Məhkəmə qərarları › İş №1(050)-166/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-166/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-166/2025 15.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1970-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla Masallı şəhərində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs1 sonuncunun İİİ qrup üzrə əlilliyə görə, yəni orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə aldığı aylıq sosial müavinətı İ qrup əlillik dərəcəsi üzrə aylıq sosial müavinət ilə əvəzləyəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 2023-cü ilin fevral ayının sonlarında Masallı rayonu, Boradigah qəsəbəsi Bəxtiyar Şiriyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində 1550 manat, 2023-cü ilin mart ayının sonlarında sonuncunun yaşadığı evin həyətində 1500 manat, 2023-cü ilin may ayının sonlarında həmin evin həyətində 2000 manat, 2023-cü ilin avqust ayının sonlarında həmin ünvanda 1500 manat, 2023-cü ilin noyabr ayının ortalarında Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 işlədiyi ayaqqabı təmiri sexində 1500 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 8050 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə Masallı rayonu, Çayqıraq kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun İİ qrup əlilliyə görə aldığı əmək pensiyasını bərpa edəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 19 oktyabr 2023-cü il tarixdə Masallı şəhəri, M.Füzuli küçəsi ərazisində 500 manat, 20 oktyabr 2023-cü il tarixdə Masallı şəhəri, H.Aslanov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə 2500 manat, 2023-cü ilin dekabr ayının sonlarında Masallı rayon mərkəzi xəstəxanasının həyətində 200 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs1 2023-cü ilin əvvəllərindən tanıyır, əvvəllər aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin yanvar ayında Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən bazara Lənkəran şəhərindən gələn meyvə-tərəvəzlərdən almaqdan ötrü getmiş, həmin günü hava yağışlı olduğundan ayaqqabısı su keçirmiş, orada olan tanımadığı şəxslərdən yaxınlıqda ayaqqabı təmirçisi olub-olmaması barədə maraqlandıqda Masallı rayonu, Mollaoba kəndində asfalt yolun kənarında Şirzad adlı şəxsin ayaqqabı təmiri ilə məşğul olmasını demişlər. Bundan sonra Şirzad adlı şəxsin işlətdiyi ayaqqabı təmiri sexinə gəlib sonuncudan ayaqqabısını təmir etməsini xahiş etmişdir. Söhbət zamanı Şirzad sosial yardım almaq üçün sənədlərini düzəltmək istədiyini bildirmiş, Şirzada tanışlarından sosial müavinat düzəltmək işi ilə məşğul olan şəxslər olmasını və maraqlanıb xəbər edəcəyini demişdir. Şirzad da bu işdə ona köməklik etməsini xahiş edərək ayaqqabısını təmir edib ondan pul götürməmişdir. Həmin vaxt Şirzadın istifadəsində olan mobil telefon nömrəsini götürüb zəng edəcəyini bildirmişdir. Daha sonra Şirzadın işi barədə tanışı, hazırda həbsdə olan Masallı rayonu, Güllütəpə kənd sakini X1 demiş, Heybətəli Orucovun dediyi təklif inandırıcı gəlmədiyindən bu işdən imtina etmək qərarına gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ilə Masallı şəhərində görüşmüş və sonuncu ona sənədlərini düzəltmək üçün ilkin olaraq 150 manat pul vermişdir. Şirzada həmin vaxtı işini həll edə bilməyəcəyini, özünün həll etməsini demiş, lakin, Şirzad ona yalvararaq Heybətəli Orucov ilə tanış etməsini xahiş etmişdir. Şirzada Heybətəlinin mobil telefon nömrəsini vermiş, sonuncu ilə özünün əlaqə saxlamasını demişdir. Sonra Şirzad ona mobil telefon vasitəsi ilə zəng edərək Heybətəlinin telefon zənglərinə cavab vermədiyini və Heybətəli ilə əlaqə saxlamaqda köməklik etməsini xahiş etmişdir. Bundan sonra bir neçə dəfə Heybətəli ilə görüşüb Şirzad tərəfindən axtarıldığını demiş, sonradan Heybətli törətdiyi dələduzluq əməllərinə görə həbs olunmuş, Şirzad isə Heybətəliyə pul verməsini və sonuncu ilə tanış etməsini əsas gətirib pulu ondan tələb etməyə başlamış, Şirzada pul verməyəcəyini dedikdə sonuncu onun barəsində şikayət etmişdir. Bundan başqa, Masallı rayonu, Çayqıraq kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun əri Şahid3 vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin oktyabr ayında tanışı, Masallı rayonu, Güllütəpə kənd sakini X3 ilə Masallı şəhəri ərazisində yerləşən Xətai parkında çay içərkən Şahid3 mobil telefon nömrəsinə zəng etmiş, ortaq tanışlar vasitəsi ilə bir-birilərini tanımışlar. Şahid3 arvadı Zərərçəkmiş şəxs2 əlilliyə görə aldığı əmək pensiyasının bitməsinə 10 ay qaldığını, onun bu kimi işlərlə məşğul olduğunu eşitdiyini və pensiyasının artırılmasına köməklik etməsini xahiş etmişdir. Mobil telefon danışığı zamanı Şahid3 həmin işlə maraqlanıb xəbər edəcəyini demiş, bundan sonra X5 dediklərini danışmış, Heybətəli Şirvanın məsələsini həll edəcəyinə söz vermiş, bundan sonra Şirvana zəng vurub arvadı Bənövşənin işini həll edəcəyini demişdir. Şirvan işi hansı qiymətə həll edəcəyini soruşduğu üçün ona görüşmələrini təklif etmişdir. Səhəri gün Şirvanla mobil telefonla danışarkən Masallı şəhəri köhnə bazar ərazisinə gəlməsini demiş və sonuncu avtomobili ilə dediyi əraziyə gəlmişdir. Həmin vaxt Şirvanın avtomobilinə əyləşdikdə arvadı Zərərçəkmiş şəxs2 sərnişin qismində avtomobilin arxa tərəfində əyləşməsini görmüşdür. Şirvana arvadı Bənövşənin yanında 2300 manata pul qarşılığında pensiyasını 5 il müddətinə uzadacağına söz vermiş, həmin vaxt Bənövşə əl çantasından pensiya sənədlərini və 2000 manat pulu çıxarıb əri Şirvana vermiş, sonuncu da ona vermişdir. Pulu və sənədləri götürüb avtomobildən yerə düşmüş, Xətai parkına gəlmiş, orada Şirvandan aldığı 2000 manat pulu və sənədləri tanışı Heybətəli Orucova vermiş, sonuncu qısa müddət ərazində Bənövşənin pensiya işini həll edəcəyinə söz vermişdir. Şirvan və X6 heç vaxt görməmiş, sonuncu həbs olunan vaxta kimi onlara verdikləri pulu Heybətəliyə verməsi barədə bir söz deməmişdir. Təxminən bir ay sonra Şirvana zəng vurub pensiya işi üçün Heybətəlinin əlavə 300 manat pul istədiyini demiş, Şirvan razılaşmış, harada görüşəcəklərini soruşmuş, Şirvana Masallı rayonu köhnə bazar ərazisinə gəlməsini demiş, sonuncu idarə etdiyi avtomobillə həmin əraziyə gəlmiş, orada Şirvanın avtomobilinə əyləşib 300 manat pulu almışdır. Şirvana qısa müddətdə Bənövşənin işini həll edəcəyini demiş, sonra isə Xətai parkına gəlib Şirvandan aldığı 300 manat pulu Heybətəliyə vermiş, sonuncu 300 manat puldan ona 100 manat vermiş, Həybətəli də 6-7 ay ərzində Bənövşənin işini həll edəcəyini demişdir. Heybətəlinin dediyi müddət başa çatmasına az qalmış Heybətəlinin telefon nömrəsinə zəng vurub Şirvanın arvadı Bənövşənin işinin gedişatı barədə maraqlanmış, Heybətəli yalan vədlər verdiyi üçün pulu geri qaytarmasını demiş, bundan sonra Heybətəli mobil telefonu söndürüb zənglərinə cavab verməmiş, daha sonra isə Heybətəli həbs olunmuş, bundan sonra Şirvana zəng vurub arvadı Bənövşənin pensiyasının bərpası üçün verdiyi 2300 manat pulu tanışı Heybətəliyə verdiyini və aldanıldığını demiş, Şirvan və arvadı Bənövşə ona inanmadıqları üçün barəsində polisə şikayət etmişlər. Məhkəmədən İ qrup əlil olmasını nəzərə alıb ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Masallı rayonu Boradigah qəsəbəsi ərazisində ayaqqabı təmiri ilə məşğul olur. 2023-cü ilin yanvar ayının sonlarında işlədiyi sexdə olarkən tanımadığı bir şəxs yanına gələrək ayaqqabısını təmir etdirmək istədiyini bildirmiş, həmin şəxsin ayaqqabısına baxdıqda ayaqqabının təmirinin 20 dəqiqə çəkəcəyini demiş və həmin şəxs gözləyəcəyini bildirmişdir. Həmin şəxsin ayaqqabısını düzəldərkən söhbət zamanı onun Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs olmasını, pensiya, sosial müavinət düzəltmək işi ilə məşğul olmasını bilmişdir. Həmin vaxt Əskərə İİİ qrup üzrə əlilliyə görə, yəni orqanizminin funksiyalarının 31-60 faiz pozulmasına görə aylıq sosial müavinət almasını demişdir. Əskər nə qədər aylıq sosial müavinət alması barədə soruşduqda sonuncuya yeni dəyişikliyə əsasən aylıq 150 manat sosial müavinət alacağını demiş, Əskər əgər istəsə İİİ qrup əlilliyini İ qrup əlilliyə çevirə biləcəyini və ömürlük İ qrup üzrə əlilliyə görə aylıq sosial müavinat ala biləcəyini ona demişdir. Həmin vaxtı Əskərdən bunun necə olacağı barədə maraqlandıqda Əskər tanışları vasitəsi ilə bu işi həll edə biləcəyini, bunun üçün pul lazım olacağını, işi 1 il ərzində həll edəcəyini, istəsə maraqlanıb bu iş barəsində ona ətraflı məlumat verəcəyini demişdir. Əskərdən maraqlanmasını xahiş etmiş və istifadəsində olan mobil telefon nömrəsini sonuncuya vermişdir. Daha sonra Əskərin ayaqqabısını təmir etmiş, bunun müqabilində Əskərdən pul götürməmiş, dediyi əlillik dərəcəsinin dəyişdirilməsi işi barəsində maraqlanmasını xahiş etmişdir. Bu hadisədən 2 gün sonra Əskər istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək sexdə olubolmaması barədə maraqlanmış, Əskərə sexdə olmasını demiş, sonuncu təxminən 1 saata yanına gələcəyini demişdir. Əskər işlədiyi ayaqqabı təmiri sexinə yenidən gələrək dediyi İİİ qrup üzrə əlilliyə görə aylıq sosial müavinatını İ qrup ilə əvəzləyəcəyini, ömürlük İ qrup əlillik dərəcəsi ilə aylıq sosial müavinət alacağını, bu iş üçün 8000 manat pul lazım olmasını, bu işin həll olunmasını istəyirsə, şəxsiyyət vəsiqəsinin və əlillik müayinə sənədlərinin əslini, həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini çıxartmaqdan ötrü 50 manat pulu üzərinə qoyub dediyi 8000 manat ilə, ümumilikdə 8050 manat pulu verəcəyini demişdir. Əskərə ailə üzvləri ilə məsləhətləşib xəbər edəcəyini bildirmiş, daha sonra yaşadığı evdə həyat yoldaşı ilə məsləhətləşmiş, Əskərə razılıq vermək qərarına gəlmiş, Əskərə razı olması barədə xəbər etdiyi müddət ərzində sonuncu istifadəsində olan mobil telefon nömrəsinə tez-tez zəng edərək bu işə razı olacaqsa fikrini dəqiqləşdirib tezləşdirməsini, sonra kiminsə işini həll etməkdən ötrü qabağa düşəcəyi halda onun işini həll edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Əskərə işini düzəltməyə razı olduğunu, lakin işi 1 il ərzində düzəldəcəyi üçün dediyi məbləği də hissə-hissə verəcəyini bildirmiş və Əskər razılaşmışdır. Bundan sonra şəxsi təsərrüfatında saxladığı 1 baş iribuynuzlu heyvanı satıb 1500 manat pul düzəltmiş, 2023-cü ilin fevral ayının sonlarında 1550 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsinin və əlillik müayinəsinə dair sənədlərin əslini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində həyat yoldaşı Şahid1 yanında vermiş, qalan pulu da hissə-hissə verəcəyini demişdir. 2023-cü ilin Novruz bayramından sonra Əskər işlədiyi sexə yenidən gəlmiş, qalan puldan nə qədər verə biləcəyi barədə soruşmuş, Əskərə sabah axşam yaşadığı evə gəlməsini və evdə nə qədər pul düzəldə bilsə verəcəyini demişdir. Qohum-əqrəbadan aldığı borc pul ilə 1500 manat pul düzəltmiş, həmin məbləğdə pulu 2023-cü ilin mart ayının sonlarında yaşadığı evin həyətində Təqsirləndirilən şəxs arvadı Şahid1 yanında vermiş, bundan sonra tez-tez istifadəsində olan mobil telefonla Əskərlə işi barədə maraqlanmış, Əskər işi ilə məşğul olduğunu və nəzarətində olmasını demişdir. 2023-cü ilin may ayının sonlarında Əskər istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək işi üçün təcili 2000 manat pul lazım olmasını demişdir. O da 2 gün ərzində şəxsi təsərrüfatında saxladığı heyvanlardan satıb 2000 manat pul düzəltmiş, 2023-cü ilin may ayının sonlarında 2000 manat pulu yaşadığı evin həyətində arvadı Şahid1 yanında Təqsirləndirilən şəxs vermiş, Əskər həmin vaxtı qalan 3000 manatı da düzəldib hazır saxlamasını demiş, Əskərə aldığı pulu hara və kimə verməsi barədə soruşduqda Əskər bunun ona aidiyyatı olmadığını demişdir. Bundan sonra 2023-cü ilin iyul ayında Əskər yenidən pul istəsə də, 1 ay vaxt istəmiş, 2023-cü ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs yaşadığı evin həyətində arvadı Şahid1 yanında 1500 manat, 2023-cü ilin noyabr ayının ortalarında isə işlədiyi sexdə qardaşı Namiq Nəsirovun yanında qalan 1500 manat pulu Əskərə vermişdir. Əskər ona İİİ qrup əlillik dərəcəsi üzrə aylıq sosial müavinatının 2024-cü ilin fevral ayından İ qrup əlillik dərəcəsi ilə əvəzlənəcəyini demişdir. Həmin müddət çatdıqda Əskərə işindən nə xəbər olması barədə soruşmuş, Əskər işin gecikdiyini, may ayına kimi işin tam həll olunacağını demişdir. 2024-cü ilin may ayında Əskərə yenidən mobil telefon ilə zəng edib işi barədə soruşmuş, Əskər isə artıq mobil telefonda müxtəlif bəhanələr gətirməyə başlamışdır. Əskər tərəfindən aldanıldığını və pulunun qayıtmayacağını başa düşmüş, Əskər ilə mobil telefon danışıqlarını səs yazan proqramda qeydə almağa başlamış, Əskər pulu kiməsə verdiyini, pulu alıb qaytaracağını demiş, lakin Əskərin pulunu qaytarmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ondan ümumilikdə 8050 manat pul almış və hal-hazıradək pulunu qaytarmamışdır. Ona görə də hazırda Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şahid3 onun əridir. 2019-cu ilin avqust ayından 2024-cü ilin iyul ayına qədər olan müddət ərzində, yəni 5 il ərzində 2-ci qrup əlilliyə görə əmək pensiyası almış, 2024-cü ilin iyul ayında əlillik müayinəsinin 5 illik müddəti bitdiyi üçün pensiyası kəsilmiş və həmin vaxtdan təkrar müayinələrdə iştirak etməsinə baxmayaraq hazırki vaxta kimi əlilliyə görə əmək pensiyasını bərpa edə bilməmişdir. Əlilliyə görə əmək pensiyasının 5 ilin tamamında yeni müayinələrin nəticələrinə kimi kəsiləcəyindən qabaqcadan məlumatlı olmuş, bu məqsədlə 2023-cü ilin oktyabr ayından etibarən pensiyanın növbəti 5 illik müddətə bərpa olunması üçün cəhdlər etmişdir. 2023-cü ilin avqust ayında qohuməqrəbadan Masallı rayonu, Ərkivan qəsəbə sakini Təqsirləndirilən şəxs pensiya, sosial müavinət düzəldilməsi işi ilə məşğul olması və işində köməklik edə biləcəyi barədə eşitmişdir. Bu barədə əri Şahid3 eşitdikdən sonra Təqsirləndirilən şəxsla mobil telefonla danlşlb görüşmələri barədə razılaşmışlar. X7 görüşüb evə qayıtdıqda Əskərin onun pensiyasının müddətini növbəti 5 illik bərpa olunması üçün Əskərin 3200 manat pul istədiyini, ilkin olaraq 500 manat pul verəcəklərini və Əskərə inandığını demişdir. 19 oktyabr 2023-cü il tarixdə əri Şirvana 500 manat pul vermiş, sonuncu da Masallı şəhəri ərazisində Əskərlə görüşüb həmin pulu ona vermişdir. Sonra əri Şirvan səhəri gün Əskərlə yenidən görüşəcəklərini, əlavə 2500 manat pul və əlilliyə dair müayinə sənədlərini verməli olduğunu demişdir. 20 oktyabr 2023-cü il tarixdə əri Şirvan ilə birlikdə Masallı şəhəri, H.Aslanov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə Təqsirləndirilən şəxsla görüşmüş, Əskəri ilk dəfə orada görmüş, Əskər yanında əri Şirvan ilə danışmış, həmin vaxtı 2500 manat pul sayıb əri Şirvana vermiş, sonuncu da pulu bir daha sayıb Əskərə vermiş, Əskər onlara 2024-cü ilin oktyabr ayından pensiyanın yenidən bərpa olunacağını, deyəcəyi tarixdə Masallı rayon mərkəzi xəstəxanasında görüşəcəklərini, qalan 200 manat pulu da orada götürəcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxsla Masallı rayon mərkəzi xəstəxanasının həyətində görüşüb 200 manatı da vermişlər. Bundan sonra 2024-cü ilin iyul ayından əlilliyə görə aldığı əmək pensiyası 5 illik müddətin bitməsi səbəbi ilə dayanmış, əri Şahid3 Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edib bu barədə demiş, Əskər məsələnin nəzarətində olmasını, 2024-cü ilin oktyabr ayından pensiyanın yenidən bərpa olunacağını bildirmiş, lakin Əskərin dediyi vaxt çatdıqda pensiyası bərpa olunmamışdır. Bundan sonra əri Şahid3 Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlayıb pulu tələb etmiş, Əskər müxtəlif bəhanələr gətirib onlardan aldığı pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyasını bərpa edəcəyi adı ilə ayrı-ayrı vaxtlarda aldığı ümumilikdə 3200 manat pulu kiməsə verəcəyi barədə ona və əri Şahid3 bir söz deməmiş, Əskər həmin işi tanışları vasitəsi ilə düzəldəcəyini bildirmiş, Təqsirləndirilən şəxs tərəfindən aldanılmasını bildikdən sonra əri Şahid3 pulu tələb etməyə başlamış, Əskər müxtəlif bəhanələr gətirərək guya pulu kiməsə verməsini, geri alıb qaytaracağını demiş, lakin Əskər kiminsə adını çəkməmişdir. Təqsirləndirilən şəxs halhazıradək pulunu qaytarmamışdır. Ona görə də hazırda Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qisimində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlilik verilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni məhkumluğunun olmamasına baxmayaraq əvvəllər eyni xarakterli cinayət əməlinə görə dəfələrlə məsuliyyətə cəlb edilməsini, hazırki cinayət nəticəsində vurduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətçi olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar