Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-151/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, H.Səmədov küçəsi, ev 44-də qeydiyyatda olmaqla yaşamış, barəsində Masallı Rayon Məhkəməsi tərəfindən 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş,10 aprel 2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 06 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 0,187 qram olan narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri, H.Səmədov küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd kiçik şəffaf sellofan paketin içərisində 06 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,028 qram, 0,039 qram, 0,015 qram, 0,043 qram, 0,022 qram və 0,040 qram olmaqla, ümumi təmiz çəkisi 0,187 qram olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında bədənində güclü ağrılar oyanmağa başladığından narkotik vasitə almaq məqsədi ilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmək qərarına gəlmiş və həmin gün saat 10 radələrində Masallı şəhəri, Seybətin dairəsi adlanan əraziyə gedib oradan tanımadığı şəxsə məxsus dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı sərnişin daşıma avtomobili ilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmişdir. Göytəpə şəhərinin mərkəzində yerləşən parkın yaxınlığında avtomobildən düşüb bir qədər piyada getdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı bir nəfər şəxsə yaxınlaşıb ona bədənində ağrılar olduğunu və narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs onu bir qədər süzdükdən sonra üzərində narkotik vasitə heroin olduğunu və ona sata biləcəyini demişdir. O, həmin şəxsə narkotik vasitəyə ehtiyacının çox olduğunu dedikdə həmin tanımadığı şəxs cibindən bir ədəd siqaret qutusunu çıxarıb açdıqdan sonra həmin qutunun içərisində olan bir neçə ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini göstərərək həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, hər bir bükümün çəkisinin təxminən 0,1 qram təşkil etdiyini, əgər istəsə 06 bükümünü ona 50 manata sata biləcəyini bildirmişdir. Həmin şəxs həmçinin ondan narkotik vasitə alacağı təqdirdə istəsə, həmin bükümlərin birini 15 manata başqa şəxslərə sata biləcəyini demişdir. Həmin vaxt o, həmin tanımadığı şəxsdən altı büküm narkotik vasitə heroini 50 manata alıb bir hissəsini özü istifadə edib, bir hissəsini də, satıb qazanc əldə edə biləcəyini fikirləşmiş və həmin şəxsdən 50 manat müqabilində 06 büküm heroin almağa razılaşmışdır. Həmin şəxs əlindəki siqaret qutusunda olan bükümlərin bir neçəsini açıb təkrar bükdükdən sonra o, həmin bükümlərin içərisində həqiqətən narkotik vasitə heroin olduğunu yəqin edib cibində olan 50 manatlıq pul əskinazını çıxarıb həmin tanımadığı şəxsə vermiş və ondan aldığı 06 ədəd bükülüdə olan heroini özündə olan bir ədəd kiçik şəffaf sellofan paketin içərisinə yerləşdirdikdən sonra həmin sellofan paketi əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin şəxs onunla sağollaşıb yanından uzaqlaşdıqdan sonra o, da Masallı rayonu istiqamətində piyada hərəkət etməyə başlamışdır. Bir müddət piyada hərəkət etdikdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı VAZ 2106 markalı avtomobilə əli ilə işarə edib saxlatdırmış, daha sonra həmin avtombili idarə edən əvvəllər tanımadığı şəxsdən onu Masallı rayonuna apara bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs Masallı rayonu ərazisindən keçəcəyini və onu rayon ərazisinədək apara biləcəyini bildirmişdir. Bundan sonra həmin tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhərinə qayıdıb Seybətin dairəsi adlanan ərazidə avtomobildən enmiş, daha sonra oradan Masallı şəhəri, “Köhnə Bazar” adlanan əraziyə getmişdir. “Köhnə Bazar” ərazisində yerləşən adını bilmədiyi ərzaq mağazasına daxil olub oradan bir miqdar limon duzu almışdır. Daha sonra həmin ərazidə yerləşən aptekə daxil olub oradan 4 ədəd şpris aldıqdan sonra aldığı limon duzunun olduğu şəffaf sellofanı şprislərin olduğu şəffaf sellofan paketin içərisinə yerləşdirib daha sonra sellofan paketi əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Aldığı narkotik vasitədən bir qədər istifadə etmək üçün yaşadığı evə getmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Masallı şəhəri, H.Səmədov küçəsində piyada hərəkət etdiyi zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışdılar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polislərlə birlikdə polis şöbəsinə getməyə etiraz etməmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər özünü ona Masallı RPŞnin TB-nin təhqiqatçısı kimi təqdim etmişdir. Təhqiqatçı onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində daşımaqda və satışında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş verilmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra təhqiqatçı üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. O, da əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində olan içərisində bir miqdar limon duzu yığılmış kiçik sellofan paket və 4 ədəd şprisin olduğu sellofan paketi təhqiqatçıya təqdim etmişdir. Daha sonra əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən içərisində altı ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinin olduğu kiçik sellofan paketi də çıxararaq təhqiqatçıya təqdim etmişdir.O, təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində əvvəllər tanımadığı bir nəfər şəxsdən 50 manata aldığını, özü üçün istifadə etmək və istəyən olsa satmaq məqsədilə üzərində saxladığını etiraf etmişdir. Üzərindən aşkar olunan 06 ədəd bükümlərdə olan narkotik vasitə heroinlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və birinci bükümün çəkisinin 0,05 qram, ikinci bükümün çəkisinin 0,07 qram, üçüncü bükümün çəkisinin 0,07 qram, dördüncü bükümün çəkisinin 0,11 qram, beşinci bükümün çəkisinin 0,08 qram və altıncı bükümün çəkisinin 0,05 qram olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunan 06 ədəd bükümdə olan narkotik vasitə heroin içərisi boş olan kağız zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra üzərindən aşkar olunan bir ədəd sellofan paketdə olan limon duzu da təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 9,92 qram olması müəyyən edilmişdir. Üzərindən aşkar olunan limon duzu və 4 ədəd istifadə olunmamış şpris ayrı-ayrılıqda içərisi boş olan iki ədəd zərflərdə qablaşdırıldıqdan sonra zərflərin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üstündən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməlini törətdiyini, heç kimə narkotik vaitə satmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı şəhiri, H.Səmədov küçəsi, ev 44-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, RPŞ-yə gətirilməsi və müvafiq qaydada üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Masallı RPŞ-in rəisinin əmri ilə onun rəhbərliyi ilə qrup üzvü kimi Masallı RPŞnin TB-nin təhqiqatçısı X6, RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibarət əməliyyattəhqiqat qrupu yaradılmışdır Həmin gün saat 18 radələrində polis nəfəri Şahid2la birlikdə Masallı şəhəri, H.Səmədov küçəsində Təqsirləndirilən şəxs şübhəli şəkildə piyada hərəkətdə olmasını müşahidə edib ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik maddələr qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs ona heç bir cavab verməyib özünü daha da, şübhəli aparmağa başlamışdır. Həmin zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu RPŞ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Masallı RPŞ-yə gəlmişlər. RPŞ-də X10 xidməti otağına daxil olduqdan sonra Təqsirləndirilən şəxs şübhəli kimi tutulma səbəbini izah edib hüquq və vəzifələrini elan etdikdən sonra bu barədə bildiriş təqdim etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Masallı Rayon Vəkil Bürosunun vəkili X2 dəvət olunduqdan sonra X10 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmidir. Bundan sonra X10 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən içərisində bir miqdar limon duzu yığılmış kiçik sellofan paket və 4 ədəd şprisin olduğu sellofan paketi təhqiqatçıya təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən içərisində altı ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinin olduğu kiçik sellofan paketi də çıxararaq təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində əvvəllər tanımadığı bir nəfər şəxsdən 50 manata aldığını, özü üçün istifadə etmək və satmaq məqsədilə üzərində saxladığını etiraf etmişdir. Üzərindən aşkar olunan 06 ədəd bükümlərdə olan narkotik vasitə heroinlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və birinci bükümün çəkisinin 0,05 qram, ikinci bükümün çəkisinin 0,07 qram, üçüncü bükümün çəkisinin 0,07 qram, dördüncü bükümün çəkisinin 0,11 qram, beşinci bükümün çəkisinin 0,08 qram və altıncı bükümün çəkisinin 0,05 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 06 ədəd bükümdə olan narkotik vasitə heroin içərisi boş olan kağız zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra üzərindən aşkar olunan bir ədəd sellofan paketdə olan limon duzu da təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 9,92 qram olması müəyyən edilmişdir. X10 tərəfindən Təqsirləndirilən şəxs aşkar olunan limon duzu və 4 ədəd istifadə olunmamış şpris də ayrı-ayrılıqda içərisi boş olan iki ədəd zərflərdə qablaşdırıldıqdan sonra zərflərin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək Aqil Məmədlinin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində olan içərisində bir miqdar limon duzuna bənzər kütlə yığılmış kiçik sellofan paket və 4 ədəd şprisin olduğu sellofan paketi təhqiqatçıya təqdim etməsi, daha sonra əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən içərisində altı ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinin olduğu kiçik sellofan paketi də çıxararaq təhqiqatçıya təqdim etməsi müəyən edilmiş, təhqiatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində əvvəllər tanımadığı bir nəfər şəxsdən 50 manata aldığını, özü üçün istifadə etmək və istəyən olsa satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 11 aprel 2023-cü il tarixli 19/447 saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd gümüşü rəngdə olan heroinə bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 0,028 qr: -0,039 qr: -0,015 qr: -0,043 qr: -0,022 qr: -0,040 qram; ümumi təmiz çəkisi: - 0,187 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş limon duzuna bənzrə kütlə .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 7,759 qram olan maddə narkotik, psixotrop və güclü təsir edən maddələrə aid deyildir. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasətələr” in siyanısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 0,187 qram, cəmi tədqiqata sərf edildi 0,06 qram (hər.ob. 0,01 qram), qalıq 0,127 qramdır. Qeyri-narkotik maddənin təmiz çəkisi 7,759 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 7,709 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 421 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməsi qərara alınmışdır. İş materiallarına əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,187 olan, ekspertiza tədqiqatından sonra 0,127 qram qalan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra 7,709 qram qalan qeyri-narkotik maddə və 04 ədəd şpris maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunmasının görüntülərini özündə əks etdirən video diskin iş üçün əhəmiyyətli olduğundan cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əbilov X7 şəhəri, H.Səmədov küçəsi, ev 44-də qeydiyyatda olmaqla, atası xx.xx.1957-ci il təvəllüdlü X9, anası xx.xx.1958-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, İnam Əbilov ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış və birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barədə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o, cümlədən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, törətdiyi əmələ görə peşmançılıq çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə görə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin 2xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 421 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,127 qram narkotik vasitə heroin, 7,709 qram qalan qeyri-narkotik maddə maddə (limon duzu) və 04 ədəd şprits hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli onun həbs olunduğu gündən, yəni 10 aprel 2023-cü il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0,127 qram narkotik vasitə heroin, 7,709 qram qeyri-narkotik maddə (limon duzu) və 04 ədəd şprits hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-151/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-151/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver