Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-158/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,094 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 16 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən bədənində ağrılar hiss etmişdir. Özündə narkotik vasitə marixuana olmadığından Lənkəran rayon, Qumbaşı kəndinə gedib oradan istifadə etmək üçün marixuana əldə etmək qərarına gəlmişdir. Masallı şəhər ərazisində yerləşən “Musaküçə dairəsi” adlanan yerdə Lənkəran rayon istiqamətinə gedən tanımadığı taksi sürücüsünə əl etmiş və həmin avtomobilə əyləşib Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Qumbaşı kəndində olarkən 1 nəfər tanımadığı şəxsin yolun kənarında dayanmasını görmüş və zahiri görünüşündən narkotik vasitə aludəçisinə oxşatmışdır. O, həmin şəxsə yaxınlaşmış, bədənində ağrıların olmasını və narkotik vasitə marixuanaya ehtiyacının olmasını demişdir. Həmin şəxs də ətrafa nəzər salmış və sonra ona demişdir ki, halhazırda üzərində 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana var və 20 manata satır. O, ondan həmin narkotik vasitəni 20 manat almış və sonra isə tanımadığı taksi ilə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən evinə gəlmişdir. Yorğun olduğu üçün evdə bir qədər yatmaq, sonra isə aldığı narkotik vasitəni istifadə etmək istəmişdir. Yuxudan durduqdan sonra saat təxminən 20 radələrində evdən çıxıb yaşadığı H.Əliyev prospektində narkotik vasitəni istifadə etmək üçün əlverişli yer axtarmağa başlamışdır. Bu zaman tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində onu təhqiqatçının xidməti otağına aparmışlar və şübhəli şəxs qismində tutulmuşdur. Ona orada hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan qara rəngli şalvarının sol yan cibindən kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 9,1 qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, atasının həbsdə olduğunu, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 16 may 2023-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospekti, ev 40, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən Masallı RPŞnin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 və Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Masallı şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs tək gəzişərkən polis leytenantı Şahid2 iştirakı ilə saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından və buna görə də onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Bəhmən Əsgərlinin xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, olaraq təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin günü saat 12 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 9,1 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı CAB-nın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana təqdim edərək, kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuananı həmin günü Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata almasını deməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 17 may 2023-cü il tarixli 19/555 saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 6,094 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi 6,094 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 6,044 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X1 X8 Yoxlamanın nəticələrinə dair 22 may 2023-cü il tarixli, 554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDlƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 6,044 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü xasiyyətnamədən və arayışdan görünür ki, Cavadov X7 şəhəri, H..Əliyev prospekti bna 40, mənzil 9-da qeydiyyatda olmaqla, atası xx.xx.1974-cü il təvəllüdlü X6, anası xx.xx.1978-ci il təvəllüdlü X3 və qardaşı xx.xx.2005-ci il təvəllüdlü X2 ibarət ailə tərkibində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış və birgə yaşayış qaydalarına əməl etmişdir. Onun hərəkətləri barədə qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, peşmançılıq çəkməsini və ailədə yeganə qazan gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDlƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 6,044 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 16 may 2023-cü il tarixindən 18 may 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 6,044 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-158/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-158/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver