Məhkəmə qərarları › İş №1(050)-145/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-145/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-145/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2ci maddəsinə əsasən qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 12 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərədə tutulmuş qaydada götürülməmiş, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 25 may 2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda qanunsuz əldə etdiyi psixotrop maddə metamfetamini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,223 qram, ağ rəngli kristalardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, 2017-ci ildən etibarən narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında bədənində ağrılar olduğundan psixotrop maddə metamfetamin almaq üçün yaşadığı evdən çıxmış və tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşərək Lənkəran rayonu Qumbaşı kəndi ərazisinə getmişdir. Orada görkəmçə narkotik vasitə qəbul edən, əvvəllər tanımadığı şəxsə yaxınlaşaraq özünə psixotrop maddə metamfetamin lazım olduğunu demiş və həmin şəxs də ona metamfetamin tapa biləcəyini demişdir. O, həmin şəxsə cibindən 15 manat pul çıxarıb vermiş və ona həmin məbləğdə metamfetamin tapmasını xahiş etmişdir. Həmin şəxs də ondan pulu alıb getmiş, təxminən 5-10 dəqiqə sonra geri qayıdaraq əlində olan 1 ədəd şəffaf bükümü ona vermiş və içərisində metamfetamin olduğunu demişdir. O da həmin şəxsdən 1 ədəd bükümü alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində gizlətdikdən sonra tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşmiş və Masallı şəhərinə gəlmişdir. Masallı şəhərində “Bayraq meydanı” deyilən ərazidə avtomobildən yerə düşmüş və piyada hərəkət etməyə başlamışdır. Saat 11 radələrində Masallı şəhəri H.Əliyev prospektində piyada hərəkət edən zaman 2 nəfər əvvəllər tanımadığı polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edərək, narkotik maddələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Masallı rayon polis şöbəsinə dəvət etmiş, o, həmin əməkdaşlarla birlikdə polis şöbəsinə getmiş və orada təhqiqatçı Vasif Ağazadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş müdafiəçi Tofiq Şahmarov təyin edilmiş, sonra isə Vasif Ağazadənin xidməti otağında video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştrakları ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi, içərisində metamfetamin olan bükülünü təhqiqatçıya təqdim etmişdir. O, üzərindən aşkar olunan bükülünün içərsində metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən əynində olan digər paltarlara şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunan, içərsində psixotrop maddə metamfetamin olan büküm elektron tərəzidə çəkilmiş və ümümi çəkisi 0,33 qram təşkil etmişdir. Üzərindən aşkar olunan 1 bükümdə metamfetamin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılar həmin protokola da imza etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirib barəsində yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə Masallı rayonu Xıl kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmiş və tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında onun tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri H.Əliyev prospekti ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin əraziyə getmiş, həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olması, qəbulunda şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmiş və birlikdə Masallı RPŞ-nə gəlmişdir. O, bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TB- nin təhqiqatçısı Vasif Ağazadəyə həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Vasif Ağazadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Tofiq Şahmarov təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilərək ümümi çəkisi 0,33 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamini Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən əldə etməsi barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxarıb iştirakçılara təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş fiziki-kimyəvi ekspertizasının 26 may 2024-cü il tarixli, 19/449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan ağ rəngli krsitallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,223 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq - 0,173 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 491 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİ NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,223 qram olan, ekspertiza tədqiqatından sonra qalan 0,173 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2021-ci il tarixli 1(050)- 39/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının şəkilməmiş qalan 03 ay 12 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-1323/24-62-16 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-19/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.1977-ci il təvəllüdlü, Masallı rayonu Xıl kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 03 ay 12 gün müddətinə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar və qərarın icrası barədə göstəriş icra edilməsi üçün məhkumun qeydiyyatı üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün Təqsirləndirilən şəxs Masallı rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla yaşayır, iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd bir ədəd sellofan bükümdə təmiz çəkisi -0,223 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə saat 12:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,173 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 25 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 25 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,173 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar