Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-157/2025 10.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayon, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, İ Yeddioymaq kəndində qeydiyyatda olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən tutularaq həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-2169/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(050)-89/2020 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə, həmin Məhkəmənin xx.xx.2024cü il tarixli, 3(050)-1217/2024 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2025-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 28 aprel 2025-ci il tarixədək cəmi 17532,79 (on yeddi min beş yüz otuz iki manat, yetmiş doqquz qəpik) manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu ildə Fatimə, xx.xx.2012-ci ildə Rüqayyə və xx.xx.2014-cü ildə Cavidan adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Kamilə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-2169/2017 saylı qətnaməsinə əsasən cavabdeh kimi ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmiş, buna görə də bir neçə dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hazırda heç bir yerdə işləmir. Əvvəllər əlilliyə görə pensiya məbləğində hər ay tələbkarın xeyrinə 2021-ci il tarixədək aliment tutulmuş, 5000 manatdan yuxarı tələbkara alimentin ödənilməsi təmin olunmuşdur. Lakin, sonradan əlillik müavinəti dayandırıldığından alimentin ödənilməsində çətinliklər yaranmış, aliment borcu artmağa davam etmişdir. Bu səbəbdən icra məmuru tərəfindən barəsində cinayət işi başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Barəsində cinayət işi başlananədək həmin ərəfələrdə aliment borcundan az məbləğdə ödənişlər etmişdir. 2025-ci ilin may ayına kimi tələbkar Zərərçəkmiş şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-2169/2017 saylı qətnaməsi üzrə 17532,79 (on yeddi min beş yüz otuz iki manat, yetmiş doqquz qəpik) manat borcunun olması müəyyən edilmişdir. Həmin borcdan isə tələbkar Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Hazırda maddi imkanı olmadığından ittiham aktında hesablanmış aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Zərərçəkmiş şəxs tərəfindən ona yenidən vaxt verilərsə, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu ildə Fatimə, xx.xx.2012-ci ildə Rüqayyə və xx.xx.2014-cü ildə Cavidan adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Elşad uşaqları ilə maraqlanmamışdır. Həmçinin, bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddət ərzində barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüklərindən maddi tələbatları da xeyli artmışdır. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla yüksək qazanc əldə edir. Lakin, qazancını özünə xərcləmiş, uşaqların saxlanması üçün ona maddi yardım göstərməmişdir. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən Masallı Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hazırda ittiham aktı üzrə aliment borcunu tam şəkildə tələb edir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ittiham aktında hesablanmış 17532,79 manat aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini, ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsə həbslə əlaqədar qanuna müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)2169/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixindən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla 3 uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra vərəqəsi xx.xx.2017-ci il tarixdə Masalllı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Təqsirləndirilən şəxs icra tələbini təmin etmək üçün bildiriş göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs heç bir üzürlü səbəb göstərmədən icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak və gəlir vəziyyətinin öyrənilməsi ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılmasından ötrü xx.xx.2018-ci il tarixdə Masallı Rayon Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati qaydada protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuş, Masallı Rayon Məhkəməsinin 3(050)89/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs pensiyasından xx.xx.2017-ci il tarixdən pensiya müddəti kəsilənədək cəmi 5267.21 (beş min iki yüz altmış yeddi manat, iyirmi bir qəpik) manat tutularaq tələbkarın hesabına köçürülmüşdür. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(050)1217/2024 saylı qərarı ilə borclu 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X3 filialına xx.xx.2024-cü il tarixdə işlə təmin olunması barədə sorğu göndərilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X3 filialının 3-17-2/2-47807/2024 nömrəli, xx.xx.2024cü il tarixli məktubunda borclu Təqsirləndirilən şəxs Filialın Masallı rayon xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunduğu qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixində icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs Masallı rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlərin görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması haqqında sonuncu xəbərdarlıq məktubu yazılaraq göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 2(050)2169/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ümumilikdə tələbkar Zərərçəkmiş şəxs təqdimat verilən tarixə, yəni 28 aprel 2025-ci il tarixədək 17532,79 (on yeddi min beş yüz otuz iki manat, yetmiş doqquz qəpik) manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-2169/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla 3 uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(050)-2169/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Masalllı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, Masallı rayon İcra və Probasiya şöbəsinin sabiq icra məmuru Gündüz Mehdiyev tərəfindən borclu Təqsirləndirilən şəxs icra tələbini təmin etmək üçün bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Masallı rayon şöbəsindən 2-ci qrup əlil kimi 149,23 manat əmək pensiyası alır, müddəti xx.xx.2021-ci ilə kimidir. xx.xx.2018-ci il tarixli təqdimatdan və Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(050)-157/2018 saylı qərardadından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılmasından ötrü xx.xx.2018-ci il tarixdə icra məmuru Gündüz Mehdiyev tərəfindən Masallı Rayon Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Masallı rayon İcra və probasiya şöbəsinin borclunun axtarılması haqqında xx.xx.2019cu il tarixli qərarından görünür ki, icra çağırışlarından yayındığına görə xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən axtarış elan edilməsi haqqında qərar çıxarılmışdır. xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(050)-89/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati qaydada protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuş, Masallı Rayon Məhkəməsinin 3(050)89/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Masallı rayon İcra və probasiya şöbəsinin borclunun axtarılması haqqında xx.xx.2021ci il tarixli qərarından görünür ki, icra çağırışlarından yayındığına görə xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Gündüz Mehdiyev tərəfindən yenidən axtarış elan edilməsi haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Masallı rayon şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli **********2 saylı məlumatdan görünür ki, borclu Təqsirləndirilən şəxs pensiyasından xx.xx.2017-ci il tarixdən pensiya müddəti kəsilənədək cəmi 5267.21 (beş min iki yüz altmış yeddi manat, iyirmi bir qəpik) manat tutularaq tələbkar Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(050)-1217/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati qaydada protokol tərtib olunaraq Masallı Rayon Məhkəməsinə təqdim olunmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)1217/2024 saylı inzibati xəta haqqında qərarı ilə borclu 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X3 Filialının 18 sentyabr 2024-cü il tarixli, 3-17-2/2-47807/2024 saylı məktubundən görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. Cinayət məsuliyyətinə cəlb edilməsi xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən xx.xx.2025-ci il tarixdə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması haqqında sonuncu xəbərdarlıq məktubu ünvanlanmışdır. ünvan 1ati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Cinayət məsuliyyətinə cəlb olunma haqqında xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində Masallı rayin İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat verilmişdir. Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Dinar Bədəlov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək istintaq aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-12/2-363341/25 nömrəli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Dinar Bədəlov tərəfindən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci madəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin madə ilə ittiham elan olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(050)-157/2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Masallı RPŞ-nin xx.xx.2025-ci il tarixli 97/2-34786/25 saylı məlumatından görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı RPŞ-də xx.xx.2025-ci il tarixdə 640393 saylı axtarış işi açılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, xx.xx.1973-cü ildə Masallı rayonunda andan olmuş, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün X5 gətirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməməsinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirləri görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında qətnaməni maddi imkansızlığı ilə əlaqədar icra edə bilməməsi barədə ifadəsinə münasibətdə qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və həmin ifadə işin halları ilə təkzib olunduğu üçün, məhkəmə onun ifadəsini sübut kimi rədd edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1.-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Həmin qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -Məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Beləliklə məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144- 146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət əməlini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, ödənilməmiş aliment borcunun kifayət qədər çox olmasını, hazırda hər hansı məbləğdə ödəniş etmək niyyətində olmadığını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(050)-157/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə o, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə yuxarıda qeyd edilənləri rəhbər tutaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 27 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun AbdullayevDüz
Məhkəmə qərarları › İş №1(050)-157/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-157/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver