Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-147/2023 19.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(050)-283/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətdə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Masallı şəhəri ünvan 1-də qeydiyyatda olmaqla Masallı şəhəri Natəvan küçəsində yaşayan, 08 may 2023-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-62/2023 saylı, 10 may 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masallı şəhəri S.Məmmədov küçəsində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,217 qram, ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2 övladı var. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində psixotrop maddə metamfetamin almaq üçün yaşadığı evdən çıxmış və tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşərək Lənkəran rayonu Qumbaşı kəndinə getmişdir. Həmin kəndin mərkəzində avtomobildən yerə düşmüş və narkotik vasitə satan şəxs axtarmağa başlamışdır. Sonra əvvəllər tanımadığı və zahirən narkotik vasitə istifadə edən birinə oxşayan şəxsə yaxınlaşaraq özünə psixotrop maddə metamfetamin lazım olduğunu demiş və həmin şəxs də ona metamfetamin tapa biləcəyini bildirmişdir. Həmin şəxsə cibindən 10 manat pul çıxardıb vermiş və ona həmin məbləğdə metamfetamin tapmasını xahiş etmişdir. Həmin tanımadığı şəxsdən ondan pulu alıb harasa getmiş, təxminən 15-20 dəqiqə sonra geri qayıdaraq əlində olan 1 ədəd şəffaf bükümü ona vermiş və içərisində metamfetamin olduğunu demişdir. O da həmin şəxsdən 1 bükümü alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra isə yaşadığı evə getmək üçün tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşmiş və Masallı şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masallı şəhəri S.Məmmədov küçəsində piyada hərəkət edən zaman 2 nəfər əvvəllər tanımadığı polis əməkdaşı ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim edərək, narkotik maddələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onu Masallı rayon polis şöbəsinə dəvət etmişdir. O, həmin əməkdaşlarla birlikdə polis şöbəsinə getmiş, orada təhqiqatçı Xalid Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş Müdafiəçi təyin edilmişdir. Sonra isə Xalid Qurbanovun xidməti otağında video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştrakları ona təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa təqdim etsin. Oda əynində olan göy rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi, içərisində metamfetamin olan bükülünü təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt o, polis əməkdaşlarına bildirmiş ki, üzərindən aşkar olunan bükülünün içərsində metamfetamin vardır, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən almış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra təhqiqatçı tərəfindən əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir. Məhkəmədən təqsirini etiraf edərək səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında iştirak etmədiyi üçün istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Masallı RPŞ-nin CAB-nin NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 may 2023-cü il tarixdə Masallı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla Masallı şəhəri Natavan küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuşdur. Raport əsasında tərəfindən qərar qəbul olunmuş və həmin qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və o qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri S.Məmmədov küçəsi ərazisində olması barədə məlumat əldə edib Masallı RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə həmin əraziyə getmişdir. Həmin ərazidə piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməkdə, qəbul etməkdə şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qəfl yanlarında qaçmağa başlamış və təxminən 10-15 metr getdikdən sonra ayağı daş parçasına ilişib öz ehtiyatsızlıqdan ağzıüstə yerə yıxılaraq burun nahiyəsindən cüzi xəsarət almışdır. Təqsirləndirilən şəxs yerdən qaldırıb ondan tibbi yardıma ehtiyacının olub-olmamasını soruşmuş və oda cüzi xəsarət aldığından tibbi yardıma ehtiyacının olmadığını deyərək birlikdə Masallı RPŞ-yə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra bu barədə raportla şöbə rəisinə məruzə etmiş və raportun icrası TB-nin baş təhqiqatçısı Xalid Qurbanova həvalə olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Xalid Qurbanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilərək ümümi çəkisi 0,23 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamin zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2023-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-ə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs özü tərəfindən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq könüllü təqdim etdiyi müəyyən edildi. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin materialların məhkəmə ekspertizası, məhkəmə fiziki-kimyəvi eskpertizasının 09 may 2023-cü il tarixli 19/527 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər ketlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,217 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi-0.217 qr., tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,167 qr). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın 10 may 2023-cü il tarixli 527 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə olunmuş hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 1(050)-283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Sadatov X6 Rayon Məhkəməsinin 1(050)- 283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il, 02 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə çəkilməmiş hissəsi 07 ay 24 gün təşkil edir. İş materiallarında olan iltizamın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixində Masallı Rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata düşmüş və həmin tarixdən cəzasının icrasına başlamışdır. İş materiallarında olan Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Sadatov X6 şəhəri, M.Füzuli küçəsi, ev 15-də qeydiyyatda olmaqla arvadı xx.xx.1978-ci il təvəllüdlü X2 və övladları xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X3 ibarət ailə üzvləri vardır və onun barəsində ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 16 may 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Masallı şəhəri ünvan 1-də qeydiyyatda olmaqla Masallı şəhəri Natəvan küçəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Diaqnozu – Ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1617 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Masallı Rayon Məhkəməsinin 1(050)- 283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq saxlanılmış 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmişdir. Lakin onun əməlində cinayətlərin residivi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olmaqla, cinayət əməlindən sonrakı müddətdə olan davranışları ilə islah yolundadır. Onun yaşı, ailə vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah oluna bilər. Bu səbəbdən də, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halları, onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun və ailəsinin həyat şəratinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəza siyasətinin məqsədlərini təmin edir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan və iltizamdan görünür ki, Sadatov X6 Rayon Məhkəməsinin 1(050)-283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi ilə əlaqədar 05 yanvar 2022-ci il tarixdə icra şöbəsi tərəfindən qeydiyyata götürülmüş və qanunvericiliyə əsasən onun həmin hökm üzrə cəza çəkməsinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmağa başlamış, 08 may 2023-cü il tarixədək cəzasını çəkmiş və həmin tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 il 4 ay 2 gününü çəkmiş, cəzanın 10 ay 24 gün hissəsi çəkilməmiş qalmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırıması cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 10 ay 24 gün hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Masallı Rayon Məhkəməsinin 4(050)-62/2023 saylı, 10 may 2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 08 may 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan müddət cəza müddətinə daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin toküsikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,167 qram qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına Masallı Rayon Məhkəməsinin 1(050)-283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 08 may 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan 02 (iki) ay 11 (on bir) gün müddətin hər 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,167 qram qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №1(050)-147/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-147/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver