Məhkəmə qərarları › İş №1(050)-160/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-160/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-160/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Masallı rayonu Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə saat 21:30 radələrində AC-728706 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında istifadəsində olan ayıq vəziyyətdə idarə etdiyi “Opel-Astra” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı-Xırmandalı avtomobil yolunun Masallı rayonu Şərəfə kəndi ərazisindən keçən hissəsində Xırmandalı kəndi istiqamətində yolun sağ hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, həmin avtomobil yolunda onunla eyni istiqamətdə düzünə adi yerişlə hərəktədə olan piyada, əvəllər tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə yolun hərəkət hissəsində ehtiyatsızlıqdan vuraraq ona qapalı kəllə beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, başın ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin qapalı küt travması, sağ kürək sümüyünün qəlpəli sınığı, aşağı və yuxarı ətrafların sıyrıqları, döş qəfəsinin sol yarısının qançırı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs 29 aprel 2024-cü il tarixdə müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında baş-beyin toxumasının əzilməsi, baş beyin toxumasına və yumşaq qişa altına yayılmış qansızmaya görə inkişaf edən baş beynin ödemi nəticəsində ölmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində evə gəldiyi zaman qızının övladları ilə onlarda olmuşdur. Qızını uşaqları ilə yaşadıqları evlərinə aparıb yaşadığı ünvana qayıdarkən kəndin arxasında öz məhəllələrinə dönməyə 10 metr qalmış qarşıdan gələn maşının işıqları gözünə düşmüşdür. İşıq keçən kimi maşının qarşısında adam olduğunu görmüşdür. Cəld manevr edərək avtomobili yolun soluna doğru istiqamətləndirmişdir. Əgər avtomobili yolun soluna doğru istiqamətləndirmiş olmasaydı həmin adamların ikisinidə vurmuş olardı. Çünki həmin vaxt maşının qarşısında iki nəfər olduğunu görmüşdür. Maşını yolun soluna doğru istiqamətləndirdiyi üçün həmin şəxslərdən birini vurmuşdur. Avtonəqliyyat hadisəsi zamanı mərhum avtomobilin alın şüşəsinə dəyərək avtomobilin sağ tərəfindən diyirlənib avtomobilin arxasına düşmüşdür. O, avtomobili dərhal saxlayaraq maşından düşmüşdür. Həmin vaxt maşının sürəti çox olmamışdır. Çünki məhəlləyə dönməyə hazırlaşmışdır. Maşını saxladıqdan sonra maşından düşmüş və vurduğu şəxsin asfaltın üzərinə düşdüyünü görmüşdür. Dərhal avtomobilinə minərək avtomobili döndərmiş və vurduğu şəxsi yanında olan digər şəxslə birlikdə köməkləşib idarə etdiyi avtomobilə qoyaraq rayon mərkəzi xəstəxanasına aparmışdır. Ertəsi gün isə mərhumun qohumlarının razılığı ilə onu “Bioloji Təbabət” klinikasına aparmışlar. Hazırda etdiyi əməldən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun səmimi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun əri olmuş və mərhum əri Zərərçəkmiş şəxs Masallı rayonu Bala Təklə kəndində yaşamışdır. xx.xx.2024-cü il tarixdə o, yaşadığı evdə olduğu zaman baldızı Züleyxa Əzimova ona zəng edərək bir nəfər şəxsin idarə etdiyi avtomobillə əri Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduğunu bildirmiş və o da cəld Masallı şəhərində yerləşən Masallı RMX-na gəlmişdir. Orada ona əri Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilmişdir. O və mərhum əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə olunduğunu, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığından təqsirləndirilən şəxsin tutulmasını, ona cəza verilməsini istəmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin yol patrul xidmətinin inspektoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu ərazisində xidmətdə olarkən Masallı-Xırmandalı avtomobil yolunun rayonun Şərəfə kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə Masallı RPŞ-nin növbətçi hissəsindən ona məlumat daxil olmuş və bundan sonra o, dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə ilkin baxış zaman sadəcə yerdə qan olduğunu görmüşlər. Daha sonra məlumat verilmişdir ki, xəsarət almış şəxs xəstəxanadadır. Onlarda xəstəxanaya getmişlər. Xəstəxanada sürücü Təqsirləndirilən şəxs görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs götürüb müstəntiqlə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə ilkin baxış keçirmişlər və Təqsirləndirilən şəxs hadisənin neçə baş verdiyi barədə məlumat vermişdir. Daha sonra şəxsi polis şöbəsinə dəvət etmişlər və onunla birlikdə polis şöbəsinə gəlmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur, Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Nahidlə də münasibəti yaxşı olmuşdur, hər hansı düşmənçiliyi olmamışdır. Şərəfə kəndi ərazisində yerləşən “Kəndimiz” şadlıq sarayında təşkil olunmuş toy məclisinə getmişdir. Telman kimi tanıdığı Zərərçəkmiş şəxs həmin toy şənliyində olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı evə getmək istədiyini bildirmiş və onunla birlikdə getməsini təklif etmişdir. O da Əslanın bu təklifi ilə razılaşmışdır. Təxminən 100 metr saraydan aralanıb yola çıxmışlar. Bu vaxt Masallı şəhərindən Xırmandalı kəndi istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuşdur. Həmin vaxt hava qaranlıq olmuş, təxminən saat 21 radələri olmuşdur. Mərhum avtomobilin zərbəsindən 3 metr aralıya düşmüşdür. O, təcili tibbi yardıma zəng etmək istəmiş lakin Təqsirləndirilən şəxs dərhal idarə etdiyi avtomobili saxlamış və xəsarət alan Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Bundan sonra o, Əslanı Təqsirləndirilən şəxs ilə birlikdə Nahidin avtomobilinə əyləşdirmiş və Masallı RMX-na aparmışlar. Hadisə zamanı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1279 saylı rəyindən görünür ki, “Opel Astra” markalı, **-LX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 12 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və yumşaq qişası altına yayılmış qansızma, başın ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin qapalı küt travması, sağ kürək sümüyünün qəlpəli sınığı, aşağı və yuxarı ətrafların sıyrıqları, döş qəfəsinin sol yarısının qançırı ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin və zərbənin təsirindən tullanılaraq yer səthinə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti tibbi sənəddə qeyd olunan 14 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasının əzilməsi, baş beyin toxumasına və yumşaq qişa altına yayılmış qansızma nəticəsində inkişaf edən baş beynin ödemi olmuşdur. Ölüm 29 aprel 2024-cü il saat 05:35-də xəstəxanada baş vermişdir.

3. Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş 953 №-li xəstəlik tarixində onun xəstəxanaya daxil olduğu vaxt ağzından spirt iyi gəldiyi qeyd olunmuşdur. Həmin vaxt onun qanı alkoqolun təyini üçün laborotor müayinədən keçirilmədiyindən onun hansı dərəcədə sərxoş olması barədə fikir söyləmək mümkün deyildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 02308 saylı alkoqolun miqdarının təyin edilməsinə dair alkotrseter cihazının qəbzindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zamanı sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan BD № 121996 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsindən görünür ki, “Opel-Astra” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarında olan AC № 728706 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Opel-Astra” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Masallı rayon Şərəfə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması 59.1.13-cü maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi üçün tədbirlər görməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Opel-Astra” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalı və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Opel-Astra” markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar