Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-162/2024 19.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(089)-473/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzsasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hər iki cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Banbaşı kəndində qeydyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı rayon X5 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyun 2024-cü il tarixdə saat 18 radələrində Masallı şəhəri Səməd Vurğun küçəsində saxlanılaraq Boradigah PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın ön tərəfində bel kəmərinin alt hissəsindən yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli sellofan bükümün içərisindən təmiz çəkisi-290,449 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, tutulduğu vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, 27 iyun 2024-cü il tarixdə saat 11 radələrində evində olmuş, anası ona zibil tullantılarını atmasını xahiş etmişdir. Evdən zibil tullantılarıın götürüb küçəyə çıxmış, zibilləri atdıqdan sonra Xətai parkının yaxınlığında tanışı ilə bir qədər söhbət etmişdir. Daha sonra Xətai parkının İskəndərli dairəsinə yaxın çıxışına tərəf piyada getmişdir. Qarşıda ağ rəngli VAZ 2016 markal maşının dayandığını görmüş, həmin avtomaşından iki mülki geyimli şəxslərin düşərək ona tərəf yaxınlaşdıqlarını görmüş, yoluna davam etmək istəsə də, həmin şəxslər sonradan tanıdığı polis əməkdaşları Şahid1 və Ramal Ağamməmədov anidən onun şalvarının kəmərindən yapışıb maşına əyləşməsini tələb etmiş, X6 getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarını nə baş verdiyini soruşduqda, narkotik vasitələrin gəzdirməsində şübhəli olması səbəbindən Bölməyə getməli olduğunu demişlər. Polis əməkdaşları ilə birlikdə şöbəyə getməyə razıllıq vermişdir. Şahid2 arxada onun yanında, Şahid1 isə sükan arxasında oturduqdan sonra birlikdə X6 getmişlər. Polis əməkdaşları onu xidməti otağa aparmışlar. Onu otağa saldıqdan sonra Şahid1 ona narkotik vasitələrin dövriyəsinə görə həbsə gedəcəyini demişdir. Şahid1 üzərində narkotik vasitə olmadığını bildirmiş, buna baxmayaraq Şahid1 ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını məcburi olaraq boynuna almasını və həbsə getməsini bildirmişdir. Boynuna almadığı təqdirdə onu daha ağır maddə ilə yəni narkotik vasitələrin satışı ilə ittiham edəcəklərini, üzərinə məcburi qaydada külli miqdarda narkotik vasitə qoyulacağı ilə hədələmişlər. Məcburiyyət qarşısında qaldığından, daha ağır maddə ilə ittiham olunacağından qorxduğuna görə əlavə bir söz deməmişdir. Bundan sonra Polis bölməsinin inzibati binasında saxlanılmış, həmin vaxt polis əməkdaşı Şahid3 onun yanına gələrək, çəkmək üçün siqaret və su təklif etmişdir, daha ağır maddə ilə ittiham oluna biləcəyini düşünüb qorxduğundan məcburiyyət qarşısında qalaraq hazırki ittihamda verilmiş narkotik vasitəni üzərinə götürəcəyinə razılıq vermişdir. Bundan sonra Müdafiəçi dəvət edilmiş, xidməti otaqda təhqiqatçının və polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmiş, əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə olan selofan bağlama ona təqdim edilmiş, videoçəkiliş zamanı təqdim etməli olduğunu bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda, üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə heç bir məlumat verməmişdir. İfadəsi alınarkən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. O, sonradan da polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı prokurorluq, məhkəmə və digər orqanlara məlumat vermədiyini qeyd etmişdir. O, həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. O, -0,307 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın selofan bükümü şəkildə günorta vaxtlarında üzərində gəzdirməsi inandırıcı deyildir. Həm də 150 manat pulu 0,307 qram çəkiyə böldükdə hər qrama 50 qəpik marixuana düşür ki, bu da inandırıcı deyil, hansı ki marixuananın qramı, 10-20 manat arası dəyişir. Tutulub saxlanılarkən polis əməkdaşı Şahid3 əməliyyat tədbirində işitirak etməmiş, yalnız onu X3 görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq məhkum olunmuş, cəzasını çəkib qurtarmış, son vaxtlar narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş və narkotik vasitəyə alüdəçiliyi olmuşdur. 27 iyun 2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə piyada hərəkətdə olarkən əvvəllər gördüyü, lakin adını bilmədiyi orta yaşlarında kişi cinsindən olan şəxsi təsadüfən görüb salamlaşmış, həmin adını bilmədiyi şəxs onun narkotik vasitə istifadəçisi olmasını bilmiş, üzərində olan narkotik vasitə qurudulmuş marixuananı 150 manata satdığını bildirmiş, üzərində pul olduğundan adını bilmədiyi həmin şəxsə 150 manat pul verib yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan paketdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün almışdır. Daha sonra həmin narkotik vasitəni əynində olan qara rəngli cins şalvarın ön tərəfdən bel kəmərinin alt hissəsində gizlətmiş, əynində olan köynəyin alt hissəsini şalvarın üzərində saxlamış, həmin günü Masallı şəhər ərazisində işlərini görmüş və evə getməmişdir. Hava qaraldıqdan sonra narkotik vasitəni istifadə etmək fikrində olmuş, 27 iyun 2024-cü il tarixdə təqribən saat 18 radələrində Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən Xətai parkının yaxınlığında piyada hərəkətdə olarkən tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək Masallı rayon X5 Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan və orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş, Boradigah PB-nə aparılmış, orada özünü təhqiqatçı Əli Sadıqov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına müdafiəçisi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə təhqiqatçı Əli müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini anlayıb əynində olan qara rəngli cins şalvarın arxa cibindən 1 ədəd cib dəsmalı, sağ yan cibindən 1 ədəd 5 manatlıq pul əskinası və şalvarın ön tərəfdən bel kəmərinin alt hissəsində saxladığı yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar olunmamış, iştirakçılara sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, Masallı şəhəri ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çəkisi 307 qram təşkil etmiş, üzərindən aşkar olunmuş 1 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 27 iyun 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı şəhəri R.Axundov küçəsi ev 13-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Boradigah PB-nə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Masallı şəhəri Səməd Vurğun küçəsində yerləşən “Xətai” adlanan parkın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmək üçün əlverişli şərait olmadığına görə Boradigah PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşmış, Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasında təhqiqatçı, polis kapitanı Əli Sadıqovun xidməti otağına gətirilmiş, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı Əli Sadıqov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini anlamış, əynində olan qara rəngli cins şalvarının arxa cibindən 1 ədəd cib dəsmalı, sağ yan cibindən 1 ədəd 5 manatlıq pul əskinası və şalvarın ön tərəfdən bel kəmərinin alt hissəsində saxladığı yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir maddə və ya əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni Masallı şəhəri ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yapışqan lentlə bağlanmış 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 307 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq DİN-nin 107 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd cib dəsmalı və 1 ədəd 5 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Boradigah PB-nin sahə polis nəfəri Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa cibindən 1 ədəd cib dəsmalı, sağ yan cibindən 1 ədəd 5 manatlıq pul əskinası və şalvarın ön tərəfdən bel kəmərinin alt hissəsində saxladığı yapışqan lentlə bağlanmış 1 ədəd qara rəngli sellofan bükümü çıxardıb iştirakçılara təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükülünün içərisində sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, Masallı şəhəri ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığı aldığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 28 iyun 2024-cü il tarixli, 19/528 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -290,449 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Marixuananın təmiz çəkisi -290,449 qram, tədqiqata sərf olundu -0,1 qram, qalıq -290,349 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair 01 iyul 2024-cü il tarixli 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı polis şöbəsinin operatoru, polis serjantının təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 27 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-290,349 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı şəhəri R.Axundov küçəsi ev 13-də yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş 290,449 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı o narkotik vasitənin alüdəçisi olduğu üçün həmin tarixdə Masallı şəhəri 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə kimliyinin müəyyən edilməsi mümkün olmayan şəxsdən alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-254/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-473/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzsasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 02 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs hər iki hökmə münasibətdə qeyd olunan cinayətlər üzrə məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, R.Axundov küçəsi ev 13-də qeydiyyatda olmaqla yaşayır, iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman ona təyin edilmiş orada iştirak etmiş, həmin vaxt narkotik vasitənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 29 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilmiş, məhkəmə iclasında baş vermiş hadisə ilə bağlı sərbəst ifadə verdiyi zaman əməlini etiraf edərək narkotik vasitənin özünə məxsus olduğunu, ona qarşı hər hansı formada təzyiq edilmədiyini qeyd etmişdir. Daha sonra istintaq təcridxanasına köçürülmüş, faktiki olaraq polisin müvəqqəti saxlama yerindən çıxarılmış, kifayət qədər vaxtı olduğu halda, məhkəmə baxışının keçirildiyi vaxtadək hər hansı orqana onun qanunsuz ittiham olunması ilə bağlı məlumat verməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin kifayət qədər imkanları olduğu halda, bu barədə məlumat verməməsi onu göstərir ki, o, məhkəmə baxış iclası zamanı təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün yalan ifadə vermiş, səmimi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd qara rəngli sellofan bükümün içərisindən təmiz çəkisi-290,449 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə, görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə münasibətdə ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlinə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-64/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Lakin o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -290,349 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan -290,349 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-162/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-162/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver