Məhkəmə qərarları › İş №1(050)-16/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-16/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-16/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 03 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Aslanov küçəsində saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,336 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğundan narkotik vasitə istifadə edir. Bədənində ağrılar olduğundan xx.xx.2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin tarixdə səhər saatlarında Masallı şəhəri “İsgəndərli dairəsi” deyilən yerə gələrək tanımadığı taksi sürücüsü ilə Lənkəran rayonu, Qumbaşı kəndinə gedərək avtomobildən düşmüşdür. Kəndin içərisində piyada hərəkətdə olan zaman yolun kənarında bir nəfər xarici görkəmcə narkotik aludəçisinə oxşayan əvvəllər tanımadığı şəxsin olmasını görmüşdür. Həmin şəxsin ona narkotik vasitə almaqda köməklik edəcəyini ehtimal edib həmin şəxsə yaxınlaşmışdır. Aralarında bir qədər söhbət etdikdən sonra həmin şəxsə bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin şəxs onunla bir qədər söhbət etdikdən sonra nə qədər pulunun olmasını soruşmuşdur. O, həmin şəxsə üzərində 10 manat pulunun olduğunu demişdir. Həmin tanımadığı şəxs üzərindən şəffaf sellofana bükülmüş bükülü çıxarıb içərisində 0,5 qrama yaxın heroin olmasını və həmin heroini 10 manata ona sata biləcəyini demişdir. O, həmin şəxslə razılaşmış və 10 manat pulu ona verərək bükülünü ondan almışdır. Həmin tanımadığı şəxsdən aldığı bir büküm heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Tanımadığı həmin şəxs sağollaşaraq ondan uzaqlaşıb naməlum istiqamətə getmişdir. Bundan sonra o, kənddən çıxıb piyada Masallı rayonu, Boradigah kəndi istiqamətinə doğru gəlmişdir. Yolun bir hissəsini piyada qət etdikdən sonra isə saat təxminən 13 radələrində Masallı rayonu istiqamətinə gələn tanımadığı yol maşınına əl edib saxlatdırmış və Masallı şəhərinə qayıtmışdır. Saat 19 radələrinə qədər şəhər ərazisində olmuş və aldığı narkotik vasitəni istifadə etmək məqsədi ilə Masallı şəhəri, H.Aslanov küçəsi ilə evə doğru hərəkət edən zaman “İsgəndərli dairəsi” yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, qanunsuz olaraq narkotik vasitə istifadə etdiyini və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, şəxsi istifadəsi üçün üzərində heroin saxladığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirməyə başlanmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan cins şalvarının sağ yan cibindən sellofan bükülünü çıxararaq stolun üzərinə qoymuş və içərisində heroin olmasını, şəxsi istifadəsi üçün Lənkəran şəhəri, Qumbaşı kəndindən 10 manat pul qarşılığında tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin hər hansı bir başqa şübhəli əşya predmentə rast gəlinməmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisi 0,36 qram müəyyən olunmuşdur. Protokol tərtib olunmuş və protokolu imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində yaşlı valideynlərinin olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masallı şəhəri, H.Aslanov küçəsi ev 10-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbə rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvləri kimi X5dən və PPXB-nın polis nəfəri Şahid2 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2022ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olan zaman görüb ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduqları zaman o, şəxsi istifadəsi üçün üzərində narkotik vasitə heroin olmasını demişdir. Tərəflərindən Təqsirləndirilən şəxs Masallı Rayon Polis şöbəsinə dəvət edilmiş və o, onlarla birlikdə Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs X5in xidməti otağına dəvət etmişlər. X5 Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoçəkilişlə şəxsi axtarış keçirləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında onun hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi kimi dəvət olunmuş və təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlayıb şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü, göy rəngli alışqanı çıxararaq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin heroini şəxsi istifadəsi məqsədi ilə Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. Daha sonra şübhəli şəxsin əynində olan digər paltarlarına təhqiqatçı şəxsi axtarış keçirsə də, qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar etməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən elektron tərəzidə müdafiəçi və digər proses iştirakçılarının iştirakı ilə çəkilmiş və ümumi çəkisi 0,36 qram müəyyən olunmuşdur. Bir bükümdə olan narkotik vasitə heroin zərfin içərisinə qoyularaq möhürlənmiş və zərfin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən sellofan bükülüdə aşkar edilərək götürülməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2022-ci il tarixli, 19/1145 saylı rəyinin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,336 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 0,286 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X11 Yoxlamanın nəticələrinə dair 10 noyabr 2022-ci il tarixli, 1158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,286 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunduğu görüntünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi 16 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Əliyev X3 şəhəri, H.Aslanov Küçəsi ev 10 B ünvanında qeydiyyatdadır, atası xx.xx.1946-cı il təvəllüdlü X2, anası xx.xx.1943-cü il təvəllüdlü X4, aravdı xx.xx.1983-cü il təvəllüdlü X7, qızı xx.xx.2004-cü il təvəllüdlü X10 və oğlu xx.xx.2007-ci il təvəllüdlü X6 ibarət ailə tərkibində yaşayır. Əliyev X3 şəhərində yaşadığı müddətdə özünü səmimi aparmış, yaşadığı ərazidə və cəmiyyət arasında davranış qaydalarınsa daim əməl etmişdir. Təqsirləndirilən şəxs barəsində Masallı şəhər İƏDÜ nümayəndəliyinə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Masallı Rayon Məhkəməsinin 05.11. 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,286 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 03 noyabr 2022-ci il tarixindən 16 yanvar 2023-cü il tarixədək olan 02 (iki) ay 13 (on üç) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,286 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vadsitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Msasallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar