Məhkəmə qərarları › İş №1(050)-162/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-162/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-162/2023 25.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1980-cı il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində ailə münaqişəsi zəmnində baş vermiş mübahisə zamanı, arvadı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir dəfə qəsdən yumruqla vurmaqla sonuncuya sağ göz nahiyəsinin və üzün sağ yarısının yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onunla 19 ildir ki, ailə həyatı qurmuşdur. Aralarında bəzən ailə münaqişəsi olmuşdur. Əvvəllər də həyat yoldaşını döydüyü üçün Azərbaycan Respublikasının Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin həyat yoldaşı onunla barışdığı üçün Masallı rayon Məhkəməsinin 23.090.2021-ci il tarixli qərarı ilə barəsində aparılan işə xitam verilmişdir.Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə gecə 02 radələrində kafelərin birində spirtli içki qəbul edərək evə gəlmişdir. Evə gələndə arvadı Şövkət onu qarşılamışdır. Qarşılayanda onu insan yerinə qoymayaraq hörmətsizlik etmişdir. Nə üçün belə davarandığını soruşmuşdur. Şövkət yorğun olduğunu və səhəri gün işə gedəcəyini bildirmişdir. Hörmətsizlik etdiyinə görə Şövkətlə sözlə mübahisə etmişdir. Həmin mübahisədən sonra dava olmasın deyə arvadı evdən çıxaraq anası Baçıxanımgilə getmişdir. Getdikdən təxminən 1 saat sonra anası Baçıxammla.geri qayıtmışdır. Anası Baçixanım nə üçün mübahisə yaratdığını soruşanda ailə daxili söhbətinin heç kimə aid olmamasını bildirmişdir. Şövkət nə üçün spirtli içki içməsini və onunla mübahisə yaratmasını soruşmuşdur. Şövkətin üzərinə gedən zaman Şövkət onu itələyərək ondan əl çəkməsini istəmişdir. Onu itələdiyinə görə əsəbləşərək Şövkətin sağ göz nahiyəsinə sillə ilə zərbə vuraraq ona yüngül xəsarət yetirmişdir. Arvadını vurduqdan sonra anası onları ayıraraq sakitləşdirmişdir. Aralarında olan mübahisə təxminən 15-20 dəq davam etmişdir.Bir müddət sonra yoldaşı Şövkətin onun haqqında Masallı RPŞ-nə ərizə ilə müraciət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxslə barışmaq istəyir, dörd nəfər uşaqları var hal-hazırda onlar zərərçəkmişin himayəsində yaşayır, əvvəl olduğu kimi ailə bir ailə tərkibində yaşamaq istəyir və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla münasibəti normal olmamışdır. xx.xx.2023- cü il tarixdə gecə saat təxminən 02 radələrində yaşadığı evdə yatarkən Zamiq evə gəlmişdir. Zamiq evə gəldikdən sonra yuxudan ayılmış və Zamiqi qarşılamışdır. Zamiq sərxoş halda yaxınlaşaraq niyə onu gözləmədən yatdığını soruşmuşdur. Yorğun olduğunu və səhər işə gedəcəyini bildirmişdir. Zamiqin mübahisə yaradaraq onu döymək istəməsini görüb evdən çıxaraq getmişdir. Evdən çıxaraq digər küçədə yaşayan qayınanası X1gilə getmişdir. Qayınanasına bu barədə məlumat verdikdə qayınanası demişdir ki, narahat olma səni döyməz get evində qal. Zamiqin sərxoş olmasını və ayılandan sonra getmək istədiyini bildirsədə Baçixanım narahat olmamasını bildirərək onunla yaşadığı evə getmişdir. Evlərinə qayıdanda Zamiq onları qarşılamış və yenədə mübahisə etməyə başlamışdır. Baçixanım Zamiqə mübahisə etməməsini bildirsədə Zamiq yaxşı edib savaşdığını bildirmişdir. Aralarında olan mübahisə zamanı üzərinə gəlib onu vurmaq istəyəndə onun əlindən tutaraq əl çəkməsini istəmişdir. Bu zaman Zamiq sağ göz nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Baçıxanıma onun döyülməsi üçün gətirdiyini soruşmuşdur. Vurduqdan sonra Baçıxanim onları ayırmışdır. Aralarında olan dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş və heç kimin narahatçılığına səbəb olmamışdır. Sağ göz nahiyəsinin və üzün sağ yarısının yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı ilə nəticələnən yüngül xəsarət almışdır. Əvvələrdə həyat yoldaşının onu döyərək ağır xəsarət yetirdiyi üçün polisə şikayət etmiş, lakin barışdıqları üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il qərarı ilə Zamiqin barəsində aparılan iş üzrə icraata xitam verilmişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışmaq istəmir. Ona görə də həbs edilməsini xahiş edir. Məhkəmə istintaqına şahid qismində dəvət edilmiş Şahid Təqsirləndirilən şəxs anası olduğu üçün ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli, 564 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz nahiyəsinin və üzün sağ yarısının yumuşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 20 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 128-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayon İHB-nin Təzə Alvadı kənd İƏRÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Ağayev X3 rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, qızı xx.xx.2007-ci il tarixdə doğulmuş X5, oğlu xx.xx.2010-cu il tarixdə doğulmuş X6, qızı xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və qızı xx.xx.2018-ci il tarixdə doğulmuş X7 adında övladları var və yaşadığı yer üzrə müsbət xarakterizə edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cimlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, zərərçəkmiş şəxslə barışıq üçün cəhd göstərməsi, əməlinin nəzərə alınmış yüngülləşədirici hallarının nəzərə alınması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutmaların başlandığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar