Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-156/2025 13.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Yardımlı rayonu, Zevin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, N.B.Vəzirov küçəsi ev 23-də daimi yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə, saat 12 radələrində Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qardaşlar” marketin arxasında, həmin marketdə işləyən tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən tutaraq qəsdən divara sıxmış, daha sonra itələyib yerə yıxmış, sonuncu yerə yıxılan zaman sifəti yerdə olan kərpicə dəyərək nəticədə sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sağ göz almasının ağlı qişasına yayılmış qansızma və bel nahiyəsinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 3 ildir tanıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Anası Şahid1 ilə birlikdə yaşayır. Tural onunla qonşuluqda yaşayır və yaxınlıqda olan marketdə işləyir. Turalı tanısa da, heç bir yaxın münasibəti olmamışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında evdə olan zaman anası Turalın ona xoşagəlməz sözlər deməsini bildirmişdir. O, Turalın belə rəftarından əsəbiləşərək söhbət etmək üçün onun işlədiyi Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qardaşlar” marketə getmişdir. Turalı söhbət etmək üçün marketin arxasına çağırmışdır. O, Turala nə üçün anası Mənsurəyə qarşı hörmətsizlik etdiyini soruşmuş, Tural Mənsurənin onun anası olduğunu bilmədiyini desə də, lakin etdiyi əməldən peşiman olmadığını və yaxşı etdiyini bildirən zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tural əli ilə onu geriyə itələmiş, o da qarşılıqlı olaraq qəsdən iki əli ilə Turalın sinəsindən tutaraq divara vurmuş və ardınca itələyib yerə yıxmışdır. Yerə yıxılan zaman Turalın başı yerdə olan kərpicə dəymişdir. Həmin vaxt mağazada olan Nüsrət adlı şəxs səsə marketdən çıxıb yanlarına gəlmiş, mübahisə etmələri səbəbindən onlarla tərbiyəvi xarakterli söhbət etmiş, daha sonra Tural yerdən qalxıb əlüzünü yumuş, o da mağazanın yanından uzaqlaşaraq getmişdir. Evə getdikdən sora anasına mübahisə barədə danışmış, daha sonra işə getmişdir. Sonradan məlum olmuşdur ki, Tural Masallı RPŞ-yə onun barəsində şikayət etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, hazırda barışdıqlarını, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül və ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir tanıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə Rəhman onun işlədiyi Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qardaşlar” marketə gələrək onu marketin arxasına çağırmış və orada ondan hansı səbəbdən anasına xoşagəlməz sözlər dediyini soruşmuş, o da onun anasına qarşı hər hansı ifadə işlətmədiyini bildirsə də, Rəhman yenə də təkrar-təkrar soruşduğundan əsəbiləşərək “etmişəm yaxşı eləmişəm” ifadəsini işlətmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmış dartışmağa başlamışlar. Mübahisə zamanı Rəhman onun sinəsindən tutaraq divara vurmuş və ardınca itələyərək yerə yıxmışdır. O, yerə yıxılan zaman başı yerdə olan kərpicə dəymiş və kəpic sınmışdır. Sağ gözü əzildiyi üçün əli ilə gözünü tutub dayanmışdır. Bundan sonar səsə gələn mağaza sahibi Nüsrət onları danlayaraq Rəhmanı oradan uzaqlaşdırmışdır. O da növbəti gün Masallı RPŞ-yə gedərək Tural barəsində şikayət etmişdir. O, eyni zamanda məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 3 ildir tanıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Tural onunla qonşuluqda yaşayır və yaxınlıqda olan marketdə işləyir. 1 ilə yaxındır ki, Tural onunla yolda rastlaşan zaman ona xoşagəlməz sözlər işlədərək narahat etmişdir. Əvvəllər dava-dalaş olmasın deyə oğlu Rəhmana bir söz deməsə də, xx.xx.2025-ci il tarixdə günorta saatlarında evdə olan zaman Rəhmana bu barədə danışmışdır. Rəhman Turalla danışmaq üçün evdən getmiş və 30-35 dəqiqə sonra evə qayıtdıqda bildirmişdir ki, Turalla söhbət edən zaman aralarında yaranan mübahisə zamanı iki əli Turalın sinəsindən tutub divara vurmuş və ardınca itələyib yerə yıxmışdır. Yerə yıxılan zaman Turalın başı yerdə olan kərpicə dəymişdir. Həmin vaxt mağazada işləyən Nüsrət adlı şəxs səsi eşidib marketdən çıxıb onları sakitləşdirmiş, oğlu Rəhmanı oradan uzaqlaşdırmışdır. Məhkəmə istintaq zamanı ifadəsi elan edilmiş Şahid2 təhqiqat zamanı şahid qismində dindirilərkən göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2 ildir tanıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. İcarə müqaviləsi ilə ona məxsus olan, Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qardaşlar” adlı ərzaq marketi var. Tural daimi olaraq orda işləməsə də, marketə yük gələn zaman daşıması üçün çağırır və gördüyü işə uyğun zəhmət haqqını verir. xx.xx.2025-ci il tarixdə firma su gətirdiyi üçün Turalı çağırmış və marketin qarşısındakı soyuducuya su yığmasını bildirmişdir. O, marketin içində olmuşdur. Həmin gün saat 12 radələrində tanmadığı şəxs (qadın) marketə daxil olaraq marketin arxasında mübahisə olduğunu bildirmişdir. O, marketin arxasına keçdikdə Rəhmanla Turalın mübahisə etdiyini görmüş, sakitlik yaradıb Rəhmanı oradan göndərmiş və marketə qayıtmışdır. Həmin mübahisədən bir qədər sonra Tural marketə daxil olub işinə davam etmişdir. O, Turalın sağ gözündə qançır olmasını gördükdə ona məlum olmuşdur ki, Rəhmanla aralarında olan dava-dalaş zamanı xəsarət almışdır. Lakin, Turaldan bu barədə heç bir söz soruşmamışdır. Ona sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-yə şikayət etmişdir. O, marketdən çıxan zaman ətrafda başqa adam görməmiş, Turalla Rəhmanın arasındakı mübahisə demək olar kimi başa çatmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli, 633 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sağ göz almasının ağlı qişasına yayılmış qansızma və bel nahiyəsinin sağ yarısının sıyrıqları müəyyən olundu, müəyyən olunmuş bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, itələnilərək divara dəymə və yıxılaraq kərpicə çırpılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025- ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs Masallı şəhəri N.B.Vəzirov küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mübahisə Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qardaşlar” adlı ərzaq marketinin arxa hissəsində baş vermişmişdir. Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. Həmin yerə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cəbrayıl Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Zevin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayon İHB-nın Zevin İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır, qohumlarının deməsinə əsasən Masallı rayonunda yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamış, müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayonu Zevin kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, N.B.Vəzirov küçəsi ev 23-də yaşayır, iki nəfərdən ibarət ailə üzvü vardır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə göstərilir ki, cinayət əməli nəticəsində ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 iyul 2025-ci il tarixdə, saat 12 radələrində Masallı şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən “Qardaşlar” marketin arxasında, həmin marketdə işləyən tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən tutaraq qəsdən divara sıxmış, daha sonra itələyib yerə yıxmış, sonuncu yerə yıxılan zaman sifəti yerdə olan kərpicə dəyərək nəticədə sağ göz nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, sağ göz almasının ağlı qişasına yayılmış qansızma və bel nahiyəsinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq etmək üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs həmin əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələr ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Cəbrayıl RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələrinə istinad edilməklə xitam verilmişdir. X2 zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri tam şəkildə ödəsə də, yuxarıdakı əsaslara görə məhkəmə hesab edir ki, ona artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Bu səbəbdən də X2 Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa görə-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir. Onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını qanuni və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 6 saat üçün nəzərdə tutulan 66 manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 6 saat üçün nəzərdə tutulan 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-156/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-156/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver