Məhkəmə qərarları › İş №1(050)-158/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-158/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-158/2025 08.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı)-Zərərçəkmiş şəxs, Müdafəçisi-Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 19 iyul 2025-ci il tarixdə, saat 17 radələrində Masallı rayonu, Xallıcallı kəndində yerləşən qohumu Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və daşla qəsdən bir neçə dəfə vurub döyərək sonuncuya sağ mil-bilək oynağ nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, başın sol gicgah nahiyəsinin, burnun sağ yan hissəsinin, sağ bazu nahiyəsinin, sağ dirsək oynağına müvafiq nahiyənin bayır hissəsinin, sağ dirsək nahiyəsinin və yuxarı dodağın sol yarısının sıyrıqları, boynun ön hissəsinin sağ yarısının, sağ və sol bazu nahiyəsinin və sol dirsək çuxuru nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclası zamanı ona elan edilmiş yekun protokolu üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun mərhum qardaşının arvadı olmuşdur. Havaxanımla aralarında ev və torpaqla bağlı məhkəmə mübahisələri vardır. 19 iyul 2025-ci il tarixdə, saat 17 radələrində mübahisəli həyətyanı sahənin yaxınlığında olarkən Havaxanımla aralarında sözlə mübahisə yaranmış, daha sonra isə dalaşmağa başlamışlar. Onlar əlbəyaxa dalaşan zaman qarşılıqlı olaraq bir-birlərinin saçından tutub bədənlərinin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurmuşlar. Sonra oraya Havaxanım qardaşı Temur və arvadı Aytən gəlmiş və onları ayırmışdır. Oradan ayrıldıqdan sonra evində olarkən DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclas zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızıdır. Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəllər yaxşı olsa da, təxminən 1 ildir ki, aralarında mübahisə və münaqişə vardır. Onun əri X2 2019-cu ildə vəfat etdikdən sonra o, Müşfiqə məxsus Masallı rayonu, Xallıcallı kəndində yerləşən fərdi yaşayış evində azyaşlı qızı ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yaşasa da, təxminən 1 ildir ki, kəndə gəlib atası İmanverdinin evində yaşamışdır. Kəndə gəldikdə sonra onun mərhum əri Müşfiqə məxsus olan, hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək onu həmin evdən çıxarmaq istəmişdir. Bu səbəbdən dəfələrlə aralarında mübahisə olmuşdur. Evin yerləşdi torpaq sahəsi Ayselə aid olsa da, həmin evi mərhum əri Müşfiq tikmişdir. O, həmin torpaq sahəsi üçün Ayselə ödəniş etməyi təklif etsə də, həmin torpağı ona satmayacağını bildirmişdir. bununla bağlı aralarında məhkəmə mübahisəsi vardır. 19 iyul 2025-ci il tarixdə, saat 17 radələrində həmin evin həyətində oturan zaman Aysel ona yaxınlaşaraq həyətindən çıxmağını tələb etmişdir. O, apellyasiya məhkəməsinin qərarı verilənədək həmin evdə qalacağını bildirən zaman Aysel anidən əlindəki daşla onun başının sol və sağ tərəfinə, burun nahiyəsinə bir neçə dəfə vurmuşdur. O, müvazimətini itirərək yerə yıxılmış və həmin vaxt Aysel təpiklə onun sağ qoluna vurmuş, onun saçından tutaraq onu yerdə sürümək istəmişdir. Bu zaman sağ dirsək nahiyəsi yerdə olan daş parçalarına dəymişdir. Daha sonra əli ilə onun dodaq və boyun nahiyəsinə yumruqla vurmuş və həmin nahiyələri cırmağa başlamışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs qorunmaq üçün əli ilə sonuncuya müqavimət göstərmişdir. Həmin vaxt əli Təqsirləndirilən şəxs bədən nahiyələrinə dəymişdir. Onlar yerdə əlbəyaxa savaşan zaman qardaşı Temur və arvadı Aytən oraya gəlib onları ayırmışlar. Sonra qardaşı Temur DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs 31 avqust 2025-ci il tarixdə özünü asaraq ölmüşdür. Hazırda iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Lakin, hadısə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona gərə də məhkəmədən mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 21 iyul 2025-ci il tarixli, 663 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsda sağ mil-bilək oynağ nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı, başın sol gicgah nahiyəsinin, burnun sağ yan hissəsinin, sağ bazu nahiyəsinin, sağ dirsək oynağına müvafiq nahiyənin bayır hissəsinin, sağ dirsək nahiyəsinin və yuxarı dodağın sol yarısının sıyrıqları, boynun ön hissəsinin sağ yarısının, sağ və sol bazu nahiyəsinin və sol dirsək çuxuru nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruq, təpik və daşla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 19 iyul 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Asifikasiya səbəbindən ölmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı veridkləri ifadələri, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı Dövlət ittihamçısı şifahi vəsatətlə müraciət edərək bildirdi ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra, iş məhkəmənin icraatında olduğu müddətdə ölmüşdür, bəraətverici əsaslar yoxdur və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.5.-ci maddəsinə əsasən bəraətverici əsas olmadan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya CPM-nin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs ölməsi barədə onun yaxın qohumlarına 03 sentyabr və 24 sentyabr 2025-ci il tarixli məktublarla məlumat verilməklə Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəklərinin olubolmaması barədə yazılı bildiriş göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas olmaması izah olunmuşdur. Lakin hal hazıradək, yəni 08 oktyabr 2025-ci il tarixədək olan müddətdə mərhum Təqsirləndirilən şəxs yaxın qohumlarından hər hansı şəxs onun hüquqi varisi qismində tanınması barədə istəyini bildirməmişdir. Məhkəmə iclası zamanı Müdafiəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs öldüyündən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə xitam verilməlidir, o cümlədən başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmə baxışı gedişində cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. 43.1.1-ci maddəsinə əsasən məhkəmə dövlət ittihamçısı və ya xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarır. 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsinə görə cinayət təqibini istisna edən halın olması, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığının olması səbəbindən cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs onun xeyrinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 500 manat pulun, 1000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumu olaraq 35 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Sadalanan qanunvericilik aktlarına əsaslanaraq məhkəmə hesab edir ki, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi müəyyən olunmadığından hazırki vəziyyətdə mülki iddianın həll edilməsi mümkün deyil və bu səbəbdən də iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar