Məhkəmə qərarları › İş №1(050)-145/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-145/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-145/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Masallı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Masallı rayon, Təklə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı Masallı rayon, Təklə kəndi ərazisində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-0,843 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək qeyd etdi ki, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən narkotik vasitə heroin qəbul edir. Bədənində ağrılar olur və narkotik vasitə heroin qəbul edərək ağrılarından azad olur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında bədənində ağrılar olduğunu hiss etmişdir. Narkotik vasitə əldə etmək üçün Cəlilabad rayon, Göytəpə qəsəbəsinə getmiş və orada olarkən yolun kənarında 1 nəfər şəxsin dayandığını görmüşdür. O, narkotik vasitədən istifadə etdiyi üçün həmin şəxsə yaxınlaşıb onun üçün narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs hazırda üzərində 1 büküm “kakos” kimi tanınan heroin olmasını və 10 manata satdığını demişdir. O, həmin 1 bükümdə olan narkotik vasitəni ondan almış və Masallı rayonuna gəlmişdir. Gündüz saatlarında yaşadığı evdə narkotik vasitəni qəbul etmək üçün əlverişli şərait olmadığından gecə saatlarını gözləmişdir ki, kimsənin olmadığı vaxt rahat yer tapıb və heroini qəbul etsin. xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində yaşadığı evdən çıxıb kənd ərazisində özü üçün əlverişli yer axtarmaq istəmişdir. Piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Əli Sadıqov kimi təqdim etmişdir. Sonra təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra təhqiqatçısı üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməsi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan boz rəngli şalvarının sol yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini çıxardıb təqdim edərək, təqdim etdiyi narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Cəlilabad rayon, Göytəpə qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Odur ki, göstərilənlərin nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, 12 may 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı rayonu, Təklə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Şahid2 və Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 üzvlüyü ilə “təxirə salınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində Masallı rayon, Təklə kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Əli Sadıqovun xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuşdur, dövlət hesabına öz istəyi əsasında müdafiəçi ilə təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan boz rəngli şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü iştirakçılara təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini şəxsi istifadəsi məqsədilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Cəlilabad rayon, Göytəpə şəhərindən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman onun üzərindən başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmadı. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs özü tərəfindən əynində olan boz rəngli şalvarının sol yan cibindən çıxararaq könüllü təqdim etdiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 19/539 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,843 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,793 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın nəticələrinə dair 23 may 2023-cü il tarixli, 557 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Nakoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. İş materiallarında olan Masallı RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Təklə kəndində qeydiyyatda olmaqla arvadı xx.xx.1984-cü il təvəllüdlü X4, övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin ediləcəyi təqdirdə də, təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.793 qram tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD iş materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 12 may 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,793 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar