idarə etdiyi “Mersedes Benz” markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobilə hər üçü yaşadıqları Viləş kəndində oturub hərəkət etməyə başlamışdır. Masallı rayonu Şıxlar kəndinin çıxışında yerləşən inşaat materialları mağazasının qarşısında Ramin avtomobili saxlamış və hər üçü avtomobildən düşüb mağazaya daxil olub orada olan santexnik alətlərinə baxıb özlərinə lazım olan bir neçə alət alıb yola davam etmişdir. Saat təxminən 12 radələrində Masallı-Lənkəran avtomobil yolunun Masallı rayonu Gəyəçöl kəndi ərazisindən keçən hissəsində işə tələsdikləri üçün Ramin bir qədər idarə etdiyi avtomobilin sürətini artırıb hərəkətinə davam etdiyi zaman qarşıdan gələn X27 avtomobili ona işarə edərək dayandırmasını bildirmişdir. Ramin avtomobili saxlamışdır və özünü Masallı RPŞ-nin DYPB-nin inspektoru Nəriman Həsənov kimi təqdim edən şəxs Raminin sənədlərini yoxlamağa başlamışdır. Həmin vaxtı o, avtomobilin ön sərnişin oturacağında əyləşdiyindən və üzərində narkotik vasitə qurudulmuş marixuana olduğundan həyəcan keçirməyə başlamışdır və bunu DYPB-nin inspektoru Şahid1 hiss etmişdir. Buna görə də inspektor Şahid1 ondan, Ramindən və Caviddən üzərlərində və ya avtomobildə narkotik vasitənin və yaxud qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuşdur. O, qorxduğu üçün inspektora heç bir cavab verməmişdir, lakin Raminlə Cavid ona üzərində və avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını demişdir. Onun inspektora cavab verməməyi iş yoldaşları Raminlə Cavidi də həyacanlandırmışdır və həmin vaxtı inspektor Şahid1 hər üçündən şübhələnməyə başlamışdır. Buna görə də inspektor Şahid1 üzərlərinə və avtomobilə baxış keçirilməsindən ötrü onları Masallı RPŞ-nin inzibati binasının həyətinə gətirmişdir. Qısa müddət sonra Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağa aparılmışdır və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Bəhmən Əsgərli kimi təqdim etmişdir. Sonra təhqiqatçı B.Əsgərli üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı B.Əsgərli Müdafiəçi1, inspektor Nəriman Həsənovun, həmçinin özlərini polis əməkdaşı kimi təqdim edən Şahid2 və Şahid3 yanında ona üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxtı o da əynində olan gödəkçənin sağ yan cibindən şəffaf sellofan bükümü və şalvarının sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim edərək, təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurdulmuş marixuana olduğunu, həmin qurdulmuş marixuananı bir neçə gün əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini və üzərində narkotik vasitə olmasında həmkəndliləri, eyni zamanda iş yoldaşları olan Şahid4 və Şahid5 xəbərinin olmadığını bildirmişdir. Sonra həmin təqdim etdiyi bir ədəd sellofan büküm açılıb içərisinə baxılmışdır və onun həqiqətəndə narkotik vasitə qurdulmuş marixuana olduğu görünmüşdür. Bundan Sonra həmin təqdim etdiyi narkotik vasitə qurdulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmişdir və ümumi çəkisinin 6,41 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə olan qurdulmuş marixuana və “Redmi” markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmışdır və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra üzərinə şəxsi-axtarış keçirilmişdir və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı B.Əsgərli üzərində həyata keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmişdir, həmin protokolu uca səslə oxumuşdur və o da müdafiəçi və digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşı tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş, həmin qurudulmuş marixuananı ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsi tərəfindən təqdim edilmiş 03 noyabr 2024-cü il tarixli, 19/715 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -5,959 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 5.959 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 5.859 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X16 Yoxlamanın nəticələrinə dair 04 noyabr 2024-cü il tarixli, 771 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1(bir) il müddətinə islah işləri növündə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hökm çıxarılanadək 29 (iyirmi doqquz) gün həbsdə saxlanılması nəzərə alınaraq həbsdə saxlamanın 1 günü islah işləri cəzasının 3 gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan 2 (iki) ay 27 (iyirmi yeddi) gün çıxılmış və üzərində qəti olaraq hər ay qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay 3 (üç) gün müddətinə islah işləri növündə cəza saxlanılmışdır. İş materiallarında olan Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-2685/24-62-16 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-224/2012 saylı xx.xx.2012-ci il tarixli hökmü ilə Masallı rayonu, Viləş kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 03 gün mühhətə islah işləri növündə cəza təyin edilmişdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli qərarının 1.4-cü bəndinə əsasən xx.xx.2013-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs cəzadan azad edildiyi üçün iş Masallı rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə 31 may 2013-cü il tarixli qərarın surətindən görünür ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli qərarının 1.4-cü bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarının 1.4-cü bəndində qeyd edilmişdir ki, bu Qərarın 5-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş islah işləri növündə cəza çəkən şəxslər cəzalardan azad edilirlər. İş materiallarında olan Masallı rayon İHB-nin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Viləş (Kalinovka) kəndində qeydiyyat olmaqla arvadı xx.xx.1980-ci il təvəllüdlü X2, qızı xx.xx.2008-ci il təvəllüdlü X7, qızı xx.xx.2010-cu il təvəllüdlü X9, qızı xx.xx.2019-cu il təvəllüdlü X10, oğlu xx.xx.2014-cü il təvəllüdlü X13 və oğlu xx.xx.2016-cı il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 03 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid4 əməlində Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbirin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şahid4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Viləş kənd sakini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Masallı RPŞ-nin əməkdaşları tərəfindən əsassız saxlanıldığı və digər qeyri-qanuni hərəkətlərə məruz qaldığını göstərməsi ilə bağlı toplanmış material üzrə cinayət işi başlanması Azərbaycan Respublikası CPM- nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi və şübhəli şəxsin dindirilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, təqsirləndirilən şəxsin öz əl yazısı ilə yazmış olduğu izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələri, şəxsi axtarış və götürmə protokolu, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan aparılmış istintaq hərəkətləri zaman özünü tam şəkildə təqsirli bilərək üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 noyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,859 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürülmə və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 5,859 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və şübhəli şəxsin dindirilməsi barədə görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-14/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-14/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver