Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-170/2023 15.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə. 23 oktybr 1978-ci ildə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 avqust 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmiş, Masallı rayonu, Masallı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, “həbs" qətimkan tədbiri seçilmiş, 30 iyun 2023-cü il tarixdən həbsdə saxlanılan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 30 iyun 2023-cü il tarixdə saat 11 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, stansiya Təklə kəndi ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində daşıyaraq saxladığı 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 420,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. Masallı rayon məhkəməsinin hökmü ilə 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 23 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 30 iyun 2023-cü il tarixdə yaşadığı evin həyətinin qapsının ağzında olan zaman 1 ədəd ağ rəngli “Mercedes” marakalı avtobobildə və 2 ədəd qara rəngli avtomobildə olan polis əməkdaşları maşınlardan yerə düşərək onu saxlayıb polis şöbəsinə gətirmişlər. Masallı Rayon Polis şöbəsinə gətirilən zaman əlindən heç bir bağlama olmamışdır. Hətta şöbədə olan müşahidə kameralarına baxılsa, aydın görünər ki, əlində heç bir şey olmamışdır. Şöbədə olan zaman Masallı Rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili Aqil tərəfindən narkotik vasitə qarşısına qoyularaq bildirilmişdir ki, “bu narkotik vasitə sənindir məndə bildirmişəm ki, problem yoxdur mənimdir”. Həqiqətdə narkotik vasitə ona məxsus olmamış, 300 manat pulu yoxdur ki, 426 qram qurudulmuş marixuana alsın. O, tək yaşayır, işləmir, hər hansı yerdən maddi gəliri olmadığı üçün dolanışığına qohum-qonşular köməklik göstərir. Belə vəziyyətdə o, 300 manata narkotik vasitəni necə ala bilər. Polis şöbəsində olan zaman narkotik vasitəni ona məxsus olmasını boynuna götürdüyü üçün heç bir təzyiqə, işgəncəyə və təqibə məruz qalmamışdır. İbtidai istintaq dövründə ona qarşı olan qərəzli mövqeyə qarşı etirazını bildirməməsinə səbəb məhkəmə istintaqını gözləməsi olmuşdur. O yalnız məhkəmədə bütün gerçəklikləri etiraf edəcəyini qərara almışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri ilə məhkəmə istintaqında olan ifadəsi arasında ziddiyət olduğu üçün, məhkəmə istintaqında həmin ifadələri elan edilmişdir. O, göstərmişdir ki, narkotik vasitələrdən istifadə etdiyi üçün onun bədənində tez-tez ağrılar olur. Həbsdən çıxdıqdan sonra da narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, təxminən 3 ay bundan əvvəl, yəni 2023-cü ilin mart ayında Cəlilabad rayonuna gedərək öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana almışdır. O həmin narkotik vasitəni 300 manat pul müqabilində almışdır. O həmin narkotik vasitəni adını bilmədiyi, lakin əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı şəxsdən almışdır. O aldığı həmin narkotik vasitəni yaşadığı Masallı qəsəbəsində, rayon camaatının dediyi ilə stansiya Təklə kəndində meşəlik ərazidə gizlətmişdir. Onun bədənində ağrılar olduğu üçün həftədə bir ya iki dəfə gedib həmin gizlətdiyi narkotik maddədən istifadə etmişdir. Sonuncu dəfə 30 iyun 2023-cü il tarixində səhər saatlarında o yenidən həmin meşəlik əraziyə gedib gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evə gətirmək qərarına gəlmişdir. O, evdə daha rahat istifadə etmək məqsədilə bu addımı atmışdır. Lakin həmin narkotik maddəni götürüb kənd yolu ilə geri qayıdan zaman yolda bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bununla bağlı Masallı rayon polis şöbəsinə getməli olduqlarını demişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis əməkdaşları ilə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü X3 kimi təqdim etmişdir. O, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, bununla bağlı ərizə ilə müraciət etmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Ona seçimi əsasında Müdafiəçi vəkil təyin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə ona niyə tutulmağı, hüquq və vəzifələri izah olunmuş, ona hüquqları ilə bağlı yazılı bildiriş verilmişdir. Təhqiqatçı proses iştirakçılarının iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başladıqdan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O da sol əlində tutub saxladığı bir ədəd qara rəngli sellofan bağlamanı stolun üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı ondan həmin sellofan bağlamada nə olmasını soruşduqda o, “nəşə” olmasını demişdir. Daha sonra o, verilən suallara cavab olaraq həmin narkotik maddəni Cəlilabad rayonundan 300 manata aldığını, həmin narkotik maddəni ağrıları olduğu zaman öz istifadəsi üçün əldə etdiyini demişdir. X3 tərəfindən həmin 01 ədəd sellofan bağlama elektron tərəzidə çəkilmiş və çəkisinin 426 qram olması məlum olmuşdur. Daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuana 01 ədəd sellofan bağlama ilə birlikdə ağ rəngli zərfə qoyulub möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Daha sonra isə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Elmar oğlu ifadəsində göstərdi ki, o, Masallı rayon X5 RPŞ-nin PPXBnin polis nəfəridir. 30 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Masallı rayonu, Təklə kəndi ərazisində saxlanılmış və Masallı rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Masallı rayon polis şöbəsinə gələrkən Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabeçilik göstərərək heç bir etiraz etməmişdir. X3 Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah edib ona vəkil Müdafiəçi təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirərkən xidməti otaqda X3, o, CAB-nın əməliyyat müvəkkili Aqil Məmmədov, Müdafiəçi və Təqsirləndirilən şəxs olmuşdur. Təhqiqatçı şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs sol əlində tutaraq saxladığı bir ədəd qara rəngli sellofan bağlamanı stolun üstünə qoyaraq onlara təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs bu bağlamadakı kütlənin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bağlamadakı kütlələrin nəşə olmasını, onları 3 ay bundan əvvəl Cəlilabad rayonunda öz şəxsi istifadəsi üçün 300 manat pul qarşılığında almasını bildirmişdir. Həmin bir ədəd sellofan bağlamaya baxış keçirildikdə içərisində qəhvəyi rəngdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuşdur. Məhkəmə istintaqına ifadəsi elan edilmiş şahid CAB-nın əməliyyat müvəkkili Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 Elmar oğlu ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək, Təqsirləndirilən şəxs sol əlində daşıyaraq saxladığı 01 ədəd qara rəngli bağlamada narkotik vasitə olan qurudulmuş maruxana aşkar edilib götürülməsi, həmin vaxt müdafiəçinin iştrakının təmin olunması müəyyən edildi. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 19/693 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri və imzalar olan bir ədəd paketdəki, 1 əddə bağlamada təmiz çəkisi- 420,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 420,0 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 419,9 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 685 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannbinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Sübütların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 420,0 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 419,9 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı 2023-cü ilin mart ayında Cəlilabad rayonunda məlum olmayan mənbədən əldə etmiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əvvəlcə yaşadığı stansiya Təklə kəndi ərazisindəki meşəlik yerdə gizlətmişdir. 30 iyun 2023-cü il tarixdə isə həmin bir ədəd bağlamadakı narkotik vasitəni yaşadığı evə gətirmək məqsədilə gizlətdiyi yerdən götürərək üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahid ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona məxsus olması barədə ifadə verməsi ilə bağlı məhkəmə istintaqında verdikyi ifadəyə münasibətdə qeyd edir ki, onun məhkəmə istintaqı zamanı vermiş olduqları ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı şəxsi axtarış barədə protokol, videçəkiliş, üzləşmə protokolu ilə onların ifadəsi təkzib olunur, ona görə də məhkəmə onların ifadələrini qanuni və mötəbər sübut kimu qəbul etmir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Abbasov X2 Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 avqust 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu götürülməmiş və ya ödənilməmişdir Masallı Rayon İcra Hakimiyyəti başçısının Təklə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abbasov X2 rayonu, Mollahəsənli kəndində qeydiyyatdadır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Masallı Rayon Məhkəməsinin 4(050)-81/2023 saylı, 01 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 59.1-ci maddəsində göstərilən yüngülləşdirici hallardan yoxdur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1. və 83.3.3.-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Ona görə də onun əməli həmin Məcəllənin 18.1.-ci maddəsinə görə cinayətin residivini yaradır. Qeyd olunan maddədə göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1. və 65.2.-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1. və 56.1.3.-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs eyni növ cinayətə görə əvvəllər məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmişdir. Əməlində ağırlaşdırıcı halın olması, şəxsiyyəti, ona əsas verir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna, həmçinin həmin növdə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Əməlində cinayətin residivinin olması nəzərə alınmalı və ittiham olunduğu maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az ona cəza təyin edilməməlidir. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-18/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannbinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) ilə bağlı məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından tədqiqata sərf edildikdən sonra qalıq qalan 419,9 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış beş) manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində opioidlərin, kannbinoidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu-polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanada qeydiyyata alınsın. Maddi sübut 419,9 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-170/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-170/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver