Məhkəmə qərarları › İş №1(050)-159/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-159/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-159/2024 12.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Ərkivan qəsəbə ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,489 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə istifadəçisidir və son zamanlar əsasən psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmiş və bu məqsədlə həmin vaxtı yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evdən tək çıxıb sərnişin mikroavtobusu ilə Masallı şəhərində yerləşən “Köhnə bazar” adlanan əraziyə getmişdir. Həmin bazardan keçən 20 yanvar küçəsi ilə bir qədər piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı, əvvəllər tanımadığı şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu demişdir və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmin tanımadığı şəxs ona bir qədər diqqətlə baxaraq adının Nurlan olduğunu, psixotrop maddə metamfetaminin olduğunu və istəsə əgər gətirib verə biləcəyini demişdir. Nurlan adlı şəxslə razılaşmış və ona olduğu yerdə gözləməyini deyib harasa getdikdən 15-20 dəqiqə sonra yenidən yanına gəlmişdir. Bundan sonra həmin tanımadığı şəxs cibindən bir ədəd sellofan bükümdə maddəni çıxardıb göstərərək həmin bükümün içində təxminən yarım qram ağırlığında metamfetamin olduğunu və həmin metamfetamini 20 manata sata biləcəyini bildirmişdir. Həmin Nurlan adlı tanımadığı şəxslə razılaşıb ondan bir ədəd bükümdə psixotrop maddə metamfetamini 20 manat pulun müqabilində heç kimin görmədiyi şəraitdə alıb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşıb tanımadığı şəxsə məxsus sərnişin avtomobili ilə yaşadığı evə geri qayıtmışdır. Həmin günü yəni, xx.xx.2024cü il tarixdə saat 23 radələrində tanımadığı şəxsdən aldığı üzərində olan bir büküm psixotrop maddə metamfetamindən istifadə etmək üçün yaşadığı evdən piyada çıxıb Ərkivan qəsəbəsində özünə uyğun yer axtarmağa başlamışdır. Ərkivan qəsəbəsindəki avtomobil yolayrıcı dairəsinin yaxınlığında tək piyada hərəkətdə olduğu vaxt iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb üzərinə şəxsi axtarış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs özünü ona Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Sonra baş təhqiqatçı A.Səfərov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı Ariz Səfərov ona üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Əvvəlcə baş təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o da əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni və sol yan cibindən “samsung” markalı mobil telefonunu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri 20 yanvar küçəsində Nurlan adlı tanımadığı şəxsən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı A.Səfərov təqdim etdiyi bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətən də psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Sonra həmin təqdim etdiyi metamfetamin baş təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,51 (sıfır tam yüzdə əlli bir) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin və samsung markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Sonra üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı A.Səfərov üzərinə keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokolu uca səslə oxumuş və o da müdafiəçisi və digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə psixotrop maddə metamfetamin özünə məxsus olmuş, həmin metamfetamini ona satan şəxsi əvvəllər tanımamış, xarici görünüşü və əlamətləri yadında qalmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ona Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə əmr hazırlanmış və o həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TBnin baş təhqiqatçısı Ariz Səfərov və CAB-nin əməliyyat müvəkkili Şahid1 təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Ərkivan dairəsi” adlanan yerin yaxınlığında olması barədə məlumat əldə etdikdən sonra Şahid1lə birlikdə həmin yerə getmişdir. Orada Təqsirləndirilən şəxs asfalt yolla tək piyada hərəkətdə olduğunu görüb, ona yaxınlaşaraq xidməti vəsiqəni göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğu üçün yaxınlaşdıqlarını bildirmişdir. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona üzərinə şəxsi-axtarış keçirilməsi üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu baş təhqiqatçı Ariz Səfərovun xidməti otağına aparmış və bu barədə aidiyyəti üzrə raportla məruzə etmişdir. Bundan sonra baş təhqiqatçısı A.Səfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək, ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra istəyinə əsasən müdafiəçi qismində Müdafiəçi RPŞyə dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçısı A.Səfərov Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını demişdir. Baş təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni və sol yan cibindən “samsung” markalı mobil telefonunu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri 20 yanvar küçəsində Nurlan adlı tanımadığı şəxsən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmişdir. Bundan sonra baş təhqiqatçı A.Səfərov təqdim olunmuş həmin bir ədəd bükümü açıb baxdıqda onun həqiqətəndə psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,51 (sıfır tam yüzdə əlli bir) qram olduğu məlum olmuşdur. Daha sonra həmin aşkar edilmiş bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və samsung markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra şəxsi axtarışın keçirilməsi barədə baş təhqiqatçı A.Səfərov tərəfindən protokol tərtib edilmiş, həmin protokolu uca səslə oxunmuş və o da digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2024-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə maddəni və sol yan cibindən “samsung” markalı mobil telefonunu çıxardıb təqdim edərək təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri 20 yanvar küçəsində Nurlan adlı tanımadığı şəxsən şəxsi istifadəsi üçün 20 manat pulun müqabilində alıb üzərində gəzdiridiyini bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 19/507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,489 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -0,489 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq -0,439 qamdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X7 Yoxlamanın nəticələrinə dair 24 iyun 2024-cü il tarixli 547 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi -0,439 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs olunun üzərindən psixotrop maddə metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video CD disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2020-ci il tarixli 1(050)- 16/2020 saylı hökmünün surətindən görünür ki, X5 əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. X5 hazırki cinayəti törətdiyi zaman məhkumluğu ödənildiyindən hazırda məhkumluğu omayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X1 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,489 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (cinayət törədərkən məhkumluğu ödənilsə də, əvvəllər ağır və az ağır cinayətlər törətməsini, həmin cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini) o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 iyun 2024-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,439 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hökm elan olunduğu gündən, yəni 12 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 21 iyun 2024-cü il tarixdən 23 iyun 2024cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 12 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-0,439 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar