Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-166/2024 10.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Qafan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli-himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il, 06 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 18 gün hisəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 11 iyun 2024-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 11 radələrində tanışı olan Masallı şəhər sakini X2 20 manat pul qarşılığında satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 11 iyun 2024-cü il tarixdə saat 11 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən İskəndərli dairəsinin yaxınlığında saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,895 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Sonuncu dəfə 11 iyun 2024-cü il tarixdə o, özü üçün metamfetamin almaq qərarına gəlmişdir. Bunun üçün o, əvvəllər tanıdığı və narkotik və psixtorop maddə satdığını bildiyi Mübariz Qasımov adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamışdır. Mübarizdən özü üçün metamfetamin istəmişdir. Mübariz də ona özündə metamfetamin olduğunu və sata biləcəyini demişdir. O, Mübarizlə görüşmək üçün Mübarizin olduğu Masallı rayon, Ərkivan qəsəbəsinə getmişdir. Həmin gün saat 11 radələrində Ərkivan qəsəbəsində yolun kənarında onlar görüşmüşlər. O, Mübarizə 20 manat pul vermiş və qarşılığında Mübariz də ona bir ədəd sellofan bükümdə metamfetamin vermişdir. O, Mübarizdən metamfetamini alıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuş və Masallı şəhərinə qayıtmışdır. Onun niyyəti evə gedib həmin metamfetamindən istifadə etmək olmuşdur. Lakin o, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən İskəndərli dairəsi deyilən yerdə olan zaman yanına tanımadığı mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları ona xidməti vəsiqələrini göstərmiş və ona özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını və bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. O, heç bir etiraz etməmiş və onlar birlikdə Masallı RPŞ-yə gəlmişlər. Masallı RPŞ-də xidməti otaqların birində olarkən özünü təhqiqatçı Xalid Qurbanov kimi təqdim edən şəxs ona hansı şübhə ilə bağlı gətirildiyi və hüquq və vəzifələri izah edib bununla bağlı bildiriş təqdim etmişdir. Daha sonra o, ərizə ilə müraciət edib vəkillə təmin olunmağını xahiş etmişdir. Bundan sonra seçimi əsasında ona Masallı rayon vəkil bürosundan Müdafiəçi təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı ona üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə metamfetamini çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli kristallardan ibarət metamfetamin olması müəyyən olunmuşdur. O, təhqiqatçının suallarına cavab olaraq həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, həmin metamfetamini tanışı Mübariz adlı şəxsdən 20 manat pul qarşılığında öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə o, Mübariz adlı şəxslə Ərkivan qəsəbəsində yol kənarında görüşdüyünü və üzərində başqa heç bir qanunsuz əşya və ya predmet olmadığını demişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi metamfetamin bir ədəd sellofan bükümlə birlikdə çəkilmiş və çəkisinin 1,08 qram olması məlum olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən onun sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Onun təqdim etdiyi bir ədəd sellofan bükümdəki metamfetamin bükümlə birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənməklə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, onun üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi də ağ rəngli kağız zərfə qoyulmuş və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müdafiəçisi Müdafiəçi tərəfindən verilən suallara cavab olaraq ona qarşı heç bir zorakılıq edilmədiyini və heç bir etirazımın olmadığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. O daha sonra ekspertiza rəyində üzərindən aşkar edilmiş olan metamfetaminin təmiz çəkisinin 0,895 qram olmasını bilmiş və həmin ekspertiza rəyi ilə razı olmuşdur. Ona polis əməkdaşları heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, metamfetamin alması barədə heç kimə bir söz deməmişdir. Buna görə də üzərində psixotrop maddə olan metamfetamini əldə etməyindən və üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. O, sonuncu dəfə Masallı rayon məhkəməsi tərəfindən 2022-ci ildə narkotik maddələrdən qanunsuz istifadə etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmişdir. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxlamışdır. Mübariz adlı şəxs Masallı şəhər sakinidir və onun Mübarizlə uzun müddətdir ki, tanışlığı vardır. O, Mübarizin narkotik və psixotrop maddələr satdığını bilmiş və buna görə əlaqə saxlamışdır. O, həmin metamfetamindən heç kimə pay verməmiş və satmamışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Masallı rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 11 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məıumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı aidiyyatı üzrə rəhbərliyə məruzə edildikdən sonra müvafiq əmr əsasında əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri kimi o, təyin edilmiş, qrupun üzvləri isə Masallı RPŞ-nin TB-in təhqiqatçısı Xalid Qurbanov, Masallı RPŞ-inin İTB-in sahə polis nəfələri Şahid2 və Şahid3 təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Masallı şəhəri İskəndərli dairəsi yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs əvvəlcə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını və bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Masallı RPŞ-in inzibati binasına gəlmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı X7 Soltanova hüquq vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz vəkili olmadığını bildirmiş və dövlət hesabına vəkillə təmin olunmaq istədiyini demişdir. Təhqiqatçşı tərəfindən Emilə Masallı rayonunda xidmət göstərən vəkillərin siyahını təqdim edilmişdir. Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına Müdafiəçi qismində təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması ilə bağlı hüquqlarına dair bildiriş elan edərək üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmiş, sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxardıb stolun üstünə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin şəffaf sellofan bükümdə nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında metamfetamindir deyə cavab vermişdir. Təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdə olan metamfetamini Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində tanışı Mübariz adlı şəxsdən 20 manat pul qarşılığında aldığı və üzərində öz şəxsi istifadəsi üçün daşıdığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Mübariz adlı şəxsin İskəndərli məhəlləsi tərəfdə yaşadığını və Mübarizlə görüşüb metamfetamini aldığını, həmin bükümdə olan metamfetamindən tutulan ana qədər istifadə etmədiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bir ədəd şəffaf sellofan bükümün içərisinə baxış keçirilmiş və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən həmin metamfetamin bir ədəd şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 1,08 qram olması aydın olmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd mobil telefon və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin metamfetamin bükülü halında ağ rəngli kağız zərfə, bir ədəd mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi isə başqa bir ağ rəngli kağız zərfə qoyulmaqla qablaşdırılmış və hər iki zərfin üzərləri möhürlənməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs sonda ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq edilmədiyini və aparılan şəxsi axtarışla bağlı hər hansı bir narazılığının olmadığını bildirmişdir. Sonda təhqiqatçı Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib etmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və heç bir ədavət, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldıqda, RPŞ-yə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir ədəd sellofan bükülüdəki psixotrop maddə metamfetamin bükülü ilə birlikdə çəkildiyi üçün çəkisi 1,08 qram olması müəyyən edilmişdir. Lakin, ekspertiza tədqiqatı zamanı həmin psixotrop maddə metamfetamin təmiz halda çəkilmiş və təmiz çəkisi 0,895 qram olduğu müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-inin İTB-in sahə polis nəfələri Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə metamfetamini çıxardıb təqdim etmiş, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 11 iyun 2024-cü il tarixində saat 11 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yol kənarında Masallı şəhər sakini, əvvəllər tanıdığı Mübariz adlı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat aldığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş fiziki-kimyəvi ekspertizasının 11 iyun 2024-cü il tarixli, 19/487 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə metamfetaminə bənzər kütlə...” sözləri və imzalar olan bir zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,895 qram olan ağ rəngli kristallardan ibraət olan maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” Siyahısına daxildir. (Siyahı İ) Metamfetaminin təmiz çəkisi 0,895 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq - 0,845 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 531 nömrəli rəyinə əsasən-müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 0,845 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq RPŞ-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(050)-150/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-69.3-cü madəsinə əsasən qəti olaraq 01 il, 06 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 18 gün hisəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət üzrə məhkumluğu ödənilməmiş, və qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, N.Nərimnaov küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd bir ədəd sellofan bükümdə təmiz çəkisi -0,895 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin sadə residivi yaranmışdır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət əməlində görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, məhkumluğunun ödənilməməsi və götürülməməsini,), o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə saat 11:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon Məhkəməsinin 4(050)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,845 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu gündən gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbsa” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 11 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,845 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-166/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-166/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver