Məhkəmə qərarları › İş №1(050)-167/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-167/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-167/2023 15.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxxx 1989-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 05 iyun 2023-cü il tarixdə saat 18 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində saxlanılaraq RPŞyə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,208 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 2023-cü ilin may ayının əvvəllərində psixotrop maddə almaqdan ötrü Lənkəran rayonu Qumbaşı kəndinə getmiş, orada tanımadığı şəxsdən 5 manat pul müqabilində 1 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin almış və saxlamışdır. 05 iyun 2023-cü il tarixdə təqribən saat 18 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində gəzərkən, həmin psixotrop maddəni hava qaraldıqdan sonra istifadə etməyi düşünmüş, həmin vaxtı tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan və orada üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər, polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, Masallı RPŞ-də özünü baş təhqiqatçı Xalid Qurbanov kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, dövlət hesabına vəkil Müdafiəçisi qismində təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan ağ rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmiş, iştirakçılara kağız bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərisi imzalanaraq möhürlənmişdir. Protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyun 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə xx.xx.2023-cü il tarixdə, təxminən saat 18 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs saxlanılmış, Masallı RPŞ-nin inzibati binasında baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına gətirilmiş, orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçisi qismində təyin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi baş təhqiqatçı Xalid Qurbanov tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız büküm çıxardıb iştirakçılara təqdim etmiş, həmin kağız bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamış, aşkar edilmiş 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə zərfdə qablaşdırılmış, zərfin üzərisi imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/616 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə metofetaminə bənzər kütlə ....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,208 qram olan maddə ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. metamfetamin təmiz çəkisi 0,208 qram, tədqiqata sərf olundu 0,04 qram, qalıq 0,168 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2023-cü il tarixli, 598 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olub. Lakin asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, qalıq 0,168 qram metamfetamin və şəxsi axtarış barədə 1 ədəd CD diski maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD-yə “HP” markalı komputer vasitəsi ilə baxış keçirilərək, müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etməsi və metafetamin olmasını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar təddqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 iyun 2023-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3.-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal müəyyən edilməmişdir, lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2.-ci maddəsini əsas götürərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məzuliyyətinə cəlb olunmaması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1.- 52-1.2.4.-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3.-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına görə hesablanmış 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X4 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1.-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,168 qram metofetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddətə görə 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına daxil edilsin və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı 0,168 qram metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 1 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar