Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-149/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1997-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Mənzərə” adlı restoranın qarşısından keçən avtomobil yolunun kənarında həmin restoranda tanışı Zərərçəkmiş şəxs ilə etdikləri sifariş pulunun ödənilməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı üzərində olan istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sağ said və yumruqla sifət nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ said nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL, sol said, burun və sol gözaltı nahiyyənin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, sinif yoldaşı Zərərçəkmiş şəxs ilə “Ümud” adlı kafedə oturub yemək yedikdən sonra Hacıbaba başqa bir yerə getməyi təklif etdiyi üçün “Mənzərə” adlı kafeyə getmişlər. Özü orada bir pivə və tum sifariş etmiş, Hacıbaba isə özünə çay və əlavə şokolad, ya da, “Snikers” sifariş etmişdir. Onun cibində 4 manat olmuş və hər birinin pulu öz sifarişlərini ödəməyə kifayət etmişdir. Hacıbaba onun pulunu verməyəcəyini bildirsə də, o, öz pulunun olduğunu demişdir. Bundan sonra Hacıbaba kiməsə zəng etmiş və onun üçün qara rəngli “BMW” markalı avtomobil gəlmişdir. Bu onların arasında ilk belə hal deyildir ki, Hacıbaba kimisə çağırıb sonra onu atıb getmişdir. Artıq bu hal üçüncü dəfə olduğu üçün bir daha onunla oturmayacağını demişdir. Hacıbaba kafedən çıxanda 5 manat qoyub getmişdir. O, Hacıbabanı təhqir edəndə 5 manatı da, götürüb getmiş o isə 4 manat öz pulunu ödəmişdir. Hacıbabanın arxasınca kafedən çıxmışdır ki, birlikdə gəldikləri kimi birlikdə də, qayıdsınlar. Hacıbaba qara rəngli “BMW” markalı maşında arxa oturacaqda oturmuş, qabaq sərnişin oturacağında isə başqa adam oturmuşdur, Hacıbabanın yanında arxada isə bir xanım əyləşmişdir. Hacıbabaya maşından düşüb birlikdə getməyi təklif etsə də, Hacıbaba maşından düşərək əsəbləşib jaketini çıxararaq maşına çırpmış və onu söymüşdür. Sonra Hacıbaba onun yaxasından yapışaraq yolun digər tərəfinə aparıb sillə vurmuş və boğazından tutub boğmağa başlamışdır. Əli gipsdə olduğu üçün məcbur qalıb Hacıbabanı vurmuş və o, yerə yıxılmışdır. Maşından iki nəfər oğlan çıxaraq onları ayırmışdır. Orda başqa adam olmamışdır. Kafedən çöldə nalayiq ifadələr işlədilməmiş və hadisə kafedən təxminən 12 metr kənarda baş vermişdir. Hadisə vaxtı əlində bıçaq olmamış, lakin Hacıbabanın qolunda bıçaq xəsarətinin necə yaranmasını bilmir. Həmin vaxt yol kənarında dayanmış başqa bir avtomobilin sürücüsü davanı görüb onu maşına mindirmiş və onu aparıb “Şahin” marketin yanında düşürmüşdür. Hacıbabanın həmin “BMW” markalı avtomobillə, yaxud başqa avtomobillə gəldiyini bilməmişdir. Evə girən kimi Hacıbaba ona “WhatsApp” vasitəsilə yazaraq harada olduğunu soruşmuş, sonra onu bıçaqla vurduğunu demişdir. Halbuki orada elə bir şey olmamışdır. Törətdiyi əməldən səmimi peşmançılığını, Bakı şəhərində fərdi əməklə məşğul olduğunu bildirərək yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə günü saat 17-dən sonra sinif yoldaşı Fəridlə görüşüb birlikdə “Ümüd” adlı kafeyə getmişlər. Orada yemək yeyib spirtli içki olan çaxır içmişlər və pulunu yarı-yarıya ödəmişlər. “Ümüd” adlı kafedən çıxıb taksi ilə “Mənzərə” adlı kafeyə getmişlər. Fərid semiçka ilə pivə sifariş etmiş, o isə cibində 5 manat pulu olduğundan “Snikers” şokoladı ilə çay içmişdir. Fərid sifariş verərkən ona pulunun olmadığını, borclu qalacaqlarını, həm də, burda kiməsə ağız açmağa yeri olmadığını demişdir. Hesabı ödəməyə pulları çatmadığı üçün mübahisə başlamış, Fərid ona qarşı nalayiq ifadələr işlətmiş və bundan sonra “səninlə oturan beləbelə olsun” demişdir. Həmin vaxt kafedə təxminən 30-40 nəfərə yaxın adam olmuş, lakin musiqinin səsindən Fəridin işlətdiyi nalayiq ifadələr eşidilməmişdir. O, kafedən çıxmış və evə getmək üçün taksi axtarmışdır. Həmçinin bir nəfər axtarmışdır ki, hesabın pulunu versin və məsələ bitsin. Onun üçün Fəridin pulu verməsi artıq maraqlı olmamışdır. “Bolt” vasitəsi ilə taksi çağırmış, lakin yer uzaq olduğundan taksinin gec gələcəyi qeyd olunmuşdur. Sonra bir nəfərə 5 manat vermişdir ki, onların stolunun pulunu aparıb versin. Yolun kənarında tanımadığı bir şəxs maşın saxlamış və Masallı şəhərinə getdiyini demişdir. O, da Ərkivan dairəsində düşəcəyi üçün maşında sürücünün arxa tərəfində arxa oturacaqda oturmuşdur. Bu zaman Fərid maşına yaxınlaşaraq sürücü tərəfdən şüşədən “peysər düş aşağı” demişdir. O, da maşından düşmüş, səhv həm onda, həm də, Fəriddə olmuşdur. Maşından düşəndə Fərid yüksək səslə nalayiq ifadələr işlədərək ona var-yox söyüşü söymüşdür. Ona görə də, bir dəfə sağ əli ilə Fəridə sillə vurmuş, Fərid isə onu itələmiş, sonra gipsdə olan sağ əli ilə bıçağı sağ cibindən çıxarıb sol əli ilə açaraq sağ əlindən biləkdən aşağı bir dəfə vurmuşdur. Lakin Fəridini onu hansı əli ilə vurduğunu görməmişdir. Bundan sonra taksi sürücü və ətrafda olan digər şəxslər yaxınlaşaraq onları ayırmışlar. Ordan uzaqlaşdıqdan sonra aptekdən yod və pereks alıb evə getmişdir. Evdən Fəridin atasına zəng edib bu barədə məlumat vermiş, atası isə “mən onunla bacarmıram, vur ölsün” dediyi üçün 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Sonra Fərid evlərinə gələrək gedib stadionun yanında söhbət etməyi təklif etmiş, lakin o, getməmişdir. Ondan sonra Fərid telefonla zəng edərək onu təhqir etmişdir. Baş vermiş hadisəyə görə heç kim ondan üzr istəməmişdir. O, Fəridi sillə ilə vurduğuna görə 300 manat cərimə olunmuş və həmin cəriməni də, ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, lakin heç bir tələbinin olmadığını bildirərək ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Evə gələndə oğlunun qolunun deşildiyini və üstünün qanlı olduğunu görüb 102 xidmətinə məlumat vermişdir. O, oğlunu məcbur etdikdən sonra oğlu Fəridin onu vurduğunu demişdir. Lakin oğluna harda, necə və nə ilə xəsarət yetirilməsini bilmir, oğlu da, bu barədə ona heçnə deməmişdir. Oğlunun xəsarəti ilə bağlı həkim çağırmamışlar, yod alıb evdə bintlə bağlamışlar. Hadisə ilə bağlı Fəridin atası ilə əlaqə saxlayaraq uşaqların belə bir səhv etdiklərini deyib gələrək məsələni yoluna qoymasını təklif etmişdir. Atası isə cavab olaraq xəstə olduğu üçün öldüyünü və “qələt edib, gərək mənim oğlumu vuraydı, öldürəydi” deyə cavab vermişdir. Sonra oğlunu Ağdam istiqamətində yola salmışdır. Sonradan Fəridin qardaşı Bakıdan oğluna zəng edərək “Səni öldürəcəm, kəsib doğrayacam, belə edəcəm” demişdir. Vəziyyəti öyrəndikdən sonra oğluna narahat olmamasını, Fəridin atası ilə danışacağını demişdir. Uşaqların telefonda yenə də, mübahisə etdiklərini görüb üçüncü dəfə Fəridin atasını zəng edərək “Sənin ailən, uşaqların, arvadın var, mənim ailəm uşaqlarım göbələkdir bəyəm?” demişdir. Ondan oğluna niyə yiyə durmamasını, oğlunun nə haqla onun ailəsini təhqir etdiyini soruşmuş, Fəridin atası isə cavab olaraq oğlu ilə bacarmadığını, onu axtarışa verdiyini bildirmişdir. O isə demişdir ki, “Veribsən axtarışa, mənə nə var ondan? Səndə iki oğlan var, mənim bir oğlum var. Sən öz övladını istəmirsən, mən öz övladımı istəyirəm.” O isə cavab olaraq demişdir ki: “Bir də zəng etmə, nə istəyirsən et.” Axırda o, 102 xidmətinə zəng etmiş və bu barədə oğluna da, demişdir. Oğlu isə demişdir ki, “Ata, bekara veribsən, gərək vəziyyət belədirsə özüm həll edərdim.” O isə oğluna “dövlətimiz var, qaydalar var, polis var, belə olmaz” bildirmişdir. Sonra oğlunu polisə dəvət edərək oğlundan və ondan izahat almışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Masallı Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya şöbəsinin 21 fevral 2025-ci il tarixli, 125 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ said nahiyyəsinin kəsilmiş-deşilmiş yarası, sol said, burun və sol gözaltı nahiyyənin sıyrıqları(cəmi beş ədəd) müəyyən olundu. Sağ said nahiyyəsinin kəsilmişdeşilmiş yarası deşici-kəsici əşyanın, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda qeydə olunana 18 fevral 2025-ci il tarixə uyğun gəlir. Sağ said nahiyyəsinin kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Sol said, burun və sol gözaltı nahiyyənin sıyrıqları sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 01 iyul 2025-ci il tarixli raportdan görünür ki, Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 18 fevral 2025-ci il tarixdə saat 18 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “Mənzərə” kafesinə gedərək orada əlyəşib sipirtli içki qəbul etdikdən sonra hesabın ödənilməsinə görə aralarında sözlə mübahisə baş vermişdir. Bu zaman Zərərçəkmiş şəxs kafeni tərk edərək yaşadığı evə gəlmək üçün kafenin qarşısından keçən avtomobil yolunu kənarına gəlmiş, həmin vaxt adını bilmədiyi taxsi sürücüsü avtomobili saxlamış Zərərçəkmiş şəxs avtomobilə əyləşən zaman X7 Quliyevi təhqir edərək arxasıyca gəlmiş, orada Hacıbaba ilə bir qədər söhbət etdikdən sonra Hacıbaba Fəridə onun ailə üzvülərinin niyə təhqir etdiyini soruşduqda münaqişə edərək Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə Zərərçəkmiş şəxs bir zərbə vuraraq xəsarət yetirmişdir. Dava-dalaş zamanı orada Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuşdur. Dava-dalaş qısa müddətdə davam etdiyi üçün həmin vaxt ora başqa şəxslər gəlməmiş, ictimai qayda pozulmamış və kənar şəxslərin narahatlığına səbəb olmamış, hadisə zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin ünvana gətirən taxsi sürüçüsünü şəxsiyyətini müəyyən etmət və hadisə zamanı istifadə olunan bıçaqın yeri müəyyən etmək olunmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 09 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində olan Tumarov X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli, 733 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X2, anası X1 və qardaşı X5. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1997ci il tarixdə Masallı şəhərində anadan olmuş Tumarov X4 Muxtar Respublikası Hərbi Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 16 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən cəzadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini qismən etiraf etməsini, səmimi peşmançılığını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qərarın 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə həmin cəzalardan birinin təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Tumarov X4 Muxtar Respublikası Hərbi Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəzadan 16 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən azad edildiyindən və həmin müddətdən 1 ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən əvvəllər cinayət törətməsi hazırki cinayətlə bağlı cəza təyin edilməsi zaman təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alına bilməz. Belə ki, Təqsirləndirilən şəxs rəsmi iş yeri olmadığından islah işləri cəzası təyin olunacağı halda əmək haqqından tutulma aparılması mümkün deyildir. İctimai işlər və azadlığın məhdudlaşdırılması cəzasını isə mütəmadi olaraq işlədiyi Bakı şəhərinə gedibgəldiyindən icra etməsi onun üçün çətinliklər yaradacaqdır. Azadlıqdan məhrumetmə cəzası isə digər cəza növlərinə münasibətdə onun üçün ən ağır cəzadır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, mübahisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-149/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-149/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver