Məhkəmə qərarları › İş №1(050)-154/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-154/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-154/2025 20.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə və üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:16-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop madələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, F.Novruov küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,49 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, videoçəkiliş zamanı üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsus olmamışdır. Belə ki, vətən müharibəsi iştirakçısı olmaqla hərbi xidmətdən qayıtdıqdan sonra arada bir narkotik vasitədən istifadə etmişdir. Lakin, son illər demək olar ki, ümumiyyətlə narkotik vasitələr qəbul etməmişdir. Tutulmamışdan 2-3 gün əvvəl Masallı RPŞ-də işləyən həmkəndliləri Zamir Kazımov və Şahmar Mənsimov yaşadığı ünvana gəlmiş və onu Masallı RPŞ-yə dəvət etməklə rəisin onu görmək istəyini bildirmişlər. Polis əməkdaşlarından səbəbini soruşduqda, polis şöbəsindən hər şeyi izah edəcəklərini bildirmişlər. Hətta polis əməkdaşlarının ona telefon zəngini digər telefon vasitəsilə lentə alaraq səs yazılarını özündə saxlamışdır. Hətta polis əməkdaşı Zamir Kazımovun danışıqlarını özündə olan mobil telefonun yaddaşında saxlasa da, lakin polis şöbəsində saxlanıldığı müddətdə həmin səs yazıları və whatsap yazışmaları polis əməkdaşları tərəfindən mobil telefonundan silinmişdir. Polis əməkdaşları evinə gəldiyi vaxt atası Vüqar Həşimov da evdə olmuşdur. Polis əməkdaşları tutulmamışdan 3-4 gün əvvəl onu polis şöbəsinə apararaq əvvəlcə Masallı rayonu, Ərkivan qəsəbəsində 2016-ci ildə baş vermiş oğurluq hadisəsini törətməkdə şübhələndiklərini, bu səbəbdən həmin oğurluq hadisəsini boynuna götürməsini tələb etmişlər. Heç bir oğurluq cinayəti törətmədiyini polis əməkdaşlarına bildirmiş, bundan sonra polis şöbəsinin inzibati binasında rəis müavini Cahangir Hüseynovun xidməti otağından olduğu vaxt ona polis əməkdaşları tərəfindən fiziki zor və güc tətbiq edilmiş, rəis müavini Cahangir Hüseynovun göstərişi ilə polis əməkdaşları tərəfindən çılpaq şəkildə soyundurulmuş, Cahangir Hüseynov və digər polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməklə döyülmüşdür. Döyüldükdən sonra bədənin müxtəlif nahiyələrində xəsarətlər yaranmışdır. O, buna qəti şəkildə etiraz etdikdə isə psixotrop maddəni məcbur şəkildə götürməli olmasını ondan tələb etmişlər. Onu iki gün müddətində qanunsuz olaraq polis şöbəsində saxlamışlar. Hətta bu müddət ərzində polis əməkdaşları bir neçə dəfə atası Vüqar Həşimovun istifadəsin olan mobil nömrəyə zəng edərək, məsələnin həlli üçün onu Masallı RPŞ-yə dəvət etmişlər. Daha sonra buraxaraq fikirləşməsi üçün vaxt vermişlər. Bundan sonra polis şöbəsində işləyən həmkəndlisi əməliyyat müvəkkili Zamir Kazımov mütəmadi onunla telefon və vatsap əlaqəsi yaratmış, dəfələrlə rəisin onu görmək istədiyini deyərək polis şöbəsinə gəlməsini tələb etmiş, ona polis şöbəsində kömək olunacağını bu barədə rəislə danışıb sözləşdiyini bildirmişdir. Nəhayət 09 iyul 2025-ci il tarixdə evdə olduğu vaxt yenidən polis əməkdaşı Zamir Kaızmov ona zəng edərək şöbəyə çağırmış, o da polis şöbəsinə getmişdir. Polis əməkdaşlarının dediyi qaydaya uyğun olaraq əvvəlcədən planlaşdırılmış formada Masallı şəhəri F.Novruzov küçəsinə aparılmış, vidoeçəkiliş aparılmaqla formal şəkildə üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilərkən əvvəlcədən üzərinə qoyulmuş psixotrop maddə olan bükümü çıxararaq polis əməkdaşına təhvil vermiş, Masallı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını videoçəkiliş zamanı məcburən bildirmişdir. Əsl həqiqətdə aşkar edilmiş psixotrop maddə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən fizki təsir altında zorla üzərinə qoyulmuşdur. Polis şöbəsinə dəvət edildiyi zaman smartfon tipli mobil telefonda ***-***-**-** saylı mobil telefon nömrəsini, atası Vüqar Həşimov isə ***-***-**-** saylı mobil nömrəni istifadə etmişlər. Sonradan Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, üzəri yoxlanılarkən və polis şöbəsinə aparılarkən ona heç bir hədə-qorxu gəlinməmiş, zor tətbiq edilməmişdir. Həbs olunacağından qorxduğuna görə əvvəlki məhkəmə iclasında psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən polis şöbəsinə çağırıldıqdan sonra zorla üzərinə qoyulması və ona fiziki zor tətbiq edilməsi, döyülüb işgəncələrə məruz qalması, habelə mobil telefonunda polis əməkdaşları ilə danışıqlarının olması barədə həqiqətə uyğun olmayan ifadə vermişdir. Əsl həqiqətdə ona ittiham olunan cinayət işi üzrə polis əməkdaşları ilə heç bir danşıqları olmamışdır. Törətdiyi cinayət əməlini səmimi etiraf edir. xx.xx.2025-ci il tarixdə istifadəsi üçün psixotrop maddə əldə etmək məqsədi ilə yaşadığı evdən çıxaraq Masallı şəhərinə gəlmişdir. Masallı şəhəri, Fizuli küçəsində hərəkətdə olarkən əvvəllər tanımadığı lakin görünüşündən narkotik istifadəçisinə oxşatdığı şəxslə rastlaşmışdır. Həmin şəxsə yaxınlaşıb, istifadə etməsi üçün el arasında “şüşə” kimi tanınan metamfetamin istəmişdir. Tanımadığı şəxslə razılaşdıqdan sonra 10 manat pulun müqabilində həm şəxsdən bir bükümdə psixotrop metamfetamin almış, əynindəki şalvarın sağ yan cibinə qoymuş, həmin şəxsdən uzaqlaşmışdır. Əldə etdiyi psixotrop maddəni hava qaraldıqdan sonra istifadə edəcəyini düşünmüşdür. Saat 19 radələrində o, Masallı şəhəri, F.Novruzov küçəsi ilə piyada evə gedərkən üç nəfər şəxs videokamera ilə ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Şahid2, Şahid1 və Ramal Şükürov adlı polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarından biri üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşmuşdur. Üzərində psixotrop maddə olduğunu etiraf etmiş və əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və sol yan cibindən bir ədəd özünə məxsus “İnfinix” markalı mobil telefonunu çıxardıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin metamfetamini həmin günü Masallı şəhəri ərazisindən tanımadığı şəxsən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətəndə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş, bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddənin ona məxsus olmasını, şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül və ədalətli cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ona Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılmasından ötrü əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Ramal Şükürov təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, F.Novruzov küçəsində piyada hərəkətdə olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və R.Şükürovla birlikdə oraya getmişlər. Həmin küçədə saat 19:16-da Təqsirləndirilən şəxs piyada yolu ilə tək hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərib özlərini Təqsirləndirilən şəxs təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra həmin yerdə özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd “İnfinix” markalı mobil telefonu çıxardıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,53 qram olduğunu müəyyən etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Şahid1 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, tutulmamışdan qabaq Təqsirləndirilən şəxsla arasında heç bir telefon danışığı olmadığını, xx.xx.2025-ci il tarixdə saxlanılıb üzəri yoxlanılarkən və polis şöbəsinə gətirildikdə Təqsirləndirilən şəxs qarşı heç bir fiziki güc və ya psixi təsir göstərilmədini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 oğlu oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə saat 19:16-də Masallı şəhəri F.Novruzov küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və sol yan cibindən bir ədəd “İnfinix” markalı mobil telefonu çıxarıb təqdim etmiş, təqdim etdiyi selofan bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü Masallı şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Həmin maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,53 qram olduğunu müəyyən edilmişdir. Daha sonra həmin metamfetaminə bənzər maddə və “İnfinix” markalı mobil telefonu orada ayrı-ayrılıqda qablaşdırılaraq polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2025-ci il tarixli, 19/275 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,49 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,49 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq -0,44 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə saat 19:16-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə 11 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 386 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARDAN istifadə halları oub. Lakin, asılılıq sindromu (narkomaniya sindromu) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyatda alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalan 0,44 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin 333.4 maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona 06 ay müddətə şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə cinayət təqibinə xitam verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Həşimov X5 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, beş nəfərdən ibarət (onlardan bir nəfəri azyaşlı uşaqdır) ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. AZ-V № 056081 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü ildə Masallı şəhərində doğulmuş, doğum haqqında şəhadətnamədə ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X4 qeyd edilmişdir. 107694 saylı vəsiqənin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Vətən müharibəsi veteranı vəsiqəsi verilmişdir. Masallı Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 97/2-35886/25 saylı məlumatından və tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 04-08 iyul 2025-ci il tarixdə Masallı RPŞ-də olmamış, xx.xx.2025-ci il tarixdə tutularaq Masallı RPŞ-nin müvəqəti saxlama yerinə yerləşdirilərkən tibbi müayinədən keçirilmiş, ilkin müayinə zamanı şəxsin bədən səthində hər hansı bir xəsarət aşkar olunmamış, bu barədə qeydiyyat kitabında 349 sayla qeyd aparılmışdır. Anten məlumatlarının götürülməsinə dair qərarın icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli və “Azerfon “ MMC-dən daxil olmuş CD diksdə yerləşdirilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxslə onu əməliyyat tədbiri ilə saxlayan polis əməkdaşları arasında hər hansı telefon əlaqəsi və sms yazışmalarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməsinə məcbur edilməsi barədə Masallı Rayon Məhkəməsinin Masallı Rayon Prokuroluğu vasitəsilə ilə Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində aparıldığı, araşdırma nəticəsində Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri müəyyən edilmədiyi üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmə baxış iclasında ilkin ifadəsində özünü təqsirli bilməmiş, lakin sonradan keçirilmiş məhkəmə iclaslarında etirafedici ifadələr versə də, onun ilkin ifadəsində qeyd etdikləri istintaq yolu ilə yoxlanılmışdır. Məhkəmə bu səbəbdən də onun məhkəmə baxış iclasında verdiyi ilkin ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəlki məhkəmə iclası zamanı psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə zorla qoyulması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verilmiş ilkin ifadə özünümüdafiə xarakteri daşımış, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, habelə sonradan məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ilkin ifadə verərkən özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilərək psixotrop maddəni üzərinə götürməyə məcbur edildiyini bildirmiş, hətta əməliyyatçıların ona zəng edərək polis şöbəsinə dəvət etmələri ilə bağlı səs yazılarının olduğunu qeyd etmişdir. Qeyd edilən halların dəqiqləşdirilməsi üçün iskəncə faktının araşdırılması üçün məlumatlar ibtidai araşdırmaya prosessual rəhəbərliyi həyata keçirən prokurora göndərilmiş, həmçinin telefon məlumatlarının götürülməsi barədə qərar qəbul edilmişdir. Azercell Telekom” MMC və "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məlumatlar öyrənilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə qeyd edilən onu saxlayan polis əməkdaşları arasında hər hansı telefon əlaqəsi və sms yazışmaları olmamış, anten məlumatlarına əsasən təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə saxlanıldığı vaxtdan özünün dediyinə əsasən 3-4 gün əvvəldən polis şöbəsində olduğu müəyyən edilməmişdir. Polis şöbəsindən verilmiş sorğuya cavab olaraq da, təqsirləndirilən şəxsin 04-08 iyul 2025-ci il tarixlərdə Rayon Polis şöbəsinin inzibati binasında olmadığına dair məlumatlar verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Masallı RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalması, eləcə də törətmədiyi cinayət əməlini etiraf etməsinə məcbur edilməsi barədə Masallı Rayon Məhkəməsinin Masallı Rayon Prokuroluğu vasitəsilə ilə Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Xidməti araşdrılmalar idarəsində aparıldığı, araşdırma nəticəsində Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri müəyyən edilmədiyi üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman psixotrop maddənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 11 iyul 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən buraxılmaqla həbsdən azad edilmış, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində sərbəst şəkildə ifadə verdiyi zaman cinayəti törətməməsi ilə bağlı bir kəlmə belə işlətməmişdir. O, eyni zamanda polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalmadığını qeyd etmişdir. Bundan əlavə məhkəmə baxış iclasının keçirilmiş son iki iclasında da əməlini etiraf edərək ona qarşı zor tətbiq edilmədiyini qeyd etmişdir. Göründüyü kimi, onun qeyd edilən cinayət əməlinə yol verməməsi, məcbur edilməsi ilə bağlı müvafiq dövlət orqanlarına məlumat vermək üçün kifayət qədər imkanlara malik olsa da, bu hüququndan istifadə etməmişdir. Bu halın özü məhkəmədə təqsirləndirilən şəxsin ilkin ifadəsində göstərdiklərinin həqiqətə uyğun olmaması, məsuliyyətdən yayınmaq niyyəti ilə belə ifadə verməsi təəsüratını yaratmışdır. Təsirləndirilən şəxsin məhkəmə iclasında bir-birinə zidd formada ifadə verərək fikirlər səsləndirməsi onu göstərir ki, o, fikirlərində qəti olmamaqla bir-birinə zidd ifadələr səsləndirməklə məhkəmənin birinci baxış iclasında ifadə verərkən törətdiyi cinayət əməlinə haqq qazandırmağa çalışmışdır. Sonradan çox güman ki, məhkəmənin istintaq yolu ilə ifadəsində göstərdiklərinə uyğun olaraq zəruri hərəkətələr etdiyini görüb, dediklərinin yalan olduğunun ortaya çıxmasından qorxduğu üçün növbəti məhkəmə iclaslarında həqiqəti danışmağa məcbur qalmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsi təsdiqini tapmamış, o, əvvəlki məhkəmə baxış iclası zamanı bəhanələr edərək təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün səmimi olmayaraq, yalan ifadə versə də, lakin sonradan məhkəmə istintaqı zamanı əvvəlki ifadəsini təkzib edərək polis əməkdaşları tərəfindən saxlanılarkən, üzəri yoxlanılarkən və polis şöbəsinə aparılarkən ona heç bir hədə-qorxu gəlinməməsi, zor tətbiq edilməməsi, həbs olunacağından qorxduğuna görə əvvəlki məhkəmə iclasında psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi barədə həqiqətə uyğun olmayan ifadə verdiyini qeyd etmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsi barədə videoçəkiliş aparılması barədə CD disklər, həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadəsi eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,49 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, ilk dəfə qeyd edilən cinayət əməlinə yol verdiyini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın şübhəli şəxs qismində tutularaq saxlandığı 2 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin o, Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,44 qram psixotrop madə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin videogörüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 13 saat üçün nəzərdə tutulan 143 manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 09 iyul 2025-ci il tarixdən 11 iyul 2025-ci il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,44 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılmasını, aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 13 saat üçün nəzərdə tutulan 143 (bir yüz qırx üç) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar