Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-161/2023 03.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 03 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 28 aprel 2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 28 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhəri Seybətin dairəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyin sol alt tərəfindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 465 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 03 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı ünvan 1 ünvanında yerləşən evindən yola çıxıaraq köhnə bazar istiqamətində getməyə başlamışdır. Həmin vaxt əynində nazik köynək, şalvar və ayaqqabı, cibində telefon və 1 paçka siqaret olmuşdur. Yolda ”Kapital Bank” ASC-nin qarşısından keçən zaman dayanaraq siqaret çəkmək istəmiş, həmin vaxt iki nəfər polis əməkdaşı olan əməliyyatçı ona yaxınlaşaraq biri qayşından, digəri qolundan yapışaraq onu maşına mindirib Masallı Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ikinici mərtəbədə onu döyməyə başlamışılar. Ona sual verirdilər ki, “sən orda neynirdin”, “mal hanı”, o da onlara bildirmişdir ki, “hansı maldan danışırsız”. Daha sonra üzərində axatarış aparılmış, lakin üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. O, üç aydır ki, azadlığa çıxmış xəstədir. Həbsdən çıxdıqdan sonra 1-2 dəfə narkotikdən istifadə etmiş, lakin heç zaman damarlarına iynə vurmamışdır. İttiham aktına qeyd edilmişdir ki, 300 manat müqabilində 465 qram qurudulmuş marixuana almışdır. O, 300 manat pulu axrıncı dəfə dövlət tərəfindən həbsdən çıxan zaman ona verilmiş 1460 manat sosial yardım alanda görmüşdür. Həmin pulu da borclarına vermişdir. O qədər ağılsız deyil ki, qurudulmuş marixuanaya 300 manat pul versin. Ümumiyyətlə o narkotik vasitə marixuana istifadə edən deyil. İttham aktında qeyd edilir ki, narikotik vasitə qurudulmuş marixunananı Cəlilabad şəhəri, Göytəpə şəhərindən almışdır. Sual yaranır ki, həmin narkotik vasitəni kimdən almışdır. O, razıdır ki, narkotik vasitəni aldığı şəxsi tapıb onunla məhkəmədə üzləşdirsinlər. Tutaq ki, hesab edək ki, narkotik vasitə qurudulmuş marixuananı alıbdır. O, 3 dəfə həbsdə olmuş adamdır, o qədər ağılsız deyil ki, 1 sellofan narkotik vasitəni aldıqdan sonra evinə getməkdənsə "xxxx" ASC-nin qarşısına gəlib dayansın. Əvvəllər 1-2 dəfə narkotik vasitə tapıb çəkmişdir və həmin narkotik vasitələri də qorxusundan tələsik çəkmişdir ki, tutulmasın. Ona Polis şöbəsində olan təzyiq, təqib və işcəngələrlə bağlı imkanı və anlayışı olmamışdır ki, aidiyyəti qurumlara bu barədə şikayətini bildirsin. İttiham aktında yazılıb ki, narkotik vasitəni Cəlilabad rayonu, Göytəpə şəhərində almışdır. O ümimiyyətlə Cəlilabad rayonu, Göytəpə şəhərində olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında cinayət işi materiallarında olan tədqiq edilmiş həmin ifadələrində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Əvvəllər məhkum edilmişdir. Mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur və müntəzəm olaraq narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə günün birinci yarısında saat 13 radələrində bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə olan qurudulmuş marixuana almaq məqsədilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmək qərarına gəlmiş, həmin gün yaşadığı evdən çıxaraq Masallı şəhəri Seybətin dairəsi adlanan əraziyə getmiş və Cəlilabad rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobillə Cəlilabad rayonu, Göytəpə şəhərinə getmiş və yolun kənarında avtomobildən düşmüşdür. Bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda narkotik vasitə qurudulmuş marixuana olduğunu, istəsə ona verə biləcəyini bildirmişdir. O, yenidən azadlıqdan məhrum olunmamaq üçün bir neçə müddət istifadə etmək məqsədilə 400-500 qram arası narkotik vasitə qurudulmuş marixuana almaq istədiyindən həmin şəxsdən ona istifadəsini təmin etmək üçün miqdarı çox olan narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu demişdir. Həmin şəxs ona bir neçə dəqiqə gözləməyini deyib onun yanından kənarlaşıb getmiş, təxminən 15 dəqiqə sonra həmin şəxs geri qayıdıb əynində olan gödəkçənin altından bir ədəd qara rəngli sellofana bükülmüş maddəni çıxartmış, həmin bükümü ona göstərib həmin bükümdə təxminən 474 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü ona 300 manata sata biləcəyini demişdir. Həmin gün saat 15 radələrində tanımadığı şəxsdən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı 300 manat pula almış və həmin bükümü əynində olan yun köynəyin sol alt hissəsinə qoyaraq köynəyi şalvarına keçirib oradan uzaqlaşmışdır. Daha sonra Masallı rayonu istiqamətində piyada hərəkət etməyə başlamış, təxminən 1 saat piyada hərəkət etdikdən sonra yolda dayanıb Masallı şəhəri istiqamətində hərəkətdə olan avtomobillərdən birinə işarə edib saxlatdırmışdır. Tanımadığı şəxsə məxsus avtomobillə Masallı şəhəri Seybətin dairəsi adlanan yerə gəlib orada avtomobildən yerə düşmüş, daha sonra Seybətin dairəsi ərazisində dayanıb heç bir şəxsin onu izləmədiyinə əmin olmaq üçün ətrafı müşahidə etməyə başlamışdır. Təxminən 1-2 saat ərazində həmin yerdə piyada hərəkət etdikdən sonra yaşadığı Masallı şəhəri Seybətin küçəsində yerləşən evinin yerləşdiyi istiqamətdə piyada hərəkətinə davam etmişdir. Həmin gün saat 19 radələrində Masallı şəhəri Seybətin dairəsində piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu ona bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmışlar və xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Məmmədov kimi təqdim etmişdir. Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Məmmədov qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermiş, daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X1 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçı Elşad Məmmədov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyini ona təklif etmişdir. O da əynində olan qara rəngli köynəyin sol alt tərəfində gizlətdiyi qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, bundan sonra təhqiqatçı tərəfindən təqdim etdiyi bir ədəd qara rəngli sellofan büküm açılmış və həmin sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. O, təhqiqatçı və iştirakçılara həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2023cü il tarixdə saat 11 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 300 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Əslində isə o, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat 15 radələrində almışdır. Bundan sonra təhqiqatçı Elşad Məmmədov ondan üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını soruşmuşdur. O, təhqiqatçıya üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya və predmet olmadığını bildirmişdir. Buna görə də təhqiqatçı Elşad Məmmədov tərəfindən onun üzərində axtarış davam etdirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana sellofanla birlikdə təhqiqatçı Elşad Məmmədov tərəfindən elektron tərəzidə çəkilmiş,ümumi çəkisinin 474 (dörd yüz yetmiş dörd) qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı Elşad Məmmədov tərəfindən onun üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş, protokol təhqiqatçı Elşad Məmmədov tərəfindən uca səslə oxunmuş və o da iştirakçılarla birlikdə həmin protokola imza çəkib təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik maddələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Seybətin dairəsində piyada hərəkət etməsi barədə məlumat əldə edib polis nəfəri Şahid2 ilə birlikdə həmin əraziyə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra üzərində narkotik maddə gəzdirməsini, qəbulunda şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmiş və onunla birlikdə Masallı RPŞ-nə getmişdir. Bundan sonra təhqiqatçı müdafiəçinin və polis əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sol alt tərəfindən qara rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofan büküm açılmış və həmin sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı və iştirakçılara həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 300 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və onun üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili, Şahid2 və şahid Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan köynəyin sol alt tərəfindən daşıyaraq saxladığı 01 ədəd qara rəngli bağlamada narkotik vasitə olan qurudulmuş maruxana aşkar edilib götürülməsi, həmin vaxt müdafiəçinin iştrakının təmin olunması müəyyən edildi. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və Cəlilabad rayoni Göytəpə şəhərindən aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/493 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1(bir) bükümdə qurudulmuş marixuanaya bənzər kütlə ....” sözlər və imzalar olan 1 (bir) ədəd paketdəki, 1 ədəd torbada təmiz çəkisi: -465,0 bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 465,0 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 464,95 qramdır. Cinayət işinin materiallarından görünür ki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizanın 01 may 2023-cü il tarixli 488 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş və ümumi təmiz çəkisi 465,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmiş və üzərində gəzdirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin kimliyini və şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarlardan görünür ki, 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 464,95 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və Masallı rayon məhkəməsinin xx.xx.2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Masallı rayon məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Müdafiə tərəfinin vəsatəti üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəyə görə Masallı şəhərində yerləşən "xxxx" ASC-nin Masallı rayon filialının xx.xx.2023-cü il tarixə olan müşahidə kamerlarında olan görüntülər sorğu əsasında əldə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin xx.xx.2023-cü il tarixə olan anten dairələri əldə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş, lakin müşahidə kameralarında onun məhz "xxxx" ASC-nin Masallı rayon filialının qarşısında saxlanılması müəyyən olunmamış, o cümlədən mobil nömrənin anten dairəsi həmin ərazidə aşkar olunmamış, əksinə cinayət işi materiallarında qeyd olunduğu kimi, Masallı rayonu Seybətin küçəsi və Dadva küçəsi ərazisində anten dairəsinin qeydə alınması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğundur, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran hallar, eləcə də, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirinin olmaması barədə məhkəmə istintaqında verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəyə münasibətdə qeyd edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı şəxsi axtarış barədə protokol, maddi sübut olan narkotik vasitə marixuana və videoçəkiliş olan disk, şahid ifadələri, müdafiə tərəfinin vəsatəti üzrə əldə edilmiş müşahidə kameralarının görüntüləri və mobil nömrənin anten dairəsi barədə məlumatlarla onun ifadəsi təkzib olunur, ona görə də məhkəmə onun özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi halları qanuni və mötəbər sübut kimu qəbul etmir. Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəlldlü X5 adlı iki nəfər azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-270/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 03 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəzasının çəkilməmiş 04 ay 06 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 83.1 və 83.3.3-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-270/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Ona görə də, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Qeyd olunan maddədə göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinin tələbinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 56.1 və 56.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-in 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 ay 06 gün azadlıqdan məhrumermə cəzasından Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16 yanvar 2023-ci il tarixli qərarı ilə şərti olaraq vaxtindan əvvəl azad etmə ləğv edilməlidir. CM-in 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən qəsdən cinayət törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)- 60/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) ilə bağlı məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından tədqiqata sərf edildikdən sonra qalıq qalan 464,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 ay 06 gün azadlıqdan məhrumermə cəzasından Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16 yanvar 2023-ci il tarixli qərarı ilə şərti olaraq vaxtindan əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 04 ay 06 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan müddəti qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli çəzaçəkmə müəssisələrində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Maddi sübut: 464,95 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. 60 manat məhkəmə-bioloji ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-161/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-161/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver