Məhkəmə qərarları › İş №1(050)-164/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-164/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-164/2024 19.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, İİ qrup əlil, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 19 gün müddət hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Boradigah qəsəbəsi, S.Zülfüqarov küçəsi ev 14-də qeydyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 17 may 2024cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu Boradigah qəsəbəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən 1 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 100,879 (yüz tam mində səkkiz yüz yetmiş doqquz) qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, tutulduğu vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, 17 may 2024-cü il tarixdə saat 19 radələrində evindən çıxaraq Boradigah qəsəbəsi ərazisi ilə piyada çörək almaq üçün getmiş, qəsəbə ərazisindəki körpünün üzərindən keçərkən anidən VAZ 2106 markalı avtomaşın onun yanında saxlamış, həmin avtomaşından mülki geyimli şəxslərin düşərək ona tərəf yaxınlaşmışdır. Həmin şəxslərin Boradigah Polis bölməsinin Şahid1 və Şahid2 və Şahid3 olduqlarını bilmişdir. Şahid1 ona yaxınlaşaraq X6 getməli olduğunu, bölmə rəisinin onu görmək istədiyini bildirmiş, polis əməkdaşlaırına evinə çörək aldığını, aparıb çörəyi evində verdikdən sonra birlikdə onlarla polis bölməsinə gedəcəyini xahiş etmiş, lakin polis əməkdaşları ona təkidlə maşına minməyi tələb etmişlər, o da, maşına oturmuşdur. Polis əməkdaşı Şahid1 arxada onun yanında, digər polis əməkdaşları isə qabaqda oturduqdan sonra birlikdə X6 getmişlər. Polis əməkdaşları onu xidməti otağa aparmışlar. Onu otağa saldıqdan sonra Şahid1 ona narkotik vastələrin dövriyəsinə görə həbsə gedəcəyini demişdir. Şahid1 üzərində narkotik vasitə olmadığını bildirmiş, buna baxmayaraq Şahid1 ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını məcburi olaraq boynuna almasını və həbsə getməsini bildirmişdir. Boynuna almadığı təqdirdə onu daha ağır maddə ilə yəni narkotik vasitlərin satışı ilə ittiham edəcəklərini, üzərinə məcburi qaydada külli miqdarda narkotik vasitə qoyulacağı ilə hədələmişlər. Məcburiyyət qarşısında qaldığından, daha ağır maddə ilə iitham olunacağından qorxduğuna görə əlavə bir söz deməmişdir. Daha ağır ittiham oluna biləcəyini düşünüb qorxduğundan məcburiyyət qarşısında qalaraq hazırki ittihamda verilmiş narkotik vasitəni üzərinə götürəcəyinə razılıq vermişdir. Bundan sonra Müdafiəçi dəvət edilmiş, xidməti otaqda təhqiqatçının və polis əməkdaşları olan Şahid1, Şahid2 və Şahid3 şahidliyi ilə videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmiş, əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə selofan bağlama ona təqdim edilmiş, videoçəkiliş zamanı təqdim edəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə heç bir məlumat verməmişdir. İfadəsi alınarkən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. O, sonradan da polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı prokurorluq, məhkəmə və digər orqanlara məlumat vermədiyini qeyd etmişdir. O, həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. Ona verilmiş itithamda xx.xx.2021-ci il tarixdə saat 21 radələrində polis əməkdaşları tərəfindən saxlanılması qeyd edilsə də, əsl həqiqətdə həmin günü saat 19 radələrində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, bədənində olan ağrılar ilə əlaqədar olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 17 may 2024-cü il tarixdə günorta saat təxminən 17 radələrində özündə narkotik vasitə marixuana olmadığından Lənkəran rayonu Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Yaşadığı Boradigah qəsəbəsi, Zülfüqarov küçəsi, ev 14 ünvanından çıxıb Boradigah bazarından küçən, ünvan 1başı kəndi istiqamətinə gedən maşınlardan birinə əl etmiş və həmin avtomobilə əyləşib Lənkəran rayonu Qumbaşı kəndinə getmişdir. Həmin kənd ərazisində olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsin yolun kənarında dayanmasını görmüş və həmin şəxsə yaxınlaşaraq bədənində ağrıların olmasını və narkotik vasitə marixuanaya ehtiyacının olmasını, həmçinin uzun müddət istifadə etmək üçün xeyli miqdarda lazım olduğunu demişdir. Həmin şəxs üzərində yüz qramdan artıq narkotik vasitə marixuana olmasını demiş və əgər almaqda fikri ciddidirsə gedib gətirə biləcəyini bildirmişdir. O, həmin şəxsə fikrinin ciddi olmasını və üzərində pulun olmasını bildirmişdir. Həmin şəxs çıxıb getmiş və ondan həmin yerdə gözləməsini xahiş etmişdir. Təxminən 15 dəqiqə sonra həmin şəxs əlində qara rəngli bükümdə geri gəlmiş və həmin bükümü ona verərək qurudulmuş marixuana olduğunu demişdir. O, həmin şəxsdən bükümü götürmüş və əvvəlcədən razılaşdığı kimi 70 manat pulu vermişdir. Narkotik vasitə qurudulmuş marixuananı ondan aldıqdan sonra o, Masallı rayonu, Boradigah qəsəbəsinə tanımadığım taksi ilə gəlmişdir. O, həmin bükümü narkotik vasitəni ailə üzvləri bilməsin deyə həmin bükümü evinin yaxınlığından əlverişli yerdə gizlətmiş və axşam çıxıb istifadə etmək qərarına gəlmişdir. Bükümü gizlətdikdən sonra evinə getmiş və axşam saat 21 radələrində evdən çıxıb gizlətdiyi bükümü götürüb gödəkçəsinin sol iç qoltuqaltı hissəsinə qoyub getmək istəmişdir. Boradigah qəsəbə ərazisində piyada hərəkət edərkən əvvəllər tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib Orxan, Fail və Qalib adlı polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış, sonra onu təhqiqatçı Nəsimi Ağayevin xidməti otağına aparmışlar və o, şübhəli şəxs qismində tutulmuşdur. Ona orada hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına təyin edilmiş müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə sual verilmişdir. Üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan ağ rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi bükülüdəki narkotik vasitə olan qurudulmuş marixuana qara rəngli sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 110 (yüz on) qram olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə marixuana zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və imzalanmışdır. O, polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-nə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 17 may 2024-cü il tarixdə Masallı şəhəri, Boradigah qəsəbəsi, S.Zülfüqarov küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-nin Boradigah PB-nə gətirilməsi ilə əlaqədar onun tərəfindən Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3, Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Masallı RPŞ-nin Boradigah PB-nin polis nəfəri, polis baş serjantı Şahid3 üzvlüyü ilə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu Boradigah qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs tək piyada gəzişərkən saxlanılmış və həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və o, Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasında təhqiqatçı Nəsimi Ağayevin xidməti otağına gətirilmişdir. Təqsirləndirilən şəxs orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təhqiqatçı təklif etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan ağ rəngli gödəkçəsinin sol iç tərəfindən 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə günorta saatlarında Lənkəran rayonu Qumbaşı kəndi ərazisindən tanımadığı şəxsdən 70 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 110 (yüz on) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saxlanılıb Masallı RPŞ-nin Boradigah PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs hər hansı qanunsuz təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dedikləri tamamilə yalandır və özünümüdafiə xarakteri daşıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PBnin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Boradigah PB-nin sahə polis nəfəri Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçəsinin sol iç tərəfindən 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb iştirakçılara təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Lənkəran rayonu, Qumbaşı kəndi ərazisindən tanımadığı şəxsdən 70 manata almasını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 18 may 2024-cü il tarixli 19\428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi:- 100,879 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -100,879 qram, tədqiqata sərf olundu -0,1 qram, qalıq - 100,779 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın nəticələrinə dair 20 may 2024-cü il tarixli 455 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin Masallı RPŞ-nin UQ və SİQ-nun operatoru, polis serjantının bizə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışına əsasn İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində 2022-ci ildən “opium” diqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 17 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 100,779 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-206/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzsasına məhkum edilmiş, Bakı şəhər, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının şəkilməmiş qalan 01 ay 19 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-1331/24-62-16 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 7(003)-111/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 19 gün müddət hissəsindən cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar və qərarın icrası barədə göstəriş icra edilməsi üçün məhkumun qeydiyyatı üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün Təqsirləndirilən şəxs Masallı rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Bəşirov X5 rayonu, Boradigah qəsəbəsi, S.Zülfüqarov küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayır, dörd nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi zaman ona təyin edilmiş orada iştirak etmiş, həmin vaxt narkotik vasitənin ona aid olmamasını bildirmək imkanı olduğu halda bildirməmiş, daha sonra 19 may 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilmiş, məhkəmə iclasında baş vermiş hadisə ilə bağlı ifadə verərkən polis şöbəsinə ona qarşı hər hansı təzyiq edilmədiyini, sərbəst şəkildə ifadə verdiyini qeyd etmişdir. Daha sonra istintaq təcridxanasına köçürülmüş, faktiki olaraq polisin müvəqqəti saxlama yerindən çıxarılmış, kifayət qədər vaxtı olduğu halda, məhkəmə baxışının keçirildiyi vaxtadək hər hansı orqana onun qanunsuz ittiham olunması ilə bağlı məlumat verməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin kifayət qədər imkanları olduğu halda, bu barədə məlumat verməməsi onu göstərir ki, o, məhkəmə baxış iclası zamanı təqsirini boynuna almamaqla cinayət məsuliyyətdən azad edilməsi üçün yalan ifadə vermiş, səmimi olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 ( bir) ədəd bükümdə təmiz çəkisi 100,879 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə saat 22:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Təqsirləndirilən şəxs X2 2022-ci ildən “Opium Narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -100,779 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni 17 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 17 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs X2 2022-ci ildən “Opium Narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan -100,779 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar