Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-160/2025 04.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Masallı rayon Ərkivan qəsəbəsində yaşamaqla qeydiyyatda olan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində Masallı rayon Bədəlan kəndində avtomobil yolunun kənarında qohumu Zərərçəkmiş şəxs onun ailəsində söz-söhbət yaratması səbəbindən həmin yerdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs araşdırmaya məlum olmayan bıçağın tiyəsi və sapı ilə qəsdən vurub döyərək sonuncuya sağ said nahiyəsinin iki ədəd kəsilmiş yarası, üzün sol yarısının və sağ böyür nahiyəsinin hərəsinin bir ədəd kəsilmiş səthi yarası, alnın tüksüz hissəsinin və burun əsası nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərdi ki, o, taksi sürücüsü kimi çalışır. Təxminən 2 (iki) il bundan qabaq gecə radələrində Yardımlı rayonundan evinə geri qayıdan zaman həyətindəki ayaqyolunun işığının yandığını görmüşdür. O, buna fikir verməmiş və maşınına texniki qulluq etmişdir. Daha sonra evə daxil olmuş, həyat yoldaşının evdə olmadığını görmüşdür. Həyətə düşdükdə arvadını görmüş, ondan harada olduğunu soruşmuşdur. Arvadı ayaqyolundan gəldiyini bildirmişdir. O, gecə vaxtı arvadının tək həyətə getməkdən qorxduğunu və hansı səbəbdən ayaqyoluna tək getdiyini düşünmüşdür. Lakin buna çox da əhəmiyyət verməyərək arvadına heçnə deməmişdir. Evə qalxmışlar. Yarım saat sonra həyətdən çıxmaq istəyən zaman bacanağı Mətləbin gizlənə-gizlənə küçələrindən çıxdığını görmüşdür. O, Mətləbdən onun küçəsində nə işi olduğunu və haradan gəldiyini soruşmuşdur. Mətləb ona “İsti su”dan piyada gəldiyini bildirmişdir. O, “İsti su” tərəfindən indi gəldiyini yolda ona rast gəlmədiyini demişdir. Mətləb sonra vəziyyəti fərqli cür izah edərək yolda ona maşın rast gəldiyini və maşına minib yaxınlıqda düşdüyünü bildirmişdir. Həmin gün Mətləbi maşına mindirib evlərinə aparmışdır. Mətləb maşında da həmin vaxtda özünü şübhəli aparmışdır. Bir müddət keçdikdən sonra Mətləbi görmüşdür. Ondan yenidən keçən dəfə onu maşınla gətirib evində düşürtdüyünü və haradan gəldiyini soruşmuşdur. Mətləb cavab olaraq “sən məni gətirməmisən, mənə şər atırsan” deyərək etiraz etmişdir. Həmin gündən o, arvadının Mətləblə gizli münasibətdə olması ilə bağlı şübhələnməyə başlamışdır. Bu şübhələr ona əzab verir. xx.xx.2025-ci il tarixdə Türkoba kəndinə müştəri aparmışdır. Oradan qayıdan zaman Masallı rayonu, Bədəlan kəndində avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs velosipedlə hərəkətdə olduğunu görmüşdür. Ailəsində olan söz-söhbətə görə arvadının qardaşı gəlib arvadını aparmışdır. O, maşından düşüb Mətləbdən nəyə görə ailəsini dağıtdığını soruşmuşdur. Mətləbi qorxutmaq məqsədilə maşından bıçaq da götürmüşdür. Mübahisə zamanı 1 dəfə bıçaqla Mətləbi vurmuşdur. Daha sonra maşınına minib həmin ərazidən uzaqlaşmışdır. Əvvəllər bir dəfə aralarında mübahisə olmuş, həmin mübahisə zamanı Mətləbə 2 şillə vurmuşdur. Bundan başqa ekspert rəyində göstərilən xəsarətlərlə razı deyildir. O, Mətləbə bir dəfə bıçaqla zərbə vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamışdır. Törətdiyi əməli etiraf edir, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində amnistiya aktının tədbiq olunaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə gecə radələrində Masallı rayonu, Bədəlan kənd ərazisində velosipedlə hərəkətdə olan zaman bacanağı Təqsirləndirilən şəxs maşınını üzərinə sürmüşdür. Həmin vəziyyət tam yadında qalmamışdır. Hansısa formada velosipeddən yerə yıxılmışdır. Rəfail maşından düşərək söyə-söyə üstünə gəlmişdir. Bıçaqla bədəninin müxtəlif nahiyəsinə vurmuşdur. O, birtəhər Rəfaildən canını qurtarmışdır. Rəfail hadisə yerindən uzaqlaşdıqdan sonra ətrafdakı evdən Şahid2 adında bir nəfər səsə gəlmişdir. İlqar əlindən qan gəldiyini görüb həmin qanın dayanması üçün köməklik etmişdir. Daha sonra təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım gəldikdən sonra xəstəxanaya aparılmış və ona tibbi yardım göstərilmişdir. O, hazırda qolunu normal hərəkət etdirə bilmir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Məhkəmədən onun tutulmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər də eşitmişdir ki, Rəfail qardaşına şər ataraq guya onun ailəsində söz-söhbət yaratdığını bildirmişdir. Halbuki qardaşı namaz əhlidir və heç vaxt heç kimin ailəsində sözsöhbət yaratmaz. Rəfail qardaşını həmişə buna görə narahat etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 02:30 radələrində qardaşı ona zəng edərək Rəfail ilə mübahisə etməsini və Rəfailin onu bıçaq ilə vurub xəsarət yetirdiyini və xəstəxanaya getdiyini bildirmişdir. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına gəlmişdir və həqiqətən də qardaşının bıçaqlanmasını görmüşdür. Qardaşı Mətləbdən nə məsələ olduğunu soruşduqda qardaşı heç bir səbəb olmadan Rəfailin avtomobilindən bıçaq götürərək onu bıçaqlamasını və ordan qaçaraq uzaqlaşmasını bildirmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında küçələrində səs gəlmiş və həmin vaxt küçəyə çıxmışdır. Həmin vaxt maşının keçdiyini və yolda Mətləbin əlinin qanlı vəziyyətdə olduğunu görmüşdür. O, evdən parça gətirərək Mətləbin qolundan axan qanın dayandırılması üçün qolunu bağlamışdır. Daha sonra təcili tibbi yardıma zəng etmişlər. Mətləb həkimə aparılmışdır. O, Mətləbin kimin tərəfindən bıçaqlandığını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Masallı rayonu, Bədəlan kəndində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-nin xx.xx.2025-ci il tarixli, T976/2025 saylı rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sağ saidin, üzün sol yarısının və qarının sağ yarısının kəsilmiş yarası, alnın tüksüz hissəsinin və burun əsasının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlərdən sağ saidin kəsilmiş yarası, üzün sol yarısının və sağ böyürün kəsilmiş səthi yarası kəsici kənara malik alətin (ola bilsin bıçağın), alnın tüksüz hissəsinin və burun əsasının sıyrıqları bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağ saidin kəsilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in təcili yardım şöbəsində təyin edilmiş “Sağ saidin aşağı 1/3 hissəsinin dərin kəsilmiş yarası” diaqnozu əzələ-vətər, sinir-damar dəstəsinin zədələnməsi ilə müşahidə edilmədiyindən həmin xəsarət sağlamlığa zərərvurmanın Məhkəmə-Tibbi Ekspertizası qaydalarına əsasən sağlamlığa Yüngül zərərvurma kimi qiymətləndirilir. Tibbi sənəddə qeyd edilən əsasən dirsəkdən başlayaraq İV və V barmaqlara qədər yayılan ağrı, keyləşmə, şişkinlik və gücsüzlük şikayətləri ilə özünü biruzə verən kubital tunel sindromu dirsək sinirinin dirsək oynağı nahiyəsində sıxılaraq zədələnməsi nəticəsində yarandığından, dirsək oynağı nahiyəsində xəsarətin hər hansı bir obyektiv əlaməti olmadığından və sağ dirsək, mil-bilək, sağ əl barmağı oynaqlarında hərəkətlər sərbəst və tam həcmdə olduğundan sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı və həmin sindromun ona xx.xx.2025-ci il tarixdə kəsici əşya ilə yetirilmiş sağ saidin iki ədəd kəsilmiş yarası nəticəsində əmələ gəlməsi inkar olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayonu Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146) Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq ibtidai araşdırma orqanı tərəfindən CM-nin 128ci maddəsi ilə tövsif edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndinə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, o, iş üzrə özünü təqsirli bilir və barəsində amnistiyanın tətbiq edilməsini məhkəmədən xahiş edir. Beləliklə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli 141 nömrəli Qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Masallı rayon Vəkil bürosunun vəkili Niftiyev X1 Rəfail Rustam oğluna məhkəmə iclasları zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat 30 dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 115,50 (bir yüz on beş manat, 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarının 5.1-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları zamanı göstərdiyi hüquqi xidmətə görə 115,50 (bir yüz on beş manat, 50 qəpik) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-160/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-160/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver