Məhkəmə qərarları › İş №1(050)-161/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-161/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-161/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Masallı rayonu Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq olunaraq təyin olunmuş cəzası 6 ay müddətə azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-40/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,731 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib ünvan 2 ünvanında yerləşən yaşadığı evinə gətirərək orada iki hissəyə bölüb satış məqsədilə üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı şəhər, Həzi Aslanov küçəsində həmin psixotrop maddədən bir büküm 0,427 qramını tanışı Şahid1 30 manat pul müqabilində satmış, onun qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən 04 may 2024-cü il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Masallı şəhər, Həzi Aslanov küçəsində saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan və Şahid1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,427 qram olan psixotrop maddə metamfetamin ilə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynilik təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Qeyd edilən əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər vermiş olduğu ifadələrini düzgün verməmişdir. Əvvəlcə Azad ona borc vermiş daha sonra isə o, Azada borc vermişdir. Borcunu almaq üçün getmiş və qayıtdığı zaman tutulmuşdur. Təzyiq altında olduğu üçün yalan ifadə vermişdir. Qardaşı, atası, ailəsi, körpə uşağı üçün qorxduğundan təzyiq altında olduğu üçün ondan aldığını demişdir. O, Azadın yanına getdiyi zaman üzərində mal olmuşdur, yarım qram şüşə olmuşdur. Şöbədə olduğu zaman ifadə verərkən, üzləşmə zamanı və məhkəmədə dindirilərkən təzyiq altında olmuş, qorxduğu üçün yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs əvvəllər də tanımışdır, lakin ondan narkotik vasitə almamış və onu narkotik vasitə satan kimi tanımamışdır. Əvvəllər həbsxanada olduğu zaman bir yerdə cəza çəkmişlər. Azadın Mercedes markalı maşını olmuş təmir etməsi üçün onun yanına gətirmişdir. Sonra atası Azaddan 500 manat borc almışdır. Eləcə də Azad tutulmazdan 3-4 gün əvvəl ondan pul istəmiş o da vermişdir. Qumbaşı kəndindən mal almış, avtomobil ehtiyat hissəsi olan purjunda almış, həmin maşınla da Azadın yaşadığı evə getmişdir. Azad həyətində qaynaq işləri görmüşdür, purjunu verib, 200 manat pul almışdır. Qayıdarkən həyat yoldaşı maşına minmiş bazara aparmasını xahiş etmişdir. Baxçanın yanında olduğu zaman tutulmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O istintaqda verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, son zamanlar əsasən psixotrop maddə hesab edilən metamfetamin istifadə edir. Narkotik vasitələrdən qanunsuz istifadəyə görə əvvəllər məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, yaşadığı evdə yuxudan ayılmış və bədənində ağrılar yaranmağa başladığından psixotrop maddə almaq qərarına gəlmiş, əvvəlcə əl-üzünü yumuş və səhər yeməyini yemişdir. Daha sonra əvvəllər tanıdığı Masallı şəhər sakini Azad adlı şəxsin mobil telefonuna zəng edib ondan “patı” deyilən psixotrop maddə istəmişdir. Azad da ona günorta saatlarında gedib ondan 1 büküm patı deyilən metamfetamini götürə biləcəyini demişdir. Günorta saatlarında o, evdən çıxmış və Masallı rayonu İsgəndərli kəndi adlanan yerə gedib adını Azad kimi bildiyi Masallı şəhər sakini ilə görüşmüşdür. Azad ona üzərində hazırda 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu və əgər almaqda fikri ciddirsə ona sata biləcəyini demişdir. O da 1 ədəd bükümdə metamfetamini Azad adlı şəxsdən 30 manat olmaqla razılaşıb almışdır. Günorta saat 15 radələrində Masallı şəhəri H.Aslanov küçəsi ilə piyada hərəkət edib evinə qayıdıb psixotrop maddəni qəbul etmək istəyərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. O, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Daha sonra polis əməkdaşları onu Masallı RPŞ-yə aparmışlar. Masallı RPŞ-nin xidməti otaqlarından birində polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim etmişdir. X2suz olaraq üzərində narkotik vasitənin qanunsuz istifadəsində və üzərində daşınmasında şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-nə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, müdafiəçi qismində X6 onun müdafiəçisi təyin edilmişdir. Daha sonra baş X4 onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmiş, o da əynində olan boz rəngli şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmiş, daha sonra baş təhqiqatçı tərəfindən üzərində olan digər geyimlərinə şəxsi axtarış keçirilmiş və şalvarının sağ yan cibindən boz rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. O, həmin bükümdə olan psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Masallı rayonu İsgəndərli kəndi ərazisindən Azad adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Sonra X4 tərəfindən həmin büküm elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisinin 0,57 qram olduğu müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilmiş, 1 bükümdə psixotrop maddə olan metamfetamin və 1 ədəd “Redmi” markalı mobil telefon ayrı-ayrı zərflərə qoyularaq RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə imzalar edilmişdir. Onun üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Şahid1 barəsində olan Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman vermiş olduğu ifadəsində üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs aldığını qeyd etmişdir 1(050)-129/2024 saylı cinayət işi, xx.xx.2024-cü il tarixli hökm). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Musaküçə kənd sakini Şahid1 narkotik vasitələri üzərində gəzdirməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Şahid1 tərəflərindən Masallı rayonu ərazisində saxlanılaraq Masallı RPŞ-yə aparılmışdır. Aparıldıqdan sonra Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni deməsinə görə əvvəllər tanıdığı Masallı şəhəri H.Aslanov küçəsində yaşayan Azad adlı şəsxdən 30 manat pul müqabilində alıb şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs tərəflərindən Masallı şəhəri Həzi Aslanov küçəsində saxlanılaraq Masallı RPŞ-yə gətirilmişdir. Saxlanılması ilə bağlı ona yaxınlışıb özlərini ona təqdim edərkən narkotik vasitələrin üzərində gəzdirməsində, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat verilərkən o, onlardan qaçaraq bıçaqla boynuna xəsarət yetirmişdir. Onlarda onun arxası ilə qaçmışlar və onu tutduqları zaman artıq əlində bıçaq olmamış bıçağı atmışdır. Tutduqları zaman dərhal RPŞ-yə gətirmişlər. RPŞ-də üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Deməsinə görə həmin kütləni Lənkəran rayonu Qumbaşı kəndindən şəxsi istifadəsi üçün 50 manat pul müqabilində almışdır. Məhkəmə istintaqında iştirak etməsədə ibtidai istintaqda şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 16-17 nəfər əməliyyat müvəkkili ona hücum etmişlər, yaşadığı evi dağıtmışlar, həyətyanı sahəsini qazmışlar, yaşadığı evində quraşdırılmış müşayiət kameralarını sındırmışlar və bütün bunları əməliyyatçılar telefonla çəkiliş etmişlər ki, həmin çəkiliş hardadır. O, Şahid1 narkotik vasitə satmamışdır. Həmin gün İlqar onlara aldığı borcu qaytarması ilə bağlı gəlmişdir. Həmçinin İlqar həmin gün onun üçün avtomobil ehtiyat hissəsi olan dəmir purjun gətirmişdir. Oda İlqara olan borcunun 200 manatını qaytarmışdır. Polis şöbəsində ona qarşı təzyiq olunmuşdur. Xahişi və tələbi odur ki, iş ibtidai istintaqa qaytarılsın. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsində özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol arxa cibindən 01 ədəd “Huavei” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızda olan bükülünü təqdim edərək, təqdim etdiyi bükülünün içində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmiş, təhqiqatçının verdiyi saullara cavab olaraq Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 50 manata almış, bir qismini xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində yaşayan Şahid1 30 manata satmış, bir qismini isə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin üzləşmə istintaq hərəkəti zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə “xx.xx.2024cü il tarixdə səhər saatlarında mən sənə zəng edib “patı” deyilən metamfetamin istədim, sən isə mənə dedin ki, günorta saatlarında səndə 1 büküm metamfetamin olacaq və səninlə görüşüb səndən ala bilərəm. Həmin gün günorta saatlarında mən Masallı şəhəri, H.Aslanov küçəsinə gəldim və səninlə görüşdüm. Sən cibindən 1 bükümdə metamfetamini çıxarıb mənə verdin. Mən isə qarşılığında 30 manat pulu sənə verdim” sözlərini demişdir.; Təqsirləndirilən şəxs da Şahid1 üzünə “sən yalan deyirsən, mən sənə psixotrop maddə metamfetamin satmamışam. Sən təxminən 5-6 gün əvvəl mənə 400 manat pul vermişdinki sənə psixotrop maddə təşkil edim, lakin, mənim həmin pula ehtiyacım olduğu üçün səni aldadıb səninlə razılaşdım. Polislə birləşib mənə şər atma. Sən polislərin əliylə məni tutdurmusan” sözlərini demişdir. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs üzünə “Sən niyə yalan danışırsan sən 400 manat pulu məndən borc almışdın. Mən səndən xx.xx.2024-cü il tarixdə 30 manat pul müqabilində bir büküm psixotrop maddə metamfetamin alanda sən mənə borcumun 240 manat məbləğini geri qaytardın. İndi isə özünü müdafiə eləməyə çalışırsan. Adam kişi olar” sözlərini demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 19/394 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,304 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə.....” və “Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd büküm metamfetamin rəy №19/393” sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumilikdə 2 büküm metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (metamfetaminin təmiz çəkisi 0,304 qram, cəmi tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,254 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair 06 may 2024-cü il tarixli, 416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, Masallı RPŞ-nin operatorunun təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, hökmdən və Masallı rayon icra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq olunaraq ona təyin olunmuş cəzası 6 ay müddətə azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 06 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Səfərov X3 şəhəri, H.Aslanov küçəsi, ev 18-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan VMAS-da yoxlama nəticəsindən və elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ (ikinci) qrup əlil kimi ayda 400 (dörd yüz) manat təqaüd və 371 manat 20 qəpik pensiya alır. Sağ baldırın yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün deffekti, osteomieliti, sağ diz oynağının konfrakturası, yerişin pozulması, postravmatik ensefalopatiya, tez-tez qıcolma tutmaları. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri elan edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını (təqsirləndirilən şəxsin üzərindən psixotrop maddənin aşkar edilməsinə dair video çəkiliş aparılması barədə CD, üzləşdirmə protokolu və sairə) sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsüf edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi vardır. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan 04 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli qərarı ilə barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X7 Yoxlamanın nəticələrinə dair rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olması və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində qeyd edilmişdir ki, əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması nəzərə alınmaqla barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,254 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən və üzləşdirmə alarılmasına dair 2 ədəd CD iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsini icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkməsinin əvvəli 04 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,254 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən və aparılmış üzləşməyə dair 02 (iki) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar