Məhkəmə qərarları › İş №1(050)-147/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-147/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-147/2024 18.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Xüsusi ittiham üzrə şikayətçilər X18 və X10, Barəsində şikayət verilən şəxs X7 iştirakları ilə X7, X11, X4, X12, X19, X5, X20, X25, X6, X13, X2 və X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittiham üzrə şikayətçilər X22, X18 və X26 xüsusi ittiham qaydasında şikayət verərək, X7, X11, X4, X12, X19, X5, X20, X25, X6, X13, X2 və X21 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Xüsusi ittiham üzrə şikayət onunla əsaslandırlmışdır ki, X22 xx.xx.1963-cü ildə Masallı rayonunun Babaser kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Masallı rayon Mənzil Komunal Təsərrüfat İdarəsində xadimə vəzifəsində işləyir. X33 xx.xx.1998-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Masallı rayonunun Babaser kəndində qeydiyyatda olmağına baxmayaraq, Bakı şəhərində yaşayır. Fərdi işlərlə məşğul olur. X26 xx.xx.2001-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Masallı rayonunun Babaser kəndində qeydiyyatda olmağına baxmayaraq, Bakı şəhərində yaşayır. Fərdi işlərlə məşğul olur. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında X23, Kamil adlı şəxsin sözü ilə yaşadıqları evə hücum edərək, onları ölümlə hədələmiş və evin pəncərələrini sındırmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə saat 14:02-də DİN-nin 102 xidmətinə həyatlarının təhlükədə olması barədə məlumat verilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, X8 oğlu X23 və həmkəndliləri X27, X14, X28, X34, X15, X35, X43, X16, X31, X9 və X3 Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək bildirmişlər ki, Könül, Vəziyyə və Zərifə Masallı rayonunun Babaser kəndində olan evində əxlaqsız yuvası təşkil edərək, müxtəlif rayon və kəndlərdən dəvət etdiyi şəxslərlə eyş-işrət məclisi düzəldərək, intim münasibətlərdə olurlar. Beləliklə, ittiham olunan şəxslər qısa vaxt ərzində bu cür kənd camaatı arasında şərəf və ləyaqətin alçaldılmasına əsas verən fikirlərlə qarşılaşmaları onlara maddi və mənəvi ziyan vurmuşdur. Bunun nəticəsində Zərifə Bayramovanın nişanlısı bu hadisələrdən sonra nişanı geri qaytarmaq məcburiyyətində qalmışdır. Bu hadisə nəticəsində Zərifə Bayramova müxtəlif dərman preparatları içərək, özünə qəsd etmək istəmişdir. Könül Quliyeva hadisədən dərhal xəbərdar olub, Təcili Yardımın 103 xidmətinə zəng edib, məlumat vermişdir. Zərifənin səhhəti getdikcə pişləşdiyini, ölümlə üz-üzə olduğunu görən Könül, Zərifəni istifadəsində olan avtomobili ilə xəstəxanaya aparan zaman Təcili Yardımla qarşılaşıb, Təcili Yardım maşınına əyləşdirmişdir. Beləliklə də, Zərifəni həyata qaytarmışlar. Bununla əlaqədar Masallı Rayon Prokurorluğunda intihara cəhdlə bağlı araşdırmalar davam edir. Bu özü də maddi mənəvi ziyan deməkdir. Beləliklə, yuxarıda qeyd etdikləri şikayət ərizələrinə əsasən adları qeyd edilən cavabdehlərdən alınan izahatlar əsasında Masallı RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət hadisəsi olmamasına görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, marqalı tərəfə şər və böhtanla bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməsi qərara alınmışdır. Bundan sonra şərəf və ləyaqətin alçaldılması, maddi və mənəvi ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyərində qalmışlar. Tədqiqat orqanının tam və ətralı araşdırma aparmadığını, birtərəfli qaydada şikayətlərinə qiymət verərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini düşünürlər. Həmin qərardan narazı qalmış və tədqiqat orqanının qərarından Rayon Prokurorluğuna şikayət etmişlər. Bu fakt iş materiallarında olan izahatlarla və digər sənədlərdə sübuta yetir. Eyni zamanda hadisəni eşidən və görən şahid X29 öz ifadəsi ilə bunu təsdiq edəcəkdir. Xüsusi ittiham üzrə şikayətçi X33 şikayət ərizəsinə uyğun izahat verərək, bildirdi ki, xüsusi ittiham qaydasında şikayətinin əsası barələrində Masallı Rayon Polis Şöbəsinə edilmiş şikayətlərdir. Bundan başqa barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər bir neçəsi polis şöbəsində izahatlarında “biz getdik kəndin ağsaqqalları ilə məsləhətləşdik” ifadələrini vermişlər. Hesab edir ki, kəndin ağsaqqları kütlə sayılır. Onların arasında barələrində xoşagəlməz söhbətlərin olması kütlə arasında baş verən söhbət kütləvi çıxış sayılmalıdır. Həmçinin 10 nəfər yığışıb barələrində hüquq mühafizə orqanlarına şikayət etməsi də kütləvi yayılma sayılmalıdır. Bu adamların onları kütləvi şəkildə şərləməsinin məqsədi kənd camaatı arasında onlar barəsində mənfi fikir oyatmaqdır ki, bu da kəndən qovulmaları ilə nəticələnsin. Bu da qardaşı X7 planıdır ki, yaşadıqları ev ona qalsın. Bundan başqa onlar bir müddət qardaşı ilə birlikdə Bakı şəhərində yaşamışlar. Bu müddət ərzində həqiqətən də əxlaqsızlıqla məşğul olmuşlarsa qardaşı Məhəbbət bunu niyə hiss etməmişdir? Bundan başqa qardaşı Məhəbbət polis şöbəsinə ərizə ilə müraciət edərək, guya bacıları 3 ildir ki, əxlaqsızlıqla məşğul olur, narkotik vasitələrdən istifadə edir kimi ifadələr işlətməklə onlara şər və böhtan atmışdır. Hansı qeyrətli qardaş bacısına belə şər və böhtan atar. Hətta bacısı Zərifənin onlara atılan böhtana görə nişanı qayıtmışdır. Buna görə də o, intihara cəhd etmişdir.Qardaşı onlara hələ də şər və böhtan atmağa davam edir. Əgər bunun qarşısı alınmasa daha ağır nəticələrə səbəb ola bilər. Göstərilənləri nəzərə alaraq şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham üzrə şikayətçi X26 şikayət ərizəsinə uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, qardaşı X23 və digərləri barələrində əsasız olaraq hüquq-muhafizə orqanlarına şikayət etmişlər. Onların şər-böhtanları polis şöbəsində araşdırılmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qardaşı Məhəbbətin ona şər və böhtan atması nəticəsində onun nişanı qayıtmış, buna görə o mənəvi və psixi sarsıntı keçirərək, intihara cəhd etmişdir. Bacısı Könül olmasaydı o, yəqin çoxdan ölmüşdür. Onun intihara cəhd etməsi hadisəsinə Arzu adlı rəfiqəsi şahidlik etmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X23 bildirdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər onun ailə üzvləridir. Belə ki, Vəziyyə onun anası, Könül və Zərifə isə onun bacılarıdır. Ailə üzvləri ondan xəbərsiz işlər görür, ailədə nə baş verir bütün olanlardan xəbərsizdir. Onun bacıları Zərifə və Könül tanımadığı adamlarla otellərə və məclislərə gedirlər. Bacıları onun tanımadığı adamları müvəqqəti yaşadıqları evə gətirərək, məclislər təşkil edirlər. Otellərdə və restoranlarda etdikləri rəqslərini sosial şəbəkələrdə paylaşmışlar. Bacısı Zərifə nişanlanmış, lakin onun bir qardaş kimi bundan xəbəri olmamışdır. Bacılarının müxtəlif şəxslərlə olan yazışmalarını anası Vəziyyəyə də göstərmiş, lakin anası bununla bağlı heç bir tədbir görməmiş və olanlara göz yummuşdur. Bacılarının etdiyi bu biyabırçılıqlar bir kişi kimi onun şəxsiyyətinə toxunur. Kənd camaatının içərisinə çıxa bilmir. Yaşadıqları evi kənd məktəbinin 50-60 metrliyində yerləşir, məktəbli uşaqlar və böyüklər evindəki olan biyabırçılıqları görürlər. Kənd ağsaqqlları onun vəziyyətini görüb bildirmişlər ki, cavansan bıçağa əl atma. O da, qayda qanun olduğunu bildirib, ailəsində baş vermiş biyabırçılqlardan hüquq mühafizə orqanlarına şikayət verəcəyini bildirmişdir. Bu səbəblə də onlardan şikayət etmişdir. Hesab edir ki, barəsində verilmiş şikayət əsassızdır. Xüsusi ittiham üzrə şikayətçi X22, barələrində xüsusi ittiham qaydasında şikayət vermiş X27, X17, X28, X34, X15, X35, X43, X16, X31, X9 və X36 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılması mümkün hesab edir. İş materiallarında olan Masallı Rayon prokuroru cənab X42 rayonu Babaser kənd sakinləri tərəfindən daxil olma tarixi 14 may 2024-cü il olan müraciətdə göstərilmişdir: “Biz, aşağıda imza edənlər (X46, X36, Həsənov dris Əyyub oğlu, X34, X15, X37, X16, X28, X17, X23), Sizə müraciət edərək bildirirk ki, Masallı rayonunun Babaser kənd sakinləri X22, X33, X26 yaşadıqları Babaser kəndindəki evlərində əxlaqsızlıq yuvası təşkil edərək, müxtəlif rayon və kəndlərdən dəvət etdikləri və ya gələn kişi cinsindən olan şəxslərlə eyşişrət məclisləri düzəldərək, intim münasibətlərdə olurlar. Bu hadisələr 3 ildən artıqdır ki, davam edir. Əvvəllər gizli olan hadisələr artıq açıq-aşkar, camaatın gözü qarşısında baş verir. Onlara edilən xəbərdarlıqlar, iradlar və onlara göstərilən mənfi münasibətin heç bir təsiri olmamışdır. Ən pisi odur ki, hadisələrin baş verdiyi məkan kənd orta məktəbinin 50- 60 metr aralığında yerləşir. Hadislərin daha da kəskinləşməsi bizi çıxılmaz vəziyyətdə qoymuşdur. Hadisələrin inkişafı faciəvi nəticələrə səbəb ola bilər. Hörmətli Vəli müəllim, Sizə müraciət edərək əxlaqsızlıq yuvası saxlayan və əxlaqsızlıqla məşğul olan X22, X33, X26 və onların himayədarları barəsində qanuni ölçü götürülməsini xahiş edirik.” İş materiallarında olan X7 Masallı Rayon Polis şöbəsinin rəisi polis polkovniki cənab Azay Ağayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən göstərilmişdir ki, “mən bacılarım Könül Quliyevanın, Zərifə Bayramovanın narkotik maddələrdən istifadə etmələri evi əxlaqsızlıq yuvasına çevrilmələri, bacısı Könülün görüşdüyü Yanar adlı şəxsin onu həsələməsi, onun dostlarını izləməsi narahatlıq doğurur.” İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Cinayət hadisəsi olmamasına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, maraqlı tərəfə şər və böhtanla bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmiş, gələcəkdə baş verə biləcək xoşagəlməz halların hüquqazidd hərəkətlərin qarşısının alınması, tərəflərin münaqişəli ailə kimi qeydiyyata götürülməsi məqsədilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-nə məlumat verilməsi üçün göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı rayon Babaser kəndində yaşayan X1 RPŞ-yə ərizə ilə müraciət edərək, bacıları Könül Quliyevanın və Zərifə Bayramovanın narkotik vasitələrdən istifadə etmələri, evi əxlaqsız yuvasına çevirmələri, Könülün görüşdüyü Yanar adlı şəxsin onu hədələməsi barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işi rədd edilmiş, maraqlı tərəfə şər və böhtanla bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmə şikayətin dəlillərinə əsasən hesab edir ki, xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilə bilməz. Belə ki, verilmiş şikayətdən və əlavə olunmuş materiallardan göründüyü kimi, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin etmiş olduğu şikayətlər kütləvi informasiya vasitələrində yayımlanmamış, hüquq mühafizə orqanlarına ünvanlanmışdır. Bundan başqa X33, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərdən bir neçəsi polis şöbəsində izahatlarında bildirirlər ki, “biz getdik kəndin ağsaqqalları ilə məsləhətləşdik” ifadələrini əsas götürərək, hesab edir ki, kəndin ağsaqqalları kütlə sayılır. Onlar arasında barələrində xoşagəlməz söhbətlərin olması kütlə arasında baş verən söhbət kütləvi çıxış sayılmalıdır. Şikayətçilərin izahatına məhkəmə münasibət bildirərək qeyd edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin aralarında belə söhbətin aparılmasını qərəzlik, şər-böhtanı yaymaq kimi yox, əksinə mövcud vəziyyətin həll yolunu tapmaq niyyətlərinin olması kimi qiymətləndirir. Bunun nəticəsidir ki, onlar hüquq muhafizə orqanlarına müraciət etmişlər. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 saylı qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında göstərilən mövqədən çıxış edərək hesab edir ki, X22, X33 və X26 barələrində böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə halda onun hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Belə olan halda məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbuldan imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittiham qaydasında şikayət üzrə X7, X11, X4, X12, X19, X5, X20, X25, X6, X13, X2 və X21 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadığı üçün məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar