Məhkəmə qərarları › İş №1(050)-153/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-153/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-153/2023 12.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Masallı rayon Ərkivan qəsəbə 3 saylı tam orta məktəbdə texniki işçi işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Masallı rayonu Ərkivan qəsəbə 3 saylı tam orta məktəbin həyətində həmin məktəbin həyətində bitmiş otluq sahənin biçilib aparılması ilə əlaqədar əvvəllər tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla qəsdən bir dəfə vurmaqla sonuncuya sağ gözaltı nahiyənin əzilmiş yarası və sağ göz nahiyənin və üzün sağ yarısının yumşaq toxumalarının əzilib şişkinləşməsi və sağ göz nahiyənin qançırı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, onunla arasında əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. 3 ildir Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə texniki işçi kimi işləyir. Bundan başqa yaşadığı ev məktəbə yaxın olduğundan çox vaxt dərsdən sonra məktəbin həyətinə daxil olan şəxslərə də nəzarət edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dərs qurtardıqdan sonra məktəbdə qalıb özünə aid işlərini gördüyü vaxtı məktəbin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs məktəbin həyətinə daxil olub əlində olan oraqla otları biçdiyini görmüşdür. O, dərhal məktəbin içindən çölə çıxıb Mirsultana yaxınlaşaraq nə üçün qanunsuz olaraq məktəbin həyətinə daxil olub otları biçdiyini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs əlində olan oraqla üzərinə gələrək ona otları yaxşı edib biçdiyini bildirmiş və əlində olan oraqı ona tərəf atmışdır. Həmin vaxtı oraqdan özünü qorumaq üçün sol əlini yuxarı qaldırmış və oraq sol əlinə dəyib taxta tutacağı qırılaraq yerə düşmüşdür. Bundan sonra o, Mirsultanın onu döyəcəyindən qorxaraq tez məktəbin içinə qaçmış və dərhal qəsəbənin sahə rəisi Şahid2 zəng edib şifahi məlumat vermişdir. Məktəbin içində olduğu vaxt Mirsultanın arvadı Sevilin onun yanına gələrək Mirsultanı evə apardığını görmüşdür. Bundan sonra o məktəbdən çıxıb bir başa qəsəbənin ərazi nümayəndəliyində yerləşən sahə rəisinin otağına getmişdir. Orada sahə rəisi Şahid2la görüşüb baş vermiş hadisə ilə bağlı ona ətraflı məlumat verib şikayətini şifahi olaraq bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sahə rəisi Şahid2 onu və Mirsultanı ərazi nümayəndəliyində yerləşən otağına çağırmışdır. O, Şahid2 otağında olduğu vaxt Mirsultanın sağ göz nahiyyəsinin əzilib göyərdiyini görmüşdür. Orada Şahid2 onunla Mirsultan arasında baş vermiş mübahisəni araşdırmaq və onları barışdırmaq istəmişdir. Lakin aralarında barışıq baş tutmamışdır. O, Zərərçəkmiş şəxs yumruqla göz nahiyyəsindən vurmamış, ümumiyyətlə Mirsultana heç bir xəsarət yetirməmişdir. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun əməli zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbin həyətində bitmiş otu təmizləmək və təsərrüfatında olan iribuynuzlu heyvana yem etmək məqsədilə xx.xx.2023-cü il tarixdə həmin vaxt məktəbin direktoru olmuş Rahib Babayevə müraciət etmişdir. R.Babayev onun imkansız olduğunu nəzərə alıb məktəbin həyətyanı sahəsində bitmiş otları biçib aparmasına etiraz etməmiş və bununla əlaqədar digər müəllimlərin iştirakı ilə akt yazıb vermişdir. Bundan bir gün sonra yəni, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, otbiçən traktor tapıb məktəbin həyətində bitmiş otluq sahəsini biçdirmiş və daha sonra yaşadığı evə getmişdir. Həmin günü saat 17 radələrində biçilmiş otlara baxmaq üçün məktəbin həyətinə gəlmiş və biçdirdiyi otları Ərkivan qəsəbə sakini olan adını bilmədiyi lakin Rəşadın oğlu kimi tanıdığı təxminən 12 yaşlı uşağın kisəyə yığdığını görmüşür. O, həmin uşağa biçdirdiyi otu aparmasına iradını bildirmək istəyəndə uşaq ona biçilmiş otları aparmağı qohumu olan məktəbin texniki işçisi kimi işləyən Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs dediyini bildirmişdir. O, uşağa otların direktor tərəfindən ona verildiyini və buna görədə kisəyə yığdığı otları yerə boşaltmasını dediyi zaman məktəbin içində olan Təqsirləndirilən şəxs çölə çıxıb yanına gəlməyə başladığını görmüşdür. Təqsirləndirilən şəxs yanına gəlib çatdıqdan sonra ona biçilimiş otları aparmağına imkan verməyəcəyini demiş və əsassız yerə onunla mübahisə edib söyməyə başlamışdır. Həmin azyaşlı uşaq qohumu Qurbanın onunla mübahisə etdiyini görüb məktəbin həyətindən qaçaraq getmişdir. Bundan sonra Qurban ona qarşı yenə qeyri-etik ifadələr işlədərək mübahisə etməyə davam etmiş və qəfil üzərinə gəlib həmin vaxt qəsdən yumruqla sağ göz nahiyyəsindən bir dəfə bərk vurub ona xəsarət yetirdikdən sonra tez məktəbin içinə doğru qaçmışdır. Həmin vaxtı onun sağ gözaltı nahiyəsindən qan gəlməyə başladığından əllərilə gözünü tutub yerə oturmuş və qışqırmağa başlamışdır. Bu zaman Qurbanın onu yumruqla vurduğunu kənardan görən arvadı Şahid1 tez yanına gələrək gözündən qanın axdığını görüb qorxaraq ağlamağa başlamış və məktəbin içindəki pəncərədən onlara baxan Qurbana “ayıb olsun sənə, atan yaşda kişini nə üçün vurduğunu” demişdir. Qurban arvadı Sevilə onu yaxşı edib vurduğunu, otları özünün kimə istəsə ona verəcəyini bildirmiş və yenə qeyri-etik ifadələr işlətmişdir. Daha sonra arvadı Sevil onu yaxınlıqda yerləşən yaşadıqları evə aparmış, evdə gözünün qanını təmizləyib qanın axmasını dayandırmışdır. Təqsirləndirilən şəxs onu yumruqla vurub xəsarət yetirməsinə görə ondan şikayət etmək fikri olmadığından həmin vaxt polisə məlumat verməmişdir. Lakin həmin günü saat 19 radələrində yaşadığı evdə olduğu vaxt sahə rəisi Şahid2 mobil telefonuna zəng edib ondan şikayətin olunduğunu və polis şöbəsinə gəlməsini bildirmişdir. Bundan sonra o, nə baş verdiyini və ondan kimin şikayət etdiyini bilmək üçün yeznəsi X7 polis şöbəsinə gəlib Şahid2la görüşmüşdür. Şöbədə sahə rəisi Şahid2 ona həmkəndlisi Təqsirləndirilən şəxs məktəbin həyətində oraqla vuraraq qollarına xəsarət yetirməsilə əlaqədar barəsində şikayət etdiyini və buna görə çağırdığını bildirmişdir. Həmin vaxtı o, Şahid2 həmkəndlisi Təqsirləndirilən şəxs oraqla vuraraq xəsarət yetirmədiyini, əksinə Qurbanın məktəbin həyətində yumruqla onun sağ göz nahiyəsindən vuraraq xəsarət yetirdiyini demişdir. Bundan sonra sahə rəisi gözünə baxdıqda həqiqətəndə sağ gözünün əzilib göyərdiyini görmüş və ondan şikayətinin olubolmadığını soruşmuşdur. O, Şahid2 hazırda Qurbana qarşı şikayəti olmadığını və buna görə də ərizə yazmaq istəmədiyini bildirmişdir. Şahid2 heç bir söz demədən ona evə getməyini və lazım olduqda çağıracağını demişdir. Bundan bir gün sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində sahə rəisi Şahid2 onu və Qurbanı Ərkivan qəsəbəsində yerləşən ərazi nümayəndəliyindəki xidməti otağına çağırmışdır. Orada Şahid2 onunla Qurban arasında bir gün əvvəl məktəbin həyətində nə baş verdiyini araşdırdığı zaman qardaşı Şahid3 hadisədən xəbərdar olduğu üçün həmin otluq sahəsinin biçilib aparmağını sabiq direktor tərəfindən ona həvalə edildiyini təsdiq edən aktı özü ilə gətirib otağa daxil olmuşdur. Təqsirləndirilən şəxs Mirnuhu görən kimi onunla sözlə mübahisə etməyə başlamış və sahə rəisi Şahid2 qardaşını otaqdan çölə çıxardıb sakitçilik yaratmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs onu bir gün əvvəl yumruqla vurmasına və bu azmış kimi qardaşıyla mübahisə etməsinə dözməyib sahə rəisinə şikayətçi olduğunu bildirmiş və sahə rəisi də onu Masallı rayon polis şöbəsinə gətirmişdir. Polis şöbəsinə gəldikdən sonra orada həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə məktəbin həyətində döyülməyi ilə bağlı şikayət ərizəsi yazmışdır, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla arasında ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxslə barışmayıb, şikayətçidir, təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Masallı rayon Ərkivan qəsəbəsində əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır və yaşadıqları ev Ərkivan qəsəbəsi 3 saylı tam orta məktəblə qonşuluqda yerləşir. Əri Zərərçəkmiş şəxs gündəlik təsərrüfat işləri ilə məşğul olub ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə Mirsultan yaxınlıqda olan 3 saylı məktəbin həyətində bitmiş otu təmizləmək və təsərrüfatlarında olan iribuynuzlu heyvana yem etmək məqsədilə məktəbin sabiq direktoru Rahib Babayevə müraciət etmişdir. R.Babayev onların imkansız olmalarını nəzərə alıb həmin günü məktəbin həyətyanı sahəsində bitmiş otları biçib aparmağı etiraz etməmiş və bununla əlaqədar digər müəllimlərin iştirakı ilə akt yazıb Mirsultana vermişdir. Bundan sonra Mirsultan xx.xx.2023-cü il tarixdə saat 10 radələrində otbiçən traktor tapıb məktəbin həyətində bitmiş otluq sahəsini biçdirmişdir. Mirsultan həmin günü saat 17 radələrində biçilmiş otlara baxmaq üçün məktəbin həyətinə getmiş, o isə yaşadığı evin həyətində özünə aid işlərlə məşğul olmağa başlamışdır. Təxminən 8-10 dəqiqədən sonra həyətdə olduğu vaxt məktəbdə texniki işçi kimi işləyən Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs uca səslə qeyri-etik ifadələr deyə-deyə məktəbin həyətində olan əri Mirsultana yaxınlaşdığını görmüşdür. Təqsirləndirilən şəxs Mirsultanın yanına çataraq ona biçilimiş otları aparmağına imkan verməyəcəyini deyib mübahisə etməyə başlamışdır. O, Qurbanın əri Mirsultanla dalaşacağından ehtiyat edib tez onlara tərəf getməyə başlamışdır. Çatmağına təxminən 15-20 metr qalmış Təqsirləndirilən şəxs qəfil yumruqla əri Mirsultanın üz nahiyəsindən vuraraq məktəbin içinə tərəf qaçdığını və Mirsultanın əli ilə üzünü tutub yerə oturduğunu görmüşdür. Mirsultanın yanına çatdıqda onun sağ gözaltı nahiyəsindən qanın gəldiyini gördüyü üçün ağlamağa başlamış və məktəbin içindəki pəncərədən onlara tərəf baxan Qurbana “ayıb olsun sənə, atan yaşda kişini nə üçün vurduğunu” demişdir. Qurban ona əri Mirsultanı yaxşı edib vurduğunu, otları özünün kimə istəsə ona verəcəyəini bildirmiş və yenə qeyri-etik ifadələr işlətmişdir, əri Mirsultanı yaxınlıqda yerləşən yaşadıqları evə aparmış və evdə onun gözünün qanını təmizləyib qanaxmanı dayandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il tarixdən Masallı RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir və xidməti ərazisi Masallı rayonu Ərkivan qəsəbəsidir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu Ərkivan qəsəbə ərazi nümayəndəliyindəki xidməti otağında olduğu zaman qəsəbə sakini Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək Ərkivan qəsəbəsində yerləşən işlədiyi 3 saylı tam orta məktəbin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında münaqişə baş verdiyini bildirmişdir. Həmin vaxtı o, Təqsirləndirilən şəxs ərazi nümayəndəliyində yerləşən xidməti otağında olduğunu və əgər hər hansı bir şikayəti varsa xidməti otağına gəlib müraciət edə biləcəyini demişdir. Bundan qısa müddət sonra Təqsirləndirilən şəxs xidməti otağına gələrək ona işlədiyi məktəbin həyətində Zərərçəkmiş şəxslə arasında məktəbin həyətyanı sahəsində olan otların biçilib aparılması üstündə mübahisə baş verdiyini və həmin vaxt Zərərçəkmiş şəxs oraqla qoluna vurduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs bununla əlaqədar hər hansı bir şikayəti varsa rəsmi şikayət ərizəsi yazmağını təklif etsədə Qurban ona rəsmi qaydada şikayət etmək istəmədiyini, lakin Mirsultanın birdə məktəbin həyətinə daxil olub otları aparmaması və onunla mübahisə etməməsi üçün onu çağırıb tapşırmağını xahiş etmişdir. Q.Musatafyevin şifahi formada dediklərini özünə məxsus ktabçasında qeydiyyatını apardıqdan sonra Masallı rayon polis şöbəsinə gəlmiş və şöbədə həmin şəxslərin arasında baş vermiş mübahisənin böyüməməsi üçün Zərərçəkmiş şəxs şöbəyə dəvət etmişdir. Həmin günü saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs yeznəsi Tohid adlı şəxslə polis şöbəsinə gəlmişdir. Şöbədə o, Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs məktəbin həyətindəki otları biçib aparması və oraqla onu vurması barədə şikayət etdiyi üçün çağırdığını bildirdiyi zaman Zərərçəkmiş şəxs ona Qurbanı oraqla vuraraq xəsarət yetirmədiyini, əksinə Qurbanın məktəbin həyətində yumruqla onun sağ göz nahiyəsindən vuraraq xəsarət yetirdiyini demişdir. Bundan sonra o, Mirsultanın gözünə diqqətlə baxdıqda həqiqətəndə onun sağ göz nahiyəsinin əzilib göyərdiyini görmüş və ondan şikayətinin olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs ona hazırda Qurbana qarşı şikayətinin olmadığını və buna görə də ərizə yazmaq istəmədiyini demişdir. Bundan bir gün sonra yəni, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, Qurbanla Mirsultanın arasında baş vermiş mübahisəni aydınlaşdırmaq və bir-birilərinə qarşı şikayətlərinin olubolmadığını müəyyən etmək məqsədilə hər ikisini Ərkivan qəsəbə ərazi nümayəndəliyində yerləşən xidməti otağına dəvət etmişdir. Onlar xidməti otağına gəldikdən qısa müddət sonra Mirsultanın qardaşı Şahid3 əlində kağızla otağa daxil olub ona həmin kağızın məktəbin rəhbərliyi tərəfindən verildiyi akt olduğunu və həmin aktda məktəbin həyətyanı sahəsində bitmiş otların Mirsultanın biçib aparması göstərildiyini qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aktın otun biçilməsi üçün əsas olmadığını Mirnuha demiş və aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman o, Şahid3 otaqdan çölə çıxardıb sakitçilik yaratmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs bir gün əvvəl yumruqla onu vurmasına görə şikayətçi olduğunu bildirmiş və oda Mirsultanı baş vermiş hadisə ilə əlaqədar şikayət ərizəsi yazması üçün Masallı rayon polis şöbəsinə gətirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımış, həmin şəxslərə qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Masallı rayon Ərkivan qəsəbə 3 saylı tam orta məktəbdə müəllim, eyni zaman təsərrüfat müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin məktəbdə təxminən 3 ildir texniki işçi kimi işləyir, onunla arasında məktəblə bağlı əvvəllər kiçik narazılığı olsa da, ona qarşı hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs məktəbin qonşuluğunda yaşayır və təsərrüfatla məşğul olub ailəsini dolandırır. Mirsultan məktəbin həyətində bitmiş otu təmizləmək və təsərrüfatında olan iribuynuzlu heyvana yem etmək məqsədilə xx.xx.2023-cü il tarixdə həmin vaxt məktəbin direktoru olan Rahib Babayevə müraciət etmişdir. R.Babayev qardaşının imkansız olmasını nəzərə alıb məktəbin həyətyanı sahəsində bitmiş otları biçib aparmasına akt yazıb razılıq vermişdir. Bundan bir gün sonra yəni, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində qardaşı Mirsultan traktorla məktəbin həyətindəki otluq sahəni biçdirmişdir. Həmin günü saat 17 radələrində yaşadığı evdə olduğu zaman məktəbin ocaqçı vəzifəsində işləyən Təqsirləndirilən şəxs məktəbin həyətində biçilmiş ota görə qardaşı Zərərçəkmiş şəxslə mübahisə etdiyini və yumruqla üz nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini eşitmişdir. Həmin vaxt nə baş verdiyini dəqiq bilmək üçün Mirsultanın telefonuna zəng etmiş və telefon danışığı zamanı Mirsultan ona məktəbin həyətindəki biçilmiş otu toplamaq istədiyi vaxt Təqsirləndirilən şəxs yanına gəldiyini, ona həmin otu aparmasına imkan verməyəcəyini, özü kimə isətəsə verəcəyini dediyini, daha sonra buna görə onu söyüb mübahisə edərək qəfil yumruqla sağ göz nahiyəsinə vurduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi məktəbdə olduğu zaman qəsəbənin sahə rəisi Şahid2 qardaşı Mirsultanı Ərkivan qəsəbəsində yerləşən ərazi nümayəndəliyindəki xidməti otağına çağırdığını eşitmişdir. Sahə rəsinin qardaşını məktəbin həyətindəki ot sahəsinin biçilməsi və Qurbanla buna görə arasında olan narazılıq səbəbindən çağırdığını düşündüyü üçün tez məktəbdən həmin aktın surətini götürüb ərazi nümayəndəliyinə getmişdir. Nümayəndəlikdə olan sahə rəisi Şahid2 xidməti otağına daxil olduğu zaman orada qardaşıyla yanaşı Təqsirləndirilən şəxs olduğunu da görmüşdür. Həmin vaxt Şahid2 aktı göstərərək onun məktəbin rəhbərliyi tərəfindən verildiyini demiş və həmin aktda məktəbin həyətyanı sahəsindəki bitmiş otları Mirlutanın biçib aparmasının göstərildiyini qeyd etmişdir. Bu zaman otaqda olan Təqsirləndirilən şəxs ayağa qalxıb aktın otun biçilməsi üçün əsas olmadığını deyərək onunla mübahisə etməyə başlamışdır. Sahə rəisi onun bu işə heç bir aidiyyətinin olmadığını deyərək onu otaqdan çölə çıxartmış və o məktəbə geri qayıtmışdır. Bundan sonra ona məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs həmin günü Masallı rayon polis şöbəsinə gedib döyülməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 18 may 2023-cü il tarixli, 435 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs sağ gözaltı nahiyənin əzilmiş yarası və sağ göz nahiyəsinin və üzün sağ yarısının yumşaq toxumalarının əzilib şişkinləşməsi və sağ göz nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 16 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masall Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla arvadı xx.xx.1993-cü il təvəllüdlü X2, övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan 107322 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə vetranıdır. Vəsiqə müddətsizdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü, ilk dəfə cinayət əməli törətməsini, müharibə vetranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirinin yetərli olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar